"Kürsü" layihəsində Samirə Əşrəfin qonağı - Xalq yazıçısı Anarın qızı Günel Anarqızıdır

Günel ANARQIZI: "Atamda heç kəsdə olmayan həssaslıqlar var"

 

- Günel xanım, "El", "Ölkəm" və "Pəncərə" jurnallarının baş redaktoru olmusunuz. İlk yazı fəaliyyətiniz maarifçiliklə, publisistika ilə başlanıb. Hansı söz, hansı əhvalat sizi publisistikadan ədəbiyyata gətirdi?

- Əslində, bunlar hamısı bərabər gedən proseslər idi. Publisistika və yazıçılıq hər ikisi eyni vaxta təsadüf edir. 2002-ci ildə "El" jurnalının redaktoru olduğum zaman internet saytlarında, qəzet və jurnallarda nəşr olunan hekayələrim vardı. 2004-cü ildə ilk kitabım çap olunanda isə artıq iyirmiyə yaxın hekayəm pərakəndə şəkildə nəşr olunmuşdu. İlk kitabım çap olunandan sonra pyes, povest və başqa yeni hekayələr yazdım. Bunlar da müxtəlif zamanlarda kitab şəklində çap olundu. Və sizə deyim ki, jurnalistika ilə yazıçılıq fəaliyyətim çox vaxt bir-birinə müəyyən mənada köməklik də edirdi. Jurnal fəaliyyətindəki redaktorluq işim, bu işin özəl tərəfləri, məziyyətləri yazıçılıqda köməyimə çatır, yazıçılıqda olan təcrübəm isə mənə jurnalist fəaliyyətimdə bir publisist kimi kömək edirdi. Bu iki proses eyni vaxtda olduğu üçün onları bir-birindən ayırmıram. Qeyd etdiyiniz kimi, "Pəncərə" və "Ölkəm" jurnallarının yaradıcısı və redaktoru olmuşam. Orda qazandığım təcrübə, vərdiş və müəyyən bacarıqlar bu gün də mənə köməklik edir.

- Bizdə mədəniyyətin müxtəlif sahələrini əks etdirən jurnalların ömrü niyəsə çox qısa olur. Nə qədər keyfiyyətli tərkibdə olsalar da, üç, dörd ildən sonra bu cür jurnalların nəşri dayanır. Sizcə, bu, nə ilə bağlıdır?

- Bilirsiniz, indi jurnallara maraq azalıb. Bunun əsas səbəblərindən biri də, təbii ki, internet imkanlarının geniş olmasıdır. Hal-hazırda sosial media, sosial şəbəkələr vasitəsilə bütün məlumatların tez bir zamanda əldə olunması jurnallara olan marağın azalmasına səbəb oldu. Sanki qəzetlərə belə, ehtiyac qalmayıb. Ona görə ki, qəzetdə çıxan məlumat da artıq gecikmiş məlumat hesab olunur. Jurnal işi isə xüsusilə çox çətindir. Onun səhifələnməsi, dizaynı vaxt tələb edən işlərdi. Buna görə də jurnallar informasiya xarakterli olanda, hansısa mədəniyyət barədə məlumatları, xəbərləri dərc edəndə, jurnal çap olunan zaman ordakı materiallar artıq Nuh əsrindən qalma təsir bağışlayır. Məlumat nöqteyi-nəzərdən heç bir əhəmiyyəti qalmır. Amma bədii xüsusiyyəti olan jurnalların əhəmiyyət dərəcəsi bir başqa məsələdir. Bu cür jurnalların ənənəsi, tarixi, özlərinə görə xüsusiyyətləri var. Bu kimi jurnalların öz oxucuları və pərəstişkarları olur.

Yeni jurnallar maraq dairəsi və mövzu baxımından fərqli olmalı və heç kimi təkrar etməməlidir ki, oxunaqlı ola bilsin. Belə jurnalların reklamı da yaxşı olarsa, istər-istəməz oxucuların zövqünə, düşüncə tərzinə təsir göstərərək yadda qala bilir.

- "Altıncı" povestinizi yazarkən Anar müəllimin "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı çoxdan çap olunmuş, roman əsasında film də çəkilmişdi. Maraqlıdır, bu povesti yazarkən artıq mövcud olan obrazların sizə təsiri oldu, ya sizin də öz qəhrəmanlarınız yarandı?

- Mən o povesti qələmə alanda çox gənc idim. İndiki vaxt olsaydı, bəlkə də, buna cürət etməzdim. Yəni həmin məqamda gənclik məsuliyyətsizliyi və cəsarəti mənə hakim olmuşdu. Həm də özümə maraqlı idi. Fikirləşirdim ki, başlayım görüm, axırı necə olacaq. Yazı prosesinə başlayanda işin nə qədər çətin və məsuliyyətli olduğunu anladım. Çünki sizin də qeyd etdiyiniz kimi, artıq filmi çəkilmiş, səhnə versiyaları anşlaqla keçmiş çox məşhur əsər idi. Belə bir məqamda həmin əsəri təzədən işləmək, tamam başqa şəkildə təqdim etmək cəsarət tələb edirdi. Görünür, mən bu cəsarəti özümdə tapdım və "Altıncı" povestimi qələmə aldım.

