Anam insanları məhz kimsəsizlərin timsalında sevirdi... - "Kürsü" layihəsinin qonağı Jalə Əliyevadır

"Kürsü" layihəsinin qonağı gözəl və bənzərsiz şairəmiz Nurəngiz Günün yeganə övladı, millət vəkili, maraqlı insan, zərif xanım Jalə Əliyevadır.

 

- Jalə xanım, bizim tarixən müxtəlif sahələrdə "ilk"lərə imza atan və uğur qazanan qadınlarımız olub. Müstəqillik dövründən sonra isə bu ilklər birinciliklə əvəz olunmağa başladı. Siz də gənc yaşlarınızdan qadın millət vəkili kimi uğur əldə etmisiniz. Necə oldu ki, erkən yaşda birincilər sırasında ola bildiniz?

- Bu cür dəyərləndirdiyiniz üçün təşəkkür edirəm. Birincilik deməzdim, sadəcə olaraq, seçilmiş, qısa müddət ərzində cəmiyyətin tanınmışı ola bilmək, məşhurluq qazanmaq statusu deyərdim. Bilirsiniz, mənə elə gəlir ki, həyatda heç nə birdən-birə baş vermir. Və mənə belə gəlir ki, həyatın fəlsəfəsi çox mürəkkəbdir. Mənim nəzərimdə həyat təsadüf  və ya zərurət fəlsəfəsi üzərində dayanır. Ancaq inanın ki, bu günə qədər də hələ özüm üçün tam müəyyən edə bilməmişəm ki, həyat təsadüflərdən, yoxsa zərurətlərdən ibarətdir. Əgər söhbət elə sizin qoyduğunuz sualdan, bir şəxsin müəyyən pilləyə gəlib çatmasına qədər gedən yoldan gedirsə, təsadüflərdən söhbət gedə bilməz. Burada insanın məqsədyönlü hədəfi, arzusu, niyyəti var. Əlbəttə, mənim də həyatımın uşaqlıq, yetkinlik mərhələlərində seçəcəyim peşə ilə bağlı müəyyən arzularım olub. Amma, hətta, gənc qız olarkən belə, elə bir məqsədim olmayıb ki, cəmiyyətin seçilmişi və ya millət vəkili olum. Sadəcə,  illərlə qazanılan təcrübə, ortam, cəmiyyət və qarşıya çıxan hadisələr zaman keçdikcə insanı müəyyən bir hədəfə doğru yönləndirir. Belə olan halda isə insan artıq özünü hardasa görür. Konkret sizin mənə ünvanlanan sualınıza cavab versəm, mənim gənclik dövrüm Azərbaycanın, vətənimizin çox təlatümlü zamanına rast gəlib. Mən və mənim nəslimdən olan insanlar müstəqillik uğrunda gedən mübarizənin canlı şahidləriyik. Bu, gəlişigözəl sözlər deyil. Yəni biz 20 Yanvar hadisələrinin, Xocalı hadisələrinin, torpaqlarımızın işğalının, azadlıq uğrunda mübarizənin, Meydan hərəkatının hər birinin canlı şahidləriyik. Bütün bunlar bizim gəncliyimizin ən qaynar dövrlərinə düşüb. Cinsindən asılı olmayaraq, biz hər birimiz özümüzü meydanda, o hərəkatın içərisində görür, Azərbaycanın müstəqil hərəkatında nəsə bir söz deməyə çalışırdıq. Meydana çıxıb azadlığımızı tələb etməklə vətəndaşlıq mövqeyimizi ortaya qoyurduq.

- Və bütün bunlar şəxsi həyatın inkişafına təsirsiz ötüşmürdü...

