Eskulapın və Yevterpanın izi ilə... - Afaq ŞIXLI

 

"Hər birimiz bir şam işığı qədər işıq verə bilsək, planetimizin günəşə ehtiyacı qalmaz"Mustafa Topçubaşov

Tarix boyu təbiət elmlərilə məşğul olan böyük şəxsiyyətlərin əksəriyyəti incəsənətə, ədəbiyyata aşina olmuşlar. Onların bu qarşısıalınmaz sevgisi, yeni-yeni sənət əsərlərinin yaranmasına, xalqın mədəni irsinin zənginləşməsinə səbəb olmuşdur. Bu sıradan, həkim-yazarların ədəbiyyata verdikləri əvəzsiz töhfələr sayılmaqla qurtarmaz.

Hələ bizdən çox-çox əvvəl, bu iki sahə - ədəbiyyatla həkimlik arasında "qan bağı"nın olduğu görülmüşdür. Tibb Universitetində müəllimim olmuş professor Qəhrəmanov həmişə deyərdi ki, həkimin əlləri - zərgər əlləri, ürəyi - şair ürəyi olmalıdır.

Adları dünya ədəbiyyatı tarixinə qızıl hərflərlə yazılmış bir çox məşhur yazarlar tibb elminin sirlərindən vaqif insanlar olmuşlar. Onlar təbabət aləmində topladıqları kamil bilikləri, təcrübələri, yaşadıqları hiss və duyğuları vərəq üzərində yazılı şedevrlərə çevirmişlər.

Ədəbiyyat adamları arasında həkim-yazarlar çoxluq təşkil edirlər. Onlardan sonra ikinci yerdə hüquqşünas-yazarlar durur ki, bu da təbabət və hüquq sferalarının təfəkkürün inkişafı üçün eyni dərəcədə əlverişli mühit yaratmalarının sübutudur.

Ədəbiyyat böyük qüvvədir! Başqa bir peşədən tam ayrılaraq söz dünyasına atılanlar çox olub, lakin geriyə keçid heç vaxt olmayıb. Çünki ədəbiyyat planetinin cazibə sahəsi o qədər güclüdür ki, ondan kənara çıxmaq qeyri-mümkündür. Bu baxımdan, həkimlər - həm təbabət Allahı Eskulapın, həm də poeziya ilahəsi Yevterpanın əllərindən istedad dolu badələri nuş etmişlər - seçilmişlərdir!

Təbabət həmişə xasiyyətlərin, xüsusiyyətlərin, insani münasibətlərin və fərdlərin dərk edilməsində əhəmiyyətli rol oynamış, təxəyyülün dərin və geniş imkanlarına yol açmışdır. Şair - ruha şəfa verən bir həkimdir, incə həkim işi isə özü də bir poeziyadır. Böyük Hippokrat təbabətə olan sevgini - bəşəriyyətə olan sevgiyə bənzədirdi. Ədəbiyyatın ən böyük fəziləti də elə bəşər sevgisidir!

Həkim-yazarlar arasında şairlər, nasirlər, dramaturqlar, fantastlar, satiriklər, tarixi, detektiv və macəra romanlarının (məs. Ejen Syu, Artur Konan Doyl) və eləcə də tibbi trillerlərin (Robin Kuk, Maykl Krafton) müəllifləri vardır.

Qəsidə, rübai, qəzəl və tibbi, filosofik traktatlar (məs. "Təbabət haqqında poema") ustası İbn Sina (980-1037), "İlahi komediya"nın müəllifi Dante Aliqyeri (1265-1321), "Qarqantua və Pantaqrueli"ni dünyaya tanıdan və tanınan Fransua Rable (1493-1553), məşhur "Quldurlar" dramının müəllifi Fridrix Şiller (1759-1805), romantik şair Con Kits (1795-1821), fransız yazıçısı Lui Bussenar (1847-1910), britaniyalı Somerset Moem (1874-1965), rus ədəbiyyatının klassikləri: Nikolay Leskov (1831-1895), Anton Çexov (1860-1904), Vikentiy Veresayev (1867-1945), Mixail Bulqakov (1891-1940), Vasiliy Aksyonov, Qriqoriy Qorin və başqaları sonsuz nöqtələrdə kəsişən təbabət və ədəbiyyat dünyalarının görkəmli simalarıdır.

Azərbaycan təbabətinin tarixi - eramızdan əvvəl IV əsrə təsadüf edir. Ağdam rayonunun yaxınlığında, Eneolit dövrünün yaşayış məntəqələrindən biri sayılan Çalağantəpə deyilən yerdə, arxeoloqlar ustalıqla trepanasiya olunmuş kəllə aşkar etmişlər. Təbii ki, bunu yalnız, ibtidai olsa belə, öz vaxtının təbibi və ya belə desək, cərrahı edə bilərdi.

Həqiqətən də, Qarabağ, Naxçıvan, Lənkəran, Gədəbəy zonalarının iqlimi, orada bitən nadir dərman bitkiləri - Azərbaycan ərazisində həkimliyin inkişafına təkan verirdi. Zamanla, zərif, mistik və çox gərəkli loğmanlıq sənəti daha da püxtələşir, xalq ədəbiyyatının xüsusi tematik janrlarından birinə çevrilirdi...

