Müharibə başlayanda qalayçı, həm də su boruları üzrə çilingər olan İohann Bartok artıq beş ay idi ki, evli idi. O, dərhal səfərbər olundu və sərhəddə yerləşən hansısa Avstriya qarnizonuna göndərildi. Yola düşməzdən bir gün əvvəl o, işlərini qaydaya saldı və ona məxsus kiçik emalatxananı arvadına və köməkçisi olan şagirdinə etibar etdi. O, bu gün hətta iki sifariş də almışdı. Bütün bu işlərlə saat dördə- beşə qədər məşğul olmalı oldu. Amma o, Milad bayramına qədər hər şeyin qaydasına düşəcəyinə əmin idi. Axşam düşməmiş ən yaxşı kostyumunu geyinib arvadı ilə bərabər foto emalatxanasına getdi. Bu vaxta qədər onlar şəkil çəkdirmək üçün cəsarət toplaya bilmirdilər. Hər ikisi mümkün qədər qənaət etməyə çalışır və pulu bu cür yerlərə xərcləməyi məntiqsiz hesab edirdilər. Lakin hazırkı vəziyyətdə onlar bu məsələyə başqa cür münasibət göstərirdilər. Ertəsi gün səhər fotoqraf şəkli birbaşa vağzala gətirdi. Şəkillər Bartokun güman etdiyindən bir az böyük alınmışdı. O, hər ikisinin şəkildəki üzünü elə kəsməyə çalışdı ki, cib saatının qapağına yerləşsin, lakin mümkün olmadı. Bartok cib bıçağını çıxararaq öz rəsmini kəsdi, arvadının rəsmini isə özündə saxladı. Bu hissə qapağın ölçüsünə tam uyğun gəlirdi.
Tezliklə Bartokun daxil olduğu polku cəbhəyə göndərdilər. 1914-cü ilin qışında onlar hücuma keçdilər və rəqibin dolayı şəkildə manevr etdiyi gecə döyüşü baş verdi. Onlar bütün günü müdafiə olundular, döyüş sursatları bitdikdə isə təslim olmaq məcbiriyyətində qaldılar. Bartok da bu bölüklərdən birində idi. Əsirlər bir neçə ayı düşərgədə keçirdilər. Fikirləri ilə baş-başa qalan Bartok vaxtını səhərdən axşama qədər hücrədə keçirirdi. O, arvadının halını bilmək istəyir, maddi korluq çəkməmək üçün yeni sifarişləri qəbul edib-etmədiyi ilə bağlı düşüncələrə dalırdı. Lakin düşərgəyə heç bir məktub gəlmirdi. Bartok müxtəlif ünvanlara- ev sahibinə pəncərə şəbəkəsi və ya boru lazım olacağı təqdirdə emalatxanaya baş çəkməyi məsləhət bildiyi haqda məktublar yollayırdı. Aprelin əvvəlində min səkkiz yüz nəfərdən ibarət dəstə sahilə gətirildi. Onların arasında Bartok və yoldaşları da var idi. Onları gəmiyə mindirmişdilər və belə bir söz yayılmışdı ki, guya Şərqi Asiyadakı hansısa düşərgəyə aparırlar.
Onlar ilk günlər dəniz tutmasının əziyyətinə qatlaşmalı oldular. Sonra isə hərə mümkün olduğu qədər havasız və qaranlıq hücrələrdə yerləşərək ehtiyatda saxladıqları siqaretləri çəkirdilər. Onlar növbə ilə kiçik illüminatorlara yaxınlaşaraq dənizə baxırdılar. Su mavi və şəffaf idi. Arabir böyük balıqların ağ üzgəcləri və siluetlərini görə bilirdilər.
Günlər ötürdü və keşikçi tədricən öz sayıqlığını itirirdi. Girovlar bunu hiss edirdi və heyətə hücum edərək gəminin hakimiyyətini əllərinə keçirmək fikrinə düşdülər. Onlardan bir neçəsi silahın saxlandığı yeri öyrəndi, digərləri gizlicə mismar, kanat və bıçaqlar ələ keçirdilər.
