Dünyanın düz vaxtının adamı... - Nurəddin ƏDİLOĞLU

Vaxtsız ölümünə heyifsiləndiyimiz o qədər tanınmış insanlar var ki, aradan aylar, illər ötsə də, həmişə onların cəmiyyətimizdə yerləri görünür, tez-tez xatırlanıb yad edilirlər. Onlardan biri də yazıçı-tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Ağayevdir. Azərbaycanda onu kim tanımırdı ki?! Və təkcə Azərbaycandamı? Çalışdığı ədəbi əlaqələr sahəsində onun istedadı, zəhmətsevərliyi, eləcə də humanistliyi, əxlaqi keyfiyyətləri xarici ölkələrdəki həmkarlarına, qələm yoldaşlarına da bəlli idi...

1989-cu ildə Zeydulla müəllim ABŞ-da uzunmüddətli ezamiyyətlərdə olarkən dünya şöhrətli Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi məşhur yazıçılarla şəxsən tanış olmuşdu. Sonralar onlarla məktublaşar, ədəbi əlaqələrini bu və digər şəkildə davam etdirərdi. Hətta Ayzek Əzimovun sağlığında Nyu-York şəhərindəki evində şəxsən qonağı olmuş, ondan maraqlı müsahibə götürmüşdü. Səmimi söhbət zamanı görkəmli fantast yazıçı - Ayzek Əzimov Zeydulla müəllimə etiraf etmişdi ki, o, əslən Azərbaycanın Quba rayonundandır.

Amerika səfərindən sonra Zeydulla müəllim öz həmkarları ilə söhbətlərində, eləcə də mətbu yazılarında soykökü Quba yəhudilərindən olan Ayzek Əzimov kimi nəhəng şəxsiyyətlərdən Azərbaycan həqiqətlərini dünyaya yaymaqda istifadə etməyin necə əhəmiyyətli olduğunu vurğulayırdı.

Zeydulla Ağayev Azərbaycan-ABŞ əlaqələrinin yorulmaz, fəal tədqiqatçısı idi. Bu sahədə xidmətlərinə görə ABŞ-ın Luiziana ştatının Fəxri vətəndaşı adına layiq görülmüşdü. Dəfələrlə ABŞ-da elmi ezamiyyətlərdə olan alim iki il ərzində Vaşinqton və Kaliforniya universitetlərində çalışaraq elmi araşdırmalar aparmışdı. Eyni zamanda Los-Anceles Universitetində mühazirələr oxumuşdu.

Zeydulla müəllim Allahın ona bəxş etdiyi istedadla yanaşı, çox səmimi dost, alicənab insan idi. Ehtiyacı olanlardan heç vaxt əlindən gələn köməyi əsirgəməzdi. Sanki Allah-Taala ona yaşından xeyli gənc görünməyi ürəyinin saflığına, düzlüyünə görə mükafat olaraq vermişdi.

Bu yaxınlarda Azərbaycanın xalq şairi Nəriman Həsənzadə ilə Zeydulla müəllim haqqında söhbət edərkən dedi ki, onun gənc və şux qalmasının səbəbi xeyirxahlığından irəli gəlirdi. Zeydulla Ağayev çox cəfakeş alim idi.

Azərbaycanın adını onun hüdudlarından uzaqlarda zirvəyə qaldıran vətənpərvər ziyalı, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev 1945-ci ildə Masallının axarlı-baxarlı Qəriblər kəndində dünyaya göz açmışdı. Uşaq vaxtı o da öz yaşıdlarıyla Şır-şır bulağın dişgöynədən suyundan içmiş, Təkkeçidin dar, taxta körpüsündən keçib Dəmbəlovun zirvəsinə çıxmışdı. Buradan İstisu ətrafı zümrüd rəngli palıd meşələrini, qıvrıla-qıvrıla dağların qoynundan dənizə can atan Viləş çayının gözoxşayan mənzərələrini seyr etmişdi.

Zeydulla Ağayev rayon mərkəzində orta təhsilini başa vurandan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş, ali təhsilini 1968-ci ildə uğurla bitirmişdir. Elə həmin təhsil ocağında 1969-cu ildən 1983-cü ilədək çoxtirajlı "Bilik" qəzetinin redaktoru, 1983-cü ildən 1994-cü ilədək Azərbaycan Dillər Universitetində tərcümə kafedrasının müəllimi, baş müəllimi, dosenti, sonra professoru, 2000-ci ildən 2005-ci ilədək Azərbaycan Dillər Universitetində elmi işlər üzrə prorektoru, 2007-2009-cu illərdə Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

Zeydulla müəllimin yazıçı kimi imzası ötən əsrin 80-ci illərindən Azərbaycan oxucusuna "Məhəbbət nəğməsi", "Beş günün intizarı", "Yenilməzlik", "Dünyanın düz vaxtı" və s. nəsr kitablarından çox yaxşı tanış idi. Bu əsərlərdə yazıçının toxunduğu problemlər demək olar ki, indi də öz aktuallığını itirməyib.

