Rabindranat Taqor: Hind xalqının azadlıq carçısı - Bədirxan ƏHMƏDLİ

Asiya xalqları ədəbiyyatı

Mayın 7-si dünyada milli azadlıq mübarizəsinin carçısı kimi tanınan Rabindranat Taqorun anadan olduğu gündür və bu günü hind xalqı təntənəli şəkildə qeyd edir. Sağlığında xalqının gələcək  həyatını düşünən, onun xoşbəxtliyi uğrunda mübarizə aparan və elə buna görə də xalqın simvoluna çevrilən adamlar çox az olur. Belə adamlardan biri böyük hind şairi, yazıçısı, mütəfəkkiri, rəssam və bəstəkarı Rabindranat Taqordur (1861-1941). Planetar düşüncə və fəaliyyət onun dünya miqyasında tanınmasına, əsərlərinin oxunmasına və tərcümə edilməsinə gətirib çıxarmışdır. O, həm də Asiya qitəsinin ilk Nobel mükafatçısıdır. Hindistan və Banqladeş ölkələrinin milli himnlərinin müəllifidir. 

R.Taqor zəngin və milli maarifçiliyə önəm verən bir ailədə doğulub, yaradıcılığa çox erkən yaşında başlayıb. İlk əsəri "Şairin tarixçəsi" poeması 1878-ci ildə çap olunub. "Axşam nəğmələri" (1882) və "Səhər nəğmələri" (1883) şeirlər kitabları ilə özünü bir şair kimi təsdiq edib. İlk şeirlərinin əsas mövzusu kənd həyatı, hind təbiəti və gözəllikləri, xalqın adət və ənənələri idi. Əsərlərində xalqının həyatını və taleyini yazması onu məşhurlaşdırır və "Zəmindar Babu" kimi tanınır, həmvətənlərinin məhəbbətini qazanır.  Sonralar şair "Bu illər ədəbi həyatımın ən məhsuldar dövrü idi", - deyə xatırlayırdı. Həmin dövrün poetik nümunələrinin əsas obrazlarından biri Zaman və İnsan idi. Zaman axarında insan həyatının rəmzinə çevrilən "qızıl qayıq" obrazı şairin əsərlərində sıx-sıx təsvir olunurdu. Yaradıcılığının başlanğıcında romantik poeziya başlıca yer tuturdusa, sonrakı şeirləri sadə məzmun, söhbət və dərdləşmə (həsbi-hal) əhval-ruhiyyəsi üzərində köklənmişdi. Bu, milli poeziyada yeni bir təmayül idi. Halbuki bu yenilik ədəbi müasirlərinin əksəriyyəti tərəfindən narazılıqla qarşılanmışdı. Zaman-zaman poeziyası poetik kamilləşməyə, fəlsəfi məzmun qazanmağa doğru gedir. 1912-ci ildə şeirləri özünün ingiliscəyə tərcüməsində "Gitancali" ("Qurbanlıq nəğmələri") adı ilə bir neçə il sonra, özü də Nobel laureatı olan irland şairi Uilyam Batler Yetsin ön sözü ilə Londonda çap edilir. Bu poetik toplu onun adını çox sürətlə ABŞ və Avropada məşhurlaşdırdı. Nobel mükafatı şairin kiçikhəcmli "Gitancali" kitabına verildi. Mükafatın verilməsində "poetik təfəkkürünün müstəsna bir ustalıqla əks edildiyi və Qərb ədəbiyyatının bir hissəsinə çevrilən gözəl, orijinal, hissiyyat dərinliyi ilə seçilən şeirlərinə görə" ifadələri ilə əsaslandırılırdı. İsveç Akademiyasının üzvü Harald Yerne isə "Taqorun şeirləri ümumbəşəri fikirlərlə zəngindir", - deyə diqqət çəkmiş və müəllifini "Şərqlə Qərbi bir-birinə yaxınlaşdıran şəxsiyyət" adlandırmışdı.

