İnsanlıq Birlik idealında... - Kainat - İnsan vətənidir...Rahid Ulusel yazır

I məqalə

     Ulduzlar aləmində sorsalar məndən,

     Bütün insanlıq adından,

     İftixarla mən Yer oğluyam - deyərəm.

    Yerdə bir yerlər yeri var,

    ordanam, səhər oğluyam - deyərəm.

Rəsul Rza

Bu gün böyük maraq doğuran qloballaşma və sivilizasiya proseslərinin qarşılıqlı əlaqəsinə İnsanlığın Birlik idealı baxımından, dünyanın qlobal vəhdətinin tarixi konsepsiyasından yanaşdıqda həmin proseslərin mahiyyətini daha mükəmməl şəkildə dərk etmək, aydınlaşdırmaq, müvafiq nəticələrə gələrək sonrakı prosesləri proqnozlaşdırmaq mümkün olur.

Problemə ümumbəşəri vəhdətin təsdiqi konsepsiyası ilə yanaşmada, ilk növbədə, dünyanın sistem təzahüründə və sistemtörədiciliyi mahiyyətində dərkinin üsulu açılır, dünya sisteminin tarixi təkamül qanunauyğunluqlarının genezisinə varılır. Müəyyən etmək olur ki, dünya sisteminin təkamülü onu qloballaşma prosesləri ilə universal sivilizasiyaya doğru hərəkət etdirir; çağdaş dünyanın qlobal (universal) sivilizasiyaya doğru intensiv inkişafda olması - onun dinamikasını xarakterizə edən ən mühüm cəhətlərin kompleksi kimi meydana çıxır. Müasir humanitar-sosial elmlər leksikonunda, demək olar ki, çox yaxın və hətta eyni anlamlarda işlədilən "qlobal sivilizasiya", "universal sivilizasiya", "planetar sivilizasiya", "vahid sivilizasiya", "dünya (ümumdünya) sivilizasiyası", "metasivilizasiya" bu hadisənin əsaslı motivləşməsi prosesində, təbii ki, daha dəqiq terminologiyada öz mahiyyət ifadəsini tapmış və qərarlaşmış olacaqdır.

Qlobal (universal, planetar, vahid, ümumdünya, meta-) sivilizasiya - bəşəriyyətin tarixi inkişafının yeni mərhələsinin başlanğıcı kimi bu inkişaf prosesinin məntiqi nəticəsi olaraq meydana çıxmaqdadır. Qloballaşma prosesləri mövcud sivilizasiyaların bir çox paramertləri üzrə universallaşmasını reallaşdıran və intensivləşdirən əsas amillər toplusunu özündə cəmləyir. Buna görə də qloballaşmanı tarixin ən yeni mərhələsinə - qlobal sivilizasiyaya keçid dövrü kimi müəyyənləşdirmək - onun əsas tarixi-ümumbəşəri əhəmiyyətini üzə çıxarmaq deməkdir. Biosfer (təbiət sferası)  içrə antroposfer (insan, cəmiyyət, ruh sferası) məkanın maddi və mənəvi cəhətdən aramsız genişlənməsi və dərinləşməsi homosivilizasiyanın (bəşəriyyətin ən qədim dövrdən bu günə qədərki sivilləşmə prosesinin) özünütəkamülünü daha geniş miqyasda - qloballaşmanın yetirdiyi qlobal sivilizasiya məkanında mürəkkəb quruluşlanmalarda davam etdirir.

Qlobal sivilizasiyaya doğru dünya inkişafının ideya-fəlsəfi əsaslarını bəşər mədəniyyətinin bütün tarixi təkamülü hazırlamışdır. Ümumdünya tarixinin bütövlüyü, bəşəriyyətin birliyi, dünyanın qlobal vəhdəti ideyası ən müxtəlif səviyyə və təzahür formalarında bütün klassik mədəniyyətlərin və onların yaradıcılarının düşüncəsində aparıcı yer tutmuşdur. Bəşəriyyətin dini-fəlsəfi təkamülü qlobal sivilizasiya düşüncəsinin təşəkkülündə mühüm rol oynamışdır. Planet həyatına universal baxış və münasibətlər sisteminin formalaşmasında harmoniya fəlsəfəsi və onun bu prosesə təsiri çox böyük əhəmiyyət daşımışdır. Fəlsəfi düşüncə mədəniyyəti harmonik vəhdət əsasında qlobal sivilizasiya ideyasını tarix boyu daim təkamül etdirərək irəlilətmiş və onun reallaşmasına mənəvi situasiya və praktiki şəraiti mərhələ-mərhələ yetişdirməyə çalışmışdır. Qədim hind, Çin, yunan, Renessans filosofları, Orta, Yeni və Ən Yeni Çağ Şərq və Qərb mütəfəkkirləri planetdə qlobal sivilizasiya məkanının yaradılması zərurətinə toxunmuş, dünyanın qlobal vəhdəti ideyasını bu və ya digər formada irəli sürmüş və bu ideyanın gerçəkləşmə motivləri və modelləri üzərində düşünmüşlər.

