Əgər əhvalımı bilmək istəsən, sənə xəbər versin səhər yelləri... - Sözün sultanı qullar - Dilsuzun təqdimatında

 

Qul ƏHMƏD

BADİ-SƏBA

Badi-səba, nazlı yara

Erdir məni, erdir məni.

Düşmüşəm əldən-ayaqdan.

Qaldır məni, qaldır məni.

 

Söylə gözəllər şahına,

Üzüm sürtüm dərgahına,

Şərbət olum, qədəhinə

Doldur məni, doldur məni.

 

Qul Əhmədəm, könül versəm,

Bağında gülünü dərsəm,

Ondan özgə yar sevərsəm,

Öldür məni, öldür məni.

 

Qul BUDALA

NƏMƏ YETMƏZ

Bülbül olub, gül bağında ötərəm,

Gül bağında bitən gül nəmə yetməz?

Süleymanam, quş dilini bilirəm,

Bunca dürlü-dürlü dil nəmə yetməz?

 

Eşq kitabın açdım, oxur-yazarım,

Haqqa səmt zillənibdir nəzərim.

Axı nədən dağ-daş deyib gəzərəm,

Halal pirə gedən yol nəmə yetməz?

 

Dərviş olub, ətəyindən tutaram,

Nökər olub, qapısında yataram.

Bülbül olub, qərib-qərib ötərəm,

Güli-çiçək açmış çöl nəmə yetməz?

 

Bu dünyanın olacağı məlumdur,

Bu elmin əslinə erən alimdir.

Az yaşa, çox yaşa, sonu ölümdür,

Bir ulaq ilə bir çul nəmə yetməz?

 

Budala, sirrinə kimsələr erməz,

Görüb-götürməyən kamala varmaz.

İnsan qismətindən ziyadə yeməz,

Qismətimdə olan mal nəmə yetməz?

SƏHƏR VAXTI

Səhər vaxtı bir gözələ tuş oldum,

Tel-tel olmuş zülfləri nə qara.

Ahu baxışları canımı aldı,

Gözlər sürməlidir, qaşlar nə qara.

 

Nə ziba yaratmış Yaradan səni,

Sel oldu çağladı gözümün qanı.

Bu qədər gözəlsən, mürvətin hanı?

Susdu, susdu... nə ağ dedi, nə qara.

 

Qul HÜMMƏT

BADİ-SƏBADAN SORSUNLAR

Badi-səbadan sorsunlar

Nazlı yarın yurdu harda?

Görənlər xəbər versinlər

Nazlı yarın yurdu harda?

 

Zikr edərəm - ağlım erməz,

Ürək qaynar, coşar durmaz.

Durna ötər, xəbər verməz,

Nazlı yarın yurdu harda?

 

Bir dəryayam, dolub-daşdım,

Daşıb, daşıb, həddimi aşdım.

Diyari-qürbətə düşdüm,

Nazlı yarın yurdu harda?

 

Dərviş Hümmət çəkər ahı,

Bilməz ki, nədi günahı.

Bir gün görərmi ol mahı,

Nazlı yarın yurdu harda?

ÇÜNKİ YANDI EŞQ ODU

Çünki yandı eşq odu,

Kül olmaqdır muradım.

Düşüb ayaq altına,

Yol olmaqdır muradım.

 

Könül həsrətdən keçib,

Vəhdət elinə uçub.

La-məkana yol açıb

Çöl olmaqdır muradım.

 

Yar ilə görüşüncə,

Vüsala erişincə,

Ümmana qovuşunca

Göl olmaqdır muradım.

 

İncə tel yanağında,

Şirin-şəkər dodağında,

Yazda eşq budağında

Gül olmaqdır muradım.

 

Qul Hümməti sorana,

Dost yoluna varana,

Haqdan xəbər verənə

Qul olmaqdır muradım.

 

DÜN AXŞAM SEYRİNDƏ

Dün axşam seyrində bir yerə vardım,

Niyaz elə qapıları açılır.

Laləli, nərgizli bağçalar gördüm,

Bülbül ötür, qönçə güllər seçilir.

 

Bazarında gül alıb, gül satarlar,

Şirin canı şirin cana qatarlar,

Saxta isən, bir qırağa atırlar,

Mömünlərə hillə donu biçilir.

 

Kimlər yarımadı, kimlər yarıdı,

Qəlbi saf olanlar Haqqın yarıdı.