R.Taqor poeziyasına Qərb dəyərləndirməsi onun poetik yaradıcılığının xüsusiyyətlərini ümumi şəkildə ifadə edir. Əslində isə bunun arxasında R.Taqorun son dərəcə orijinal yaradıcılığı, şeirlərindəki yeni poetik düşüncə, ritm, ahəng, mənsub olduğu xalqın təfəkkürünü, tərcümeyi-halını, təbiətini, gözəlliklərini poeziyaya çevirmək və xalqını azadlığa səsləmək, ən əsası isə bəşəriyyətə humanist mesajlar vermək, ideyalar ötürmək missiyası dayanırdı. Bu mənada Hindistanın müstəmləkəçilikdən azad olunmasında şairin əsərlərinin mübariz ruhu böyük rol oynamışdır. Şairin bütün əsərlərində boy verən azadlıq ruhu tezliklə onun ölkəsinin vətəndaşlarının da amalına çevrilmişdir. R.Taqorun fikrincə: "Poeziyanın rəngləri yalnız xatirələrin fırçası altında yaxşı gül aça bilər. İnsanın gözü qarşısında olan hər şey ona öz-özlüyündə təsir göstərir. Əgər şairin xəyalı həmin gözlə görünən bu şeylərin təsirini dəf edə bilməsə, o zaman xəyal yaradıcılıqda özünə layiqli yer tuta bilməz. Nəinki poeziyada, habelə incəsənətin bütün növlərində sənətkarın ruhu azad və müstəqil olmalıdır - yalnız sənətkarın hissi belə hallarda insanı idarə etməlidir".

R.Taqorun poeziyası mövzu, problematika cəhətdən zəngin olduğu kimi, forma, struktur baxımından da yeni və orijinal idi. İlk şeirlərindən başlayaraq, onun qəlbi öz hisslərini ifadə etmək üçün yeni mövzu və formalar tapır, hər bir sözü, sətri poetik məna daşıyır. Sözlərin mənasını mümkün qədər həmin sözlərin öz əhval-ruhiyyəsinin arxasında gizlətməyə çalışır. O, nədən yazır-yazsın, şeirlərində insan qəlbinin keçirdiyi hisslərin təzahürünə bir fəlsəfi yön, məna verirdi. Həyat, ölüm, vətən, təbiət, sevgi şeirlərini birləşdirən ümumi cəhət məhz şairin poetik qənaətlərinin fəlsəfi çalarlara malik olmasıdır. Şair bütün şeirlərində, sanki bir nəğmə oxuyur; bu nəğmə həyatın hər üzünü, çətinliklərini, sevincini, kədərini, qəmini müxtəlif ahənglə çatdırırdı.

R.Taqor yaradıcılığı boyu poeziyasında vətən üçün oxuduğu nəğmələrdə onun azadlığını düşünür və bu azadlığın əldə olunacağına bir an da olsun ümidini itirmir. Özü də bu şeirlər o zaman yazılırdı ki, ingilis müstəmləkəçiliyi qarşısında azadlıq çağırışları, demək olar ki, eşidilmir, siyasi düşüncədə bir ruh düşkünlüyü hökm sürürdü. "Mənim həmvətənlərimi adam hesab eləmirlər...", - deyə fəryad edən şairin "Düşkünləşmiş ürəyin ümidi", "Boş evdə", "İki biqha torpaq", "Ana Benqaliya", "Şah Cahan", "Son məktub", "Vahid səs", "Benqaliya torpağı", "Hindistan lakşmi", "Benqaliya lakşmi", "Ümid", "Yeni ilə" və s. şeirlərində vətənin tərənnümü ilə yanaşı, poetik "mən"in azadlığı, mübarizliyi də başlıca yer tuturdu. Şair "Ana Benqaliya" şeirində vətəninə üz tutaraq oğullarını doğru tərbiyə etməyi, böyütməyi, atdıqları addıma mane olmamağı, yaxşı-pis ilə mübarizəyə girmələrini istəyirdi:

Onlar ki, tərbiyənlə böyüyür bu gün sənin,

Övladıdır vətənin...

