Ekranlaşdırılmış ədəbi əsərlər - İsmayıl Şıxlının "Dəli Kür" romanı əsasında çəkilmiş eyniadlı film - Sevda Sultanovanın təqdimatında

Layihədə İsmayıl Şıxlının "Dəli Kür" (1968) romanı əsasında çəkilmiş eyniadlı filmi təqdim edirik.

Romanın süjeti: Hadisələrin başlandığı məkan Kür qırağında yerləşən Göytəpə kəndidir. Nüfuzlu, hamının çəkindiyi Cahandar ağa başqa bir kənddən gözünü tutan Mələk adlı qadını qaçırır. Arvadı Zərnigar onun xəyanəti ilə barışa bilmir. Buna görə atasıyla ciddi konflikti olan oğlu Şamxal evdən gedir, özünə ev tikir və dostunun bacısı Güləsərlə evlənir. Cahandar ağa Şamxalın onun ailəsinin adına layiq olmayan bir ailənin qızıyla evlənməsini oğluna bağışlaya bilmir. Onun kiçik oğlu Əşrəf isə Qori Seminariyasında oxuyur. Əsrəf, kəndin bir neçə cavanı ilə əslən Peterburqda oxumuş, rus Əhmədin təsirilə təhsil almağa maraq göstərir. Mələyin birinci əri Allahyar arvadının Cahandar ağanın qaçırdığını biləndə ondan qisas almağa çalışır. Ot tayalarını yandırır, atının quyruğunu kəsir, qızı Salatını qaçıraraq təcavüz etmək istəyir. Bu işdə ona yardımçı olan Həsən ağa, Salatının Cahandar ağanın qızı olduğunu biləndə və Allahyarın niyyətindən xəbər tutanda onu evindən qovur, qızı isə ailəsinə qaytarır.

Allahyara qisas almaqda kömək edən göytəpəli Molla Sadıqdır. Çünki Cahandar ağa Molla Sadığın təşkil elədiyi müridlərin meyxanasını ifşa edir, kəndə Qori Seminariyasına uşaq yığmaq üçün gələn Çernyayevskini onun hücumundan qoruyur. Bu səbəbdən Molla Sadıq həm Allahyarla əlbir olur, həm də Cahandar ağanın dul bacısı Şahnigarı rəzil etmək üçün meyxanaya dəvət edir. Bundan xəbər tutan Cahandar ağa bacısını öldürür.

Sonrakı epizodlarda Cahandar ağa Allahyarı qətlə yetirir.  Bu arada kazaklar ona məxsus torpaqları almaq istəyir. Allahyarın qətli kazakların əlinə bəhanə verir ki, çarın siyasətinə etiraz edən Cahandar ağanı tutsunlar. O, təslim olmur və  kazaklar tərəfindən öldürülür.

Qori Seminariyasında Çernyayevskinin və Kipianinin fəaliyyəti,  mütərəqqi fikirləri, tələbələrə təsiri geniş əks olunur.

Finalda Əşrəfin inqilabçılara qoşulmasına, Şamxalın isə ata ocağına qayıtmasına eyhan olunur.

..."Dəli Kür" monumental, çoxşaxəli əsərdir: mənəvi dəyərlər, qadın-kişi münasibətləri, ata-oğul, yeniliklə köhnəliyin, cəhalətlə mütərəqqi ideyaların konflikti, Çar Rusiyasının işğalçı siyasətinin, dövrün ictimai-siyasi mürəkkəbliyinin təsviri və bunun Cahandar ağanın taleyinə təsiri... İsmayıl Şıxlı qələmə aldığı dövrü təfərrüatıyla araşdırıb, çevik ədəbi dili və manerasıyla çoxsaylı motivi dramaturgiyada məharətlə nizamlayıb. Epizodlar bir-birini əsaslandırır və çeşidli mövzular zəncirvarı, riyazi dəqiqliklə sıralanır. 

Romanla müqayisədə Hüseyn Seyidzadənin 1969-cu ildə ekranlaşdırdığı film çöx sönük qalır. Düzdür, filmin zəif olmasını bir neçə səhnəsinin senzuraya məruz qalmasıyla əsaslandırırlar.  2003-cü ildə "Ekspress" qəzetində çap edilmiş "Dəli Kür: Adil İsgəndərov ata minmək istəmədi və Cahandar ağadan imtina etdi"  məqaləsində Ulduzə Qaraqızı yazır: "Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi:Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, bir azərbaycanlı rusu döyə bilməz. Buna görə rejissor həmin səhnəni məcburən kəsir və sonda Allahyar Cahandarı öldürür. Çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir. Kazak başçısını oynayan məşhur aktyorumuz Yusif Vəliyevin adı titrlərdə olsa da, kinoda onun obrazı yoxdur.