Aşiqlə-məşuqun bərgüzarıdır -

Cənnət nuru kimi nurlar saçılır.

 

Bu yer - Qul Hümmətim ərənlər yeri,

Bu yerdə ararlar nazənin yarı.

Bu yerin adı var - könül bazarı,

Şərbətlər süzülür, meylər içilir.

 

GÜN AXŞAM OLDU

Səyyah olub, bu aləmi gəzərəm,

Bir dost bulamadım, gün axşam oldu.

Özcə əfkarımca oxur-yazaram,

Bir dost bulamadım, gün axşam oldu.

 

İki əlim getməz oldu üzümdən,

Ah çəkdikcə yaşlar axır gözümdən.

Qüsurumu gördüm özüm-özümdə -

Bir dost bulamadım, gün axşam oldu.

 

Pozuq, bu dünyanın təməli pozuq,

Bilməzlər nə bilər varıq, ya yoxuq?

Boşuna keçən bu ömrə yazıq,

Bir dost bulamadım, gün axşam oldu.

 

Qul Hümmətəm, dərin ümmana dalam,

Gedənlər gəlmədi, bir xəbər alam.

Dağıldı sarayım, yıxıldı qalam -

Bir dost bulamadım, gün axşam oldu.

OYAN BƏ, EY QAFİL

Oyan bə,ey qafil, həbi-qəflətdən,

Ömür gəldi-keçdi, xəbərin varmı?

Bir şey anladınmı sirri-vəhdətdən,

Mürgi-canın uçdu, xəbərin varmı?

 

Bu dari-rihlətdir, burda qalınmaz,

Həm sonu fənadır - murad alınmaz.

Qafilə qalxacaq, geri dönülməz,

Karvanbaşı köçdü, xəbərin varmı?

 

Bir kəsin varmıdır yola getməyə,

Döşəyin varmıdır girib yatmağa?

Əjdahalar kimi çəkib udmağa

Yer ağzını açdı, xəbərin varmı?

 

Masiyyət yükünü aldın boynuna,

Heç ölüm qorxusu gəlməz eyninə.

Fələk bircə arşın bezdən əyninə

Yaxasız don biçdi, xəbərin varmı?

 

Dərviş Hümmət, səndən əvvəl gələnlər,

Padişah olanlar, Sultan olanlar,

Dünya mənim mülküm deyib gülənlər

Əcəl tərin içdi, xəbərin varmı?

 

EŞQİN ƏLİNDƏN, ƏLİNDƏN

Bir görün nə hala düşdüm

Eşqin əlindən, əlindən.

Dərya kimi aşıb-daşdım

Eşqin əlindən, əlindən.

 

Eşq atəşi ilə yandım,

Fani dünyadan usandım,

Biçarə Məcnuna döndüm

Eşqin əlindən, əlindən.

 

Səhər-axşam ağlayayım,

Dərdli sinəm dağlayayım,

Sular kimi çağlayayım

Eşqin əlindən, əlindən.

 

Dərdli Hümmət biçarədir,

Biçarədir, nə karədir.

Ürəyi yarə-yarədir

Eşqin əlindən, əlindən.

SƏHƏR YELLƏRİ

Əgər əhvalımı bilmək istəsən,

Sənə xəbər versin səhər yelləri.

Əgər çarəsizsəm, əgər xəstəsəm,

Sənə xəbər versin səhər yelləri.

 

Baharı gəldimi tər güllərinin,

Fəryadı qopdumu bülbüllərinin?

Yolun-izin bilir dost ellərinin,

Sənə xəbər versin səhər yelləri.

 

Ürəyim eşqinlə alışıb-yandı,

Ah çəkdim, fələki-ərşə dayandı.

Hardadır der isən bizim əfəndi,

Sənə xəbər versin səhər yelləri.

 

Qul Hümmət bülbültək fəğan eylədi,

Yıxıb eşqin mülkün viran eylədi.

Çərxi-fələk halım yaman eylədi,

Sənə xəbər versin səhər yelləri.

 

Qul HÜSEYN

EY TƏRLAN BAXIŞLIM

Ey tərlan baxışlım, bülbül avazlım,

Ey günəş bənizlim, ey mehtab üzlüm.

Gedirəm, salamat qal, ahu gözlüm,

Nə sən məni unut, nə də mən səni.