Onlar sakitdir xeyli.

Çıxart gəl başlarından, Benqaliya, bu meyli,

Böyütmüsən onları zəhmətin bəlli çoxdur,

Lakin aralarında mübarizləri yoxdur.

"Benqaliya torpağı" şeirində isə şair ölkəsi üçün dualar edir; Benqaliya torpağının, sularının, havasının, baharının müqəddəsliyinə inam ifadə edir və Ulu Pərvərdigardan insanların arzusunun həyata keçməsini diləyir. Bu mesajlarında müqəddəslik, saflıq, birlik, mübarizlik duyğuları aydın görünür:

Gülsün ruhu, əməli, bir də təmiz ürəyi,

Bir olsun bacıların, qardaşların diləyi.

Mən onu heç bir zaman görməyim parə-parə

Ulu Pərvərdigara.

R.Taqorun vətən, torpaqla bağlı şeirlərində mənsub olduğu xalqın gələcəyinin bəlirlənməsinə yönəlik mesajlar (siyasi, mənəvi, əxlaqi) aparıcı xətt kimi görünür. Şairin içindən gələn hissləri, duyğuları dua şəklində verməsi poeziyasının ahəngini, məzmununu dəyişir. O, vətəni Benqaliyanı çox sevir, onu daim "Ana Benqaliya" adlandırır, özünü onun övladı hesab edir. Bir an da olsun Benqaliya, onun insanları, təbiəti yadından çıxmır. "Düşkünləşmiş ürəyin ümidi" şeirində yenə vətənini xatırlayır; onun hələ yuxuda, qəflətdə olduğunu bəyan edir. Bəzən də onun üstünə çökmüş zülməti poetik şəkildə "Qəfəsinin üstünə şal salınmış quş" kimi bürümüş onu zülmət", - deyə onu bu zülmətdən çıxarmaq üçün haray çəkir:

Yüngül qanadlı quşlar, budaqlar yoxdur artıq,

Gül də, yarpaq da yoxdur.

Nə mahnı var, nə günəş, nə ruh oxşayan işıq,

Bar da, budaq da yoxdur.

 

Qaranlıq çay içində, sanki qayıqdır həyat

Kor-koranə baş almış;

Mənim yazıq vətənim, cansız torpağım, heyhat,

Ağır yuxuya dalmış.

Şair çox sərtdir, bu acı həqiqəti onun vətəndaşlarının üzünə yalnız bu cür sərtliklə, çılpaqlıqla demək mümkündür. Vətəninə yazığı gələn şair onun bu vəziyyəti ilə heç cür barışa bilmir. Olsun ki, bir hind siyasətçisinin siyasi çıxışlardakı birlik, bərabərlik mesajlarının bu qədər təsiri olmazdı. R.Taqorun isə ictimai proseslərin poeziyadakı ifadəsi kütləyə daha yaxşı çatır, effektiv olur, xalqı emosional vəziyyətə gətirir və düşünməyə sövq edirdi. Ona görə şair bu mesajları şeirlərində verməklə, əslində, xalqını ictimai mübarizəyə, köləliyə qarşı qaldırır, azadlığa səsləyirdi. "Ümid" şeirində kəfəndə təsəvvür etdiyi ana Benqaliyanın ona çələng verərək "Sən öz doğma yurdunda əbədi yaşayarsan" sözlərini xatırlayır. Şairin yuxuda gördüyü bu səhnə hər zaman özünü "Ana Benqaliyaya" çatdırmasına, ona dayaq durmasına sövq edir. "Hindistan-lakşmi" şeirində isə şair Hindistanı mifologiyadakı səadət və sərvət ilahəsi lakşmiyə bənzədir, onu "dünyanı özünə heyran edən bir diyar" adlandırır, ölkənin hər yerinə "şəffaf qızıl şüalar" yayıldığını bildirir. Şair özünün dəfninin də vətənin "göyündə batan günəşi andıracağına" əmindir.