Hadisə gecə yarısı güclü külək əsdiyi zaman baş verdi. Üç nəfər yüksək çinli zabit Bartokun da daxil olduğu dəstəyə başçılıq edirdi. Onlar pişik kimi kayuta yaxınlaşaraq heyrətdən donub qalmış, müqavimət göstərə bilməyən keşikçilərə hücum etdilər. Sayılı saniyələr ərzində onlar lyukları sındıraraq kayutlara doldular.
Dəstənin bir hissəsi yatırdı. Onları asanlıqla ələ keçirdilər, qalanları təslim olmaq məcburiyyətində qaldı. Təkcə kapitan və iki hərbiçi müdafiə olunmaq üçün atəş açdılar. Əsirlərdən üçü tapançadan açılan atəş nəticəsində öldürüldü. Lakin qiyamçıar pulemyotlara əl atdıqda kapitan da təslim oldu.
Hərbi əsirlər hansısa neytral porta çatmaq qərarına gəlmişdi. Silah və sursatları bol idi. Bəziləri isə keçmiş dənizçilər idi. Keçmiş gəmi zabiti rəhbərliyi öz üzərinə götürdü. Hər gün döyüş hazırlığı gedirdi və Bartok pulemyot atıcılığını öyrəndi. Gəminin yeni kapitanının hesablamalarına görə yaxın limana qədər hələ tam bir həftə yol qət olunmalı idi. Lakin əksinə oldu: dördüncü gün üfüqdə hərbi gəminin boz rəngli korpusu göründü. O, borulardan qalxan duman ilə bərabər birbaşa əsirlərlə dolu gəmiyə tərəf üzürdü.
Qiyamçılar uzaqlaşmaq istəsələr də, sürət yetərincə deyildi. Bu halda onlar qaranlıq düşənə qədər müdafiə olunmaq üçün hər şeyi tam hazırlıq halına gətirərək, duman və qaranlığın əhatəsində qaçaraq xilas olmaq qərarına gəldilər.
Lakin bu düşüncə uğursuz alındı. Təkcə gəmidəki tapançalarla müqavimət göstərmək olmazdı. Bir saatdan sonra artıq çoxları öldürülmüş, qalanlar ağ bayraq qaldırmalı olmuşdu. Kreyserdən düşən ilk qayıq gəminin göyərtəsinə yaxınlaşanda qiyama rəhbərlik edən zabit özünü güllələdi. Gəminin komandiri təslim olan hərbi əsirləri əsgər yox, qiyamçı hesab edirdi. Buna görə də onları hansısa adada yerləşən cərimə koloniyasına gətirdilər. Qiyamı təşkil edənlərin - aralarında Bartokun dostu Mixael Horvardın da olduğu- qrupu güllələndi. Güllələnmədən əvvəl o, öz saatını və qeyd dəftərçəsini Bartoka verdi.
Vidalaşarkən "Sənə xoşbəxtlik arzu edirəm, İohann" deyərək əlini sıxdı. "Hər bir halda mən tək öləcəyəm! Onsuz da ölümdən qaçmaq olmaz. Lakin ümid edək ki, sən qurtulacaqsan. Əgər sağ ikən anamla görüşə bilsən bu əşyaları ona verərsən, yaxşı?"
Hər kəsi qiyam törətməkdə günahkar elan etdilər. Hər beşinci şəxs "ömürlük" həbsə göndərildi. Qalanlarına isə on beş illik icbari iş verdilər. Bartokun bəxti gətirdi, o da on beş il almışdı.
"On beş il"... Elə ilk gecəni gündüzlər günəş işığı ilə işıqlanan köşkdəki dəmir lövhə üzərində uzanaraq irəlidəki on beş il haqqında düşündü. "On beş il. İndi otuz iki yaşım var. Demək həmin vaxt qırx yeddi olacaq". Saatın qapağından arvadının rəsmini çıxararaq uzun zaman ona baxdı. Sonra başını yelləyərək yuxulamağa çalışdı.