Obrazlar dəyişmədi, hamısı olduğu kimi qaldı. Onlar əsərdə hansı adda, təvəllüddə idilərsə, elə də qaldılar. Sadəcə olaraq bu obrazların həyatlarına və xarakterlərinə bir çox yeni elementlər daxil oldu. Və bu elementlər mənim fikrimcə, onları daha da dərinləşdirdi. Misal üçün, "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanında Təhminənin daxili aləmi çox az açılmışdı. Biz Təhminəyə kənardan baxaraq onun hərəkətlərini də bu baxışla şərh edirdik. Povestdə isə Təhminənin daxili aləmi açılmış olur. Onun istənilən hərəkətinin motivləri, səbəbləri açıqlanır. Əsərdəki bağın tarixçəsi, Təhminənin Zauru bağa gətirməsinin səbəbləri məlum olur, sirri açılır.

- Obrazlar sizə nələrisə diktə edirdi?

- Sözsüz ki, edirdi. Obrazlar bir müəllif kimi məni öz arxasınca da aparırdı. Özünün yox, başqa bir müəllifin yaratdığı obrazlarla işləmək özlüyündə maraqlı idi. Çünki yazıçı öz obrazını yaradanda onu nə üçün yaratdığını dərk edir, bilir və o obraz vasitəsi ilə oxucuya öz fikirlərini çatdırmış olur. Amma başqa müəllifin yaratdığı obraz ola bilər ki, yeni müəllif üçün yad olsun. Romanda da elə qəhrəmanlar vardı ki, mənim üçün yad, ögey görünürdülər. Mən onları özümünküləşdirmək, onlara öz baxışımla baxaraq başqa yöndə təqdim etmək istədim. Nəhayətdə, onlar da mənim üçün çox doğma və əziz oldular.

- Povestdə Səməd obrazı və onun həyatına zərbə vuran repressiya illərindən bəhs olunur. Bu dövrün xatırlanması nənəniz Nigar Rəfibəylinin taleyi ilə səsləşir...

- Nənəmin taleyinin təsiri olub. Çünki gen yaddaşı deyilən bir şey var. Bəlkə də, heç düşünmədən o illəri hiss edib, əsərdə ifadə etməyə çalışmışam. Ancaq bütün hallarda bu fakt həm nənəm Nigar xanımla, həm ana babam Yusif Səfərovla bağlıdır. Çünki babam da iki dəfə repressiya olunaraq Sibirə sürgün edilib. Yəni həmin illərin xofu, qorxusu, gecə sükutundakı addım səslərinin dəhşəti bizim tariximizdə, taleyimizdə olan faktlardı. İstənilən halda bütün bunlar bizim qanımıza, genimizə işləyib. Bəlkə də, o zamanlarda olan qorxu indinin özündə də bizim tərəfimizdən hiss olunur. Yəni mən də o hissləri yaşayırmış, hiss edirmiş kimi qələmə almışam. Ona görə də dediyiniz kimi, Səmədlə bağlı olan repressiya xətti özlüyündə nəyisə ifadə edirdi.

- Anar müəllimin əsərlərində sovet dövrünün yaşayışı, məişəti, mədəniyyəti çox dolğun, gözəl formada əks olunur. Və bugünkü oxucuda həmin dövrə qarşı nostalji hisslər oyadır. Sizin də uşaqlıq və nisbətən yeniyetməlik illəriniz sovet dövrünə təsadüf edib. O zamanlar sizin yadınızda necə qalıb? İndi o dövrlər üçün köks ötürməyə, nostalgiyaya qapılmağa dəyərmi?

- O zamanın mənfilikləri, əlbəttə ki, çox idi. Sovet dövrünün elə məqamları vardı ki, mən istəməzdim indiki həyatda mənim uşaqlarım o həqiqətlərlə rastlaşsın. Düzdür, o dövrdə mən uşaq idim. Həmin dövrdə uşaqlıq və qismən yeniyetməlik çağlarımı yaşamışam. Amma sovet illərinin senzurası çox yaxşı yadımdadır. Misal üçün, atamın "Qobustan" jurnalı vardı. Həmin jurnalın hər sayının necə davayla, atamın əsəbi hesabına nəşr olunması da mənim yadımdadır. Uşaq olsam da, xatırlayıram ki, hər növbəti buraxılış çap olunanda, bizim evimizdə bayram, şənlik ab-havası hiss olunurdu. Jurnalın elə sayları olurdu ki, onların nəşrinə, ümumiyyətlə, icazə verilmirdi.

- Səbəb nə idi?

