"Kürsü" layihəsinin qonağı şair, dramaturq, tərcüməçi, gözəl insan Adil Babayevin oğlu, jurnalist Etibar Babayevdir

Etibar BABAYEV: Səməd Vurğun atama demişdi ki... özünü Bakıda əsən küləklərdən qoru...

 

- Etibar müəllim, atanınz Adil Babayev çox çətin uşaqlıq və yeniyetməlik dövrü yaşamışdır. O illəri necə xatırlayırsınız?

- Atam dünyaya gələndən altı ay sonra onun atası xalq düşməni kimi həbs olunaraq güllələnib. Nənəmlə atam dünyanın olmazın əziyyətlərini çəkiblər. Atam məktəb yaşına çatanda ondan atasının adından imtina etməsini də istəyiblər. Çünki o dövrdə şagirdlər oktyabrat, pioner, komsomol kimi tərbiyəvi əhəmiyyəti yüksək olan mərhələləri keçərək təhsil alırdılar.  Ancaq bu mərhələləri keçmək xalq düşməninin oğlu üçün çox çətin olurdu. Xalq düşməninin ailəsini səsdən belə məhrum edirdilər. Təbii ki, mən vokal səsi yox, səsvermə hüququnu nəzərdə tuturam. O zaman seçki hüququ əlindən alınan adam intihar da edə bilərdi. Bütün bunlara baxmayaraq, atam heç vaxt nə atasından, nə də onun adından imtina etmədi. Ancaq bu həqiqətlərlə yaşamaq da onun üçün asan başa gəlməyib. Mən dünyaya gələndə, atamın yazdığı şeir, əslində, onun yaşantılarını, əzablarını xarakterizə edir:

Onsuz min əzaba, min dərdə dözdüm.

Min yerdə pisliyə çəkildi adım.

Namərdlər yanında şad görünsəm də,

Mərdlərin yanında yanıb-ağladım.

Sən indi uşaqsan, yaşa dolanda,

Bilərsən, böyükdür qəlbimdəki qəm.

Məni qınamasın dostlar, tanışlar,

Ata olsam belə, ata istərəm.

- Ancaq sonrakı illərdə babanıza bəraət verilir...

- Elədir. 1956-cı ildə babam bəraət alır. Onun tam günahsız olduğu sübuta yetirilir. Nənəmə təqaüd və müəyyən imtiyazlar ayrılsa da, o, onların hamısından imtina edir. "Mən ərimin qan pulunu almaram", - deyib. Heç bir sərvəti olmayan, kasıblıq, zillət görən qadının bu cür hərəkəti də, əslində, böyük qürur hissinin, mənəvi əxlaqın  göstəricisiydi. Zatən babam heç bir məhkəmə, sorğu-sual olunmadan bir gecənin içərisində aparılaraq Nargin adasında güllələnib. Sonralar mən babamın şəxsi işlərini araşdıranda, oxuyanda gülməli ittihamlarla rastlaşmışdım. Əslində isə bu tragikomik ittihamlar bütöv bir nəslin nümayəndələrini izləyərək, onların həyatını da məhv etmişdi. 

- Atanızın iyirmi yaşında yazdığı "Çinar" şeiri onun ədəbi taleyinə birbaşa təsir göstərir. Böyük şairimiz Səməd Vurğun məhz bu şeirə görə Adil müəllimə "Mənim arzum" şeirini həsr edir.

- Atam hələ məktəb illərindən şeirlər yazmağa başlayır. Sonradan Tiflisə köçürlər. O, orada yaşayan azərbaycanlıların ədəbi mədəni həyatına qoşulur, şeirləri ilə qəzetlərdə çıxış edir. 1945-ci ildə isə atamın "Çinar" şeiri "Kommunist" qəzetində çap olunur. Qəzetin baş redaktou Əli Vəliyev olub. O, atamı tanımırmış, amma şeir xoşuna gəldiyi üçün çap edir, hətta ona qonorar da yazır. Səməd Vurğun xəstəxanada yatanda o, şeiri oxuyur və çox xoşuna gəlir. Əli Vəliyevə zəng vurub şeiri bəyəndiyini və müəllifə şeir həsr edəcəyini deyir. Bir həftədən sonra Səməd Vurğunun atam üçün yazdığı "Mənim arzum" şeiri çap olunur. Əslində, atamın poetik bəraətini Səməd Vurğun özü verir.

