Atam mənə dedi ki...səhnənin arxası çox qaranlıqdır...
- Zemfira xanım, istər ailə həyatınız, istərsə də aktrisalıq karyeranız xeyli zəngindir. Həyatınızın hansı mərhələsini daha aktiv hesab edirsiniz?
- Mənim həyatım əvvəldən bu günə qədər çox dinamik olub. Müharibə illərinə düşən uşaqlıq illərim, sonrakı universitet dövrü, ailə həyatı, aktrisalıq peşəsi məni həmişə fəaliyyətdə olmağa məcbur edib. Demək olar ki, dincəlməyə, özümə vaxt ayırmağa heç zaman imkanım olmayıb. Neçə illərdən sonra bu ilin fevral ayında ölkədən kənara çıxıb bir az istirahət edə bilmişəm.
- Kino aktrisası kimi məşhurlaşsanız da, faktura etibarilə teatr tələblərinə cavab verən imkanlarınız olub. Teatr fəaliyyətiniz niyə çox az oldu?
- Mənim teatr fəaliyyətim, demək olar ki, heç olmadı. 1965-ci ildə Gənc Tamaşaçılar Teatrına işləməyə gəldim. O zaman teatr həyatı çox qaynar idi. Amma Yusifi teatrda o qədər də sevmədiklərinə və mənim onunla olan yaxınlığıma görə mənə də rol vermirdilər. Teatrda yeganə rolum "Son məktub" tamaşasında oldu. Bundan sonra iki il məni ancaq kütləvi səhnələrə çıxartdılar. Elə həmin ərəfədə də mən öyrəndim ki, Yusif birinci həyat yoldaşından ayrılmayıb. Mən isə evli adamla münasibətdə olmaq istəmirdim. Sonralar bildim ki, o qadın Yusifdən on iki il böyük, həm də xəstədir. Teatrda rolsuz qalmağım və bu faktı bilməyim məni burdan uzaqlaşdırdı. Rəhmətlik anamı və oğlumu da götürüb İrəvan Teatrına getdim. Orada bir az maraqlı rollar ifa etdim.
- Sonra tale sizi yenidən Bakıya qaytardı...
- Yusif rejissor Şamil Mahmudbəyov vasitəsilə məni geri qaytardı. Şamil Mahmudbəyov məni "Torpaq, dəniz, od, səma" filminə çəkilməyə dəvət etdi. Mən də çox böyük məmnuniyyətlə razılaşdım. Amma qayıdandan sonra Yusif məni heç bir halda buraxmadı. Biz ailə qurduq. Teatra isə təkrar işə götürülmədim. Üç ay işsiz qalandan sonra radioya diktor düzəldim. Orda işləyə-işləyə filmlərə də çəkilirdim. 1974-cü ildə isə artıq kinostudiyaya işə düzəldim.
- Aktrisalıq peşəsini seçərkən atanız sizə bu barədə xəbərdarlıq da edir...
- Elədir. Atam mənə dedi ki, bu sənətin arxasınca getmə. Ora bataqlıqdır, sən batarsan, səsini də heç kim eşitməz. Səhnənin arxası çox qaranlıqdır. Mən isə ona demişdim ki, əgər insan istedadlıdırsa, ona heç kim heç nə edə bilməz, istedad mütləq özünə bir yol tapıb çıxacaq. O vaxt çox istədim ki, Moskvaya gedib VQİK-ə qəbul olunum. Bacım Moskvada oxuyurdu. Qrup yoldaşı isə Raisa Qorbaçova idi. Amma onda da bacım razı olmadı. Dedi, Moskvada yaşamaq sənin üçün çətin olar. Beləcə mən BDU-nun iqtisadiyyat fakültəsinə daxil oldum ki, təki məndən əl çəksinlər. Hər dəfə də Teatr İnstitutunun qarşısından keçəndə ağlayırdım. Buna görə də yarım il sonra Teatr İnstitutunun rektoru rəhmətlik Rahib Hüseynovun yanına gəldim, məni görən kimi çox sevinib dedi ki, bizim səhnə sənin kimi aktrisa üçün ağlayır. Adil İsgəndərov, Müxlis Cənizadə, Rza Təhmasib, Məlik Dadaşov məni sınaqdan keçirdilər. Çoxlu monoloqlar, şeirlər dedim, dedilər mütləq sənədlərini götür gəl. Mən də evdən xəbərsiz peşəmi dəyişdim.
- Sonralar isə sınaq çəkilişlərinə dəvət olunur, filmlərə isə çəkilmirdiniz. Hansı filmlər yadınıza düşür?