- Səbəb o idi ki, misal üçün, hansısa yeni rəssamın adı insanlara jurnal vasitəsilə təqdim olunacaqdı. Yəni kimisə disident sayırdılar. Və yaxud da kimsə disident olmaya-olmaya qara siyahıya düşürdü. Nəinki türk dünyası haqqında, heç Türkiyə adını belə işlətmək olmazdı. Bütün bunlar indi bizə çox qəribə gəlir. Bu gün bizə çox gülünc görünə bilən şeylərə görə o zamanın insanları əziyyət çəkir, işsiz qalır, taleləri məhv olurdu. Bu səbəbdən də mən, təbii ki, həmin dövrə qayıtmağı, o dövrün hansısa mənfi tərəflərinin canlanmasını istəməzdim. Amma bütün bunlarla yanaşı, darıxdığımız şeylər də az deyil.

- Darıxdıqlarınız nələrdi?

- Bilirsiniz, ümumiyyətlə, indi sovet dövrünün mənəvi zənginliyinin nostalgiya ilə xatırlanmasını irad tutanlar çoxdur. Amma o zaman həqiqətən də insanlar mənəvi cəhətdən zəngin idilər. Ola bilsin ki, insanlar indiki kimi dünyaya çıxa bilmirdilər, bütün yollar bağlı idi. Xarici ölkəyə getmək üçün xeyli sənəd hazırlamaq lazım gəlirdi. Hətta bundan sonra belə, adamların ölkədən çıxması, harasa başqa şəhərə getməsinə tam təminat verilmirdi. Bununla belə, biz o vaxtı dünyada baş verən proseslərin süzgəcdən keçirilmiş, ən yaxşı tərəflərini qəbul edirdik. Ona görə ədəbiyyat da zəngin idi. Kitablar əllərdə gəzirdi. İnsanlar bir-birilə kağız nüsxələri paylaşırdılar, oxuyurdular. Həmin dövrdə olan mənəvi zənginlik, dərinlik indi yoxdur. İndi kitab oxumağa nə maraq, nə də vaxt yoxdur. Bunlar bizim həyatımızın bir parçası olsa da, o qədər də ehtiyac duyduğumuz şeylər deyil.

Ədəbiyyat adamı olduğum üçün ədəbiyyatdan, kitablardan başladım. Amma ümumilikdə isə mədəniyyətin başqa sahələrinə də maraq vardı. O vaxt konsertlərə insanlar maraqları olduğu üçün gedirdilər. İndi isə daha çox özlərini göstərmək, selfi çəkdirmək üçün gedirlər. Mədəniyyətimizi əks etdirən gözəl yerlər, məkanlar açılır. İnsanlar isə gəldikləri yerin məğzindən başqa hər şeylə maraqlanırlar.

- Sizin hekayələrinizin qəhrəmanları ətrafla ünsiyyətə çox da can atmayan, qapalı insanlardılar. Qadın yazıçı kimi, bəlkə də, bu normaldır. Amma hisslərin ifadəsi baxımından bu gün Aəzrbaycanda qadın yazıçı ola bilmək necə hissdir?

- Mən yazıçı kimi, hər şeyi bir az qapalı deməyin tərəfdarıyam. Kim anlayırsa anlayır, anlamırsa, demək ki, o mənim oxucum deyil. Yazarkən insan psixologiyasının dərinliklərinə nüfuz edərək onu araşdırmağa, hər bir hərəkəti nələrləsə bağlamağa, əlaqələndirməyə çalışıram. Çünki heç bir hadisə, hərəkət səbəbsiz deyil. Son nəticədə insanların izaholunmaz hərəkətlərini onların psixologiyasının dərinliklərinə nüfuz etməyi bacaran psixoloqlar müəyyən edə bilərlər. Yazıçılar da müəyyən mənada psixoloqdular. Nə dərəcədə incə və peşəkar psixoloq olduğumu deyə bilmərəm. Amma yazanda hansısa təcrübədən, genetik yaddaşdan və yaxud da özümün qarşılaşdığım, bildiyim situasiyalardan yaranan əhvalatları özüm üçün də, başqaları üçün də izah edə bilirəm. Sadəcə olaraq bu izah yollarının açıq-aşkar ifadə etməyin tərəfdarı deyiləm. Çünki hər şey həll olunub oxucuya təqdim olunanda artıq həm mənim üçün, həm də oxucu üçün maraqsız olur. Müəyyən mənada qapalı qalmaq, fikri sona qədər deməmək, açıqlamamaq məfhumu yaranır. Həm də mən yazarkən fikirləşirəm ki, əgər bunu mən anlayıramsa, yəqin ki, oxucum da anlayar, mənim nə demək istədiyimi duyar.

- Yəni oxucu kimi oxuduğunu bilir...