- Bəli, haqlısınız. Hətta mən evimizdən gəlin köçəndə o zamanlar Meydan hərəkatının marşı hesab olunan Üzeyir Hacıbəyovun "Koroğlu" uvertürası səslənmişdi. Bu gün artıq dünyasını dəyişmiş bir çox hörmətli ədəbiyyat xadimlərimizdən Xəlil Rza Ulutürk, Mikayıl Mirzə, Rafiq Zəka, Məmməd Aslan, Sabir Rüstəmxanlı, eləcə də digər tanınmış sənətkarlar həmin məclisdə, mənim toyumda iştirak etmişdilər. Məclisin videoyazısına indi də baxanda yaxşı mənada kövrəlirəm. Xəlil Rza Ulutürk "Lefortovo" həbsxanasından yeni çıxmışdı. O, bütün gecəni dayanmadan kitaba nəsə yazırdı. Nəhayət, Mikayıl Mirzə ona söz verəndə, onun çıxışı məclis çıxışı yox, gəncləri meydanlara, azadlığa səsləyən meydan çıxışı oldu.  O, yenicə çıxmış kitabını bizə təqdim edərək hamını meydanlara dəvət etmişdi. Onun sözlərinin ardınca uvertüra səslənmiş, dörd yüz nəfərlik məclis birnəfər kimi ayağa qalxmışdı. Yəni bütün bunları danışmaqla onu qeyd etmək istəyirəm ki, o zamanlar daxilən təlatümlü anlar yaşayırdıq. Sonralar mən Türkiyə səfirliyində fəaliyyətə başladım. Səfirlik isə yerləşdiyi ölkənin bütün hadisələrini pərdə arxasından yaxşı görən, izləyən təşkilatdır. Həmin 92-93-cü illərdəki ən ağrılı günlərimizi, sui-qəsd olaylarını, çevriliş cəhdlərini, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişini və bütün bu proseslərin necə getdiyinin canlı şahidi idim. Bəlkə də, sıravi vətəndaşdan daha çox həqiqətləri yaxşı gördüyümdən daxilimdə bildiklərimi, gördüklərimi vətənimin yararı üçün, dövlətim uğrunda istifadə etmək kimi arzu, mövqe yarandı. Zaman keçdikcə mən içimdəki sözləri demək üçün auditoriya, mikrofon ehtiyacının yarandığını hiss etdim. Vətənim üçün az da olsa, dəryada bir damla da mənim xidmətimin olmasını arzuladım. Bir gün isə artıq millət vəkili üçün namizədliyimi verəndə bayaq sizə dediyim zərurətdən yaranan təsadüfün yetişdiyini hiss etdim.  

- Jalə xanım, sizin dövrdə bir çox yazıçı və şairlərin  övladları sonradan valideynlərinin yolunu davam etdirdilər. Yəqin ki, valideynlərinizin, xüsusən də ananız Nurəngiz xanımın sizi ədəbiyyatda görmək arzusu vardı...

- Nurəngiz xanım, böyük ədəbiyyata gəlməzdən əvvəl Azərbaycan Televiziyasının ilk diktorlarından olmuş, populyar verilişlərin aparıcısı kimi tanınıb. 1979-cu ildən sonra o, böyük ədəbiyyata şair kimi yox, yazıçı kimi "Tanrı bəşər övladıdır" povest ilə gəldi. Əvvəllər bir sıra şeirlər yazıb, amma onlardan cırıb atdığı, üzə çıxarmadıqları çox olub. Ümumiyyətlə, Nurəngiz xanımın arxivinə bu gün də çətinliklə daxil oluram. Müəyyən bir düzənsizliyi olub. Ümumi yaradıcılığında isə çap olunmayan şeirləri də çox olub. Onun yazdıqlarını üzə çıxarmaq, özünü təbliğ etmək kimi arzusu yox idi.

Anamın diktorluq fəaliyyətinə görə hamı elə bilirdi ki, mən də onun yolunu davam etdirəcəm. Özü də bunu çox arzulayıb. Lakin diktorluq sənətinin ağırlığını, çətinliklərini mən öz gözlərimlə görmüşdüm. Televiziya "Sabahınız xeyir" kəlməsi ilə başlayıb, "Gecəniz xeyrə qalsın" deməklə bitən və gözə görünəcək qədər asan məkan deyil. Bu səbəbdən mən heç vaxt diktor olmağı arzulamadım.

Təbii ki, hər bir valideyn öz davamını övladında görür. Anam da televiziyadan ayrılıb qələmə sarıldıqdan, yazıçı olandan sonrakı gizli arzusunu, mənim də onun kimi yazıçı olmağım arzusunu hiss edirdim. O, məni buna təşviq edir, yazıçılığı, şairliyi təbliğ edirdi. Bəzən bir inşa yazanda məni çoxlu tərifləyər, yazan qələmimin olduğuna inandırmağa çalışardı. Amma mən özümdə o qabiliyyətin, potensialın olduğunu hiss etmirdim. Yazıçılıq, şairlik ağlına gələnlərin hamısını mətnə tökmək deyildir. Burada təxəyyülün, fantaziyanın, başqa-başqa hisslərin rolu çox böyükdür. Həm də şairlər, yazıçılar bir az da göy adamları olurlar. Heç kim məni qınamasın mən onları peyğəmbər, vəhylə yazan müqəddəs insanlar kimi görürəm. Buna görə də gəliş gözəl şözlər yazıb ədəbiyyata gəlməyi nə ailəmə, nə də ədəbiyyata layiq bilməzdim.