Onların işi ağır, iqlim isə öldürücü idi. Birinci ili yüz səksən adam öldü. İkinci ili yüz on. Dördüncü ildə Bartok Banatdan olan kəndli Vilçeklə dostlaşdı. Altıncı il onu dəfn etdi. Yeddinci il qabaq dişləri ilə vidalaşdı. Səkkizinci il müharibənin çoxdan bitdiyini öyrəndi. Doqquzuncu ili saçları ağardı. Onuncu il düşərgədən 16 nəfər qaçdı, lakin onları yenə tutdular. On ikinci il artıq heç kim evə qayıtmaq barədə danışmırdı. Sanki bütün dünya bu adanın içərisinə sığmış, həyat əzablı işə və dərin yuxuya çevrilmişdi. Vətən həsrəti səngimiş, əzab adiləşmiş, xatirələr məhv olmuşdu. Ucaboylu və heybətli görünüşə malik keşikçilər hələ də hökmranlıq edirdilər. Hələ üstəlik qızdırma və ümidsizlik də bura əlavə olunmuşdu.
Keşikçi onlara azad olduqlarını söyləyəndə əvvəlcə buna inanmadılar. Sonuncu günə qədər onun "Təəssüf ki, hələ beş il də burada qalmalı olacaqsız" deyəcəyini gözləyirdilər. Onlar artıq azad olmağın nə demək olduğunu hətta təsəvvürlərinə belə gətirə bilmirdilər. Əşyalarını götürərək sıra ilə limana endilər. Bartok son dəfə geriyə baxdı. Köşklərin qarşısında ömürlük həbsə məhkum olunan və burada qalmalı olan yoldaşlar dayanmışdı. Onlar susqun halda gedənlərin ardınca baxırdılar. Getməzdən əvvəl Bartok öndə dayanan iki nəfərdən evdən nə isə göndərilməsini istəyib-istəmədiklərini soruşdu. "Səsini kəs!" - onlardan biri cavab verdi və kənara çəkildi. İkinci artıq heç nə dərk etmirdi. Lakin birinci onların ardınca bir neçə addım qaçdı və qışqırdı: "Biz də buradan çıxacağıq!". Qalanları tərpənmir, sadəcə dayanıb tamaşa edirdilər. Gəmiyə gedən yolda Bartok saatını çıxardı. Arvadının şəkli tamamilə solmuş və tanınmaz hala gəlmişdi. O, fotoşəkli qapaqdan çıxarıb gözlərinə yaxınlaşdırdı və keçmişi xatırlamağa çalışdı. Bu cür hissləri çoxdan yaşamırdı və bir dəqiqə sonra başı fırlandı.
Sahilə çıxdıqdan sonra o, bir neçə həmyerlisi ilə yola davam etdi. Onlar vətənlərinin müharibə etdikləri ölkənin əsarəti altına düşdüyünü öyrəndilər. Sülh sazişinə əsasən bu torpaqlar qaliblərə verilməli olmuşdu. Onlar bunu anlamasa da hələ ki, vəziyyətlə barışmaq qərarına gəldilər. Bu on beş il ərzində dünya olduqca dəyişmişdi. Onlar evləri, küçələri, avtomobilləri, insanları görür, tanış adlar eşidirdilər. Lakin hər şey yad idi. Şəhərlər böyümüş, küçədəki hərəkət vahiməli olmuşdu və onlar ətrafda nə baş verdiyini anlamaqda çətinlik çəkirdilər. Hər şey olduqca sürətlə baş vermişdi, onlar isə son illər aramla düşünməyə adət etmişdilər.