Ən müxtəlif elmlərin sirrindən agah olan, bir çox dillərdə səlis danışan və çeşidli əsərlər yazan Mirza Kafiaddin Omar ibn Osmandan, Əkmələddin Naxçivanidən, böyük mütəfəkkir Əli bəy Hüseynzadəyə, Lermontovu, Puşkini, Krılovu, Qorkini, Viktor Hüqonu, Müsseni və b... yüksək keyfiyyətlə tərcümə edən Abbas Səhhətə qədər - hər bir həkim-yazar ədəbiyyat tarixinə öz təkrarolunmaz möhürünü vurmuşdur. Buraya dövrümüzün bənzərsiz nümayəndələri: Fəxrəddin Ziya, Sərdar Kərimli, Əfrahim Hüseynli, Ramiz Əkbər, Musa Urud, Şahin Musaoğlu, Qənirə xanım Paşayeva və b. da daxildir. Onlar unudulmamağa, tanınmağa və oxunmağa layiqdirlər!

...Biz çox zaman, həyatın gedişinə tam olaraq hökm edə bildiyimizə inanırıq. Lakin unutmaq olmaz ki, hansı əsrdə yaşamağımızdan asılı olmayaraq, insanları uzaqdan-uzağa izləyən, yox yerdən dahilər yaradan, saysız-hesabsız təbiət qanunlarını kəşf etməkdə onlara yardım edən, bizi qoruyan, yönləndirən, mükəmməlləşdirən yüksək qüvvələr mövcuddur. Mistik olsa belə, mən bu qüvvələrin varlığına inanıram. İnanmağım üçün səbəblər də az olmayıb...

2015-ci ilin dekabr ayının son günləri idi. Yuxuda mənə mavi rəngli, yenicə çapdan çıxmış çox gözəl və nəfis bir kitab verdilər. Qeybdən gələn bir səs bunun həkim-yazarların kitabı olduğunu söylədi. Qəribə də olsa, yuxudan ayıldığımda belə bir kitabın mütləq mövcud olacağına tam əmin idim. Səhər açılar-açılmaz, ilk növbədə, həmişə inandığım və dərin hörmət bəslədiyim qələm dostum, həkim-şair həmkarımız Əfrahim Hüseynliyə zəng etdim və bu yuxumu ona danışdım. Əfrahim müəllim, təəccübsüz və tərəddüdsüz, belə bir kitabı hazırlamaq üçün əlindən gələni edəcəyinə söz verdi. Və 2016-cı ilin baharında, Əfrahim Hüseynlinin redaktorluğu ilə ilk böyük layihəm - səma rəngli möcüzəli kitab işıq üzü gördü.

Bu günlərdə isə 56 həkim-yazarın yaradıcılığını əhatə edən "Həkimlərin Söz dünyası" kitabımızın ikinci cildi işıq üzü görüb. Bu zamanadək Azərbaycan ədəbiyyatına həkimlərin ədəbi yaradıcılığı ilə bağlı belə qiymətli töhfə verilməyib. İnanıram ki, Əfrahim bəyin böyük zəhməti sayəsində və səmavi qüvvələrin iradəsilə ərsəyə gələn bu unikal kitablar hələ bundan sonra neçə-neçə elmi məqalənin və tədqiqat işinin mənbəyi olacaq.

...Qədim yunan əsatirlərindən birində deyilir ki, öz bilik və bacarığı ilə möcüzələrə qadir olan həkim Asklepiy (Eskulap) Persey tərəfindən öldürülmüş Meduza Qorqonanın qanı ilə insanlara gənclik və sağlamlıq bəxş edirmiş. Onun həyat yoldaşı Epiona isə ağrıları sakit və şan-şöhrəti o qədər artır ki, bir gün çar Minos, oğlu Qlavkı diriltmək üçün onu Krit adasına dəvət edir. Bunu necə edəcəyinə dair fikirlərə qərq olmuş Asklepiy yolda əl əsasına dolanmış bir ilan görür və onu öldürür. Amma ağzında şəfalı ot gətirən başqa bir ilan peyda olur və ölmüş ilanı dirildir. Məşhur həkim bu otun vasitəsilə Qlavkı dirildə bilir. Bundan sonra o, bir çoxlarını: İppoliti, Kapaneyanı, Fiv uğrunda döyüşlərdə həlak olanları və b. diriltməyə müvəffəq olur. Və hesab edilir ki, o zamandan bəri buna görə İlan təbabət aləminin emblemi kimi qəbul olunur.

Asklepiyin ölümə qalib gələ bilməsindən qəzəblənən Zevs onu məhv edir, lakin tale ilahəsi Moyra onun bütün xeyirxah əməllərini nəzərə alaraq həyata qayıtmasına qərar verir. Beləcə, məşhur həkim insanlara olan sevgi və qayğısına görə sonda ölümsüzlüyə qovuşur və hətta ilahi bir qüvvəyə çevrilir.

...Məncə, hər əfsanənin bir həqiqət başlanğıcı da vardır. - Sağlamlıq bəxş edən müdrik həkimlər onsuz da ürəkləri fəth edərək ölümsüzləşirlər. Lakin, yəqin ki, bu ölümsüzlüyün bir səbəbi də onların yaddaşlardan silinməyəcək gözəl əsərləri olacaqdır!

Moskva

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!