- Bir sözlə, Nurəngiz xanımı ədəbiyyatçı olacağınız fikrindən tamamilə uzaqlaşdıra bildiniz...

- Uzaqlaşdıra bildim. Mən anam üçün həmişə əlaçı və nümunəvi uşaq olmuşam. Məktəb illərimdən bu günə qədər heç vaxt iki, üç qiyməti almamışam.

- Özünüz oxuyurdunuz, ya bir çox ailələrdə olduğu kimi, "get, dərslərini oxu", deyirdilər?

- Qətiyyən. Özüm oxuyurdum. Bir məqam deyim. Mən indi də solaxayam. Hazırlığa gedəndə müəllimə bizə ancaq şəkil çəkdirirdi. Həmişə sinif boyu gəzən müəlliməmi diqqətlə izləyirdim. O mənə yaxınlaşanda bilirdim ki, sol əldən istifadə etdiyim üçün mənə irad tutacaq. Ona görə də müəllimə yaxınlaşana qədər qələmi sağ ələ keçirib yalandan nəsə cızırdım. Uzaqlaşan kimi yenidən sol əllə işləməyə davam edirdim. Beləcə öz-özümü tərbiyə edərək heç kimin yanında pərt olmamaq, pis vəziyyətə düşməmək üçün sağ əllə yazmağı öyrəndim. Bu gün sağ əllə yazıram, çəkirəm, digər bütün işlərimi isə sol əlimlə edirəm.

Sözümü ona gətirirəm ki, həmişə əlaçı oldum, evimizə çoxsaylı diplomlar, fəxri fərmanlar, iki mandat gətirdim. Bunlar hamısı, hər halda, bir ana üçün böyük bir iftixar yeri idi. Və təbii ki, sevinirdi. Amma 2014-cü ildə mən Azərbaycan Yazıçılar Birliyinə üzv seçiləndə, üzvlük vəsiqəsini evə gətirəndə onun sevincini indi də təsvir edə bilmirəm (kövrəlir). O deyirdi ki, sən bilirsən bu nə deməkdir? Sən Yazıçılar Birliyinin üzvü olmusan. Bütün qohumlara, tanışlara zəng vurub bu xəbəri verirdi. Deyirdim, ay ana, bəs indiyənə qədər bu qədər diplom gətirmişəm, heç bu qədər sevinməmişdin. Cavab verirdi ki, yox, onlar da hamısı yaxşıdır. Amma bu vəsiqə fəxrdir. Yəni sizin sualınıza gətirirəm ki, onun üstü örtülü arzusu, istəyi olub ki, mən onun davamı olum. Lakin mənim tamamilə başqa sahəyə aid olduğumu hiss etdiyindən üzərimdə heç bir basqı yaratmaq istəməyib. Ümumiyyətlə, anam başqası üzərində diktə etməyi, məcburiyyəti sevmirdi.

- Xarakter etibarilə ananızla bir-birinizdən çox fərqlənirsiniz. O, azadəliyi sevən, əsl şair təbiətli, bir az da kişilərə xas bəyliyi, ağayanalığı olan bir qadın, siz isə onun tam əksi, zərif, uşaq xasiyyətli insan olmusunuz. Ümumiyyətlə, şairə, ruh adamı ilə bir evdə yaşaya bilmək necə idi?

- Sənətin hansı sahəsi olur-olsun, istedad sahibi, ruh adamı olan insanlar hər birimizdən seçilirlər. Bu cür insanlarla təmasda olmaq, onlarla dialoq qurmaq o qədər də asan deyil. Üstəlik də belə insanlarla bir evdə yaşayırsansa, bunun məsuliyyəti və çətinlikləri mütləq olur. Biz də bu kimi çətinlikləri evdə yaşamışıq. Sözü birbaşa demək bacarığı, istəyi, olduğu kimi görünmək, göründüyü kimi olmaq amalı əlbəttə ki, bir o qədər də asan deyil. Ancaq qeyd etdiyim azadlıq ilə yanaşı, anam həm də hədsiz dərəcədə mühafizəkar qadın idi. Mənim bəzən saçdüzümümü dəyişməyimdə belə mühafizəkarlıq edirdi. Yəni hər şeydə ədəb-ərkana, mədəniyyətə nəzarət olunmasını sevirdi. "Qızın səsi bərk çıxmaz, hər şeyə gülməz, bir kənarda sakit oturub dinləyər" kimi fikirləri daim mənə təlqin edirdi. Onunla birgə olduğumuz ortamda başqa adamlar olurdusa, heç kim mənim danışmağımı xatırlamaz. İlk dəfə 65 illik yubileyi keçiriləndə və mənə söz veriləndə, gördüm ki, təəccüblə mənə baxır. Elə orda da fikrimi ifadə etmişdim ki, heç vaxt onun yanında, onun sözünün, qələminin böyüklüyü qarşısında danışmağa cəsarət etməmişəm.