R.Taqorun poetik yaradıcılığında sevgi, məhəbbət və təbiət motivləri başlıca yer tutur. Kiçik bir sevgi, məhəbbət və təbiət şeirlərində vətənini, xalqını düşünür, onunla nəfəs alır. Vətənin təbiətini o şəkildə cazibədarlıqla, ürəkdən tərənnüm edir ki, hər bir hindli bu təbiətin gələcəyini düşünür və onu qorumağı özü üçün müqəddəs vəzifə sayır. Şeirlərində təsvir olunan həyat həmişə fəlsəfi, ictimai çalarlarla müşayiət olunur. Şair həyatı, təbiəti yalnız təsvir etməklə kifayətlənmir, həm də fəlsəfi poetik qənaətlər aşılayır. Lirikasının emosionallığı da burada bütün qabarıqlığı ilə üzə çıxır. "Mahnının nəfəsi", "Onda və indi", "Alatoran", "Qızıl qayıq", "Camunun ürəyi", "İki biqha torpaq", "Dəniz sahilində", "Bərə", "Qara qönçə", "Çiçək", "Payız", "Yelkənli qayıq", "Uzaqda saat işləyir" və s. onlarla şeirində təbiət lövhələri canlı və cəlbedicidir. Şair vətənin hər hansı bir guşəsini təsvir edərkən ona müvafiq müxtəlif ahəng və ritmlərdən istifadə edir, təbiəti insanlaşdırır, insanı təbiətə bərabər tutur. "Uzaqda saat işləyir" şeirində şair vətən göylərini, onun ənginliklərini, "cığırın apardığı sahili", dalğalanan "Qanqın rəngini", "qoynunda səbətləri daşıyan" üzən bərəni, "qalın meşələri"ni, "su üzərində qanad çalan qartalı", "balıqçı qayığı"nı sonsuz məhəbbətlə, sevgiylə canlandırır. Şairin xəyalı təbiətlə ictimai həyat hadisələri üzərində seyr edir; təbiətdən cəmiyyətə, cəmiyyət hadisələrindən təbiətə keçir. Yoxsul qadınların işə getməsi, balıqçıların yaş iplə toru qayığa çəkməsi poetik təsvir obyekti olur.

Rabindranat Taqor poeziyasının əsas xüsusiyyətlərindən biri şeirin bir sxem, qəlib əsasında yazılmamasıdır. Əslində, onun təbiət şeirləri həm də cəmiyyəti, mövcud ictimai münasibətləri özündə ehtiva edir. Bəzən sətirdən-sətrə bu münasibətlər dəyişir, əvvəldən-axıra bir ritmi, ahəngi tutmadığı kimi, eyni mövzunu, hekayəni də anlatmır. Bu yerdə şair xəyalı həyat, insanlar, cəmiyyət və təbiət üzərində gəzişir. Şair hadisələrə kiçik bir prizmadan deyil, qapsamlı çərçivədən baxır, həyatın hər üzünü göstərir, bütün ziddiyyətləri və mürəkkəbliliyilə anladır.

R.Taqorun poeziyasının ana xəttini təşkil edən azadlıq ideyaları və xalqını azad görmək istəyi sağlığında olmasa da, cəmi bir neçə il sonra gerçəkləşir. Hind xalqı onun poeziyasında geniş əks olunmuş ictimai ideallardan yola çıxaraq qolundakı buxovdan-müstəmləkəçilikdən xilas olur. Onun poeziyasında xalqın arzu və istəkləri ilə yanaşı, mübarizəsi də əks olunmuşdur. Bu cəhətdən şair siyasi lirikanın da ən yaxşı nümunələrini yaratmışdır. R.Taqorun şeirləri özündən sonrakı hind poeziyasına da təsir göstərmiş və poetik mübarizlik gələnəyinin əsasını qoymuşdur.

