"Kürsü" layihəsinin qonağı mərhum, həmişəyaşar şairimiz Əli Kərimin oğlu - filologiya elmləri doktoru Paşa Əlioğludur

Ədəbiyyat özü də bir həyatdır...

 

- Paşa müəllim, ondan başlamaq istərdim ki, sizcə, bu gün Əli Kərim yaradıcılığı, irsi insanlara lazımi qədər çatdırılırmı?

- Əli Kərim yaradıcılığının Arif Abdullazadə, akademik Tofiq Hacıyev, Cavanşir Yusifli, Vaqif Yusifli kimi çox dəyərli tədqiqatçıları olub. Amma siz deyən səviyyədə çatdırılmasında, təbii ki, problemlər var. Ümumiyyətlə, bu gün ədəbiyyat tariximizin insanlara çatdırılması məni və yəqin ki, bir çox ziyalılarımızı qane etmir. Sanki sovet dövründə birinci cərgədə olan məsələlər indi arxa cərgəyə keçib. Layiq olmayanlar isə ön sıradadırlar. Ədəbiyyat bizim milli varlığımız olduğuna görə, mən buna çox ciddi yanaşıram. Onun ədəbi irsi ilə ən çox məşğul olanlardan, Əli Kərimşünaslardan biri elə mən özüməm. Mən Əli Kərimin bütün ədəbi irsini oxuculara, tədqiqatçılara çatdıraraq öz borcumdan çıxdığımı düşünürəm. Amma Əli Kərimin şeirlərini əzbər bilən, ümumiyyətlə, ədəbiyyatla yaşayan əvvəlki nəsil indi yoxdur. İndi, sanki ədəbiyyatın əvəzinə başqa şeylər meydana çıxdı. Məncə, bunlara yol vermək olmaz. Bütün dünya xalqlarının ədəbiyyatı var, onların heç birinin əhəmiyyətini kiçiltmək olmaz. Amma Azərbaycan xalqının ictimai fəlsəfi fikri, tarixi yaddaşı bir sözlə, nəyi varsa, hamısı onun ədəbiyyatındadır. Ədəbiyyat bir xalqın milli varlığıdır. Buna görə də mən təkcə Əli Kərim irsinin yox, ümumən ədəbiyyatımızın xalqa çatdırılmasından razı deyiləm.

- Bir müddət əvvəl 100 nəfər ədəbiyyat mütəxəssisi arasında keçirilən sorğuda Əli Kərim müxtəlif şeirləri ilə ən çox bal yığan şair olmuşdu. Bəs Əli Kərimin cəmiyyətdə insanlar tərəfindən tanınması necə, qənaətbəxşdir?

- Cəmiyyətin içərisindən açıq deyim ki, xəbərim yoxdur. Çünki mən elm adamıyam, iş otağımdan, hətta istirahət günləri, tətillərdə belə, çıxmağa vaxtım olmur. Düzdür, bu, bir az yaxşı səslənmir, amma mənim xalqdan xəbərim yoxdur. Öz işimlə məşğulam. Lakin xalqın içərisində Əli Kərimin şeirlərini əzbər bilənlər də var. Xüsusilə yeni dövrün gənc nəsil təmayüllərinin də içərisində Əli Kərimi yaxşı tanıyan və sevən adamlar görmüşəm. Amma bütövlükdə ümumi mənzərəni deyə bilmərəm. Mənim üçün bu çox çətin sualdır.

- Siz özünüz də filoloqsunuz. Əli Kərim yaradıcılığının spesifikliyini necə xarakterizə edərdiniz? Sizcə, Əli Kərim cazibəsi nədir?

- Əli Kərim yaradıcılığını dəyərləndirmək üçün ona öz dövrünün kontekstindən yanaşmaq lazımdır. Təbii ki, Əli Kərim poeziyaya gələndə çox böyük şairlərimiz vardı. Ancaq Əli Kərim o vaxtkı dövrün pafoslu şeirinə bir predmetlik, ahəstəlik, yeni intonasiya  gətirdi. Və Əli Kərimin poeziyası mən demək istərdim ki, klassik ədəbiyyatımızla da sıx surətdə bağlıdır.

