Ədəbiyyat üzrə iyirmi altıncı nobelçi - Qrasiya DELEDDA

 

1926-cı ildə ədəbiyyat üzrə 26-cı Nobel mükafatına layiq görülən italyan yazıçısı Qrasiya Deledda yalnız ibtidai təhsil alıb. 1871-ci ildə İtaliyanın Sardiniya adasında anadan olan yazıçı lap erkən yaşlarından kiçikhəcmli hekayə və novellalarını əsasən moda jurnallarına yollayıb və Qrasiyanın ilk novellası 1892-ci ildə çap olunub. Yazıçı 1900-cü ildə Müdafiə Nazirliyində xidmət edən Palmiro Medesani ilə ailə qurub. Daha sonra ailəsi ilə birlikdə Romaya köçüb.

1926-cı ildə Nobel mükafatına layiq görülən yazıçıya mükafat "Poetik ruhlu əsərlərinə doğulub boya-başa çatdığı Sardiniya adasının həyatını, eləcə də insan problemlərini plastik dəqiqliklə təsvir etdiyinə görə" verilib. Nobel mükafatına layiq görüldükdən sonra yazıçı daha məhsuldar işləməyə başlayıb və bir-birinin ardınca "Şairlər evi" (1930), "Yay günəşi" (1933) kimi maraqlı kitablar çap etdirib. Qrasiya Deledda əsasən kiçikhəcmli hekayə və novellaları ilə geniş şöhrət qazanıb. Ədəbiyyat üzrə 26-cı Nobel mükafatçısı olan italyan yazıçısı Qrasiya Deledda 1936-cı ildə, 64 yaşında Romada vəfat edib. Veneranın kraterlərindən birinin adı nobelçi yazıçının şərəfinə adlandırılıb.

Tələbə və süpürgə kolu yığan qoca - novella

Oktyabr ayıydı.

Üzümlüyün daş hasarına söykənən, daha doğrusu, yayxınan tələbə-jurnalist Liksiya qarşısındakı kədərli mənzərini seyr edir, hər dəfə baxdığında bu mənzərədən ruhunda baş qaldıran nostalji hisslərin qoynunda çabalayırdı.

Gözləri önündə süpürgə kollarıyla əhatələnmiş düzənlik uzanıb gedirdi. Tutqun yaşıllıqların arası ilə ətrafa səpələnən sarı və geniş sahə çala-çuxurlu yola qədər dartınırdı, elə oradanca sinəsi yosunlardan çopur-çopur olan  qırmızımtıl qayalar boy verib qalxırdı. Tutqun-yaşıl rəngli süpürgə kollarının başının üstünü kəsdirən səma üfüq xəttinə qədər uzanır, kül mavisinə çalan göy üzü üfüqdə daha solğun görünürdü.

Düzənliyin ölüm sükutunu səmanın ənginliklərində qıy vuran torağay səsi pozurdu, uzandıqca uzanan nəhayətsiz göy üzündə sükuta dalan tənha bulud topası quş lələyi kimi ağappaq idi. Sanki bulud da torağayın xoş səsindən zövq alır, bu səsi daha yaxşı eşitmək üçün nəfəsini içinə çəkib sakitcə dinləyirdi.

Bu mənzərəni seyr edən Liksiyanın da ruhu kədərə köklənmişdi. Beynini saran yuxudan xəyalının asta-asta necə dumanlandığını hiss edirdi. Ona elə gəldi ki, batmaqda olan günəşin işığında közərən sərt qayaların kölgəsi sakit-sakit sürünərək düzənliyin başının üstünü almağa tələsir.