- Hər halda, mənim oxucum bilir ki, mən filan fikri necə ifadə edirəm. Bu da, yəqin ki, mənim öz dəst-xəttimdir. Məsələnin bir başqa tərəfi də var. Vaxtilə rəhmətlik Vaqif Səmədoğlu mənim ilk kitabıma ön söz yazmışdı. Orda belə bir ifadə vardı. "Elə əsərlər var ki, cavablarla doludur. Amma sizə təqdim olunan kitab daha çox suallardan ibarətdir. Bu suallara cavab tapmaq isə artıq oxucunun ixtiyarına buraxılır". Yəni kim qoyulan suala hansı cavabı tapırsa, bu cavab da ona daha çox uyğundur.

- Madam Bovari, Anna Karenina, Təhminə taleli qadınlar zaman-zaman cəmiyyətin qurbanına çevrilir, məğlubiyyətə uğrayırlar. Sizcə, qadın nə etməlidir ki, qurbana çevrilməsin, məğlubiyyətə düçar olmasın? Bu, sırf güc məsələsidir, ya xarakter?

- Məncə, güclü xarakter məsələsidir. Çünki güclü xarakterə malik olan qadın heç vaxt məğlub olmaz. Yəni özünə inamı olan, öz yolunu, hansı istiqamətdə irəlilədiyini dəqiq bilən qadınlar heç vaxt məğlub olmurlar. Hər kəsin öz seçimi var. İnsan var ki, cəmiyyət tərəfindən qəbul olunmur, amma öz daxilində çox xoşbəxtdir. Bəlkə də, heç cəmiyyətin fikri ona maraqlı deyil və mənəvi rahatlığı var. Xoşbəxtlik insanın öz-özü ilə harmoniyada olmasıdır. Xoşbəxtlik hansısa şərtlərlə müəyyən olunan məfhum deyil. Misal üçün, kiminsə çoxlu pulu, avtomobili, evi varsa, hər yay hardasa gözəl yerlərə gedib dincəlirsə, bu onun xoşbəxt olması mənasına gəlmir. Bu cür zahiri parıltıları olan insanlar, bəlkə də, dünyanın ən bədbəxt adamlarıdır. Heç nəyi olmayan insanlar da var ki, həyatdan razı və şükür içərisindədilər. Ona görə də istər qadın, istərsə də kişi həyatda olan mövqeyindən, nüfuzundan, yolundan razıdırsa, deməli o, həm şükürlü, həm də güclü insandı.

- Anar müəllimin yaradıcılığında iki mühüm əsər var ki, onlar bu gün yeni nəsil oxucusu üçün qapalı qalıb. Sizcə, "Macal" və "Əlaqə" povestləri niyə bugünkü oxucular üçün əlçatmaz olub?

- Adlarını çəkdiyiniz hər iki əsər mənim sevimli əsərlərimdir. Xüsusilə "Macal" povesti tamamilə haqsız yerə unudulan əsərdi. Halbuki bu əsər "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanından heç də zəif əsər deyil. Bəlkə də, daha güclüdür. Ona görə ki, həmin əsərdəki obrazlar daha dərin, daha güclü və iradəlidir. Orda yaranan obrazlara hansısa əlavəyə ehtiyac yoxdur. Əsər qəhrəman və süjet etibarilə olduqca bitkindir. "Əlaqə" povesti də eynilə "Macal" povesti kimi zamanında öz qiymətini almamış çox maraqlı, dərin əsərdi. Hansı əsərlər ki, vaxtilə sevilib, dillər əzbəri olub, filmlər vasitəsilə böyük auditoriyalara nüfuz edib o əsərlər indi də sevilir, indi də məşhurdu. Amma sovet dövründə oxunan, populyarlaşan bir sıra əsərlər təəssüf ki, sonralar unuduldu. Ona görə də indinin özündə onları yada salan, çap etmək istəyənlər yoxdur. Bu isə təəssüfləndirici haldır. Söhbət Anar müəllimdən gedirsə, o, ancaq keçmişdə yazdığı əsərlərlə yaşasaydı, heç nə yazmasaydı, indi həmin əsərləri yenidən çap etmək istəyərdi. Sadəcə olaraq o, daim öz üzərində işləyir, daim yeni nələrsə yaradır, meydana gətirir. 70-ci ildə çap olunanlar isə keçmişdə qalıb. Həmin əsərləri Anar müəllimin yaradıcılığı ilə maraqlanan insanlar yaşatmalıdır. Müsahibənin əvvəlində də dediyim kimi, total etinasızlıq və marağın olmaması bu əsərləri də ədalətsiz formada unutdurub. 

- Anar müəllimin yaradıcılığı haqqında ədəbi mühitdə belə bir fikir də formalaşıb. O, şəhərdə doğulmuşdu, dolayısı ilə söhbətin, əhvalatların içərisində idi. Ancaq Anar baş verən hər bir əhvalatı, hadisəni digər şəhərli həmkarlarından fərqli olaraq daha səmimi şəkildə, çəkinmədən ifadə etməyi bacardı. Ümumiyyətlə, atanızın yaradıcılığına oxucu kimi münasibətiniz maraqlıdır...

