Mən Elməm, mən Eşqəm, Təliməm... - Barat VÜSAL - şeirlər

Nəsiminin türbəsi önündə...

Nəsiminin türbəsi önündə

Mən də yanındaydım "Bəzmi-Əzəl"də,

Ruhkən söylədiyin "Bəli"nəm, babam!

Məniydim Nəsimi "Nəsimi mənəm!"

                                          - deyən gənc,

Onda da varıydım, bəli, mən, babam!

 

Türbənin önündə daim durmuşam,

Əmanət deyiləm, qaim durmuşam.

Olub yeddi qatı Göyün, durmuşam,

Yerin təki qədər dərinəm, babam!

           

Həmişə yanında olmuşam sənin,

Yanında kamala dolmuşam sənin.

Balanam... balanam... bilmişəm səni,

Göyərən qolunam, əlinəm, babam!

 

Mən şeir yazıram, səni gəzirəm,

Mən Dan içindəki Danı gəzirəm.

Mən sənin dediyin dini gəzirəm,

Mən Elməm, mən Eşqəm, Təliməm, babam!

 

Dözüb könüldə qəm, dözüb  gözdə nəm,

Gərək gizlənməyəm, gərək gizlənəm.

Mən gizlin Aşkaram, aşkar Gizlinəm,

Açılmaz açımın... sirrinəm, babam!

 

Səni elə duydum, qüvarlanıram,

Ah, sənə kim qıydı... qubarlanıram.

Səni elə sevdim, ölsəm, sanıram,

"Nəsimi!" söyləsəm, dirilləm, babam!

 

Adı bir olanın min adı mənəm,

O Kəbədi, mənəm Minadı, mənəm,

Bütün həyatların həyatı mənəm,

Bütün ölümlərə ölüməm, babam!

 

Gəlmişəm, görsünlər çıxmayıb  canın,

Saralıb... sönməyib Günəşi Danın!

Gəlmişəm, kəsilsin tökülən qanın,

Dur, geyin, soyulmuş dərinəm, babam!

 

Alplar

Sanırsan gördüyün adicə dağdır,

Qayası hədərdir, daşı hədərdir.          

Alpların tarixi sarp qayaların

Tarixi qədərdir, yaşı qədərdir!

 

Bacarsan torpağın dərinliyindən,

Altun əvəzinə qaya tap, çıxar!

Axtarsan, dünyanın hər qarışından

Alp-qaya göyərər, qaya-alp çıxar!

 

Haradan gəliblər, hara gediblər,

Çaşıb durmayıblar alplar yarıda.

Hər yanda, hər yerdə izləri qalıb,

O Alp kişilərmi Alp dağları da?!

 

Quranda könüldə taxt qurubdular,

Çıxıbdı beləcə qayalar taxta.

Ən qədim dastanlar kimlər haqdadı?

Alp-qaya haqdadı, qaya-alp haqda!

 

Sevmir mən bildiyim tarix yanlışı,

Deyim, xəbər tutsun dünya alplardan.

Alpoud elləri tarix danışır,

O Alp-qayalardan, qaya-alplardan!

 

Qayadır ümmanlar, okeanlar da,

O axan bulaq da, nəhr də nədir?

Qayı oğuzları dedikləri də

Qaya oğuzları deyil də, nədir?!

 

Alp-qaya xəncərdir, qaya-alp tiyə,

Alpların haqqını itirən üçün.

Başdaşı bülövdür, itiləməyə,

Məzarı qılıncdır - götürən üçün!

 

Bilənməz ölsə də, bilməzlər, məni,

Suyum çəkən zaman çəkib Altaya.

Adımı dəyişə bilməzlər mənim,

Mən də qaya-alpam, mən də alp-qaya!

Ocaq

Ömrə vəfa yoxdur, belə deyirlər,

Səni əhd eyləyib çatıram ocaq!

Tüstünün ucundan tuta-tuta mən,

Dumanlı dağlara çatıram ocaq!

 

Yaşamaq gözəldir, bilim, deyirəm,

Bir də bu dünyaya gəlim, deyirəm.

Hardadı, yalandı ölüm deyilən,

Kim deyir, başımı qatıram, ocaq?!

 

Sanma ki, ağrıdan ağrıdır məni,

Ağrısız qalmağım ağrıdır məni!

Biləydin ağrı da Ağrımdır mənim,

Biləydin, daşından tuturam, ocaq!

 

Bilirəm söyləməz çoxu can, sənə,

Sən qorxuya yadsan, qorxu ram, sənə!

Pis nəzər toxunar qorxuram, sənə,

Üstünə üzərlik atıram, ocaq!

 

Yoxa çəkiləydi  mərdin əliylə,

Hər qorxu, hər qada, hər dərd, hər hiylə.

Qarabağ həsrəti, Təbriz dərdiylə

Anadil olmuşam, ötürəm, ocaq!

 

Bir gün görəcəksən zaman dəyişib,

Bir gün desələr ki, Barat da köçüb,

Məzarda deyiləm, bir bax, büzüşüb,

Mən bir qırağında yatıram, ocaq!

 

Mənəm

Beşikdəki körpəyəm,

Gordakı indi mənəm.

Yenə nardakı şeytan,

Nurdakı indi mənəm.

 

Altımda boz köhlənim,

Adım Xızırdır mənim.

Musa  adı köhnəlib,

Turdakı indi mənəm.

 

Demə ki, hanı, aşiq?

Bu can canana aşiq!

Nəsimi Dardan düşüb,

Dardakı indi mənəm!