"Bu Sardiniya necə kədərli, necə bədbəxt bir yerdir! - düşündü. - Burada quşlar da, buludlar da darıxır. Dünyada hər şey durmadan hərəkət etməyə tələsir, bircə bu ölüm sükutuna qərq olan adadan başqa, burada sükutla ətalət hökm sürür, hələ nəfəs alan bir şey varsa belə, o da can üstədir. Atamdan qalan üzümlük də - bu vəhşi düzənliyin əhatəsinə sığınan yeganə üzümlük - xəstəlikdən məhv olur. Bir ildən sonra buralarda daş hasardan, bir də  əncir ağacından başqa heç nə qalmayacaq. Bir də kim deyə bilər axı ondan nəsə qalacaq, ya yox? Mənsə təzə üzümlük yetişdirə bilmirəm. Necə yetişdirim? Axı bu işdən başım çıxmır! Görəsən o kimdir elə, orada eşələnir? Bu ki, Paskal əmidir! Hə də, bu tablonu tamamlamaq üçün bircə bu adamın soyuq və kədərli siması çatışmırdı. Elə bil qocanı pas tutmuş dəmir parçasından yonublar. Əgər mən simvolist rəssam olsaydım, qocanı bax elə necə varsa elə də çəkərdim - qoşa süpürgə kollarının arasında, qan rəngli qayaların kölgəsində, solğun səmanın fonunda - çəkdiyim şəklə də "Sardiniya" adını verərdim.

Süpürgə kolu yığan adam daha sağlam budaqlardan toplamaq üçün irəli dartındı. Qoca yaxınlaşdıqca tələbə onun sinəsindən qopan xırıltılı və boğucu öskürək səsini aydın eşidirdi.

Paskal əmi qızdırmadan sayıqlayırmış kimi donquldanırdı, üzümlüyün hasarına çatıb tələbə ilə yanaşı dayananda dodağının altında necə rabitəsiz, necə dolaşıq sözlərlə mızıldandığını Liksiya da eşitdi.

-Mariya Annika, - qoca məzəmmətlə dedi, - niyə belə elədin axı? Məyər onun varlı olmağından xəbərin yox idi? Dayan burda, dayan. Hanı mənim kisəm? Ah, bəs mən indi neyləyim? Müqəddəs Fransisk xatirinə! Paskala yardım elə, mənə bu qədər əzab vermə, Tanrım!

-Paskal əmi, - tələbə onu fikrindən ayırdı.

Əlini növbəti kolu qırmağa uzadan qoca yuxudan hövlnak ayılıbmış kimi, diksindi və əlləri ilə çuxura düşən gözünü ovuşdurdu.

-Kimsən sən, yoxsa məhşər günü gələcək müqəddəs ruhsan?

-Görmürsüz məyər? Mən məhşər günü gələcək ruh deyiləm ey, cəhənnəmdən qaçanlardanam.

-Həə, sənsən, Batore Liksiyanın oğlu! Tanrı köməyin olsun, oğlum! Bilirsən, mən demək olar heç nə görmürəm. Bax sən, mənim gözümə bulud kimi görünürsən.

-Buralarda neynirsiz, Paskal əmi?

-Süpürgə yığıram. Yəqin sən bu vaxta qədər məktəbi bitirmiş olarsan? - Qoca ehtiramla xəbər aldı.

-Yox, hələ qurtarmamışam. Bu süpürgələri yığb neyləyəcəksiz?

Qoca yerində donub qaldı və sanki qıc olurmuş kimi öskürdü. Çətinliklə cavab verdi, səsində itaət və qorxu vardı.

-Bu kolları yığıb Nuoroya, satmağa aparacağam.

-Hər gün?

-Yox, hər gün yox. Əvvəllər, iyirmi-otuz yaşım olanda gücüm, qüvvətim də çox idi, bax, onda hər gün gedirdim şəhərə, indi isə...

Qoca uzaqlara baxıb əlini yellədi, sanki uzaqlarda qalan illərinə baxır, əllərini həsrətini çəkdiyi keçmişinə yelləyirdi.

-İndi neçə yaşınız var, Paskal əmi?

-Səksən... yox, altmış doqquz... dayan görüm... çoxdur...

-Yetmiş doqquz?

-Hə-hə. Bir ildən sonra doxsan olacaq.

-Nə isə... Yüzü haqlamısız, iyirmi yaşınız da uzaqda qalıb. Düz demirəm? Bütün ömrünüz boyu süpürgə kolu yığmısız?

