Tofiq İSMAYILOV - 80
Azərbaycan kinematoqrafçıları arasında elə şəxslər var ki, onlar ekran yaradıcılığının bir yox, bir neçə sahəsi üzrə ixtisaslaşaraq öz adlarını milli kino tariximizə böyük hərflərlə həkk etmişlər. Azərbaycanın xalq artisti Tofiq İsmayılov da belə geniş yaradıcılıq diapazonuna, çoxcəhətli istedada malik şəxslərdən idi. Fikir verin: kinorejissor, kinodramaturq, aktyor, sənətşünas -tədqiqatçı, pedaqoq, nasir... Çox az adam tapılar ki, ayrı-ayrılıqda böyük istedad, gərgin zəhmət tələb edən bu yaradıcılıq sahələrinin hər birində öz sözünü deyə bilsin, çoxşaxəli fəaliyyəti ilə təmsil etdiyi mədəniyyətə dəyərli töhfələr versin, sənətdə xalturaya qətiyyətlə "yox" desin, yeri gələndə şablonları, stereotipləri dağıtmağı bacarsın. T.İsmayılov neçə-neçə filmin həm ssenari müəllifi, həm də rejissoru idi, amma lazım gələndə sənətin nəfinə kiçik, epizodik rollara çəkilməyi də mümkün və lazım bilir, bununla necə deyərlər, xəncərinin qaşının düşəcəyindən ehtiyatlanmırdı, çünki istedadlı olmaqla yanaşı, həm də peşəkar idi, ilk addımı atıb nümunə göstərməyi bacarırdı.
O, sənət olimpinə aşağıdan-yuxarı, yavaş-yavaş, sərt döngələrdən, nahamar yollardan keçə-keçə yüksəlmişdi, sənət kəhkəşanındakı bəxt ulduzu birdən-birə kiminsə yüngül əli ilə parlamamışdı. Tofiq müəllim əvvəl aktyorluq, sonra rejissorluq ixtisasına yiyələnmiş, buna qədər isə hələ 15 yaşında ikən Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərmişdi. Heç əsas peşəsinə - rejissorluğa da birdən-birə başlamamış, bu ağır yükü - quruluşçu rejissor missiyasını öz çiyninə götürənəcən xeyli təcrübə toplamışdı. Yəqin, elə buna görə çəkdiyi ilk filmlərdəcə onun peşəkarlığı, rejissor üslubunun özünəməxsusluğu dərhal hiss olundu. Baş rollarda təcrübəli L.Bədirbəyli və gənc Ş.Ələkbərovun çəkildiyi "İntizar" filmi (1970) göstərdi ki, kinomuza öz yaradıcılıq fəlsəfəsi, öz ekran dili, aktyorla özünəməxsus işləmə üslubu olan rejissor gəlir. lirik səciyyə daşıyan ekran təhkiyəsində psixoloji nüansların önə çəkilməsi, ana - övlad münasibətlərinin incə, mübhəm məqamlarına nüfuz edərək bədii mətləbi konkret detalların dil ilə əyaniləşdirmək bacarığı o qədər də böyük metraja malik olmayan bu filmin səciyyəvi xüsusiyyətləri idi.
Bir il sonra T.İsmayılovun öz ssenarisi üzrə çəkdiyi "Oxuyur Müslüm Maqomayev" filmi isə Azərbaycan kinosunun qeyd-şərtsiz triumfuna çevrildi. O vaxtlar şöhrətinin zirvəsində olan M.Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş bu film həm janrına, həm də faktura-struktur özəlliyinə görə nəinki Azərbaycan, ümumiyyətlə, sovet kinosunda yeni hadisəyə çevrildi. Film dünya şöhrətli müğənninin yaradıcılıq dünyasının üfüqlərini xeyli genişləndirdi, onu pərəstişkarlarına təkcə vokal ustası kimi yox, həm də istedadlı opera ifaçısı, rəssam, pianoçu, bəstəkar kimi tanıtdırdı, dünya opera sənətinin şah əsərlərində oxuduğu vokal partiyaların məharətlə qurulmuş kinematoqrafik mizanlar, ifadəli aktyor oyunu və bədii portret janrının tələblərinə cavab verən çəkiliş estetikası ilə uğurlu ekran yozumunu təqdim etdi. Maraqlıdır ki, "Riqoletto", "Faust", "Şah İsmayıl", "Yevgeni Onegin" və s. opera incilərindən verilən səhnələr bu operaların tamaşalarından lentə alınmamışdı, onlar rejissorun məxsusi bu film üçün kino estetikası ilə qurduğu ekran mizanları ilə müşayiət olunurdu. Təkcə elə bu faktın özü rejissorun bu film üzərində nə qədər böyük zəhmət çəkdiyini bir fakt kimi ortaya qoyurdu. M.Maqomayevin konsert yaradıcılığını, incəsənətin digər sahələrində əldə etdiyi uğurları əks etdirən kadrları da bura əlavə etsək kinoşünasların sözün yaxşı mənasında janrını günü bu gün də dəqiq müəyyən etməkdə çətinlik çəkdikləri bu filmi rejissorun hansı əziyyətlər hesabına ərsəyə gətirməsi barədə dolğun və konkret təsəvvür yaranar. Yeri gəlmişkən qeyd edək ki, film bu gün də dünya şöhrətli həmyerlimizin zəngin yaradıcılıq dünyasına işıq salan mükəmməl ekran əsəri kimi öz bədii-estetik dəyərini itirməmişdir.