- Mən atamın yaradıcılığı üzərindən formalaşdığım üçün onun nəsri mənə doğmadır. Mənim yazıçım isə atam olduğu üçün yox, məhz yazıçı olduğu üçün Anardı. Əlbəttə, başqa yazıçıları da çox istəyirəm. Onların əsərlərini də maraqla oxumuşam. Həmin əsərlərin arasında mənə yaxın olanları az deyil. Amma şəhər nəsri yazan yazıçıların arasında mənə qəlbən ən yaxın olan məhz Anarın nəsridi.

Atam şəhər həyatının içərisində doğulub. Mühiti, cəmiyyətin içərisindəki əhval-ruhiyyəni də çox gözəl bilirdi. Sovet vaxtında isə o, çox gənc idi. Cəmiyyətin içərisindəki ünsürləri çox yaxşı tanıyırdı. İndi müəyyən yaşa dolması ola bilsin ki, bu tanışlığa mane olur. Həm də mən özüm bugünkü gəncləri tanıya bilmirəm. Hərdən bizdə izdihamlı məclislər olur. Mən gənclərin hardan gəldiklərini, nəyə meyil etdiklərini anlaya bilmirəm. Bir tərəfdən gənclik bizim gələcəyimiz olduğuna görə, onları çox istəyir, gələcəklərinə ümidlə yanaşırıq. Amma aralarında elələri var ki, onların hərəkətlərindən quruyub qalıram, hansı reaksiya verəcəyimi bilmirəm. Bugünkü gənclərdə aqressivlik, böyük-kiçik tanımamaq, hörmətsizlik var. Özü heç nə etməyib amma başqalarını mühakimə etmək kimi geniş yayılmış tövrlər sərgiləyirlər. Heç bir dəyərli işin olmadan başqalarını tənqid etmək, heç kimi bəyənməmək və bunu kobud şəkildə sosial şəbəkələrdə ifadə etmək, kiməsə böhtan atmaq, şayiələr yaymaq, haqsız, tamamilə ədalətsiz mühakimələr irəli sürmək məhz bugünkü gəncliyin daxili mədəniyyətinin çox aşağı olmasından irəli gəlir. Bu insanların mədəniləşməsi, həm də ən azı böyük kiçik münasibətlərində özünü kiçik kimi aparması üçün nə etmək lazım gəldiyini anlamıram. Əlbəttə ki, xasiyyətin formalaşmasında ailənin, məktəbin və ətrafdakı insanlarla münasibətin çox böyük rolu var. Amma bütün bunlarla yanaşı, hər bir insan öz üzərində işləməyi, çalışmağı bacarmalıdır. Oxuduğu kitablardan tutmuş, onların müəlliflərinə, dünyagörüşlərinə qədər hər bir şey indiki gənclərin formalaşmasına təsir göstərir. Ancaq bəzən bir sıra adamların hərəkətləri qarşısında kitablar, ədəbiyyat özü belə aciz qalır. Əvvəllər fikirləşirdim ki, filankəs, misal üçün, dünya klassiklərindən on kitab oxusa, bəlkə də həyatın nədən ibarət olduğunu anlamış olar. Amma sonra gördüm ki, yox, elə deyil. Bəzən Baxa qulaq asan, Üzeyir Hacıbəylini tanıyan, Dostoyevskini oxuyan adamların da gözlənilməz hərəkətlərinin şahidi oluruq. Cəmiyyətin, insanların daxilən saflaşması üçün nə etmək lazım olduğunu, doğrusu, tam müəyyənləşdirmək də olmur.

- "Altıncı" povestində Təhminə öz gündəliklərində yazır: "Sevgi indi mənim əllərimin arasında, alnımın tərində, gözlərimin qarasındadır. Bu sevgini məndən kim ala bilər?" Amma sevgini Təhminədən də alırlar. Sizcə sevgini bizdən kim alır?

- Maraqlı sualdır... Elə yəqin ki biz özümüz dəyişirik. Yəni sevgi həmişə eyni ola bilməz. Bu, artıq isbat olunmuş bir faktdır. Həyatda heç nə eyni qalmır. Həmçinin, vurğunluq da. Eşq məhəbbət bir az başqadır, amma vurğunluq heç vaxt eyni cür qala bilməz. O inkişaf edir, öz kulminasiya nöqtəsinə gəlib çatır. Sonra isə yavaş-yavaş enməyə doğru gedir. Təbii ki, çökmür, məhv olub yoxa çıxmır. Düzdür, belə məqamlar da olur. Amma vurğunluq heç vaxt pik nöqtəsində qalmır. Biz özümüz baş verənlərə, yəqin ki, öyrəşirik, vərdiş edirik. Sevgi bizim üçün get-gedə adi hala çevrilir. Ona görə ki, insan nəyəsə uzun müddət eyni ehtirasla, eyni hisslə yanaşa bilməz. Ən azından, sevginin obyekti adiləşir. Müəyyən bir vaxtdan sonra sevgililər bir-birləri üçün hər gün gözə görünən stəkan, telefon kimi bir şeyə çevrilir. Obyektin dəyəri də azalmağa başlayır. Dəyər azalanda isə əks tərəf də sevginin azaldığını düşünür. Bundan sonra qarşılıqlı ittihamlar, tələblər, etirazlar səslənməyə başlayır. Bu tələblər, etirazlar, haqlı-haqsız sözlər isə başqasını, yəqin ki, yaralayır. Beləliklə də, getdikcə ən yaxşı hisslər azalıb məhv olmağa doğru gedir. Yalnız nadir hallarda kimsə bu sevgini başqa bir formaya transformasiya edərək qoruya bilir.