- O vaxtlar kinoda çəkilmək çox çətin idi. Mən də bir az gözəgəlimli, yaraşıqlı idim. Həmişə düz yolla bu sənətdə oldum. Kimsə qarşıma çıxıb deyə bilməz ki, məni kimə görəsə, nəyə görəsə filmə çəkib. Ona görə də mən çox az filmə çəkildim. Xeyli sınaq çəkilişlərinə çağırıblar. Əla da ifa etmişəm. Lakin sonradan çəkməyiblər. Həsən Seyidbəylinin "Xoşbəxtlik qayğıları" filminə də sınaq çəkilişləri oldu. Məni razı salıb evə yolladılar ki, mütləq çəkiləcəm. Amma evə gələndən sonra eşitdim ki, başqa bir aktrisanı sınaqsız mənim çəkiləcəyim rola çəkirlər. Bütün bunlar, əslində, çox faciəvidir. Hərdən fikirləşirəm ki, bu qədər baş verənlərdən, yaşananlardan sonra mənim gülüb danışmağım, yaşamağım özü bir möcüzədir (kövrəlir).
Həmkarlarım məndən inciməsinlər. Amma sənətdə düz olmaq çətindir. Qadın üçün isə ikiqat çətindir. Çünki mən öz təcrübəmdən bunu bilirəm. Mən tək idim, heç kimim yox idi.
- Yusif müəllim sağ olsa necə, sizin xeyrinizə nələrsə dəyişə bilərdi?
- O, sağ olsaydı, təbii ki, məni bu qədər incitməzdilər. Çünki ondan çəkinirdilər. Hətta belə bir şayiə də yaymışdılar ki, guya, Yusif məni filmlərə çəkilməyə qoymur. Yusif mənə icazə verirdi. Amma mənə görə kimdənsə xahiş etməyi heç vaxt özünə sığışdırmazdı.
- Yusif müəllimlə Adil İsgəndərovun münasibətləri necə idi?
- Münasibətləri rəsmi idi. Adil müəllimin böyüklüyü onda idi ki, o, Yusifin sənətkarlığını həmişə yüksək qiymətləndirirdi. Hətta deyərdim ki, Yusifin sənətkarlığı qarşısında baş əyirdi. Çünki "Axırıncı aşırım" filmində Həsən Seyidbəyli səsləndirməni Adil müəllimə tapşıranda, o demişdi ki, - Həsən, sən komediya çəkirsən? Mənim səsimlə Kərbəlayi olmaz axı. Get, Yusif Vəliyevi çağır, o gəlib səsləndirsin. Yusif də gəlib necə lazımdır səsləndirmişdi. Mən sizə deyim ki, filmdəki səsləndirmədən də çox şey asılıdır.
- "Dəli Kür" filmində də Leyla Bədirbəylinin sizə qarşı müəyyən qısqanclıqları olur. Səbəb nə idi?
- Mələk roluna çəkiləndə mən çox cavan, həm də çox kasıb idim. Amma olduqca qürurluydum. İşimin xatirinə heç kimin qarşısında baş əyməmişəm. Rəhmətlik Reyhan Müslümova da filmdə Cahandarın qızı roluna çəkilirdi. Onunla biz yaşıd idik. Bir gün ikimiz birlikdə yemək yeyəndə qulağımız eşidə-eşidə Leyla Bədirbəyli dedi ki, bunları hardan tapıb gətiriblər. Nə istedadları, nə də gözəllikləri var. Sonra da məlum səhnədə Leyla Bədirbəyli məni elə bərkdən sillələdi ki, yerimdə səntirlədim. Həmin an özümü itirsəm də, dərhal ələ ala bilmişdim. Çünki aparat işləyir, film isə çəkilir. Mən özümə aid olan sözümü deməliydim. Əgər o məni elə möhkəm vurmasaydı, həmin hissəni daha yaxşı və başqa cür ifa edərdim. Amma Allah rəhmət etsin. O, sonradan heç bir üzrxahlıq etmədi. Halbuki, edə bilərdi.
- Mehdi Məmmədov xasiyyətcə ağır və çox az danışan adam olub. Sizi isə bir dəfə ürəkdən tərifləyib...