Dünyanın - Kosmopolis kimi modelləşdirilməsi ənənəsi də klassik fəlsəfənin univesalist ruhunun davamlı ifadəsi olmuşdur. Ümumiyyətlə, dünyanın harmonik şəkildə özünüsistemləşdirməsi utopiyasından realizminə qədər bütün tarix boyu aktual olmuş və gerçəkləşmə zərurətini doğurmuşdur. Qlobal sivilizasiyaya doğru dünya inkişafı özünün ideya-fəlsəfi qaynaqlarını yaratmış və bu proses tarixən təkmilləşmə, fundamentallaşma xarakteri daşımışdır. Bəşəriyyətin tarixi həyatında vəhdətəgətirici rol oynayan bu prosesdə ideya və hadisə (nəzəri-fəlsəfi əsaslandırma və praktika) bir-birini izləmiş, interaksiyasında müxtəlif səmtlərə meyillənsə də, başlıca istiqamətində tərəqqi və genişlənmə, dərinləşmə və miqyaslanma mahiyyətini saxlamışdır.

Renessans epoxasının filosofu Mişel Monten "Kainat - insan Vətənidir" ideyasının Antik dövrdən İntibahaqədərki varisliyinə sədaqət hissi ilə yazırdı: "Sokratdan soruşmuşdular ki, o, - hardandır. Cavab verməmişdi: "Afinadanam". Söyləmişdi: "Kainatdanam". Fikrinin genişliyi və zənginliyi ilə seçilən bu müdrik biliyini, məhəbbətini, özünü bəşəriyyətə həsr edərək, Kainata - öz doğma şəhəri kimi baxmışdı".

İmmanuil Kant "ümumdünya vətəndaşı idealı əsasında ən ümumi tarix ideyasını" irəli sürür, "yüksək sivilizasiya pilləsinə" yüksəlməyin vasitələrini müəyyən edir və belə hesab edirdi ki, bütün dünyada "kamil vətəndaş quruluşunun yaradılması problemi dövlətlər arasında qanunamüvafiq xarici münasibətlərin təşəkkülü problemindən asılıdır", "Kainatın sistemli quruluşuna" uyğun təbiət planını "ümumdünya - vətəndaş cəmiyyətinə" doğru getməkdə olan bəşəriyyətin həyatına da tətbiq etmək mümkündür.

Vilhelm fon Humboldt "ümumdünya tarixinin hərəkətverici qüvvələrindən" bəhs edərkən, bəşər nəslinin taleyini müəyyənləşdirən və bütövlüyündə nəzərdən keçirilə bilən qüvvələrə önəm verir, sivilizasiyanın tərəqqisində o amillərə diqqəti yönəldirdi ki, həmin "nəzərəçarpmaz, lakin çox əhəmiyyətli hüceyrədən keçmişdə olduğutək böyüklük yarandığı kimi, yenə də böyüklük yaranmalıdır".

Dünya imperializminin zirvə çağında Şərq sivilizasiyalarının universal dəyərlərindən çıxış edən Şri Ramakrişna, Svami Vivekananda, Cəmaləddin Əfqani, Cibran Xəlil Cibran həmin dəyərlər əsasında öz milli mədəniyyətləri üzərində yüksələn xalqların "ümumbəşəri vəhdəti" ideyasını reformator olaraq həm dini, fəlsəfi, siyasi müstəvidə, həm də praktiki səviyyədə müdafiə edir və həyata keçirməyə çalışırdılar.

