Layihəmizdə İsi Məlikzadənin "Küçələrə su səpmişəm" povesti əsasında çəkilmiş eyniadlı filmi təqdim edirik
Süjet: Əsərin qəhrəmanı Xəlil uzun illərdir doğmalarından uzaq bir rayonda yaşayır. Rayon hamamında ocaqçı işləyən Xəlil ailəlidir, iki övladı var. O, qaradinməzdir, ünsiyyətə asanlıqla getmir və arvadı Teybə onun keçmişi haqda nəsə bilmir. Bakıdan rayona Bəhmən Cəfərzadə adlı həkimin əməliyyata gəlməsi Xəlilin ovqatını pozur. Bəlli olur ki, Xəlil Bəhmənlə doğma əmioğludur. Onlar br yerdə böyüyüb, möhkəm dost olublar. Amma bir qəza üzündən - ov zamanı Bəhmənin təsadüfən qonşu Tağını güllələməsi, hadisə yerindən qaçması və bu günahın Xəlilin daşıyaraq onun yerinə həbsxanada yatması münasibətləri pozub. Bu illər ərzində isə Bəhmən karyera qurub, nüfuzlu həkim olub. Xəlil isə həbsxanadan çıxandan sonra doğma kəndinə geri qayıtmayıb.
İllər sonra əmioğluların görüşü onları keçmişə qaytarır. Bəhmən günahını yumaq üçün Xəlili ailəsi ilə Bakıya yaşamağa dəvət edir. Amma o, Bəhmənin həkim Qədimovla ova gedəcəyini biləndə sarsılır. Ona elə gəlir ki, illər öncə baş vermiş hadisə Bəhmənin yaddaşında dərin iz qoyaraq onu da sarsıdıb...
Ədəbi tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova yazıçının yaradıcılığını belə səciyyələndirir: "İsi Məlikzadənin istər sovet dövründə yazılan əsərləri, istərsə də 1990-cı illərin əvvəllərində yazdığı "Qırmızı şeytan" povesti ədəbiyyatı estetik cəhətdən xeyli irəli aparan mətnlər kimi qiymətlidir. Bu əsərlərdə retrospeksiya halları, irəli və geri zaman sıçrayışları, fləşbek elementləri, intertekstuallıq kimi modernist estetikanı səciyyələndirən bir çox hallar ehtiva olunurdu. Sadəcə, o zaman hələ də əsərə daha çox ictimai-siyasi qiymət vermək tendensiyası aparıcı olduğundan, konyunktura ədəbi meyarlarla yox, təmənna ilə işlədiyindən bədii-estetik səciyyə kölgədə qalırdı".
İsi Məlikzadə, eyni zamanda kinematoqrafla sıx bağlıydı. O, "Mozalan" satirik kinojurnalında böyük redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləyib, bir sıra filmlərin ssenari müəllifi olub: "Evin kişisi", "Evlənmək istəyirəm", "Gümüşgöl əfsanəsi", "Kişi sözü", "Pəncərə" və s.
Onun "Küçələrə su səpmişəm" kiçik həcmli povestinin ideya problematikası universaldır, obrazların psixoloji-emosional portreti, sosiumdakı yeri, münasibətləri yersiz təfərrüata yol verilmədən dolğun işlənib, süjet xətti dinamikdir, zaman-məkan əlaqəsinin qırılması ilə qeyri-xətti kompozisiyanın qurulması dramaturji bütövlüyə xidmət edir.
Yazıçının 1977-ci ildə yayımlanan povestini rejissor Nicat Feyzullayev 2004-cü ildə ekranlaşdırıb. Nicat Feyzullayevin sənədli filmləri, "Mozalan"da çəkdiyi süjetlərdən başqa, onun filmoqrafiyasında bir neçə dəyərli bədii filmi var: "Yaşa, qızıl balıq", "Toy".
Rejissorun "Toy" diplom işi 1978-ci ildə ekranlaşdırılan "Arvadım mənim, uşaqlarım mənim" kinoalmanaxına daxil idi. Mövzusu sevgi, ailə münasibətləri olan almanaxda yer alan "Toy" qısametrajlı filmində əsgərlikdən gələn gənc oğlan sevdiyi qızın başqasına ərə getdiyini öyrənir. Və toy günü traktoru ilə gəlin karvanının qarşısını kəsərək şərtinin bəyin onunla döyüşməli olduğunu deyir. Kinomuzda əhvalatın bədii həlli baxımından ən yaxşı işlərindən biri olan "Toy"-da müəllif hadisəni dramatikləşdirmir, əhvalatı mənəviyyat dərsi keçmədən təmkinlə danışır. O, daha çox ironik yanaşmasıyla hekayənin mahiyyətini dəqiq göstərir, atmosferi, personajların niyyətini naturada səslənən musiqi və qəhrəmanların susqunluğunun növbələşməsi ilə açır.