- Sizcə, Səməd Vurğunun atanıza şeir həsr etməsi taleyin naxışı idi, ya istedadının göstəricisi?

- Bilirsiniz, o dövrdə də, elə indi də o qədər istedadlı adamlar var. İstedadın parlaması təkcə adamın istedadından asılı məsələ deyil. İstedadın üzə çıxması bir münasibətdən, diqqətdən, məqamdan da asılıdır. Bəlkə də, Səməd Vurğun heç həmin günü atamın o şeirini görməyə də bilərdi, gözündən yayınardı. Və yaxud da atamın "Çinar" şeirindən də pis olmayan şeirləri olub, amma diqqəti cəlb eləməyib. "Çinar" şeirinin üzə çıxması da görünür, Allahın bir lütfü idi. Çünki atam və ailəsi doğrudan da, çox böyük məhrumiyyətlər yaşamışdılar. Aclıq illərində nənəmin bir çuval buğdaya dəyişdiyi nişan üzüyü haqda atamın yazdığı "Anamın üzüyü" şeirində də həmin qara günlərin kölgəsi təsvir olunur.

- Sizcə, Adil Babayevin yaradıcılığı lazımi formada tədqiq olundu?

- Atamın yaradıcılığı bir neçə istiqamətdə çox dərindən və geniş şəkildə araşdırılıb. Yəni onun poeziyası, üç yüzdən çox yazdığı sonetlər və digər nəsr əsərləri görkəmli alimlər tərəfindən araşdırılıb və yüksək qiymətləndirilib. Atamın həyat və yaradıcılığı haqqında dörd monoqrafiya çap olunub. Amma bugünkü oxucunun bütün bunları oxumağa, mənimsəməyə marağının olması artıq başqa məsələdir. Hesab edirəm ki, 45-ci ildən üzü bəri Adil Babayevin yaradıcılığına münasibət bildirməyən ədəbiyyatşünas, ədəbiyyatçı tapmaq çox çətin olar. Tanıdığınız və tanımadığınız ədəbiyyat adamlarının böyük hissəsi atamın yaradıcılığı, şəxsiyyəti haqqında fikirlər bildirib. 2010-cu ildə atamın "Yaşamağı bacarmıram" şeirlər kitabını çap edəndə, bu dəyərli insanların yazdıqlarından bir neçə cümlə bu kitaba salmışam. Bundan başqa, atamın adı əbədiləşdirilib. Bu da dövlətimizin atama olan münasibətidir. Naxçıvanda yerləşən dövlət kitabxanası Adil Babayevin adını daşıyır. Bakıda və Gəncədə onun adına küçə var. Hər halda, bu adlar verilməzdən əvvəl onun yaradıcılığı araşdırılıb. Bu da xüsusi diqqət və qayğıdır. Atamın heç bir fəxri adı olmasa da, ondan mənə çatan ən dəyərli mükafat elə mənim təmiz adımdı.

- Adil müəllimin yaradıcılığı çoxşaxəli olub. Yazıçı, şair, dramaturq, teatrşünas, tərcüməçiliklə məşğul olub. Bu sahələrdən hansı onun ruhuna daha yaxın idi?

- Şairlik. Xarakter etibarilə də sadə, təkəbbürsüz, gözü-könlü tox adam idi. Kiminsə ardınca danışmaq, paxıllıq etmək onun xasiyyətinə yad olub. Atam həmişə zəhmətinin çörəyini yeyib, bizi də o zəhmətlə böyüdüb. Yəni o, həqiqətən də sadə, saf şair ömrü yaşayıb. Bəxtiyar Vahabzadə onun haqqında o qədər səmimi sözlərlə çıxış edib, fikrlərini kağıza köçürüb ki, oxuyanda, dinləyəndə mütəəssir olmamaq mümkün deyil. Osman Sarıvəlli, Hüseyn Arif, Nəriman Həsənzadə, Vahid Əziz də ona şeirlər həsr ediblər. Hətta yadıma gəlir ki, Nəbi Xəzri atam rəhmətə gedəndə çox gözəl, əsl şairə layiq şeir yazmışdı. Ölümündən sonra həmin şeir çap olundu. Öz nəslinin həmişə ona simpatiyası olub. Əslində, o vaxtlar bunu qazanmaq çox çətin idi.