Digər tərəfdən, o, elitar zövq sahibi bir insan idi. Adi məişət məsələlərində, bir libasın seçilməsində də onun düşüncəsinin fərqliliyini, başqalığını, sənətkarlıq yanaşmasını hiss edirdik. Siz bu gün Nurəngiz xanımın evinə getsəniz, orada bir parlaq əşya, büllur qab-qacaq dəsti görə bilməzsiniz. O, evini çay daşları, balıqqulaqları, hardansa tapıb gətirdiyi maraqlı təbiət əşyaları ilə bəzəmişdi. Yəni, hətta, bu kimi məsələlərdə onunla fikir ayrılığımızın mövcudluğunu hiss edirdim.

- Yeri gəlmişkən, Nurəngiz xanımın poeziyasında günəşə, dənizə, çiçəklərə qarşı qəribə canlı bir münasibəti və hüdudsuz təbiət sevgisi vardı. İnsanlara qarşı münasibəti necə idi?

- Təbiəti həddindən artıq sevirdi. Onun təbiətə həsr olunmuş çoxsaylı şeirlərin içərisində də insan qırmızı xətt kimi keçirdi. Amma birbaşa insan mövzusuna həsr olunmuş şeirlərindən bir şeiri vardı:

İnsandır şeirimin

ilki və qurtaracağı.

İnsandır şeirimin

Odu, ocağı.

İnsandır yer üzünün

Çiçəklərdən əzəl bəzəyi.

İnsandır, insandır

Şeirimin rişəsi, özəyi.

İnsanların hamısı-

cavanı da, qocası da,

qarası da, sarısı da,

İnsanların azadı da,

dustağı da,

narahat ömrümün döyüntüsüdür,

İnsandır düşüncəm də, nəfəsim də.

İnsandır nəğməm də,

                        titrəyən səsim də...

İnsanlarsız nə dəniz, nə sahil, nə qaya?

İnsanlarsız nəyə lazımsan, dünya?

Bu misralarda onun insanları çox sevdiyi hiss olunur, duyulurdu. Yəni insanları, xüsusilə də məzlum insanları çox sevirdi. Nurəngiz xanımın "kiçik insanlar" deyə bir ifadəsi vardı, indi bu çox məşhurlaşıb. Bu fikir ədəbiyyata da, leksikonumuza da Nurəngiz xanım tərəfindən gətirilib. Mən sizi inandırıram ki, o çox tanınan, böyük hörmət sahibi olan bir insanla əl tutub görüşməkdən daha çox, eyvanının altında küçə süpürən bir qadına salam verməyi, onun kefini soruşmağı özü üçün daha mənəvi rahatlıq, dəyər kimi görürdü. Bəzən bağda işləyən adamlarla dayanıb söhbət edirdi, onların ailə tərkibini, işlərinin çətinliyini, məvaciblərini xəbər alırdı. Deyirdi ki, kiçik insanları da sevindirmək, onları düşünmək, onlara salam vermək lazımdır. Böyükləri isə hamı tanıyır, onlara hamı yaxın olmaq istəyir. 