Rejissorun 1988-ci ildə çəkdiyi "Yaşa, qızıl balıq" qısametrajlı filmində əhvalat avtobusda baş verir və cəmiyyətimizə sosial alleqoriya kimi meydana çıxır. Burada avtobus cəmiyyətin kiçildilmiş, lakin dolğun modelidir. O, qısa planlarla müxtəlif xarakterlərin kollajını yaradır, effektiv fraqmentar vəziyyətlərlə onların kimliyini bəlirləyir, əhvalata absurd, komik, dram elementlərini daxil eləyir və keyfiyyətli dramaturji materail ortaya qoyur.
Rejissor İsi Məlikzadənin "Küçələrə su səpmişəm" əsərinə müəyyən dəyişikliklər etdirib, bır sıra vəziyyətlər dövrün aktual kontekstinə proyeksiya olunub. Yuxarıda dediyim kimi, əsər sovet dönəmində yazılıb. Filmdə isə Xəlil (Fuad Poladov) müharibə iştirakçısıdır, Qarabağ əlilidir. Bəhmən (Rasim Balayev) oğlunu hərbi xidmətdən yayındırmaq üçün Rusiyaya göndərib. Həkimlik peşəsi ona yetərincə gəlir gətirmir və o, daha çox pul qazanmaqdan ötrü sahibkarlıqla da məşğuldur. Povestdə Xəlilin oğlu Bəhmənə "Ala-bula boz keçi" şeirini deyir, filmdə isə günün ovqatını əks etdirən "Qalx ayağa, Azərbaycan" şeiri səslənir.
Ümumən isə rejissorun ironik manerası, personajları vurucu, dolğun vəziyyətlərlə açmaq, montajla yeni fikir almaq və onun vasitəsilə üslub yaratmaq kimi keyfiyyətləri "Küçələrə su səpmişəm" filmində demək olar ki, yoxdur. Bu səbəbdən haqqında danışdığımız ekran əsərini onun uğurlu filmi saymaq çətindir.
Nədən film bədii mətnin kölgəsində qalır? Məsələ ondadır ki, İsi Məlikzadə emosional, struktur və dramaturji planda əhvalatı yığcam, təmkinlə, bədii-estetik məziyyətlərlə işləyir. O, obrazların intim dünyasında zərrəbinlə gəzişir, onların susqunluğunu, gərginliyini, tərəddüdünü, pərtliyini, emosional enmə və qalxmalarını lazımi anda üzə çıxarır. Əsərin ta ortalarınadək, Xəlilin həyatının faciəvi dönüş nöqtəsində rol oynasa belə, yazıçı oxucunun Bəhməni dərhal mühakimə etməsinə imkan vermir, onun mahiyyətini dərhal açmır, bəsit "pis-yaxşı" adam qütbləşməsini yaratmır. Sanki yazıçı özü də proses boyu Bəhmənin o zamankı davranışının səbəblərini anlamağa, ona bəraət verməyə çalışır. Bu səbəbdən onun əzablı, utancaqlıq, pərtlik, günahyuma aktına can atması vəziyyətlərində xüsusi dayanır, keçmişə dönüş hissələrində Bəhmənin hər şeyin məhv ola biləcəyini göz altına ala bilməmək qorxaqlığına oxucunu da anlayış göstərməyə vadar edir, həbsxanada Xəlilə baş çəkərkən onun vicdan hissinin ölmədiyinə inandırır. Lakin sonlara doğru müəllif gözləntiləri qırır, Bəhmənin şüuraltı niyyətini təsadüfi bir vəziyyətdə açır.
