Salam! Yadındadırmı keçən gün qonağın idim. Mənim üçün fərqli, maraqlı idi səni görmək. İllərcə sənin haqqında pis, yaxşı ordan-burdan eşitmişdim. Ancaq səni görmək bu yaxınlarda qismət oldu mənə.
- Tək deyildin. Niyə tək halda danışırsan?
- Doğru. Tək deyildim. Onunla idim.
Əslində, plandankənar bir görüş idi bu. Yəni səni görməyi planlaşdırmamışdım. Əslində o botanikdir, yoxla ağlını, bəlkə də ona dair nələrsə qalıb ağlında.
- Məncə, onu botanik adlandırsam, o inciməz.
- Botanik niyə botanik sözündən incisin ki?
- Bimirəm, bəlkə də onu təsvir edərkən bioloq, ya da belə tərzdə başqa bir terminlə əvəz etməliyəm. Bitkilərlə məşğul olmağı sevirmiş əvvəllər. Yarımçıqlıqlarla dolu keçmişindən də danışırdı mənə arada. O danışdıqca mən təxəyyülümü danışdırırdım. Onu orada yaşayan və bitkilərlə məşğul olan halıyla xəyal edirdim. Maraqlı idi doğrudan da.
Mənə desəydilər ki, bir gün sənin görüşünə ilin ən ekzotik fəslində - payızda gələcəyəm və üstəlik yanımda, sənin ən əski tanışlarından biri olacaq, inanmazdım. Məni bəlkə də ən lüks restorana dəvət etsəydilər, bu qədər ovsunlanmış kimi hiss etməzdim.
Payız qoxulu bir gün idi. Onunla addımlayırdım sənin xiyabanlarında. Ağaclar dinləyirdi söhbətlərimizi. Bilirdim ki, bir çox mövzunu və insani hisslərin şahidi bu ağaclar əməlli-başlı təcrübəlidirlər. Bəzən elə situasiyalar olurdu ki, cavablarımın cavabsızlıqları ilə baş-başa buraxılırdı suallar. Mənə beləsi rahat idi...
Çox təsirli başlayan hər hansı bir hekayənin başlanğıc halındakı kimi gözəl bitməyəcəyini bilirdim artıq. Yəni həyatımdakı bir çox hekayə hüsranlarla sonlanıb. Bundan yola çıxaraq insanlara bağlanmaqdansa, ideyalarıma bağlanmağı seçənlərdən idim. Bir dəmət ümiddən çələng hörənlərdən deyildim qətiyyən. Hətta bəzən aynanın qarşısına keçib bütün soyuq hisslərimi hönkürmək keçsə də ağlımdan...
Sonra qorxudurdu məni pəncərədən görünən dəbdəbəli bədbəxtliklərin ev sahibliyini edən həyat. Və mən yenə sakitcə maskamı taxıb addımlayırdım alovların içərisində. Bütün bu ironiyalı nəfəs alışlarımın sərgiləndiyi həyat hələ bir məndən özünə qarşı optimist olmağımı da gözləyirdi?
Mən bircə onun gözlərindəki yosun yaşılı uçurumlarda intihar edirdim bütün xudpəsəndliklərimi. Ancaq oradan da qəhvəyi bir yalnızlıq təhdidvari gülümsəyişlə baxırdı üzümə. "Sən saydığını say"- deyərcəsinə həm də... Saymaqlarım əzbərimdən silinirdi. Rəqəmsizliklərlə dolu bir həyat diləyirdim sarı yarpaqlardan. Barmaqlarım xəyallarımı toplayıb çıxarmağıma kömək edə bilmirdi artıq. Yalvarırdım payıza ki, onu bu anıyla həkk etsin ömrümə.
Məni ən çox onun məndən gözləntiləri ürküdürdü. Susqunluğunda gizlənən arzuları azadlığımı zəncirləyirdi anbaan... Qorxurdum...
Payız dizlərimə qondururdu soyuq öpüşlərini, büdrəyirdi özümə verdiyim sözlərim.
Sarı yarpaqlar və küknar qozaları ilə dolu xiyabanın yer göstərirdi mənə qoynunda. Payızdan üzr istəyərək bardaş qurduq sənin xiyabanında. Günəş şüaları bezikmişcəsinə işıq salmağa başladı reallığın qaranlıq çıxmazlarına.
Mən bilirdim onunla uzun xəyallarımız və anlıq toxunuşlarımız olacaq.
İçimdəki çəhrayı mən bağırırdı dəlicə "seize the day", "Carpe diem" əzizim…
O, yosun yaşılı gözlərində mənim önümə sərirdi dünyalarını. Mən sadəcə anlarımda başlayırdım onun dünyasının insanı olmağa.
Məntiqli deyildi. Bilirdim ki, məntiqini gətirməyib yanında. Susdurub bütün xatırlatma zənglərini. Təqvimində bu günün qırmızılığını çəhrayı rənglə əvəzləyib.
Susuzlarımız küknarlı, nəmli Bakı qoxurdu. Məntiqim xəyallarımızı nakaut etdikcə, ayaqlarım da torpağın küknar qoxan köksünə sancılırdı.
Hiss edirdim ikimiz də nələrisə bir-birimizdən gizlədirik. Susub bir-birimizə baxmaq yerinə gerçəkləri hayqırmalıydıq sentimental payızın elə oradaca üzünə. Hisslərimizə sayqı duymalıydıq bütün tənqidlərə meydan oxurcasına…
Noyabr yağışını dekabr qarını xatırladır kimi soyuq rənglərə boyamalıydıq payızı. Şaxtanın soyuq öpüşlərinə təslim olan kofe buxarı kimi neytrallaşmalıydı bütün xəyallarımız. Qavramalıydıq vaxtımızın azlığını. Dərk etməliydik faniliyimizi. Bəlkə də elə oradaca tutub payızın biləklərindən sarılmalıydım ona öpüşlərimlə…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!