Öz orijinal nəsr əsərləri ilə yanaşı, o, həm də gözəl mütərcim idi. Tərcümə ədəbiyyatı sahəsində də böyük uğurlara imzasını ataraq,  Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey, Ayra Levin, Somerset Moyem, Ayzek Əzimov, Elton Sinkler, Con Sommerfild, Artur Heyli kimi dünyaşöhrətli böyük yazıçıların roman, povest və hekayələrini dilimizə çevirib çap etdirmışdır.

1988-ci ildə "Yazıçı" nəşriyyatında çapdan çıxmış tanınmış ABŞ yazıçısı Artur Heylinin "Aeroport" romanı milli ədəbiyyatımızın tarixində birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərdir. On il sonra Zeydulla müəllim oxuculara Ayra Levinin "Ölümqabağı öpüş" romanını (Bakı, Hərbi nəşriyyat, 1998) təqdim etdi. Zeydulla müəllim mənimlə söhbətlərində deyərdi ki, tərcüməçi əsər müəllifinin tale söykəncidir.

Bədii ədəbiyyat tərcüməsində kamil sənətkar zirvəsinə yüksələn Zeydulla müəllim Azərbaycan yazıçılarının hekayə və pyeslərini ingilis dilinə çevirib "Modern Azerbaijan Prose" (Bakı, Azərnəşr, 2003) kitabını çap etdirmişdi. Bu kitaba İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının əsərlərindən ingilis dilinə tərcümə etdiyi nümunələri daxil etmişdir.

Onun rəhbərliyi və təşəbbüsü ilə Səmyel Uimzin "Ermənistan - terrorçu "xristian" ölkəsinin gizlinləri" (Bakı, Azərnəşr, 2004) ingiliscədən tərcümə olunaraq rus dilində böyük tirajla çap edilmiş, MDB məkanında olan ölkələrdə yayılmışdır. Yeri gəlmişkən qeyd edək ki, bu kitabda erməni millətçiliyinin iç üzü tutarlı faktlarla ifşa olunur...

2005-ci ildə Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin "Qisas" povesti əsasında yazdığı "Haray" faciəsinin Azərbaycan Dövlət Gənclər Teatrında tamaşası göstərildi. Bakıda və Masallıda 60 illiyi ərəfəsində nümayiş etdirilən bu yeni səhnə əsəri tamaşaçılar və teatr mütəxəssisləri tərəfindən çox rəğbətlə qarşılandı. Bu faciə əsəri faşist Almaniyası üzərində qələbənin 60 illiyinə həsr olunsa da, bu çağımızla səsləşir, "Qara bağrımız nə vaxt nicat tapacaq?", - deyə haray çəkən qadın qəhrəmanı, sanki Azərbaycanın erməni faşizminin işğalı altında olan Qarabağı azad etməyə çağırır... Zeydulla müəllim özü də etiraf edirdi ki, bu səhnə əsərində baş verən hadisələri Qarabağla bağlamaq məqsədi güdüb...

Zeydulla müəllim 2005-ci ildə Sarəngin həyat və yaradıcılığı haqqında qələmə aldığım "Yarımçıq qalmış şikəstə" kitabıma rəy verib, "Doğma yurda övlad məhəbbəti ilə..." başlıqlı ön söz yazdı. Və təkcə rəy verib ön söz yazdı və dedi: "Əlim yüngüldür, bu kitab tez nəşr ediləcək".

Doğrudan da, əli yüngül oldu. Tarix elmləri doktorları Musa Quluzadə, Anar İsgəndərli, şair İlham Novruzoğlunun dəstəyilə həmin kitab işıq üzü gördü.

Zeydulla müəllim deyərdi: "Məncə, şöhrət naminə vətəndən, onun dərd-sərindən üz döndərmək, yazmamaq elə vicadanın səsini eşitməmək kimi bir şeydir...".

Dörd il əvvəl amansız ölüm 68 yaşlı görkəmli alimin, gözəl insanın, cəfakeş müəllimin, mehriban atanın, sevimli babanın ömrünə son qoydu. Ölüm xəbəri onu yaxından tanıyanları çox sarsıtmışdı.

Azərbaycanın görkəmli ədəbiyyatşünası, folklorşünas-professor Qəzənfər Paşayev "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi "Tələbəm haqqında vida sözü" məqaləsində yazırdı: "Mən namizədlik dissertasiyası müdafiə edəndə çox cavan olsa da, yaradıcılığımı ilk işıqlandıran unudulmaz tələbəm Zeydulla oldu. Məqaləyə qeyri-adi ad qoymuşdu: "Yolun pambıq olsun". Fani dünya keşməkeşlidir. Nə edəsən ki, "həyat daimidir, insan amanat"... Ədəbi əlaqələr sahəsində danılmaz xidmətləri olan tanınmış alim, yazıçı və tərcüməçi, qürur duyduğum sevimli tələbəm aramızdan tez getdi. Təsəllini onda tapırıq ki, o, fundamental elmi əsərləri, tərcümələri və bədii əsərləri ilə bizimlədir".

Allah rəhmət eləsin! Adına, şəxsiyyətinə və əziz ruhuna böyük ehtiramla...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!