R.Taqor dünyada daha çox şair kimi tanınsa da, çoxsaylı pyeslərin və nəsr əsərlərinin müəllifidir.  "Qurban mərasimi", "Poçt", "Qırmızı məxmər gülləri" pyeslərində ədalət və həqiqət axtarışları, mənəvi təkamül uğrunda mübarizə öz əksini tapmışdı. Yazıçı Taqorun novellaları əsasən benqal kəndlilərinin həyatından bəhs edirdi. Həmin novellalar ingiliscə ilk dəfə 1913-cü ildə çap olunmuşdu. R.Taqor həm də hind ədəbiyyatında hekayə janrının əsasını qoymuşdur. Bu əsərlərində yazıçı realizm cərəyanına sadiq qalaraq onu əhatə edən mühiti olduğu kimi göstərmiş, Hindistanın sadə adamlarının həyatını tərənnüm etmiş, onların ağır həyatlarını, sevinclərini, dərdlərini və arzularını əks etdirməyə çalışmışdır.

R.Taqor həm də ilk benqal romanının müəllifi kimi tanınır. "Qora", "Fəlakət", "Ev və dünya" kimi romanlarında Hindistan həyatı və ictimai proseslər təsvir olunur. "Ev və dünya" romanı Hindistanda baş verən "Svadeşi" hərəkatını reallıqla əks etdirir. Əsərin baş qəhrəmanı Nikhleş vətənini bütün qəlbi ilə sevən bir vətənpərvər olaraq təsvir edilir. Hindistana, öz xalqına xidmət etmək fikri bir an da olsun onu tərk etmir, bunun üçün əməli yollar axtarır. O, kənd təsərrüfatını təkmilləşdirməyə, toxuculuq istehsalını təşkil etməyə çalışır. Kəndlilərin vəziyyəti, hind kahinləri və brahmanları, "Svadeşi" hərəkatı və başqa məsələlər haqqında yazıçının nöqteyi-nəzəri Nikhleş obrazında verilir. "Svadeşi" tərəfdarları camaatı ingilis mallarını boykot etməyə çağırır və buna nail olur. Çondronath-babunun "Svadeşi" tərəfdarlarına müraciətlə dediyi söz xalqın vətən və onun azadlığı uğrunda mübarizəsinin nə qədər aydın olduğunu göstərir: "Vətən ancaq torpaq deyil, vətən həm də insanlardır. Xalqın necə yaşadığını siz heç gözünüzün ucu ilə də olsa görmüsünüzmü? Onlar (o yoxsullar) ağır ehtiyac içində yaşayırlar; həyatlarını az da olsa davam etdirmək üçün var qüvvələrini sərf edərək əlləşirlər. Onlar üçün bir-iki paysanın nə demək olduğunu siz heç təsəvvür edə bilirsiniz!.. Mən qoca bir adamam, sizi təbrik etməyə, hətta sizin ardınızca da getməyə hazıram. Lakin əgər siz öz azadlıq bayrağınızı yelləyərək yoxsulların azadlığını tapdalayacaqsınızsa, onda mən sizə qarşı çıxacağam, lazım olsa ölümə də gedəcəyəm".

R.Taqorun nəsr dili sadə, poetik və obrazlıdır, bu da məzmunu daha dərindən anlamağa kömək edir. Bu dil xalqın danışıq dilinə çox yaxındır, ona görə də hamı tərəfindən oxunur və başa düşülür. Bu xüsusiyyətin o dövrün nəsri üçün böyük əhəmiyyəti var idi, çünki bu zaman ədəbi dil ilə danışıq dili arasında fərqlər böyük idi. Böyük və mürəkkəb işin -  benqal xalq dilinin bədii və publisistik ədəbiyyata keçirilməyin təməlini hələ Bonkim Çondro Çottopadxaya qoymuşdu. Onun başladığı bu işi Taqor öz hekayələrində böyük ustalıqla davam etdirmişdir.