 

Nə ki, bu suda  axır,

Butadı, buta, axır.

O Əvvəl, bu da Axır,

Burdakı indi mənəm!

 

Harda bəndə yaşayır,

Ölür, həm də yaşayır.

O yar məndə yaşayır,

Yardakı indi mənəm!

Pəncərə

Yerini, yurdunu müəyyən edim,

Bulum, pəncərənin yanından keçim.

Yaşamaq nə şeymiş, ölmək nə şeymiş,

Bilim, pəncərənin yanından keçim.

 

Pəncərənə dikim gözümü sənəm,

Görməsəm də olar yüzünü, sənəm!

Görməsəm də olar üzünü, sənəm,

Gəlim pəncərənin yanından keçim!

 

Bəlkə də, çox qalıb hələ ölməyə,

Nə var axı, sənə görə ölməyə!

Nə var pəncərəni görüb ölməyə,

Ölüm... pəncərənin yanından keçim!

 

Sənə bircə kərə kaş yaxın olum,

Dünyanın aqili, axmağı olum.

Dünyanın ən böyük səyyahı olum,

Zalım, pəncərənin yanından keçim.

 

Yanmaram od olsan, köz olsan belə,

Odundan, közündən göz olsan belə!

Sən Barat dediyi gözəlsən elə,

Ölüm! Pəncərənin yanından keçim!

 

Xarı bülbülün yanı

Yerim-yarı çəmənlik,

Yarı, bülbülün yanı.

Mən heç də yarımayım,

Yarı, bülbülün yanı!

 

Sanma bal olan yerdi,

Dərd-qəm bol olan yerdi,

Nəğmə yığılan yerdi,

Arı, bülbülün yanı!

 

Ömür qanqal qoxmasın,

Öyümüzü yıxmasın.

Əlimizdən çıxmasın,

Barı, bülbülün yanı!

 

O ölü, diri məlum,

Sirrin də sirri məlum.

Şairin yeri məlum,

Xarı bülbülün yanı!

 

Öpmüşəm

Deyim niyə aşıb-daşır ilhamım,

Qorqudumun qopuzundan öpmüşəm.

Arxamdadır niyə belə el-hamı?

Koroğlunun toppuzundan öpmüşəm.

 

Xan Arazım ola bilməz özgənin,

Ey o taylı arxadaşım, ol əmin!

Bütöv yurdu öpür kimi mən sənin

O üzündən, bu üzündən öpmüşəm.

 

Təbrizimin al sabahı, danı var,

Axıb gedir, damarımda qanı var.

Yurda oxşar təpənin də canı var,

Gah qaşından, gah gözündən öpmüşəm.

 

Bal dadıyır beləsindən öpəndə,

Yurdun Kürü, Arazından öpəndə.

Ara-sıra laləsindən öpəndə,

Ara-sıra nərgizindən öpmüşəm.

Qala bilsəm daim qalım kaş belə,

Ola bilsəm olum torpaq, daş belə!

Məzarı da öpməmişəm boş yerə,

Deyib Barat, öp üzümdən, öpmüşəm!

İstək

İstəyəndə istəmişəm Allahdan

Aylı qələm, Aylı varaq, Aylı söz!

İstəmişəm ayaqlara düşməsin,

Ali qələm, ali varaq, ali söz!

 

Utanmayıb ölməyirsən, de görüm,

Niyə belə göynəyirsən, de görüm?

Yad əllərdə neynəyirsən, de görüm,

Xain qələm, zail varaq, xali söz?!

 

Nə karədir, nadan qala yaratsın,

Nə yaratsa Allah-Taala yaratsın.

Yalvarıram, Allah daha yaratsın,

Ayrı qələm, ayrı varaq, ayrı söz!

 

Qarışdıran qarışdırıb işləri,

Başa tökür qayaları, daşları.

Nərildəyib ayaqlayır bəşəri,

Ayı qələm, Ayı varaq, Ayı söz!?

 

Gecələrin şamı sönüb yatacaq,

Guya bizə canı yanıb yatacaq.

Belə getsə hamı dönüb yatacaq,

Ayıl qələm, ayıl varaq, ayıl söz!

 

Səndəyəm

Bütöv özünsən Tanrım,

Yarıdayam, Səndəyəm!

Zatım, deyə inləyən

Qarğıdayam, Səndəyəm!

 

Məndən ötrü hər yanda,

Hicran deyil, hicran da.

Dərddə, qəmdə, hicranda,

Ağrıdayam, Səndəyəm!

 

Gərək Haqqa Bir deyəm,

Deyə biləm: birdəyəm!

Bu tərəflə birgəyəm,

Anrıdayam, Səndəyəm!

 

Hicranla kef etmişəm,

Eşqimi böyütmüşəm.

Mən vüsala  yetmişəm,

Ayrıdayam... Səndəyəm!

 

Ocaqdayam, küldəyəm,

Könüldəyəm, dildəyəm.

Çiçəkdəyəm, güldəyəm,

Arıdayam, Səndəyəm!

 

Sirdəyəm, sehrdəyəm,

Qəlbdəyəm, mehrdəyəm.

Bulaqda, nəhrdəyəm,

Dəryadayam, Səndəyəm!

 

Ey aləmlər ləli Nur!

Nurlar üçün bəlli Nur!

Demərəm ki, bəri dur,

Anrı dayan... Səndəyəm!

 

Günəş deyildir yanan,

Lütfündür ey Yaradan!

Nuh tufanı dayanan,

"Ağrı"dayam, Səndəyəm!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!