Devid Herbert Lourensin üç adası və ya necə adaya çevrilmək mümkündür... - Mətləb Ağa yazır

1885-ci ildə İngiltərədə doğulub, 44 yaşında Fransada ölən, "Oğullar və sevgililər", "Göy qurşağı", "Aşiq qadınlar", "Con Tomas və Ledi Ceyn" və s. kimi məşhur əsərlərin yaradıcısı, ingilis ədəbiyyatının  XX əsrin əvvəllərindəki əsas adlarından (şair, yazıçı və dramaturqdu) sayılan Devid Herbert Lourensin "Adaları sevən adam" povesti, müasir sivilizasiyadan bezib, dinclik və ürək rahatlığı gəzən, axtardığını təklikdə, tənhalıqda tapacağına ümid bəsləyən birinin yorğun həyat hekayətidir.

Lourensin qəhrəmanı özü də adada doğulmuşdu, lakin doğma vətəninin qarışıqlığı ucbatından, o, bu torpaqları heç bəyənmirdi. Arzulayırdı ki, gələcəkdə, yalnız özünəməxsus bir adada yaşasın, əlbəttə ki, orada digərlərinin də mövcudluğu mümkündü, bir şərtlə ki, bu ada hər mənada onunku olmalıydı. Perspektivdəki adasının sahəsinin balacalığı əsasdı, bu, həm o ərazini öz yurdu kimi sevməkdən ötrü vacibdi, həm də ada xırda olmalıdır ki, insanın varlığı ora sığışsın.

İllər ötdü, adalımız axır ki, 35 yaşında arzusuna çatdı. Doğrudur, ada üzərində mülkiyyət hüququ yoxdu, 99 illiyə icarələmişdi, lakin mövzumuz insan ömrü olduğundan, deməli, burada ölənəcən yaşaya biləcəkdi. Əlbəttə ki, kimsə Həzrət İbrahim kimi, öz nəslinin dəniz sahilindəki qumlartək artması xəyalındadırsa, heç də bir adada gün keçirmək fikrinə düşməz. Çünki çox keçməz ki, məskunların sayından ada gecəqonduya dönər.

Qəhrəmanımız bir müddətdən sonra qəflətən hiss elədi ki, nə zamansa, bu adada yaşayıb ölmüş insanların (hətta qalliyalıların belə) ruhları canlanıb onu qorxutmaqdadır. (Bəlkə də, bu bəhanəydi).

Adalımız, sözsüz ki, belə sərsəm duyğulara qapılmamaqdan ötrü, öz torpaqlarında Xoşbəxtlik Adası yaratmağa hədəfləndi, axı, nədən Hesperidlərin (Hesperidlər-yunan mifologiyasında - "Axşam qızları", "Qərb nimfaları" idilər, başqa ifadəylə, bu, "Günəşin qızılı şəfəqləri" anlamındadır) sonuncu bağçasına dönməsin buralar?!

Cənnəti təzədən qurmağa can atırsansa, durmadan pul xərcləməlisən.

O da adi qaydada başladı işə, ilk öncə, adadakı fermasına bir eşikağası, iki nəfər də muzdlu işçi dəvət elədi. Digər bir daxmadasa, hədsiz bacarıqlı, çalışqan ahıl bir dülgərlə qarısı yerləşdi.

Hər kəsin arıtək vurnuxduğu, vətəndaşların özünü asayişdə saydığı sülhsevər bir krallıqdı adamız nəhayətdə. Amma bilirik ki, hər necə olsa da, qəhrəmanımızındı bu aləm sizin-bizim deyil. "Sahib"di O. Hamı anlayırdı ki, nə cür gözəl bir ölkədə yaşayır, nə cür xoşbəxtdir.

"Sahib"ə məxsusi hörmət qoyulur, o, ali, eyni zamanda sadə varlıqtək xoş sifətlə qarşılanır, onunla mehribanlıq, hətta yaltaqlıqla davranırdılar. Ancaq yanlarından çıxıb getdiyində, nədənsə, arxasınca hiyləgərlik və lağla gülümsəyirdilər. "Sahib"ə bircə yaşlı dülgər qaba münasibət göstərdiyindən, o da qocaya qətiyyən üz vermirdi.