- Səməd Vurğun atanızla Yazıçılar Birliyində tanış olandan sonra təklikdə ona təxminən belə deyir: Bakıda xəzri, gilavar küləyindən əlavə, başqa küləklər də əsir. Özünü o küləklərdən qoru. Sizcə, atanız böyük şairin qəsd etdiyi küləklərdən qoruna bildi?

- Bilirsiniz, xəzri və gilavar küləyindən insana heç nə olmaz. Rəhmətlik Səməd Vurğunun dediyi isə başqa küləklər idi. O, bu sözləri atama deyərkən onun həşəratı xatırladan, ali hisslərdən uzaq miskin insanların əsməsindən qorunmasını istəyirdi. Onlardan tam qorunmaq, sığortalanmaq isə mümkün deyildi. Çünki elə adamların rəngi, maskası, insan könlünü ovlamaq üçün istifadə etdikləri silahlar çoxdur. Atam bu cür adamlardan qorunmaq üçün çalışırdı. Ətrafında, yaxınlığında olan dostlarının çoxu qədim, uşaqlıq və yeniyetməlik illərinin dostları idi. İslam Səfərli onun uşaqlıq dostu olmuşdu. Sonralar bu, ailəvi müstəviyə qalxdı, indi bizim yaxınlığımız davam edir. Yəni onun ətrafında kənar adamlar yox idi. Amma gözü götürməyənlər, istedadına, hətta abır-həyasına da paxıllıq edənlər tapılırdı.

- Adil müəllim ixtisasca teatrşünas olub və səkkiz ilə yaxın Akademik Milli Dram Teatrında işləyib. Teatra münasibəti maraqlıdır...

- Atam teatrı bilən, bu sahədə kifayət qədər araşdırmalar aparan şəxslərdən biri olub. Onun Cabir Səfərovla birgə yazdığı "Şərəfli yol" kitabı Akademik Milli Dram Teatrının tarixindən bəhs edir. Bundan başqa, o, bir çox monoqrafiyanın, xeyli sayda resenziyanın müəllifidir. Tərcümə etdiyi bir çox pyes də teatr səhnələrində oynanılıb. Onun tərcüməsində Nodar Dumbadzenin "Darıxma, ana" pyesi çox böyük səhnə uğuru qazanmışdı. Amma bu günə qədər onun latın əlifbası ilə heç bir kitabı rəsmi olaraq çap olunmayıb.

- Adil Babayev ailədə necə insan idi?

- O, çox qayğıkeş ata olub. Mənimlə isə uşaqlıqdan oğlu kimi yox, üzünü görmədiyi atasının ruhu şad olsun deyə, həm də bir dost kimi davranırdı. Atamla bizim çox möhkəm dostluğumuz olub. Və bu dostluğa görə də mən bu gün onun ruhuna minnətdaram. Çünki indiyənə qədər mənə onu əvəz edəcək dostum olmadı. Atam mənim uğurlarımın sevincinə sevinən dostum idi. O, mənə namuslu, əməksevər, əməkdən zövq almağı, yaxşılıq etməyi bacaran insan kimi böyüməyi öyrətdi. Dünyanın inkişafını yaxşılıqda gördüyündən, şeirlərində də bunu təbliğ edirdi. Mən də sonralar işlədiyim, yaşadığım yerlərdə yaxşılıq etməyi bacardım və bundan zövq aldım.

Anam çox evdar qadın olmaqla yanaşı, həm də insan idi, atamı çox gözəl başa düşürdü. Səliqə-sahmanı həmişə yerində olurdu. Anam indinin özündə də qapıdan qəfil girən qonağı elə qarşılayacaq ki, sanki neçə saatdır elə onu gözləyib. Yəni atamın evdən, xanımından, ailəsindən nigarançılığı olmayıb. Bu onun ən böyük xoşbəxtliyi olub. Onun ölümündən qırx il keçsə də, nə anam, nə də biz onun xatirəsinə kölgə salmamışıq. 

- Babanız güllələnəndə atanızın iyirmi yeddi yaşı olub. Atanız rəhmətə gedəndə siz də həmin yaşda olmusunuz. Adil Babayevin taleyi onun oğlunun həyatında nə dərəcədə rol oynadı?

