Papirosum yana-yana... - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

(XX əsr Azərbaycan nəsrində bir motivin semiotikasına dair)

Rüstəm KAMAL

 

"Məxləsi ki, yoxdur onda bu ləzzət,

Boldur elə acı qəlyan evində".

Molla Pənah Vaqif

XX əsr ədəbiyyatının poetikası yeni mənalar və fərqli parametrlər gətirib ki, onlardan biri də təhlilə cəlb etdiyimiz elementdir. XX əsr ədəbi-bədii düşüncəsində papiros çəkmə aktual motivlərdən biridir. Bu yeni motiv Azərbaycan nasirlərinin (C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov...) bədii dünyasında sabit həllini tapmışdır. Onu periferik, ötəri motivlər sırasına aid etmək olardı, amma klassik mətnlərdə bu motivin işlənmə tezliyi istər-istəməz diqqətimizi çəkdi.

Əlbəttə, XX əsrin əvvəllərində Azərbaycan ədəbi prosesi yekcins deyildi, romantik və realist qütblər arasında müəyyən dinamikaya malik idi. Ona görə də bir çox ədiblər üçün tütün-papiros çəkmə ilk növbədə, personajı fərdi fərqləndirmə, onun hansı zümrəyə, kollektivə, topluma mənsubluğunu bildirmək üçün istifadə edirdilər.

Azərbaycan ədəbiyyatının (nəsrinin) tütünlə tanışlığı XX əsrin əvvəllərindən fəallaşmağa başlayır. Əgər qəlyan kimi ekzotik vərdişin XVIII əsrdə  adı keçirsə, deməli, ən azından, bu tarixi beş əsr o yana da uzatmaq olar...

Bu dövrdə Azərbaycan nəsrində "acı qəlyan" çəkmə ekzotik statusunu itirir, papiros (çubuq, siqar, qəlyan...) çəkmə isə personajların həyatında gündəlik məişət ritualları sırasına daxil olur.

İlk baxışdan adi, diqqətçəkməyən bir motiv milli dramaturgiyamızın  remarkalarında da yol tapır. Məsələn: "Ömər papiros yandırıb tərəkəmələrə diqqətlə baxır" (N.Nərimanov "Nadanlıq"); "Ölülər"in əvvəlki avtoqraflarında, remarkada Kefli İskəndərin papiros çəkməsi qeyd olunur: "Buy! Ədə, vallah, dinmə, deyəsən, elə lap pəhləvanam! Xa! Xa! Xa!.. (papirosu yandırıb, yavaş-yavaş gəlib durur Şeyx Nəsrullah oturduğu daşın üstündə, ayaq üstə durub baxır qəbiristanlığa, bir qədər fikirli baxandan sonra heyifsilənib, əllərini dizlərinə vurub deyir)".

Siqar, papiros, qəlyan, çubuq, trubka, maxorka personajların sosial, intellektual səviyyəsini işarələyirdi. "İvan çaydan əl çəkdi. Sonra trubkasını çıxardıb tüstülətdi" (N.Nərimanov "Bahadır və Sona").

XX yüzilin 20-30-cu illərində siqar-papiros çəkmə sosial gerçəkliyin faktı olub, yazıçıya personajların davranış modellərini qurmağa imkan verir. Kasıb varlının davranışını imitasiya etməyə çalışır. Zəngin bir xanımın hesabına yaşayan Qurban odunçu olsa da, bahalı papiros çəkmək, bununla da özünün sosial imtiyazını qabartmaq istəyir. "Qurban (pulu verir): Al bu pulu, bu saat yüyür bir paçka iyirmi beşlik papiros al.

Əmralı: Ağa, bu saat gətirim. Oho, çək özünü altışahlıq papiros, görürsən? Nə deyim, əlbət, Həsən Dadanov moddan düşüb. Bir də kişi bəydir. Necə ola bilər ki, çırt tənbəkisi çəkə, ağzından xanıma pis iyi gələ..." ("Pəri cadu").

Siqarı o dövrdə zadəgan, ağa, nəhayət, inqilabçı çəkə bilərdi: "Naçalnik siqarı damağına salıb üzünü tutdu pristavın xanımına" (C.Məmmədquluzadə "Qurbanəlibəy").

Papiros, qəlyan çəkmə jest-mimika sisteminin mühüm bir detalıdır, portreti tamamlayır. "Kəblə Məmmədhüseyn bir qədər vaxt durdu qapıda, bir az baxdı gəlib-gedənlərə, sonra çəkilib çömbəldi divarın dibində və çubuğunu çıxardıb başladı çəkməyə" (C.Məmmədquluzadə "Quzu"); "Dadaşım çubuğu çəkib tapdadı yerə, külünü boşaldıb, ayağa..." ("Danabaş kəndinin məktəbi");  "Küçə qapısında cibindən bir gümüş papirosqabı çıxarıb içindən bir papiros götürüb yandırdı" (Ə.Haqverdiyev "Qisas"). Mirzə Səfəri yaxşı oğlan kimi səciyyələndirən cəhətlərdən biri də onun papiros çəkməməsidi...

Əbdürrəhimbəyin qəhrəmanları arasında, bəlkə də, Ağa Məhəmməd şah Qacar istisna olmaqla, az qala bütün personajlar papiros çəkməyə meyillidirlər. Bu motivin Ə.Haqverdiyev yaradıcılığında fəallığı bəzən psixoanalitik assosiasiyalar da  oyadır... Onun yaradıcılığının cövhərində od ünsürü durur. Təsadüfi deyil ki, Qaston Başlyar "Od psixoanalizi" adlı araşdırmasında papirosu od arxetipinin variantlarından biri kimi təqdim edir.