- Amma böyük əksəriyyət bu transformasiyanı bacarmır. Münasibətlər mütləq korlanır, insanlar bir-birlərini qəlbən incidirlər...

- Münasibətləri mədəni şəkildə başqa formaya keçirə bilən adamlar artıq sevginin başqa formasında, çalarlarında bir-birlərinə dəyər verirlər. Sevgi, vurğunluq mərhələsi bitəndən sonra onları artıq övladlarını bir yerdə böyüdə bilmək hissi, həvəsi birləşdirir. Bu münasibətin üzərində isə başqa dəyərlər yaranır və insanlar bir-birlərini həmin dəyərlərin içərisində sevməyə başlayırlar. Bu dəyəri, hörməti itirməmək, uzun illər üçün qoruyub saxlamaq çox vacibdir. Bu baxımdan mənim valideynlərimin hissləri və uzun illər boyu bərabər olması bir nümunə olmalıdır. Artıq altmış ilə yaxındır ki, bu insanlar bərabərdilər, bir dam altında yaşayırlar. Təbii ki, ilk gənclik sevgisi, ehtirası çoxdan yox olub. Amma bununla yanaşı, ötən illər ərzində o qədər yaxşı şeylər yaranıb ki, gənclik ehtirası da ora əlavə olunaraq müəyyən hisslər bir-birlərini tamamlayaraq bütünləşiblər.

- Amma Rəsul Rza və Nigar Rəfibəyli sevginin transformasiyaya məruz qalmayan halını yaşadılar...

- Bilirsiniz, onları da bir az ideallaşdırırlar. Çünki gənclik ehtirası altmış yaşlı insanlarda davam edə bilməzdi. Bu, ən azından təbiətə zidd bir şeydi. Dediyim kimi, onlarda sevgi, ehtiras mənəvi bağlara çevrilmişdi. Hər ikisinin eyni sənətlə məşğul olması, eyni maraqları, dostları və əlbəttə ki, uşaqları onların həyatını zənginləşdirmişdi. Aralarında o qədər möhkəm bağlar yarandı ki, kənardan baxan insanlar da onların ruhən bir-birlərinə bağlı olduqlarını görürdülər. Bir çoxlarının gözü qarşısında nağılvari mənzərə yarandı. Ələlxüsus da "Ala gözlüm" mahnısı bu sevgiyə bir az da əlavə rənglər qatdı.

- Elə Rəsul Rzanın rəhmətə getmə faktı da onların sevgisini sübut edir...

- Bəli. Onlar həqiqətən də bir-birlərinə çox bağlı insanlar idilər. Ona görə də nəticədə yüz gün fərqlə dünyalarını dəyişdilər. Uzun illər birlikdə yaşayıb qısa vaxt ərzində isə birlikdə dünyanı tərk etməyin özündə də, yəqin ki, bir qanunauyğunluq var. Amma bununla belə, babamın sərt xasiyyəti, acı dili vardı. O, bəzən insanı acılaya, hətta yaralaya da bilərdi. Nənəm isə çox yumşaq xasiyyətli insan idi. Çox şeyə susurdu, dözürdü və əsl azərbaycanlı qadını kimi ərinin dediklərini qanunauyğunluq kimi qəbul edirdi. Təbii ki, mübahisələri də olardı. Xüsusən də əbəbiyyat, sənət müstəvisində çox uzun-uzadı ziddiyyətli söhbətləri olardı. Onların mübahisəsi məişət söhbətləri üzərində yox, hansısa ədəbi cərəyanlar haqqında, kiminsə yazıçı üslubu barəsində baş verərdi. Babam novator idi və yeni bir cərəyanın banisiydi. Nənəm isə daha çox klassik üslübda yazırdı. Və təxmini deyirəm ki, ola bilər bu mənada zövqləri müxtəlif idi. Amma başqa məsələlərdə bir-birlərinə hörmət edən, dinləməyi bacaran insanlar idilər.

- Anar müəllim "Sizsiz" romanında sizdən bəhs edir. Valideynlərinin hər ikisi rəhmətə gedəndən sonra tez-tez böyük iztirab keçirən atanıza yaxınlaşıb ona qısılırmışsınız. Atalar öz qızlarını bəzən ana gözündə də görürlər...