- Elədir. Mehdi Məmmədov bizə estetikadan dərs deyirdi. Mən də həmişə onun dərslərinə hazırlıqlı olurdum. Sonra biz diplom tamaşası kimi "Almaz"ı hazırladıq. Orada Fatmanisəni ifa edirdim. Mehdi müəllim məni orda görüb soruşmuşdu ki, bu qız kimdir? Ona demişdilər ki, sizin tələbənizdir. Sonra bacım estetika üzrə elmi işini müdafiə edəndə Mehdi müəllim onun rəyçisi olmuşdu. Bacımın qayınatası böyük bir ziyafət təşkil etmişdi. Həmin ziyafətin tamadası isə Mehdi müəllim idi. Orada Mehdi müəllim məni təriflədi. Dedi ki, Fatmanisəni ifa edən aktrisanın Zemfira olduğunu biləndə mat qalmışdım. Çünki Fatmanisə obrazı ilə onun mədəni, zərif, gözəl görünüşü arasında gözlənilməz fərq var idi. Mehdi müəllimin mənim haqqımda həmin gün dedikləri mənə bu günə qədər də bəs etdi. Onun sözləri mənim üçün ən gözəl, ən qiymətli tərif oldu.
- Yusif müəllim kinoda parlaq rollar ifa etsə də, teatrda ömrünün son illəri on il rolsuz qaldı...
- Yusifin ürəyi qubar bağladı...
- Ailədə dominantlıq ən çox kimdə olurdu?
- Mən deməzdim onda olurdu. Amma böyük kimi, kişi kimi onun hörmətini həmişə saxlamışam. Bu gün geyindiyi köynəyi sabah təkrar geyinməsinə heç vaxt icazə verməmişəm. Həmişə səliqə-sahmanlı olub.
- Son günlərini necə xatırlayırsınız?
- Son günlərini xəstəxanada yatdı. Çünki ürəyi artıq bu cür haqsızlıqlara, işsiz qalmağa tab gətirmirdi. Düz iki ay ölənə kimi orada qaldı. Ölümünə bir neçə gün qalmış onu yuxumda gördüm. Mənə yuxuda dedi ki, "bayramlıq üçün gəlmişəm, 20-də gedəcəm". Əynində qara kostyum var idi. Əlindəki selofanın içində isə "aspirin" dərmanı. Mən martın 17-də qızımla onun yanına getdim. Novruz şirniyyatlarından apardıq. Yuxumu ona danışdım. Heç nə demədi. Məni qucaqlayıb, hönkürtü ilə ağladı...
Səhərisi gün yenə xəstəxanaya getdim. Ancaq gec idi. Yusif artıq həyatda yox idi. Onun trombu var idi. Görünür, çoxlu aspirin veriblər, trombu yerindən qopub, ürəyinə tıxanıb, ürək dayanıb. Çörəyini yeyib, çayını içib, elə yerindəcə keçinib. Biz onu martın 20-də torpağa tapşırdıq.
- Onun ən çox sevdiyiniz obrazı hansı idi?
- Yusif sənətini çox sevirdi. Bütün rollarını da sevərək ifa etmişdi. Amma mənim onun ifasında ən çox sevdiyim rolu Ovod idi. O tamaşada Cemmaya yazılan məktub səhnəsində Yusif çox gənc və valehediciydi. Onun gözləri yaşıl idi. Həmin səhnədə isə obraz yox, Yusifin gözləri danışırdı. O gözlərin gözəlliyini görmək lazım idi. Çox gözəl idi. Mən onu hədsiz dərəcədə çox sevmişəm. Ömrüm boyu da yeganə sevdiyim kişi o olub. Deyə bilmərəm ki, o da məni eyni məhəbbətlə sevib. Amma axırıncı gün ondan ayrılanda o ki hönkürüb ağladı, onda mən bildim ki Yusif də məni çox sevib.
- Ağlamağına səbəb nə idi?
- Bilmirəm... Heç mən onu ağlayan da görməmişdim. Ondan sonra, əlbəttə, çətin oldu mənə. Buzun üstündə sürüşməyi bacarmayan adam kimi qalmışdım həyatda. Amma sonralar həyat yavaş-yavaş yaşamağı öyrədir adama.
- Zemfira xanım, otuz səkkiz yaşında tək qaldınız. Sevdiyiniz insan, övladınızın atası dünyasını dəyişdi. Bundan sonra həyata tutunmağa, yaşamağa necə davam etdiniz?
- Mən hər şeydən əvvəl ana idim. Nə olur-olsun, balıq kimi çapalayıb uşaqlarımı saxlamalı, onları bir tərəfə çıxarmalıydım. Ona görə də birinci analıq məsuliyyəti mənə yaşamağı diktə edirdi. Yusif rəhmətə gedənə qədər mən bilmirdim ki, bazar nədir. Amma sonralar hamısını özüm etməyi öyrəndim.
Əlaqə yaratmaqda göstərdiyi köməyə görə Kino İttifaqının mətbuat katibi Rəşad Qasımova təşəkkür edirik.
Söhbətləşdi: Samirə Əşrəf
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!