Ə.Haqverdiyevin qəhrəmanları qəlyana xüsusi həvəs göstərirlər. "Köhnə dudman"da baş hərəm taxt üstündə oturub qəlyan çəkir. "Dağılan tifaq"da Dəllək İmamverdinin oğlu Kərim çayxanada qəlyan tüstülədir. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" pyesinin remarkası Hacı Mehdini qəlyanla təqdim edir: "Hacı Mehdi əyləşib döşəklərin birinin üstə, Şiraz qəlyanı damağında".

Samovar çayı və papiros onun personajlarının ən sevimli məşğuliyyətidir, hətta deyərdim ki, fizioloji sferaya aid aktlardır: "Qəza ispalkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov (sabiq Süleyman bəy Qurbanbəyov) çayçı dükanının qabağında bir stəkan acı çay ilə damağında bir uzunquyruq Şəki demişi kəmali-istirahətlə əyləşib Həsən Dadanov maxorkasının tüstüsünü halqa-halqa havaya buraxmaqda idi. Onun ətrafında əyləşən beş nəfər şəxs həmçinin qabaqlarında çay, damaqlarında papiros, Süleyman bəyin söhbətinə huşü-guşla qulaq verirdilər" ("Keçmiş günlər").

Ə.Haqverdiyev nəsrində tanışlıq və görüş səhnələri, ilk mikrodialoqlar  papirosla müşayiət olunur. Papiros münasibətlər yaratmağın, dialoqa girməyin ən səmərəli vasitədir. Ağlaya-ağlaya oteldən çıxan Süleyman əfəndinin sakitləşməsi üçün papiros təklif olunur:

"Şəxs əyləşdi. Bir qədər sükutdan sonra cibindəki tənbəki və kağız çıxarıb, qabaqca mənə təklif etdi:

- Buyurun, əfəndim, siqara çəkiniz.

- Təşəkkür edirəm, əfəndim, bəndə papiros çəkmir. Şəxs özü bir papiros büküb, yandırıb bir-iki dəfə çəkdi..." ("Röya"), yaxud: "Məni çağıran, əlində papiros, məndən soruşdu: - Bakıya maşın nə vaxt yola düşür?" ("Mozalan bəyin səyahətnaməsi"); "Mən papiros işinə baxmıram. Özünüz buyurun çəkin. Mənimki budur.

Rəhimbəy bunu deyərək, bir dənə uzunquyruq "çırt çubuğunu" çıxardıb qabağına qoydu. Sonra arxalığının yan cibindən tənbəki kisəsini çıxardıb əlində bir qədər ovxalayıb, çubuğunu doldurub çəkməyə məşğul oldu" (Ə.Haqverdiyev "Qaban").

Çubuq çəkmə Mirzə Cəlilin personaj dünyasının atributlarından biridir. "Yuxarı başda kənd şura sədri Həsənəli sol əlində çubuq, sağ əlində ağac, çubuq çəkə-çəkə və danışa-danışa əlindəki ağacı gahdan bir yerə vurur..." ("Yığıncaq").

Usta Zeynalın çubuğu olsa da, amma könlündən papiros çəkmək keçir: "Usta Zeynal çay barəsində razılıq edib, ancaq təvəqqə elədi ki, zəhmət çəkib ona bir papirosla bir spiçka versinlər, çünki Qurbanın əlləri gəc idi. Müğdusi Akop papirosu və spiçkanı uzatdı Usta Zeynala. Usta papirosu damağına salıb, başladı işini...".

Çubuq personajların yalnız fizioloji tələbatı deyil, həm də səbr-zikr (meditasiya) məqamının vacib detalıdır. "Qurbanəli öz evində əyləşib çubuq çəkir və fikir edir".

Əlbəttə, papiros çəkmə ilə bağlı xatırlamaların sistemləşdirilməsi və ya fərqləndirilməsi bədii mətnin yozumu-şərhi planında ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Amma kontekst amili müəyyən elementi görümlü siqnal kimi hiss etdirir, ədəbi qəhrəmanın iç yaşantılarını, psixoloji yaşamının göstərilməsində mühüm vasitələrdən biridir. Qəhrəman yüzbaşı erməni Baxşının kamança çalmasından bərk təsirlənir. "Bu çolaq da kəmənçəni elə çalır ki, keçən günləri gətirir qoyur adamın qabağına. Allahü Əkbər (Qaraşa). Qaraş, bir papiros yandır" ("Kamança").

N.Nərimanovun nəsrində papiros çəkənlər həm də "düşünən" personaj tipinə aiddirlər, yəni hardasa mütəfəkkir arxetipinin daşıyıcısıdırlar. Bahadırın əlində siqar fizioloji proses predmeti deyil, həm də onun ağıllı, dərin düşüncələrinə işarədir: "...İslamın və millətin evini yıxan bu deyildimi? Müsəlman filosoflarından biri deyir: "Məhəmməd peyğəmbər hazırda öz millətinə nəzər etsə, yəqin, qoyduğu dini tanımaz". Bahadır bu sözləri deyib papirosunu yandırdı" ("Bahadır və Sona").

Beləliklə, nəzərdən keçirdiyimiz motivin semantik transformasiyası XX  əsr Azərbaycan nəsrinin ümumi inkişaf təmayülləri kontekstində qanunauyğun hal kimi görünür. Papiros çəkmə fenomeni sonrakı dövrlərdə də öz aktuallığını itirmir (məsələn, Yusif Səmədoğlu nəsrində), ədəbi-bədii düşüncəmizdə fərqli formalarda mövcud olur...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!