Şeirə, poeziyaya gəlməsi haqqında "Sənət eşqi" adlı şeirində "döydüm Füzulinin qapısını mən" deməklə o, həm də Füzulidən icazə alaraq şeirə gəlməsini ifadə edib. Nəsimi haqqında da gözəl şeiri var. Yəni o, klassik ədəbiyyatı gözəl bilirdi və eyni zamanda ordan da çıxış edirdi. Eyni zamanda Əli Kərimin şeirləri mövzu şeirləri, fikri poeziyası idi. O, hər bir şeirini bədii kəşflər üzərində qururdu. Buna misal kimi "Babəkin qolları" şeirini göstərmək olar. Sən demə, Babəkin qolları hələ də döyüşür. Bundan başqa, onun şeirlərində mövzu bitmir, şeirin sonu olmur. Onun ata haqqında şeirində deyilir: Sevgisi də soyuq idi, təzə əkini hər bəladan hifz edən qalın qar kimi. Şair bununla soyuq qarın əkini yaz fəsli üçün hifz edən soyuqluğunda bir məhəbbət kəşf etmişdi. Və yaxud da başqa bir şeirində deyilir: Yerdən göyə yağır qar. Biz hamımız bilirik ki, çovğunlu havada qar göydən yerə, sağa, sola yağır. Əli Kərimin bu cür poetik tapıntıları əlli, altmışıncı illər üçün göydəndüşmə idi. Bütün bunlar Əli Kərimin ardınca gələn bir çox gəncləri axtarışlara sövq etdi. Pafosdan, Lenin, Stalin tərifindən yorulmuş poeziyanın yaxşı mənada müəyyən istiqamətə yönəlməsində onun şeirlərinin rolu oldu. O, ideologiyadan, partiyadan uzaq adam idi.

- Ümumiyyətlə, Əli Kərim azad insan idi...

- Bəli, azadlığı sevirdi. Moskvada təhsil alması onun azadfikirli olmasına da çox kömək etmişdi. Orada çox böyük mühit görmüş, sənətkarlarla rastlaşmışdı. Bütün bunların hamısı onun dünyagörüşünə təsir eləmişdi. Və bizi də məhz bu cür ruhda böyütmüşdü. Onun daxili azadlığı şeirlərinin hamısına sirayət etmişdi.

O, çox zarafatcıl adam idi. Bəzən dostları ətrafına yığıb elə zarafatlar edirdi ki, hamı gülürdü, amma onun dodağı da qaçmırdı. Bəzən də elə incə yumorla fikrini ifadə edirdi ki, həmsöhbəti onu bəlkə də, bir həftədən sonra anlayırdı. Çünki yumorunun da içərisində faciə, dram, həyat hekayəsi olurdu. Və sizə deyim ki, o, elə həyatında da belə idi.

- Əli Kərimin şeirlərindən, onun haqqında yazılan yazılardan da hiss olunur ki, xaraktercə çox həssas və dalğın adam olub...

- Əsl şairə xas dalğınlığı vardı. Maraqlı bir müşahidəmi deyim. O, dəqiqələrlə, saatlarla səmaya, ağaca, dənizə baxıb düşünə bilirdi. Və yəqin ki, baxa-baxa yazaçağı mövzunu düşünürdü. Hətta adamlarla danışanda belə, bəzən fikri gedirdi. Və çox az danışan adam idi. Elə olurdu ki qarşısındakı adam saatlarla danışırdı, o isə dinləyirdi. Atam rəhmətə gedəndən sonra Əli Kərimin ən yaxın dostuyam deyən həddindən çox adamlar meydana çıxdı. Mən onda təəccüb elədim ki, bu cür az danışan adamın necə olub ki, bu qədər çox dostu olub. İnsanları, onların ağrılarını çox dərindən duyurdu. Bir dəfə yadıma gəlir ki, Şimali Qafqaza dincəlməyə getmişdik. Orda dağətəyi çəmənlikdə bir qəbiristanlıq vardı. Hər qəbrin altında da bir-iki kəlmə səmimi söz yazılmışdı. O, həmin sözlərin bəzilərini dəftərə köçürür, bəzilərini isə diqqətlə oxuyurdu. Deyirdi görürsən bu qəbirdə yazılan sözdə bir poemanın ağrısı var. Onun üçün hər qəbir mənalı bir insan taleyi, bir kitab idi.

- Əli Kərimin ən yaxın dostları kimlər idi?

- Dostları çox idi. Sabir Əhmədli, Altay Məmmədovla mənən çox yaxın idilər. Amma elə ən yaxın dostu Altay Məmmədov idi. Onun ailəsi ilə bizim ailəmiz bir evli kimi olmuşuq. Elə indi də eləyik. Atam rəhmətə gedəndən sonra Altay müəllim bizim ailəmizə ən çox gəlib-gedən və bizə kömək edən adamlardan biri olub. Bizi heç vaxt unutmayıb, biz də onları unutmamışıq.