-Hə. Bir söz soruşum, sənin kralın həyətində işləməyin düz söhbətdir?

-Yox, hələ yox, Paskal əmi, amma bəlkə nə vaxtsa işlədim... Bəs siz kiminlə qalırsız? Deyəsən, səhhətiniz yaxşı deyil axı.

-Hə, naxoşam, çox naxoşam, oğlum. Zəhrimara qalmış öskürək... Elə bilirəm ki, sinəmdə də, boğazımda da bir mişar var, elə hey mişarlayır, mişarlayır... Mən sənin atanı tanıyırdım... Yaxşı adam idi... Ah, yenə bu zəhrimar öskürərk!

-Yaxşı, bəs niyə müalicə olunmursuz, Paskal əmi? - Liksiya nifrət və şəfqət qarışıq bir səslə soruşdu.

-Necə müalicə olunum ki? Müqəddəs Paskalsayağı yaşamışam, müqəddəs şamın istisinə hazırlanan həlimdən içmişəm, kürəyimə kətan toxumunun təpitməsini qoymuşam... Nə lazımdırsa eləmişəm! Əslinə qalsa, bilirsən mənim xəstəliyim nədir? Əcəlim çatıb, əcəlim!

-Demədiz axı kimnən qalırsız - sualını təkrarlayan tələbə sıçrayıb hasarın üstünə oturdu.

Qoca süpürgəyığan tələbəni yaman cəzb etmişdi. Ona elə gəlirdi ki, hansısa naməlum bir qəbilənin müdrik və hörmətli nümayəndəsi ilə danışır. Amma hər dəfə oxumağa gedib yenidən tətilə qayıdanda, o, özünün də mənsub olduğu bu qəbilənin yüzlərlə, minlərlə nümayəndəsi ilə rastlaşmışdı.

-Neçə il olar bu işlə məşğul olursuz?

-Çoxdan, lap çoxdan, dedim axı sənə, - deyərək, təkrarlayan qoca yenə əllərini bayaqkı kimi həsrətini çəkdiyi illərə tərəf yellətdi. - Birinci dəfə Nuoraya süpürgə satmağa gedəndə on yaşım ancaq olardı. Atam da süpürgəsatan olub, oğlum da... Bilirsən oğlumun başına nə gəldi? Bir dəfə gedib, gedib, o qədər gedib ki, yorulub əldən düşüb, ayaqlarını zorla çəkib aparırmış. Birdən otlaqda otlayan bir at görüb. Birtəhər özünü ata çatdırıb, yolun qalanını da atla davam edib. Sonra da... Yolda qarşısına iki əsgər çıxıb, onlar hansısa qulduru axtarırmışlar.  "Sən bu atı oğurlamısan?" - oğlumdan soruşublar. "Yox", - oğlum cavab verib. Görünür, əsgərlərin əsl qulduru axtarmağa hövsələsi çatmayıb, onun əvəzinə oğlumun əl-qolunu bağlayıb aparıblar həbsxanaya.

-Nəyisə qarışdırırsız deyəsən, Paskal əmi! - Liksiya dilləndi. Amma qoca tələbənin dediklərini eşitmədi, öskürək buna imkan vermədi, az qala gözləri hədəqəsindən çıxacaqdı, saqqalına tüpürcəyə qarışan qan ləkələri sıçradı. Elə ki, öskürək qocadan əl çəkdi, o yenidən yarıda saxladığı söhbətə qayıtdı. Ucaboy, düz qamətli, əlində oraq tutan qoca bu anlarda lap ölüm mələyinə oxşayırdı.

-Müqəddəs Fransisk xatirinə! Bu nə dəhşətli öskürəkdir! Nə isə... Cəzasının bitməyinə lap az qalanda oğlum həbsxanada öldü. Bax belə... İki uşağını da saxladı üstümdə.

-Evliydi?

-Hə. Dul idi. Bax belə, iki uşağı qaldı üstümdə - bir oğlan, bir qız. Oğlan bir qərib çilingərə qoşulub işləməyə getdi, daha görmədim onu. Qız isə, Mariya Annika, varlı bir adamın evində dayəlik eləyirdi. Tanımamış olmazsan onu, Mark Virdisi deyirəm. Tanıyırsan?