Bircə şey dəqiqdi ki, adasında onu ürəkdən sevən heç kəs yoxdu, elə özünün də kiməsə ürəkdən bağlılığı inandırıcı deyildi.

"Sahib"in özünəməxsus məşğuliyyətləri vardı. Saatlarla kitabxanadan çıxmır, yunan və latın müəlliflərinin əsərlərində adıkeçən çiçəklərə dair nəsə yazırdı.

İki il ötdü. Bir gün adalımız oturub bu cırtdan dövlətin gəlir-çıxarını hesabladığında, var-yoxunun havaya sovrulduğunu gördü. Adaya külli miqdarda sərmayə qoymuşdusa da, müflisləşməsinin səbəbini heç cür anlaya bilmirdi.

Sakinlər də razı görünmürdü. Uşaqlılar "uşaqlarımız əziyyət çəkir", uşaqsızlarsa, "özümüz əziyyət çəkirik" deyirdilər açıq-aşkar. Hamı bir-birinə nifrət edirdi.

"Sahib" də öz adasından hürkür, çox yaxşı dərk edirdi ki, bu adamların ondan zəhləsi gedir və ümumiyyətlə, onu heç vaxt sevməyiblər, ona ürəkdən nifrət bəsləyir, onu aşırmağa fürsət gəzirlər.

İkinci il yekunlaşdığında, adadan köç başladı. İlk növbədə, xidmətçi qadın aradan çıxdı, hansı ki, "Sahib"in zəngin olduğu vaxtlarda, ona, sanki göydən zənbillə düşmüş biri kimi yaltaqlanırdı. Ardından, bənnamız da günlərini yelə vermək istəmədiyini deyərək, ailəsiylə köçüb getdi. Muzdlu işçilər və qeyriləri də qaçdılar. Üçüncü il gəldi, bu il işçilərin ixtisarı, ödənişlərin azaldılması, səltənətin süqutuyla yadda qaldı.

Qəhrəmanımız adanı başından rədd etmək üçün dördüncü ilin ikinci yarısını materikdə çarpışdı. Və bunun necə müşkül olduğunu görüncə, çaşqınlığa qapıldı. Axır ki, beşinci ilin ortasında, adanı bir otel şəbəkəsinə dəyər-dəyməzinə satmağı bacardı.

Materikə dönmək istəmədiyindən, o, daha xırda bir adaya köçdü. Bu günədək uzaq dolandığı yaşlı dülgər və qarısını da özüylə apardı, dul adamla qızı da onunlaydı.

Hər necə olsa da, yenə də dənizdə bir qaya çıxıntısına qovuşmuşdu. Şükür ki, indi gəlib-keçmiş insan nəslinin ruhları onu incitmirdi, dənizin özü və səsiydi bircə görüb-duyduğu.

Burada "Sahib" deyildi o, adalıydı...

Dul adamla, onun otuz üç yaşındakı fağır və gözəl qızı da adalımıza qulluqdan məmnundular, yəqin ki, sayəsində qovuşduqları həyat vəsiləydi bu minnətdarlığa.

Ona "Sahib" yox, hörmət dolu səslə, adıyla xitab edirdilər.

İndiki adası da "dünya" deyil, sığınacaqdı.

Adalımız indi xoşbəxtlik uğrunda mübarizə aparmır, buna ehtiyac belə duymurdu.

O və ona sadiq insanlar, yorulub bir qaya parçasına qonmuş kiçik dəniz quşu qatarıydı, sanki.

Qəhrəmanımız, dulun qızıyla sevgiliydi, lakin bu eşq onun qıza bəslədiyi rəhmdən doğmuşdu. Əslində isə, qızın onun üzərindəki təsir gücünün hədsizliyini boynuna almaq istəmirdi. Qızdan zəhləsi getsə də, nifrətdən doğan hikkə onu qızın ağuşuna atdı, o özünü bu günəcən dadmadığı coşqun hisslərin ixtiyarına verdi. Qızğın eşqbazlıqdan yeni adadakı hər kəs məlumatlı olsa da, bu, vecinə də deyildi.