Bir məqamı təvazökarlıqdan kənar da olsa, vurğulamaq istərdim. Dağlıq Qarabağ problemi təbii ki, bütün ziyalılarımızı narahat edib, düşündürüb. Amma Xocalı haqqında ilk poema bizim evdə yazılıb. 1992-ci ildə sovet totalitar rejiminin hələ də işlək olduğu dövrlərdə, böyük faciəyə qurban gedənlərin bizdən gizlədildiyi dönəmlərdə ordan-burdan, xarici mətbuatdan, "Azərbaycan" qəzetində çıxan materiallardan sonra məlum olmuşdu ki, böyük bir faciə baş verib. Uşaqların qətl olunduğu ilk kadrları görən andan Nurəngiz Gün qələmə sarıldı və "Xocalı" poemasını yaratdı. Bizim torpaqlarımızın işğalı və qurban gedən insanlarımız, şəhidlərimiz onu çox incidirdi. O özü də deyirdi ki, mən infarktı "Xocalı" poemasını yazandan sonra qazandım. Nurəngiz xanım, tək bizim məmləkətin yox, bütün dünyanın atılmış uşaqlarını kimsəsizlərini düşünürdü. Sağ olsun, möhtərəm Prezidentimiz onu təqaüd ilə təltif etmişdi. Anam həmin təqaüdü alan günü Qocalar evinə gedirdi, onların başlarını tumarlayırdı, imkan daxilində onlara nələrsə alıb aparırdı. Yəni çoxlu rəfiqələri olsun, hər gün onlarla görüşüb, onları başına yığmaq kimi xasiyyəti, sevgisi yox idi. O, insanları məhz kimsəsizlərin timsalında sevirdi.

- Jalə xanım, sizin qəribə, ölçüyəgəlməz ana sevginiz olub. Amma bütün hallarda, yəqin ki, onunla çox zaman keçirə bilməkdə, ona tez-tez baş çəkməkdə vaxt baxımından məhdudiyyətləriniz də olub. Bu gün ananızın olmadığı bir həyatda həmin ehtiyacları doyura bilməməyin təəssüfünü yaşayaraq kaş ki, ona daha çox zaman ayıra bilərdim dediyiniz məqamlar olur? 

- Çox, çox olur (kövrəlir)... Bütün Azərbaycan bilir ki, mənim üçün ana sevgisi çox fərqlidir. Hətta övladım və anam barəsində hansını daha çox sevirəm, hansının hüquqlarını daha çox qoruyaram dilemması qarşısında qaldığımda mən anam üçün çalışmışam. Baxmayaraq ki, övladım kiçik olduğundan qorunmaq üçün mənə daha çox ehtiyacı olub. Amma mən onun ehtiyaclarını, maraqlarını anama qurban etmişəm. Eyni zamanda anam da mənim üçün fövqəladə ana olub, bütün həyatını mənə fəda etməyi bacarıb.  Lakin bütün bunlarla bərabər gündəlik iş qayğılarım, fəaliyyətim mənə imkan verməyib ki, istədiyim qədər onu görüm, onun yanında olum. Bunu çatdıra bilməmişəm. Bəlkə də, ailənin tək övladı olduğuma görə, anamdan başqa da qayğılarım olduğundan düşünmüşəm ki, anamdır, o, evimin içindədir, ona necə olsa da vaxt taparam. Yəni bu necə olsalar, bu gündən sabaha saxlamalar əlbəttə ki, məni bu gün çox üzür. Amma burda da yanlış anlaşılma olmasın. Mənim elə bir günüm olmayıb ki, anama baş çəkməyim. Sadəcə olaraq, bəzən gəlirdim, əlimdə olan nəyisə qapıdan verib qaçanda məni saxlayırdı ki, gəl otur, bir az söhbət edək. Mən isə qaçaraq - sonra gələrəm deyib çıxırdım. İndi düşünürəm ki, bəlkə, o mənə nəsə demək istəyirdi, mənimlə söhbətə, vaxt keçirməyə ehtiyac duyurdu... Bəzən telefonla uzun-uzadı danışmağa belə işlərimin çoxluğundan vaxt tapa bilmirdim. Bütün bunlar indi məni təsirləndirir.

- Bəs öz problemlərinizdən, çətinliklərinizdən necə, ananıza bəhs edirdiniz?

- Məktəb illərində təsadüfən eşidəndə ki, anamın ürəyi xəstədir, müalicə olunur və həyatını itirə bilər.  Ondan sonra mən daima heç kimə bəlli etmədən bu qorxu ilə yaşadım. Bu qorxu, təşviş onu itirdiyim son günə qədər mənim düşüncəmə hakim oldu. Onun qohumları 37-ci ildə sürgün olunmuşdular. Anam həmişə onların xiffətini yaşayırdı. Mən onun bu daxili kədərini, nisgilini hiss edirdim. Və bəlkə də, elə  buna görə həmişə nümunəvi şagird, tələbə olmağa çalışdım ki, o mənə görə heç zaman narahatlıq keçirməsin.