- Sözün düzü, özümü heç vaxt atamın anası statusunda qiymətləndirməmişəm. Amma bir övlad, qız kimi, hərdən oğul kimi də qiymətləndirmişəm. Çünki atam həmişə deyir ki, oğlum Tural həyatının böyük qismini xaricdə yaşayır. O, Bakıda olmayan vaxtı Günel mənim həm qızım, həm də oğlumdu. Yəni o məsuliyyəti mən hər zaman hiss etmişəm. Təəssüf ki, biz ailədə cəmi iki uşaq olmuşuq. Amma çox istəyərdim ki, bir bacım da olaydı. Həmin məsuliyyəti onunla da bölüşəydim.

Atam valideynlərini itirdiyi dövrdə isə mən onun çətin, ağrılı vəziyyətdə olduğunu düşünmürdüm, amma hiss edirdim ki, müəyyən olunmuş bir missiyam, onu qorumaq missiyası var. 81-ci ildə o, valideynlərinin hər ikisini itirəndə dərin daxili sarsıntılar keçirirdi. Mən bunu görmürdüm, amma hiss edirdim. Atam heç vaxt bizim yanımızda ağlamayıb. Bir az kövrəlsə belə, bunu göstərməyib, özünü əsl kişi kimi aparıb. Halbuki, mən kişinin kövrəlməsinə, ağlamasına heç də pis baxmıram. Biz hamımız insanıq və emosiyalarımızı ifadə etməyə ehtiyacımız var. Sadəcə olaraq qızlar hər zaman atalarını güclü görmək istədikləri üçün ata kövrələndə, ağlayanda onlar dünyanın sonu olduğunu hesab edir, atalarının aciz olduğunu zənn edirlər. Ancaq bunun acizlik olmadığını biz artıq böyüyəndən sonra tam olaraq anlayırıq. Lakin uşaqlıq məqamında, uşaq münasibətində atanın səsinin titrəməsi dəhşətli bir hadisənin baş verməsi kimi hesab olunur. Mən də uşaq vaxtı bu kimi hisslər yaşayırdım. Bilirdim ki, atam nəsə gizlətsə də, deməsə də daxilən ağlayır, iztirab çəkir. Mən həmin məqamlarda ona yaxınlaşırdım. Təbii ki, nə baş verdiyini ondan soruşa bilmirdim. Sadəcə, istiliyimlə, hərarətimlə atama bildirmək istəyirdim ki, onunlayam, onun yanındayam, onun daxili ağrılarını onunla bölüşməyə, bir qismini öz üzərimə götürməyə hazıram. Yəqin ki, o da bunu hiss edirdi. Çünki biz daxilən çox oxşarıq. Bir çox şeyləri biz eyni cür hiss edirik. Hətta atam məndən daha həssasdı. Düzdür, bəzi məqamlarda kişi olduğu üçün zahirən görünən şeyləri görməyə bilir. Amma daxildə olan şeyləri daha yaxşı hiss edir. Hərdən onun elə şeylərə görə əziyyət çəkdiyini görürəm ki, məəttəl qalıram.

- Konkret onu təsirləndirən hansı situasiyaları misal çəkə bilərsiniz?

- Misal üçün, atam heç vaxt heç bir dilənçidən yan keçmir. Harda olur-olsun, dilənçiyə mütləq sədəqə verir. Avtomobildə olsaq belə, kim yaxınlaşırsa, mütləq əlində olanları paylaşır. Hərdən onun bu hərəkətinə irad tuturam. Hətta bir dəfə onu dəhşətli dərəcədə riqqətləndirən əhvalat olmuşdu. Bir tində həddindən artıq qoca, üz-gözü qırış içərisində olan beli bükük rus qadını əlini uzadaraq atamdan Azərbaycan dilində sədəqə istəyib. Bu əhvalat atama onu ağladacaq qədər təsir etmişdi. Mən onu gözəl anlayıram. Dilənən insanlar, təbii ki, ehtiyacdan bunu edirlər. Amma onların arasında elələri var ki, həqiqi ehtiyac onları öz dilində yox, sədəqə alacağı adamın dilində dilənməyə məcbur edir. O, rus qadınının da həqiqətən pula ehtiyacı olmasını atam hiss etmişdi. Və bundan çox təsirlənmişdi. Atamla bağlı belə şeylər çox olur. Bəzən baxdığı verilişlər, kinolar onu təsirləndirir. Misal üçün, Çarli Çaplinin filmləri ona çox təsir edir. Gənclikdə də anamla birlikdə Çaplinin filmlərinə gedib baxırmışlar. Amma o zaman cavan olduqları üçün, təbii ki, bu filmləri başqa cür qəbul edirmişlər, indi isə başqa cür. Hərdən atam həmin filmlərə baxanda mən də onunla birgə baxıram. Görürəm ki, nə isə yadına düşür, gözlərində parıltı, işıltı əmələ gəlir. Yəqin ki, gəncliyi ilə bağlı hansısa xatirələr gözlərinin önünə gəlir.

- Atanızla bağlı bu cür müşahidələriniz sizi kədərləndirir?