Ümumiyyətlə, o vaxtlar haqsız hücum və tənqidlərə məruz qalan Hüseyn Seyidzadə başa düşürdü ki, əgər "Dəli Kür"ün finalı dəyişdirilməsə, onun yaradıcılığında uzun bir fasilə yarana bilər. Çox fikirləşdikdən sonra rejissor güzəştə gedir və filmin finalı dəyişdirilir".

Hərçənd, "Dəli Kür"ü yenidən izləyəndən sonra belə qənaətə gəldim ki, hətta senzuraya məruz qalmış səhnələr belə əhvalatda yerləşdirilsəydi, film yenə alınmamış qalacaqdı. Əvvəla ona görə ki, rejissor əsərin əhatə elədiyi bütün xətləri kinoya köçürməyə çalışıb, nəticədə onları yığıb-yığışdıra bilməyib. Ekran əsəri ümumən pinti səhnə yığınına bənzəyir. Üstəlik, filmdə dolğun, vahid ana xətt yoxdur. Kinonun dili spesifik olduğundan ədəbi əsəri olduğu kimi köçürmək uğursuzluqla nəticələnir. Amerika dramaturqu və ssenaristi Ted Telliyə bədii mətnlərin adaptasiya təcrübəsini bölüşərək deyir ki, o, əsəri oxuyanda, yadında əsas nələrin qalmasına, ona hansı xəttin təsir etməsinə önəm verir və sonra o, diqqətini çəkən məqamlarla bağlı səhnələri qeyd edir. Tutaq ki, H.Seyidzadə əhvalatın ana xətti kimi - Cahandar ağa kimi güclü bir xarakterin addım-addım necə çökdüyünü götürə və film daha çox psixoloji qatda işlənə bilərdi.  Yaxud digər ana xətlər - ya ata və oğullar konfliktinin, ya Cahandar ağanın Mələklə və ailəsi ilə münasibəti üzərində qurula bilərdi. Yaxud Mələyin günüsü Zərnigarla qucaqlaşıb ağlaşması səhnəsi, ümumiyyətlə, bu iki qadının münasibəti kino üçün əla materialdır.

...Və film romanın daşıdığı çox mühüm cəhətlərdən birindən - dərinlikdən, ikinci plandan, psixologizmdən məhrumdur. Cahandar ağanın ziddiyyətləri, daxili aləmi, iztirabları, tərəddüdləri açılmır.

Arvadı Zərnigarın qarşısında duyduğu günah hissi, Mələyə öncə sadəcə gözəl, təravətli bədən kimi baxması, sonradan onun mənəvi keyfiyyətlərini dəyərləndirməsi, qadına münasibətdə Cahandar ağanın kişi eqosu ilə mübarizəsi, güclü kişi kimliyinin tədrici tənəzzülü, ağrısı, hər şeyə rəğmən özündə güc taparaq sonda ləyaqətli ölümü seçməsi, bacısı Şahnigarı öldürəndə keçirdiyi əzab hissi və s. bu kimi mühüm detalların heç birindən istifadə edilərək kino dilinə çevirilməyib.  Filmdə Cahandar ağanın (Ələddin Abbasov) bacısını suda batırılma səhnəsi - qatı duman, bacı-qardaşın onun bulanıqlığına bürünməsi formaca gözəl olsa da, kədərli ovqat yaratsa da, bu anda kameranın personajların daxilinə nüfuz etməməsi səhnənin emosional gücünü azaldır.  

Senzuradan dolayı Cahandar ağa obrazı təhrif olunur, müəyyən səhnələrdə onun aşağılamağa cəhd edilir: filmdə onu nökərlə təhqiramiz davranışını, atışmada Allahyarın (Məmməd Bürcəliyev) onun papağını hədəfə almasını, təhsilə cahil münasibətini nəzərdə tuturam.