 

Əzəldən sevənin könlü sevəndə,

Bu iki dünyalı kevnü-məkanda

Mizan qurulanda, ulu divanda

Nə sən məni unut, nə də mən səni.

 

Çəkilsin qəm-kədər, xoş olsun dövran,

Vurulsun davullar, açılsın meydan.

Bizə arxa dursun böyük Yaradan,

Nə sən məni unut, nə də mən səni.

 

Qul Hüseyin, nədəndir ağ bənizin soluq,

Alnımıza yazılmasın ayrılıq,

Eşq ömür-gün işi, olmaz bir anlıq,

Nə sən məni unut, nə də mən səni.

 

Qul MƏMMƏD

EY ƏRƏNLƏR

Ey ərənlər, yenə əlvan bahardır,

Bülbül intizarlıq qılar, durmayıb.

Quşlar gül bağında nəğmə söyləyər,

Ürək kəsavətin silər, durmayıb.

 

Qadir Mövlam qüdrətini bildirər,

Ağlar-sızlar könülləri güldürər.

Bənövşələr əyri boynun qaldırar,

Yaşıl çəmənlikdə gülər, durmayıb.

 

Ağacların yaşıl donu biçilmiş,

Yer üzünə abi-həyat saçılmış.

Göy sümbüllə qızıl lalə açılmış,

Ağca pınar vəcdə gələr, durmayıb.

 

Yurdumu sorarsan Aydın elləri,

Bülbülü məst edər qönçə gülləri.

Qul Məmməd, xoş əsən səhər yelləri

Yarın siyah zülfün dölər, durmayıb.

ALA GÖZLÜ YARIM

Ala gözlü nazlı yarım,

Gəldim sənə qul olmağa.

Canım alan şux nigarım,

Gəldim sənə qul olmağa.

 

Evlərinin önü yoldur,

Kərəm qıl, aşiqin güldür.

İstər yaşat, istər öldür,

Gəldim sənə qul olmağa.

 

Qoynunda turuncmu, gizli,

Tuti dilli, şirin sözlü,

Tərlan kimi qaragözlü,

Gəldim sənə qul olmağa.

 

Məmməd deyər, könlüm uçuq,

Bu nə hirsdi, bu nə acıq?

Ayaqyalın, başı açıq

Gəldim sənə qul olmağa.

 

DAĞLAR

Çənmi gəldi, qarmı yağdı,

Nələr çəkdi başın, dağlar.

Yaradan Mövlaya qaldı

Sənin cümlə işin, dağlar.

 

Fələk könlünümü yıxdı,

Gözlərinin yaşı axdı.

De, kimlər qəhrini çəkdi,

Yoxmu arxan, eşin, dağlar.

 

Dörd yanın duman alalı,

Başın dərdli, bəlalı...

Güllərin bitməz olalı

Qəm oldu sirdaşın, dağlar.

 

Məmməd deyər səbr eylə,

Yaylağında bitər lalə,

Yenə çağlar ağ şəlalə -

Gerçək olar düşün, dağlar.

 

TELLİ DURNAM

Telli durnam, bizim elə vararsan,

Söylə yarə gözləməsin yolları.

Çərxim döndü, qürbət ellərdə qaldım,

Xudam bilir başa gələn halları.

 

Əlim bağlı, qələm alıb yazamam,

Çıxıb güllü yaylaları gəzəməm.

Mən bu dərdə tablayamam, dözəməm,

Nə yamanmış, Mövlam, əcəm elləri.

 

Burda dəmir bəndlər vardır, sökülməz,

Burda qoç igidin qədri bilinməz.

Baxaram, baxaram, vətən görünməz,

Çəkilməz önümdən həsrət tülləri.

 

Qul Məmmədəm, götürdüyüm saz olsun,

Bizim ellər bahar olsun, yaz olsun.

Gözəllərdə işvə olsun, naz olsun,

Taxılsın saçlara durna telləri.

 

Qul NƏSİMİ

QƏZƏL

Cananı mənim sevdiyimi can bilir ancaq,

Könlüm diləyin dünyada canan bilir ancaq.

 

Bildim həm ağıl ilə, həm elm ilə haqqı,

Şöylə bildim onu ki, Quran bilir ancaq.

 

İbdal oluban bəyliyin edən arifi gör ki,

Bu səltənətin qədrini sultan bilir ancaq.

 

Kim eşq dəryasına dalıb qərq ola görsün,

Bu eşq dəryasının bəhrini ümman bilir ancaq.