Bir il sonra T.İsmayılov "Gilas ağacı" bədii televiziya filmini çəkdi və yenə də diqqətəlayiq uğura imza atdı. Müharibə illərində arxa cəbhə adamlarının maddi ehtiyaclarından, mənəvi sarsıntılarından bəhs edən bu film ekranda müharibənin yaratdığı fəsadların adi insanların məişətindəki tipik detalların dili ilə əks etdirilməsi təcrübəsinə T.İsmayılovun dəyərli töhfəsi oldu.
T.İsmayılov Azərbaycan kinosunda musiqili uşaq filminin yaradıcısı, ümumiyyətlə, uşaq filmlərinin mövzu-problematika dairəsini genişləndirən, zənginləşdirən rejissor idi. Onun quruluş verdiyi "Mən mahnı qoşuram" (1979) və "Musiqi müəllimi" (1983) filmləri (Tofiq müəllim bu filmlərin hər ikisinin ssenari müəlliflərindən biridir) bu janrda çəkilmiş dəyərli nümunələrdir.
Hər iki filmdə insan ruhunun həmişə ehtiyac duyduğu musiqiyə məhəbbətdən, musiqi ilə insan ruhunun dialoqundan bəhs olunur. T.İsmayılovun ustalığı onda idi ki, o bu problemi tamam yeni bir müstəvidə - uşaq mənəviyyatının, ruhunun göy üzü kimi genişliyində (və təmizliyində) bədii araşdırma predmetinə çevirərək maraqlı tapıntılara nail olmuşdu. Əgər birinci filmdə musiqinin insan ruhu ilə əbədi yol yoldaşlığı fikri irəli sürülür və ekran obrazları ilə əsaslandırılırdısa, "Musiqi müəllimi"ndə, ümumiyyətlə, hər bir insanın xarakterinin, ruhunun musiqi obrazına malik olması, insanın həm də bir musiqi əsəri kimi doğulub yaşaması, yaddaşlarda öz ritmi, məzmunu olan melodiya kimi qalması fikri orijinal bədii konsepsiya səviyyəsinə qaldırılırdı. T.İsmayılov bu konsepsiyanın fəlsəfi-psixoloji nüanslarını mücərrəd anlayışların köməyi ilə yox, xalq ruhunun prizmasından keçirərək xalqın musiqi yaddaşındakı arxetiplərin dili ilə ifadə edir və bu bədii konsepsiya, məncə, elə indinin özündə də estetika mütəxəssisləri, filosoflar üçün yeni araşdırmalara stimul vermək gücündədir.
Və nəhayət, zənnimcə, Tofiq müəllimin ən mükəmməl əsərlərindən biri - "Yay günlərinin xəzan yarpaqları" filmi. Elə filmin adı - semantik baxımdan ziddiyyətli sözlərin birləşməsindən yaranmış bu oksimoron ifadənin özü tamaşaçıya az şey demir və filmə tamaşa edərkən, doğrudan da, ziddiyyətlərlə, gözlənilməz, qəfil situasiyalarla dolu bir mühitə düşürsən.
Tofiq İsmayılov rejissorluq çalışmaları ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuş, bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasına rəhbərlik etmiş, 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmış, 1988-1994-cü illərdə həmin kafedranın müdiri olmuşdur. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru kimi fəaliyyət göstərən Tofiq müəllim İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir də olmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi vardır. Gərgin elmi axtarışların bəhrəsi olan 3 cildlik "Türk xalqlarının kino tarixi" əsəri isə bu sahədə yüksək elmi dəyərə malik fundamental araşdırma kimi onun türkdilli xalqların kino mədəniyyəti qarşısında böyük xidmətidir.
İstedadlı sənətkar, gözəl pedaqoq, səmimi insan T.İsmayılov bu gün cismən aramızda olmasa da, onun ruhu çəkdiyi filmlərdə, yazdığı bədii və elmi əsərlərdə həmişə diridir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!