R.Taqor həm də dünyada məşhur aforizm müəllifi kimi tanınır. Bu aforizmlər onun əsərlərində yazıçı və müxtəlif obrazların dilində verilir. Bu fikirlər əsərdə bir funksionallıq daşıyır. Eyni zamanda, aforizmlər ayrılıqda bir forma kimi müstəqil həyatını yaşayır. Onun fəlsəfi məzmun daşıyan aforizmləri və qısa məzmun və mənsur parçalardan ibarət sutraları yenə qədim hind aforizmləri və sutraları irsinin yeni məzmunda davamıdır. Məlumdur ki, Qautama - Buddanın, eləcə də davamçılarının fəlsəfi fikirləri əsasən aforizmlər və sutralarla ifadə edilmişdir. Öz fəlsəfi və siyasi, ictimai, əxlaqi fikirlərini, yeri gələndə kəskin, sərrast və yığcam şəkildə ifadə edə bilmək  üçün Taqor bu ənənəni davam etdirmişdir. Bu fikirlərin başlıca mövzusu İnsandır, onun həyatı, mübarizəsi, idealları, arzuları, əməlləridir: "Bəşəriyyət qəddar, hər bir insan isə xeyirxahdır", "İnsan gülümsəyəndə dünya onu sevir, güləndə isə ondan qorxur", "Batan günəş "mənim işimi kim davam etdirəcək", - deyə soruşdu", "Ötən hər an əbədiyyət nəğməsinin bir notudur", "İnsan izdiham işində öz tənha qəlbinin fəryadını boğmaq üçün adam arasına çıxır", "İnsanın sadəliyi suyun duruluğu kimidir-onun dərinliyində nələr olduğunu göstərir", "İnsanı nələri bildiyinə görə yox, nələri sevdiyinə görə dəyərləndirmək lazımdır", "Bütün insanlar kimi, mən də yalnız istədiklərimdən, arzuladıqlarımdan yox, həm də istəmədiklərimdən, arzulamadıqlarımdan ibarətəm".

R.Taqor aforizmlərində bir filosof kimi çıxış edir, İnsanı bütün yönlərilə qiymətləndirməyi bacarır. Onun öz İnsanı, Əbədi İnsanı var və bu İnsan onun yaradıcılığının bütün janr və formalarında özünü göstərir. A.Eynşteynlə söhbətində böyük alimin "Sizin "Əbədi İnsan"ınız insan mahiyyətinin ifadəsidir?" sualına belə cavab vermişdir: "Bəli, əbədi mahiyyətin. Biz onu öz emosiyalarımız və fəaliyyətimiz vasitəsilə dərk etməliyik. Biz Ali İnsan dedikdə bizə xas olan məhdudiyyətləri olmayan insanı nəzərdə tuturuq. Elm ayrılıqda götürülmüş bir şəxsiyyətlə məhdudlaşmayan tədqiqatla məşğul olur, o, həqiqətin qeyri-şəxsi insani dünyasıdır".

R.Taqoru Azərbaycan ədəbi, elmi mühitinə bağlayan faktorlar çoxdur. Hər şeydən əvvəl, bir yazıçı, dramaturq, şair kimi onun yaradıcılığı Şərq təfəkkürünü özündə ehtiva edir. Azərbaycan ədəbiyyatı da Şərq ədəbiyyatı kontekstində əsrlərcə bir yerdə inkişaf etmiş, mövzu, problematika, süjet və obrazlar baxımından zənginləşmişdir. Xüsusilə, klassik Azərbaycan ədəbiyyatı hind ədəbiyyatına dərin köklərlə bağlı olmuşdur. Ən əsası R.Taqorun əsərlərində hind xalqının həyatı, mübarizəsi və azadlıq arzuları reallıqla təsvir edilmişdir. "Rusiya haqqında məktublar" əsərində R.Taqor Azərbaycan haqqında da bəzi fikirlər yazıb. Azərbaycanın Rusiya tərəfindən işğalından bəhs edən R.Taqor yazırdı: "Azərbaycanı istila etdikdən sonra çar generallarının imperialist siyasəti, müsəlmanların yaşadıqları rayonları Rusiyanın əsas bazalarını xammalla təchiz edən müstəmləkəyə çevirməkdən ibarət idi".