-Lənət şeytana, o ki, mənim dayımdır! Hə, bəs sonra?

-Dayan görüm, hamısını danışacağam. Qız əsl qızıl parçasıydı. Mənim yeganə təsəllim, gözümün işığı. Amma çox yüngülxasiyyət idi. Bir uşaq doğdu öz ağasından.  Məyər bilmirdi ki, Mark Virdis varlı adamdır, bilmirdi ki, onunla evlənən deyil?  Rəhm eylə bizə, müqəddəs Fransisk! Yəqin mənim kimi Tanrı da onun günahından keçər.

-Bəs indi o qız haradadır? Mən... mən axı deyəsən bu əhvalatı eşitmişəm. Qız ölüb, hə?

-Hə, ölüb, ölüb...

-Bəs uşaq? Uşaq necə oldu?

-Uşaq mənimlə qalır. Amma yaman nadincdir. Cinbalanın biridir! İşləmək istəmir, mənə kömək eləmək istəmir, heç nəyə qulaq asmır! Əlimdən də heç nə gəlmir! Mən öləndən sonra onun aqibətini fikirləşəndə havalanıram. Yetim necə dolanacaq?

-Paskal əmi, - Liksiya qəfildən köks ötürüb dilləndi. - Narahat olmayın, həyat davam edir. Dənizin o tayında materikdəki adamlar hər şeyin yaxşı olmağını istəyirlər. İyirmi ildən, uzağı otuz ildən, bəlkə də lap tez, varlı-kasıb adam qalmayacaq, hamı ehtiyac bilmədən işləyəcək və yaşayacaq. O qayda-qanun bizim Sardiniyaya da gəlib çıxacaq. Nəvənizdən narahat olmayın; o qocalandan sonra sizin kimi düzü-düzəngahı gəzib süpürgə kolu yığmayacaq, ölüb kolların arasında qalmaq, qarğa-quzğuna yem olmaq dərdi çəkməyəcək.

Tələbənin bu sözlərini dinləyən qoca başını kədərlə yellətdi, köksünü dələn növəti öskürəyin qarşısını almaq üçün  inildədi.

-Bir az da dözün, - Liksiya özünün peyğəmbərlik rolunu davam edərək əlavə etdi. - Zəmanə dəyişəcək. Daha bütün dünyada, elə bizim Sardiniyada da kasıb, cinayətkar, paxıl, dələduz adam qalmayacaq, bircə məni qohumum Vardisdən başqa. Əsgərlər də olmayacaq, qocalar da öləndə nəvələrinin taleyinə görə narahat getməyəcəklər. Burada, bax bu süpürgə kolları bitən boz və kədərli sahələrdə yaşıl üzüm tingləri bitəcək, bostanlar əkiləcək, otlaqlar uzanacaq.

-Dayan görüm, - qoca onun sözünü kəsdi, - belə çıxır ki, üzümlüklər, bostanlar, otlaqar yenə varlılara çatacaq, kasıb-kusub bir qarın çörəkdən ötrü bu süpürgə kollarına da möhtac qalacaq. Ah, müqəddəs Fransisk, rəhm eylə...

Qoca yenə öskürdü.

Hasarın üstündə oturub bayaqdan bəri qocanın başının üstünü kəsdirən tələbə əlini kəskin şəkildə yelləyib gözlərini səmaya zillədi.

-Bunlara heç nəyi başa salmaq olmur: yox, bunlar adam deyillər! - Tələbə uca səslə, bəlağətlə dedi.

-Mənə bir şey verəcəksən, ya yox - handan-hana qoca xəbər aldı.

Amma öz prinsiplərinə sadiq qalan Liksiya qocaya sədəqə verməkdən imtina etdi.

Qoca özünə haqq qazandırmaq üçün fikirləşdi: "Cavandır da, yəqin xətrinə dəydim".

Rus dilindən tərcümə edən: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!