Nicat Feyzullayev isə filmində personajlar arasındakı münasibətin çətinliyini, doğmaların özgələşməsini göstərən situasiyalarda zəruri detalları işləməyib. Dünya kinosunun müxtəlif nümunələrində doğmalar arasında qırılmış ünsiyyət, özgələşmə, münasibətlərin çətinliyi təkrarlanan kadrlarda, uzun, dayanıqlı planlarda, onların iç vəziyyətini üzə çıxaran rakurs və mizanlarla, uyğun rənglərlə, montajla həll edilir. Rejissor isə burada təsvirlərdən çox, linqvistik səviyyədə işləyir. Üstəlik, Xəlil sevgilisinin ərə getməsini, özünün karyerası, uğurlu ailəsi haqda Bəhmənə, nədənsə, rahatlıqla danışır. Halbuki, Xəlilin bütün ümidlərini puç edən bir adam kimi, o, özünü psixoloji-mənəvi komfortda hiss etməməliydi, bunları demək ona asan başa gəlməməliydi. Ona görə bu və digər situasiyalarda rejissor yazıçıdan fərqli olaraq münasibətlərin çətinliyini verə bilmir, üstəlik dərhal müsbət-mənfi qarşıdurması yaradır, Bəhmənin təyinatını əvvəldən tamaşaçıya bəlli edir, təhkiyəni emosional baxımdan hamarlaşdırır, konfilkti bəsitləşdirir.
Fuad Poladov Xəlil obrazının iç vəziyyətini daha çox manipulyativ davranışlarında (aktyorluq sənətində manipulyasiya- müəyyən davranışı yaratmaq üçün rekvizitlə işləməkdir. Manipulyasiya personaj haqda çox şey deyə bilər. Misalçün, personaj yemək yeməklə, ya nəsə etməklə gərginliyini azaltmağa, hisslərini gizlətməyə çalışır) ifadə edir: Bəhmənin gəldiyini biləndə boş kisəyə təpik vurması, toyuq-cücəyə dən verməsi, siqareti bitirməmiş atması.
Amma son səhnələrdən birində Bəhmənin əsl məqsədini biləndə, onun qəzəbli monoloqu didaktik alınıb. Üstəlik, qəzəbi sözsüz də təsvir etmək olardı ki, bu, filmin bədii-estetik, emosional gücünü artırardı.
Uzun illərdən sonra əmioğluların ilk görüşü dinamik növbəli kadrlarda həll olunur. Kəndin qatil bildiyi gənc Xəlilin (Amid Qasımov) pirə gedib dua etməsi və pirin yerləşdiyi qapalı məkandan yol tapa bilməməsi onun çıxılmazlığını vizual səviyyədə ifadə edir.
Povestin ən dramatik məqamlardan biri Xəlilin evində Bəhmənə həkim həmkarının ova getməsini təklif etməsidir. Filmdə ova getmək təklifi səslənəndə yalnız Bəhmənin reaksiyası göstərilir. Halbuki, hər iki personajın reaksiyasının qarşılaşdırılması nəticəsində səhnə tamamən başqa keyfiyyətdə alınardı. Rejissor isə illər öncə olmuş faciəli hadisənin əsas iştirakçılarından birini Xəlili göstərməyə geçikir, nəticədə kulminaitv ola biləcək epizod sxematik, quru alınır.
Müqəddimə səhnəsi Xəlilin sevdiyi qızın görüş kadrları ilə başlayır və bu sevgi "Küçələrə su səpmişəm" mahnısı sədaları ilə müşayiət olunur. "Küçələrə su səpmişəm" filmin əvvəlində iki gəncin segvisinin tərənnümüdür. Sonlara doğru, Bəhmənin dəyişmədiyini biləndən sonra, Xəlil qonşu toyunda, heç cürə rəqsə gəlməyən "Küçələrə su səpmişəm" mahnısına nizamsız, aritmik oynamasıyla ağrıdan, keçmişin yükündən azad olur, katarsis keçirir. Təsadüfi deyil ki, film qaradinməz, soyuq Xəlilin Teybəni (Mehriban Zəki) doğmalıqla qucaqlaması, uşaqlarına sevgi dolu baxışı, hüzurlu ailə tablosuyla bitir. Bu, filmin bəlkə də ən təsirli səhnəsidir.
Keçmişə dönüşlər daha çox Xəlilin yaddaşından yola çıxaraq assosiativ montaj sayəsində baş verir. İndiki zamandakı təhkiyəni qırmaqla rejissor keçmişlə indi arasında səbəb-nəticə əlaqəsini göstərir.
"Küçələrə su səpmişəm" Nicat Feyzullayevin son bədii filmi oldu. Rejissor 2015-ci ildə vəfat edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!