Çar Rusiyasında müsəlman millətlərinə münasibətə toxunan R.Taqor olduqca obyektiv mülahizələr irəli sürür: "Çar hökumətinin agentləri "Parçala və hökmranlıq et" prinsipini amansızlıqla həyata keçirir və müxtəlif millətlər arasında kin, ədavət toxumu səpmək üçün əlindən gələni edirdilər. Milli ədavət hökumət tərəfindən təşviq olunur, müsəlmanlar və ermənilər müntəzəm surətdə bir-birinin üzərinə qaldırılırdı. Bu iki millətin ardı-arası kəsilməyən toqquşmaları bəzən kütləvi şəkil alırdı".

Rabindranat Taqor həm də özünü rəssam kimi sınamış və incəsənətin digər sahələrindəki kimi burada da uğur qazanmışdı. Onun rəsm əsərlərindən ibarət sərgilər Nyu-York, Paris, Moskva, Münhen kimi şəhərlərdə nümayiş etdirilmişdi. Taqor - bəstəkar, 2 mindən çox nəğmənin müəllifi idi. Həmin nəğmələr benqallar arasında bu gün də məşhurdur. Bir sözlə, o, sağlığında ölkəsində və dünyada təmsil etdiyi xalqın simvoluna çevrilməyi bacarmışdı.

R.Taqor bütün həyatı boyu müstəmləkəçiliyə qarşı mübarizə aparıb, sülh, dostluq və xalqlar arasında qarşılıqlı ünsiyyəti təbliğ  və tərənnüm edib. Onun bəşəriyyət qarşısında xidmətləri  böyükdür, yaradıcılığı yalnız hind və benqal xalqlarını deyil, mütərəqqi bəşəriyyəti özündə ehtiva edir. Taqor bütün həyatı boyu Hindistanın Britaniya asılılığından qurtarması üçün ölkəsinin səsini dünyaya yaymışdır. Onun bu mübarizəsi bütün xalqların azadlıq mübarizəsinin simvoluna çevrilmişdir.

S.Vurğun "Buruqlar səltənəti" şeirində "Azad şüur" deyir, "zəncirsiz ürək", O qocaman Taqor, o böyük ürək", - deyə onu yada salır və "onun rübabıyla vəcdə gələn Hindistanın "istiqlal eşqiylə" yanmasına diqqət çəkir. Daha sonra isə şairin yaradıcılığından aşağıdakı hissəni tərcümə edir:

"Bir aləm ki, nə zindan var, nə zəncir,

İnsan oğlu ömür sürür vüqarla.

Fikir dustaq, ömür məhbus deyildir,

Bölünməmiş dünya min bir hasarla.

Həqiqətin ürəyindən söz gəlir,

Ağlıq hüsnü şəfəqlənir günəştək.

Şərəf sözü ülviyyətə yüksəlir,

Qaralmayır çirkablara düşərək".

S.Vurğun müstəmləkəçiliyə qarşı mübarizə aparan şairin bu misralarını təsadüfən gətirməmiş və bununla doğulduğu ölkənin də eyni azadlıq təşnəsinə böyük ehtiyacı olduğunu göstərmək istəmişdir. Şairin "Bu azadlıq yollarında ya Rəbbim, Qoy göz açsın mənim də öz vətənim", - deyə fəryad etməsilə, sanki vətəninin də işğal altda qaldığını demək istəmişdir.

Rabindranat Taqor yaradıcılığı Hindistanın mənəvi irsinin böyük ifadəsi kimi dünya ədəbiyyatını zənginləşdirən faktorlardandır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!