Sonrasa, qəlbində zərrəcə istək belə qalmadı, içi darmadağındı. Özünü günahkar sayırdı. Adası çirklənmiş və məhvərindən qopmuşdu. Əvvəllər Zamanda arzulardan təmizlənmiş hansısa bir qata çatdığına inanırdı, indisə əski, "Sahib" dövründəki durumuna düşmüşdü.

Qızın aramsız sızlamalarına baxmayaraq, evdən uzaqlaşdı, nəfəs ala biləcəyi bir yer soraqlaşıb materikdə dolaşdı.

Səyahəti əsnasında Floradan (qızın adı Floraydı) məktub aldı; Flora, "Qorxuram, uşağımız olacaq" yazırdı. Oxuduğunda, sanki güllə yarası alsa da, dişini dişinə sıxıb qızın məktubunu "Bundan qorxmalı yox, sevinməliyik" - deyə cavablandırdı.

Bu zamanlarda eşitdi ki, bir neçə ada satışa çıxarılıb, xəritələri incələyib, cüzi məbləğə növbəti bir ada satın aldı. Alverini bitirib Floranın yanına gəldi, qız günah dolu qorxuyla baxdı ona, bu nəzərlərdən adalı təzədən yumşaldı, gələcək uşaqlarını bəhanə gətirib materikdə Florayla evləndi. Yenə də zindandaydı ancaq elə bil. Doğuşacan dözəcəkdi, qaçmaq fikrindəysə qərarlıydı. Flora duyuq düşməmişdi.

Nəhayət, bir qızı anadan oldu, uşağa baxanda sonsuz acılar doldu qəlbinə.

Boynundan asılmış daşdan qurtulması gərəkdi.

Adalımız, sanballı bir məbləğin yazıldığı çeki Floraya uzatdı. Bu, deyəsən, qadını sakitləşdirdi. Ayrılarkən Flora onu kədərli gözlərlə yola salsa da, heç ağlamadı.

Keçmiş ər, indi də üçüncü adasını sahmana salmaqdan ötrü şimala üz tutdu.

Yeni adada yoldaşları, bir sürü qoyun və ayaqlarına dolaşan bir pişikdi.

O, hər gün bu pişiyi yanında görüb əsəbiləşir, pişik də bunu başa düşüb vəhşiləşirdi.

Daha zəhlətökənsə, qoyunların boğuq-boğuq mələşmələriydi. Bu dilsiz-ağızsız heyvanlar gözünə girirdi, elə adalımız özü də yavaş-yavaş qəribə bir heyvana çevrilməyinin fərqindəydi.

Mübahisəsizdi ki, insanlarla qarşılaşmaq fikri qədər heç nədən üşənmirdi.

Yeganə dincliyini təklikdə, tam mənasıyla yalqızlıqda tapırdı. Ətrafındakı boşluğu burulğan kimi içinə çəkən yalnızlıqdan. Bu rahatlığın mənbəyisə dəniz və duzlu suların yuduğu adasıydı. Ayrı heç bir əlaqəsi, təması yoxdu. Yalnız hüdudsuz göy, uzaq üfüqlərdə dənizlə birləşib qovuşan səma! Ruhunun qidasıydı bu!

Təkcə, dənizin harayına və bir də qağayıların, sanki qeybdən duyulan qışqırıqlarına qulaq kəsilmişdi.

Dənizdə fırtınaların çoşub, dalğaların at kimi şahə qalxıb kişnəməsindən xoş nə ola bilərdi ki?! Zamanın axışını izləməyə həvəsi qalmamışdı, buna vaxt sərfi belə ağılsızlıqdı.

...Zaman durmuşdu...

Fasiləsiz qar yağırdı və adalımz, təbiətin bir parçasına dönüşməkdəydi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!