- Bu həyatları bir-birindən ayırmaq istəməzdim. Mənim həyatım onun həyatının davamı oldu. Sadəcə olaraq o, şair mən isə başqa peşənin sahibi oldum. İctimai fəaliyyətim gərgin olan, yüksək vəzifə tutduğum dövrlər də oldu. Amma qələmimə sadiqliyimi heç vaxt unutmadım. İlk yazım 1967-ci ildə çap olunub. Əlli ilə yaxındır ki, mətbuatda, radioda, televiziyada varam. Sibirə qədər gedib Fərman Salmanzadədən müsahibə almışam, silsilə yazılarla çıxış etmişəm. Amma sıradan müəllif proqramlarından aldığım ləzzəti heç nə əvəz etməyib. Çox istərdim ki, atamın mənə verdiyi tərbiyə tək məndə yox, bugünkü gənclərdə də olsun. Ona görə də bu gün auditoriyaya girəndə tələbələrə bu kimi keyfiyyətləri da aşılamağa çalışıram.

- Atanızla bağlı ən çox xatırladığınız və heç vaxt unutmadığınız məqam varmı?

- Bir məqam var. Altı yaşım vardı, ev telefonumuz zəng çaldı. Mən uşaq marağı ilə qaçıb telefonun dəstəyini götürmək istəyəndə atam artıq dəstəyi məndən əvvəl götürmüşdü. Mən isə sakitcə dayanıb atama sığınmışdım. Zəng vuran onun yaxın dostu, həmyerlisi prokurorluqda yüksək adam idi. O, atama atasının tam bəraət aldığını, bu barədən sənədlərin artıq Moskvaya göndərildiyini xəbər verdi. Ani bir sükut yarandı. Birdən gördüm ki, əlimin üstünə su damcıları düşür. Başımı qaldırıb baxanda atamın ağladığını gördüm (kövrəlir).

- Həmin zəng sonralar Adil müəllimin xoşbəxt olmasına kömək etdi?

- Bilirsiniz, bəzən adama elə yaralar vururlar ki, sonradan ya əvvəldən baş verənlərin  onun üçün əhəmiyyəti  elə də olmur. Atam ona qədər də xoşbəxt idi. O, artıq öz həyatını, yaşam tərzini, hətta yaralarını da olduğu kimi qəbul etmişdi. İçindəki işıq ona əlli iki il yaşamağa bəs etmişdi. Ən xəstə vaxtında belə, atam o işığı sönməyə qoymadı.

- Atanızın ölümündən qırx il ötüb. Zaman nələrisə unutdurur, ya hər şey dünənki kimidir?

- Ümumiyyətlə, zaman özü qatara bənzəyir. Biz hamımız zamanın sərnişinləriyik. Müəyyən dayanacaqlarda da düşməliyik. Atamın son dayanacaq tarixi 1977-ci il oldu. Amma biz hələ davam edirdik. Zaman qatarı gedə-gedə vaxtı, sürəti, istiqaməti, sərnişinləri dəyişir. Bütün bu dəyişiklikləri biz etmirik. Zaman özü edir. Əsas olan zamanın şərtlərində özünü qoruyub saxlamağı bacarasan, bayquş kimi tək qalmayasan. Atamla bağlı xatirələr də mənimlə birgə yaşayır. Baxış bucağı dəyişə bilər. Amma nə qədər zaman keçir-keçsin, onların inflyasiyası mümkün deyil.

- Adil müəllim öz çinarının kölgəsinə iyirmi yaşda sığına bilməyi bacarmışdı. Siz hansı yaşda həmin çinarın kölgəsinə çəkildiniz?

- Atam üçün çinar onun vətəni idi. Mən də bu gün həmin vətənin, çinarın altında yaşayıram. Fəxr edirəm ki, atamın çinar kimi obrazlaşdırdığı vətən bu gün daha da şaxələnib, qol-budaq atıb, müstəqil Azərbaycan olub. Atam bu günləri görmədi. Bəlkə də, heç xəyalına da gətirməmişdi. Ancaq mənim çinarım da elə atamın vəsf etdiyi müstəqil Azərbaycandır.

Söhbətləşdi: Samirə Əşrəf

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!