Amma bununla yanaşı da öz işimin çətinliklərilə bağlı ona narahatlıq gətirəcək heç nə danışmaq istəməmişəm. Ona görə yox ki, ondan nəyisə gizlətmişəm. Sadəcə olaraq, anamı qorumaq istəmişəm. Hətta bir çox qohumlarımızın belə məsələlərə görə qınağına da tuş gəlmişəm. Mən ən yaxın adamımızın, dayımın vəfatını anamdan gizlətmişəm. Anam, xalam və qızımı qatarla xaricə yola salan günün səhəri dayım rəhmətə getdi. Bütün qohum-əqrəba mənə dedi ki, teleqram vuraq onlar qayıtsın. Mən bunu etmədim. Çünki anamın da, xalamın da dayıma nə qədər bağlı olduqlarını bilirdim. Bir gündə bir evdən üç tabut çıxara bilməzdim. Mən məclisin bütün ağırlığını hər mənada öz üzərimə götürdüm. Hiss edirdim ki, üzümə heç nə demirlər, amma arxada anama xəbər etməməkdə məni qınayırlar.

- Ananız xəbəri öyrənəndə sizə qəzəblənmədi?

- Anama bu xəbəri iyirmi gündən, qayıdandan sonra xəbər verdim. Ona qədər hər dəfə anam zəng vuranda min cür yalanlar danışırdım ki, duyuq düşməsin. Yalnız gələndən sonra gördüm hazırlaşır dayımgilə getsin, o zaman dedim: İstəyrisən məni döy, söy, övladlıqdan çıxar, amma mən bunu etməliydim. Dayım artıq həyatda yoxdur. Heç hara getməyin.  Üstündən bir həftə keçəndən sonra o gəlib məni öpüb dedi, mən bilirəm sən bunu nə üçün etmisən, sənin qeyrətinə, ana istəyən canına qurban olaram. Sən məni qorudun, ömrümü uzatdın. Həqiqətən də, mən həmin xəbəri dərhal eşitsəydim yaşaya bilməzdim.

- Müsahibələrinizdə deyirsiniz ki, anama görə heç vaxt kənara çıxa bilmirdim. Çünki onun həm oğlu, həm də qızıydım. Bu gün necə düşünürsünüz, ona həm qız, həm də oğul ola bildiniz?

- Oldum. Mən həmişə demişəm ki, mənim lap yeddi bacım, yeddi qardaşım olsaydı, yenə də onu diqqətdən kənarda qoymayacaqdım və həm oğul, həm də qız vəzifəmi birmənalı olaraq yerinə yetirəcəkdim.

- Qadın kimi yaşınızın ən gözəl çağında olsanız belə, daxilinizdəki o, uşaq sağdır. Bu yaşa qədər həmin qızcığazı içinizdə necə qoruyub saxlamısınız?

- Mən onu qoruyub saxlamadım. O, öz-özünə qorundu. O qızcığaz böyümək, kirlənmək istəsəydi heç nə onu tutub saxlaya bilməzdi. İndi həmin uşaq məni rahatladır, mənə stimul verir, hər şeyin yaxşı olacağını vəd edir. Çünki uşaq təxəyyülü bitib-tükənməzdir. O, hər zaman ətrafı müxtəlif rəngli eynəklər arxasından görür. Böyüklərin prizmasından yanaşmalı olduğum məsələlərə də həyatın çətinliklərini nəzərə alaraq bir qızcığaz kimi baş verənlərə həyat yaşantısı kimi üç nöqtə qoyub keçirəm. Bağışlayaraq, güzəştə gedərək, uşaq unutqanlığı edərək həyata davam edirəm. Çünki başqa cür mümkün deyil. Bizim ailəmiz, övladlarımız, cəmiyyətimiz var. Əgər tanınan biriyiksə, seçildiyimiz bölgədən qırx, əlli min insanın qarşısına çıxırıqsa ölkə üçün əhəmiyyətli olan məsələlərdə, sənin də fikrinə ehtiyac yaranırsa və sənə də söz verirlərsə, bu əlbəttə ki, qürurvericidir. Daxilən böyük bir ruhla, vətəndaşlıq əzmkarlığı ilə mənim də dəryada bir damla payım olsun deyə, çıxdığımız yolda büdrəməyə, verilən etimadı yanıltmağa haqqımız yoxdur.

Söhbətləşdi: Samirə Əşrəf

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!