Nəhayət ki, Bartok doğma şəhərinə gəlib çıxdı. Həyəcandan əsaya söykənərək yeriyir, ayaqlarını güclə sürüyürdü. Dizləri əsirdi. O, bir zaman yaşadığı evini tapdı. Emalatxana yerində idi, lakin kimsə onun arvadı haqqında heç nə bilmirdi. Son on ildə emalatxananın icarə hüququ bir neçə dəfə əldən-ələ keçmişdi. Görünür arvadı çoxdan köçüb getmişdi. Bartok hər tərəfdə onu axtarmağa başladı. Nəhayət, bir nəfər ona qadının güman ki, ölkənin qərbindəki böyük şəhərdə yaşadığını söylədi. O, həmin şəhərə yollandı. Orada bir çox qapıları döydü, onlarla darvazadan daxil oldu, hər yerdən soruşdu. Heç kimdən lazımi məlumatları almadığı üçün bütün ümidini itirmiş halda çıxıb getmək istədi. Amma bu zaman ağlına bir fikir gəldi. Geri dönüb məmurdan sənədlər arasından yanında usta köməkçisi kimi çalışan şagirdinin adını axtarmasını xahiş etdi. Məmur yenidən məlumat kitabına baxdı və onun adını tapdı. Yeddi il əvvəl arvadı ona ərə getmişdi. Bartok başını yırğaladı. Artıq nə üçün məktub almaması və doğma evi haqqında heç nə bilməməsinin səbəbini başa düşdü. Sadəcə olaraq onlar Bartoku ölmüş hesab etmişdilər...
O, aramla pilləkənlə yuxarı qalxdı və zəngi basdı. Qapını beş yaşlarında uşaq açdı. Sonra arvadı gəldi. Onun həqiqətən arvadı olub-olmadığını dəqiq bilmədiyi üçün danışa bilmədi.
- Mən İohannam, - nəhayət, dedi.
-İohann! - qadın bir neçə addım geri çəkilərək ağır-ağır kresloya əyləşdi. -Aman Allah!-qadın ağlamağa başladı. -Axı biz hələ o zaman bildiriş almışdıq... Sənin öldüyün haqqında bildiriş vərəqəsi!...
Qadın ayağa durub dolabın yeşiyini açdı və titrəyən əlləri ilə axtarmağa başladı. Sanki onun həyatı bildirişin tapılmasından asılı idi.
-Eybi yox, qoy qalsın. -Bartok baxışlarını gizlədərək mətbəxdə gəzişdi.-Bu sənin uşağındı?
Arvadı başını tərpətdi.
-Başqa uşaqların da var?
-Cəmi iki...
-Demək, iki...-qeyri-ixtiyari təkrarladı. Sonra divana əyləşərək baxışlarını döşəməyə zillədi.
-İndi necə olacaq, İohann?-qadın göz yaşları içərisində soruşdu.
Bartok baxışlarını qaldırdı. Yandakı alçaq kamodda qızılı çərçivəyə salınmış kiçik foto qoyulmuşdu. Bu, əsgərliyə yollanmamışdan əvvəl çəkilən həmin şəkil idi. O, fotonu götürüb uzun zaman baxdı. Sonra barmaqlarının ucu ilə alnına toxundu.
-Biz beş ay birlikdə olduq... Hə?
-Hə, İohann...
-Bəs indi?
-Yeddi il, -qadın ehtiyatla dedi. -Amma sən getmə!
-Yox gedirəm - dedi və furajkasını götürdü.
-Heç olmazsa şam yeməyinə qədər qal- deyə qadın xahiş etdi-Albertin gəlişinə qədər.
O, başını buladı.
-Yox, yox... Belə daha yaxşıdı. Bu sənin işindi. Belə daha yaxşı olar.
Küçəyə çıxaraq evin qarşısında bir an dayandı. Sonra vağzala geri dönüb doğma şəhərə yola düşdü. Orada özünə iş tapmaq və hər şeyi yenidən başlamaq qərarına gəlmişdi.
Rus dilindən tərcümə etdi: Xatirə NURGÜL
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!