- Əvvəllər mən daha təcrübəsiz idim və həyatdan az zərbələr almışdım. O zamanlar atamla bağlı duyduqlarım mənə çox pis təsir edirdi, əməlli-başlı qanım qaralırdı. Fikir edirdim, heç kimə deyə bilmirdim, daxilən əzab çəkirdim. Düşünürdüm ki, məni heç kəs analaya bilməz. İndi isə elə deyil. İndi baş verənlərə daha rahat yanaşıram. Düşünürəm ki, bütün bunlar ötəridir. Və həyatda xoşbəxt olmaq, sevinmək üçün daha çox səbəblər var. Atamın özünün də belə bir sözü var ki, - "tam xoşbəxt olmaq heç bir zaman mümkün deyil. Çünki insanın sevdiyi, dəyərləndirdiyi bir çox adamların həyatda olmaması, onların yoxluğu artıq insanın tam xoşbəxt olmasına imkan vermir". Mən onunla razıyam. Əgər onun valideynləri, itirdiyi yaxın adamları, dostları həyatda olsaydı, o, daha xoşbəxt olardı. Bu isə qeyri-mümkündür. Ona görə də həyat bizi daha sərt olmağa, müəyyən mənada etinasız və vecsiz olmağa məcbur edir. Amma bunların da məqamını bilmək lazımdır.

- "Mənim dostlarımın bir qismini ölüm aldı, bir qismini isə həyat...". Bu fikirlər də Anar müəllimə məxsusdur.

- Elədir. Mən də yaşa dolduqca bu sözlərin ağrısını hiss edirəm. Düzdür, atada bu, daha çox və daha sərt şəkildə özünü göstərib. Hərdən mən də heyrətə gəlmişəm ki, onunla bir süfrə arxasında əyləşib onu mədh edən adamlar səhərisi gün hansısa qəzetdə dediklərinin tam əksini yazıb, çıxışlar edib, həqiqətə uyğun olmayan böhtanlar atıblar. Amma o, artıq belə şeylərə öyrəşib. Özü deyir ki, arxivimdə o qədər yazılar toplamışam ki, onlardan on cildlik böhtanlar nəşr etmək olar.

- Sizin həyatınızda necə, itirilmiş insanlar çox olub?

- Yox, mən onlara itirilmiş dostlar deməzdim. Sadəcə olaraq belə hallar baş verəndə uzaqlaşmışıq. O insanlara bu gün də mənim normal münasibətim qorunub saxlanılır. Amma qəlbən insan başqalaşır, özgələşir və yavaş-yavaş uzaqlaşır. Mən qəlbən həmişə çalışıram ki, ürəyimdə heç kimə qarşı kin saxlamayım. Ona görə ki, bir insan kimi, neqativ hissləri özümdə depolaşdırmaq mənim üçün daha ağır olur.

- Bayaq tək qız olmağınızdan, fikirlərinizi başqaları ilə bölüşə bilməməyinizdən şikayətləndiniz. Bəs yaradıcı insan kimi özünüzü tam ifadə olunmuş hiss edirsiniz?

- Qətiyyən. Mən özümü ifadə olunmuş yazıçı kimi hiss etmirəm. Yazdığım əsərlər uzun illər bundan əvvəl qələmə alınıb. Düzdür, bu gün də onların hər birinin altına öz imzamı qoya bilərəm. Heç birindən də imtina eləmirəm. Hər biri içdən gələn, səmimiyyətdən yaranan əsərlərdir. Amma say etibarilə azdır. Həm də mən indiki məqamda onlara tamamilə başqa şeylər əlavə edərdim, onlara tamamilə başqa bucaqdan baxardım. Ancaq çox təəssüf ki, indi də vaxt qıtlığı, içərisində olduğum həyat şərtləri mənə imkan vermir özümü istədiyim kimi ifadə edim. Və ifadə oluna bilməmək də məni oxucudan uzaqlaşdırır, məni daha çox ictimai xadim kimi təqdim edir. Hansı ki, ictimai xadim olmaq istəyi mənə o qədər də yaxın deyil. Və yaxud da hansısa tanınmış bir şəxs olmaq istəmirəm.

- Amma, sanki tale sizi o istiqamətə doğru aparır...

- Sizi inandırıram ki, bu, özümdən asılı olmayaraq baş verir. Bu barədə heç bir planım, strategiyam və həvəsim yoxdur. Əksinə, mən görəndə ki, tale məni oraya doğru sürükləyir, çalışıram ordan uzaqlaşım. Nə qədər istəyirəm kameralardan uzaq olum, müsahibələrdən qaçım, yenə də iş həyatının mərkəzində, görüşlərdə, çıxışlarda oluram. Artıq özümdən də asılı deyil. Ancaq yazıçı müşahidəsi, düşüncəsi öz işindədir. Düşünürəm ki, nə zamansa öz ifadə yolunu, formasını tapacaq.

Söhbətləşdi: Samirə Əşrəf

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!