 

İşrət məclisinə gəlib-gedən meylər içilir,

Pünhanə çəkər şöylə ki, şeytan bilir ancaq.

 

Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,

Bu quş dilidir bunu Süleyman bilir ancaq.

 

YUXUDAN OYANMIŞ TƏRLAN BAXIŞLIM

Yuxudan oyanmış tərlan baxışlım,

Dedim sərxoşmusan, dedi ki, yox-yox.

Ağ əlləri əlvan-əlvan xınalı,

Dedim bayrammıdır, dedi ki, yox-yox.

 

Dedim bu nə gülüş, dedi nazımdır,

Dedim qaşınmıdır, dedi gözümdür.

Dedim Aymı doğdu, dedi üzümdür,

Dedim bir öpsəydim, dedi ki, yox-yox.

 

Dedim Ərzurum nə, dedi elimdir,

Dedim bülbül qonan, dedi gülümdür.

Dedim şah Nəsimi, dedi qulumdur,

Dedim satarmısan, dedi ki, yox-yox.

YAR MƏNİMDİR, KİMƏ NƏ

Mən itirdim, mən taparam,

            yar mənimdir, kimə nə,

Gah girərəm öz bağıma,

            gül dərərəm, kimə nə.

Gah gedərəm mədrəsəyə,

            dərs oxurum Haqq üçün,

Gah gedərəm meyxanəyə,

            kef çəkərəm, kimə nə.

 

Sofular haram demişlər bu sevda şərabına,

Mən doldurub, mən içərəm,

            günah mənim, kimə nə,

Mən məlamət köynəyini özüm geydim əynimə,

Soyunaram, ya soyunmaram, kimə nə, kimə nə.

 

Sofular səcdə edərlər məscidin mehrabına,

Yar qapısı səcdəgahım, üz sürtərəm, kimə nə.

Gah çıxaram göy üzünə,

            hökm edərəm Kaf-bə-Kaf,

Gah enərəm yer üzünə,

            yar sevərəm, kimə nə.

 

Saxta rəqib belə deyirmiş

            gözəl sevmək çox günah,

Mən sevərəm sevgilimi,

            günah mənim, kimə nə.

Nəsimiyə sordular ki, yarın ilə xoşmusan,

Xoş olum, xoş olmayım,

            o yar mənim, kimə nə.

 

QULOĞLU

GERÇƏK İMİŞ

Gözəllərdə vəfa yoxmuş,

Deyilənlər gerçək imiş.

Qulunu saxlayan Haqmış,

Deyilənlər gerçək imiş.

 

Bulud ağlar, yaman ağlar,

Göydən yerə rəhmət yağar.

Gün doğmadan nələr doğar,

Deyilənlər gerçək imiş.

 

İstər insan, istər mələk,

İstədiyim bir saf dilək.

Bivəfadır çərxi-fələk,

Deyilənlər doğru imiş.

 

Quloğlu der ömür keçər,

Gəl qalma aləmdə naçar.

Bu dünyaya qonan köçər,

Dedikləri doğru imiş.

 

SÖYLƏ GÖRÜM

Söylə görüm, ala gözlü mələyim,

Sənin məndən incikliyin nədəndir?

Kərəm eylə, məğbul eylə diləyim,

Sənin məndən incikliyin nədəndir?

 

Yolunda ah edib, qanlı yaş tökən,

Nisgilli gözünü gözünə dikən,

Bunca illər qulun, məddahın ikən,

Sənin məndən incikliyin nədəndir?

 

Quloğlu der ki, sözlərim haqdır,

Daha tabım, səbri-qərarım yoxdur.

Lütf et buluşalım, sualım çoxdur,

Sənin məndən incikliyin nədəndir?

 

AĞLADARSAN

Qarşımda nazlanan dilbər,

Getmə, məni ağladarsan.

Üz tutuban yad ellərə

Getmə, məni ağladarsan.

 

Limona şəkər əzərlər,

Zərif tülbəndən süzərlər,

İncini köksə düzərlər,

Etmə, məni ağladarsan.

 

Hey çəkərəm nazını,

Tutar, gedərəm izini.

Saxta əğyarın sözünü

Tutma, məni ağladarsan.

 

Bu Quloğlu sənə quldur

Kərəm elə, üzün güldür.

Ya azad et, ya da öldür,

Satma, məni ağladarsan.

Hazırladı: Dilsuz

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!