Filmin ekspozisiyası isə tamamən uğursuzdur. Nə ilk epizodda, nə sonra da Cahandar ağanın Mələyi (Zemfira Sadıqova) qaçırması əsaslandırılmır. Halbuki Cahandar ağa qadını əvvəl də görür və onu yaddaşından silə bilmir. Filmdəki ilk səhnədə isə Cahandar ağanın baxışıyla, seyrçiyə onun qadın düşkünü olması haqda informasiya ötürülür. Hərçənd, romandakı epizodun özü çətin, mübahisəli suallar doğurur: Cahandar ağa Allahyarın arvadı Mələyi qaçırmaqda haqlı idimi? Onu duyğularına hakim olmamaqda ittiham etmək olarmı? Zorla qaçırılsa belə, sonradan Cahandar ağaya vurulan, Allahyar tərəfindən təhqir olunan Mələyin hisslərini necə dəyərləndirmək olar? Filmdə Cahandar ağa açıq ittiham olunur. Misalçün, Allahyarın qismən müsbət xüsusiyyətlərlə verilməsində, Cahandar ağanın elə ilk səhnədəki baxışıyla rejissor öz mövqeyini ortaya qoyur. Romanda isə daha çox müəllif neytral qalır, o, hadisələri elə inkişaf etdirir ki, sonlara yaxın Cahandar ağa Allahyarı öldürəndən sonra özü-özünü ittiham edir, özü qarşısında hesabat verir. Ümumiyyətlə, roman daha çox suallar qoyur və düşündürür.

Rejissor personajların münasibətlərindəki dərinliyi də işləməyib, onları qısa, səthi planlarla verib: Molla Sadığın (Məlik Dadaşov) Allahyarla işbirliyinə getməsi kimi. Sonradan isə bu işbirliyi hadisələrin gedişatında nədənsə unudulur. Yəni romanda onların əməkdaşlığı münaqişənin güclənməsində rol oynasa da, filmdə qeyri-funksional qalır. Bu bir tərəfə, Mələyin Allahyarı sevməməsinə, onu zorla qaçıran bir kişiyə vurğunluğuna rejissor dramaturji anlamda bəraət vermir.

Diqqətçəkən bir neçə səhnəni kinematoqrafik əhəmiyyətini vurğulamaq istəyirəm. Bunlardan biri Molla Sadığın təşkil elədiyi məclisdir. Məclisdə xaotik mizanlar, iri planda təhrif olunmuş insan üzləri, ekstazdan ağlını itirmiş adamlar müəyyən mənada ekspressionizm estetikasında işlənib.

Başqa bir səhnə Novruz şənliyinin təsviridir. Amma bu səhnə təsvir baxımından çox, mənəvi cəhətdən daha əhəmiyyətlidir. Filmin ikinci rejissoru Əbdül Mahmudov  müsahibələrindən birində bu haqda deyir: ""Dəli Kür"də Novruz bayramı ilk dəfə ekrana təmtəraqla çıxarıldı. Bildiyiniz kimi, bu bayrama dini don geyindirib yasaq etmişdilər. Nəhayət, Adil İsgəndərovun kinostudiyaya gəlişindən sonra bayram filmlərdə əks olunmağa başladı. İsmayıl Şıxlının əsərindəki Novruz bayramı Hüseyn Seyidzadəyə onları ekranlaşdırmaq üçün əsas verdi. Həmin epizodu Dədəgünəş kəndində qurduq. Hər şey hazır olanda çəkilişlər başladı. İlk dəfə papaqatdı, yumurta döyüşdürmə kimi ənənələrimiz filmdə təsvir olunmuşdu".

...Romanla film arasında fərqlər çox olduğundan onların bir neçəsini sadalamaqla kifayətlənəcəm.  Romanda Qori Seminariyasına gedən Cahandar ağanın Əşrəf adlı oğlu olur. Filmdə isə Əşrəf obrazı, ümumiyyətlə, yoxdur. Filmdə  Şamxala (Fikrət Əliyev) mehrini salan Pakizə (Zemfira İsmayılova), romanda Əşrəfi sevir. Və o, Molla Sadığın qızı olur. Cahandar ağa kazaklar tərəfindən öldürülür, filmdə isə onu Allahyar vurur.

Ssenarist İsmayıl Şıxlı olsa da, ekran əsərini təəssüf ki, uğurlu adaptasiya saymaq olmaz.

Filmdə Zərnigarı Leyla Bədirbəyli, Salatını Reyhan Müslümova, Şahnigarı Liya Eliava, Çernyayevskini Vladislav Kovalkov, rus Əhmədi Eldar Əliyev ifa edir. Filmin bəstəkarı Cahangir Cahangirov, operatoru İqor Boqdanovdur.

"Dəli Kür"ün əsas hissələri Şamaxının Çuxuryurd qəsəbəsi, Dədəgünəş kəndində, Qazaxda "Qarayazı" meşəsində çəkilib. Rejissor Asif Rüstəmovun 2014-cü ildə lentə aldığı  "Axınla aşağı" filminin ilk kadrları "Dəli Kür"lə intertekstual əlaqə qurur. "Axınla aşağı"da quş uçuşu səviyyəsində Kürün görüntüləri ilə başlayır. Sərt ata modeli, ikinci qadın, oğulla pozulmuş münasibətlər hər iki filmin oxşar cəhətləridir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!