Şri Ramakrişnanın missiyası - müxtəlif dini inancların və sektaların təlimləri arasında harmoniya yaratmaqdan ibarət idi. O, vahid, ümumbəşəri dini təbliğ edərək göstərirdi ki, bütün dinlər həqiqətdir, birinin digərindən üstünlüyü yoxdur və onlar "vahid Allaha doğru gedən ayrı-ayrı yollardan" ibarətdir. Cəvahirləl Nehrunun qeyd etdiyi kimi, "dünya tarixində ilk dəfə olaraq Ramakrişna tərəfindən sübut olunmuşdur ki, bütün dinlər bir məqsədə doğru aparan yollar kimidir və eyni bir qüdrətli Varlığın dərk olunması, xristianlıq, islam, iudaizm, induizm, Zərdüşt dininin və eyni zamanda, Yer kürəsinin bütün digər az yayılmış dinlərinin ali idealıdır". Əsas mahiyyətində və ali məqsədində (ilahi qatda) bir olan bəşəriyyəti sosial-siyasi-sivilizasion müstəvidə də bir araya gətirmək, tolerantlıq mədəniyyətində qərarlaşmaq mümkündür.

Şri Ramakrişnanın dünya dinlərini vəhdətləndirmə məramlı universal təlimini daha dərin mənəviyyat meyarları ilə davam etdirən Svami Vivekanandanın ABŞ-da etdiyi "Ölməzlik" adlı çıxışında söylədiyi bu fikirlər onun Şərq mədəniyyətinin panteist qaynaqlarından gələn fəlsəfəsinin mahiyyətini və məqsədini aydın şəkildə göstərir: "Biz (insanlar) - Kainatın hər yerə yönəli, hər yerdə var olan qəlbiyik... Bütün Kainat - sizsiniz (insanlar)".

Qlobal sivilizasiya və onun təşəkkül problemləri Qərb fəlsəfi mədəniyyətində daha konseptual tutarda rasional-praqmatist səpkidə qaldırılmışdır. Fenomenologiya fəlsəfəsinin patriarxı Edmund Husserlin təhlilinə görə, dünya cəmiyyətləri birliyinin ən başlıca ideya əsasını - "bütün idealları birgə və ən ümumi ideal şəklində, bütün normaların universumu kimi əhatə edən, azad və universal düşünmə funksiyasını özündə saxlayan fəlsəfə" təşkil edir: "Fəlsəfə - Avropa  insanı vasitəsilə - bütün bəşəriyyətə münasibətinə görə öz aparıcılıq rolunu daim həyata keçirməlidir". Edmund Husserlin mövqeyincə, bəşəriyyətin birliyi ideyasını mənəvi inkişafında universal dəyərləri bütün fərqlilikləri, özəllikləri ilə özündə birləşdirməyə, yaşatmağa və tərəqqi etdirməyə qadir olan, lakin mövcud zaman kəsiyində (XX əsrin I yarısında) dərin sosial-mənəvi böhranla çulğaşan və bu böhrandan qurtulmağa borclu olan bəşəriyyətin Avropa hissəsi həyata keçirə bilər.

XX əsrin II yarısından Avropa Birliyinin təməllənmə prosesi, təşəkkülü, inkişafı və hazırda strateji prinsiplərinə uyğun olaraq mərhələ-mərhələ Şərqə doğru genişlənməsi Qərb (Avropa) siyasi mədəniyyətinin irəlicədən düzgün planetar yön  götürməsini təsdiq edir. Qərb sivilizasiyasının universal modeldə təşəkkül tapdığını və bu istiqamətdə inkişafın onun ən mütərəqqi yolu, perspektivi olduğunu göstərən Edmund Husserl "Avropanın (mənəvi Avropanın) immanent tarixinin - fəlsəfi ideya olmasını" da qeyd edirdi. Bu fəlsəfi ideya - "ümumən bəşəriyyətin universal nöqteyi-nəzərindən çat kimi və yeni insan erasının, bəşəriyyət epoxasının inkişafının başlanğıcı kimi dərk olunur". Alman filosofunun baxışınca, "uinversal tarixi məkanda və ya davamlanma və birgəyaşayışa görə tarixi zamanın xüsusi vəhdətində" hər iki istiqamətdə (məkan və zaman) millətlərin bir-birilə qarşılıqlı əlaqəsinin sistemi formalaşır: "Bu prosesdə bəşəriyyət - daim bir-birinə axmaqda olan insan və mədəniyyət dürlərinin çoxluğu ilə insanların və xalqların yalnız mənəvi bağları vasitəsilə bir olmuş və birləşmiş həyatı kimi açılır".

İnsanlığın Birlik idealı dünyanın, demək olar ki, bütün mədəni xalqları tərəfindən inkişaf etdirilərək zənginləşmişdir. Bu gün isə həmin ideal bəşəriyyətin siyasi birliyinin sarsılmaz mənəviyyat qatını yaradacaq qədər əhəmiyyət kəsb etməkdədir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!