- Əli Kərim Camal Yusifzadənin kitabına "İntellekt və poeziya" adlı ön söz yazıb və intellektual şeir anlayışından ilk dəfə Əli Kərim bəhs edib. Ümumiyyətlə, isə Əli Kərim çox intellektual mütaliəsi olan şair olub. Maraqlıdır, əsasən kimləri və nələri mütaliə edirdi, kitabxanasında hansı müəlliflərin kitabları olurdu?

- Açığı, bəzən mənə elə gəlir ki, o, yazmaq yox, oxumaq üçün dünyaya gəlmişdi. Səhərdən axşama qədər kitab oxuyurdu. Moskvada təhsilini başa vurub qayıdanda böyük bir kitab yükü ilə gəlmişdi.

- Təxminən nə qədər kitab olardı?

- Bir kitabxanalıq kitab gətirmişdi. Bunların içərisində lüğətlər də vardı. Mütaliə zamanı özü də həmin lüğətlərdən istifadə edirdi, bizə də öyrədirdi. Rus klassiklərindən Dostoyevskinin, Tolstoyun, onun özünün müasirləri olan şairlərin kitablarını, çox sevdiyi Şekspirin çoxcidliyini özü ilə gətirmişdi. Və onların hamısını gecə-gündüz oxuyurdu.

Sizə bir maraqlı əhvalat deyim. Mən birinci sinfə gedirdim. O vaxt birincilər onunculara, onuncularsa birincilərə hədiyyə bağışlayırdı. Mənim sinif yoldaşlarımın hərəsinə gözəl bir hədiyyə, gül dəstəsi, mənə isə kitab vermişdilər. Çox böyük peşmanlıqla həmin kitabı evə gətirdim. Mənə elə gəldi ki, hədiyyə baxımından uduzmuşam. Amma o mənə dedi ki, ən gözəl hədiyyə sənin payına düşüb.

- Əli Kərimin yaradıcı insan kimi ən gözəl xüsusiyyətlərindən biri də cansız əşyaları canlı görə bilmək, hiss etmək bacarığı, üstünlüyü olub...

- Doğrudan da, onun əşyalara qarşı bir şair münasibəti olub. Şeirlərini oxuyarkən bir də baxırsan ki, anidən hər şey dəyişir. Misal üçün, Van Qoqla bağlı şeirində təxminən fikrini belə ifadə edir: "Günəş o qədər Van Qoqun başına şaxıyır ki, onun üz-gözündən də günəş tökülür". Bunun özü Əli Kərimə xas fikirdi.

- Məişətdə istifadə olunan maşın, təyyarə, buruq kimi texniki sözləri də o, asanlıqla poeziyaya gətirərək asanlıqla oxuculara qəbul etdirə bilmişdi...

- Əli Kərim gündə gördüyümüz əhvalatları, texniki terminləri asanlıqla poetikləşdirə bilirdi. Əsl şairlik istedadı, XX əsr poeziyası elə məncə, bu idi. Yəni poeziya, təbii ki, təbiətdə də, məhəbbət də, həyatda da var. Amma XX əsrdə məlum oldu ki, texnikanın özündə də bir poeziya varmış.

- Paşa müəllim, Azərbaycan poeziyasında Nəsimidən gələn bir xətt var. Nəsimi, Müşfiq, Əli Kərim, müasir dövrdə isə Vaqif Cəbrayılzadə əsl şair obrazı kimi qeyd olunur. Bu şərti bölgünü necə qiymətləndirirsiniz?

- Mənə belə gəlir ki, şair həm də şəxsiyyət olmalıdır. Onun təkrarolunmaz obrazı, şəxsiyyət və yaradıcılığı ayrılmaz olmalıdır. Şairin poeziyası nə qədər sevilirsə, təkraraolunmaz obrazı da o qədər sevilməlidir. Ancaq şeirin ayrı, müəllifin də ayrı olduğunu tez-tez görürük. Bunu da qəbul etmək lazımdır. Misal üçün, Nəsimin həyatı ilə yaradıcılığını birləşdirən onun faciəli ölümü olub. Və yaxud da Müşfiqin yaradıcılığını onun taleyindən ayrı təsəvvür etmək mümkün deyil. Nə qədər istəsən də bunları bir-birindən ayıra bilmirsən. Görünür, ədəbiyyat özü də bir həyatdır. Mənə elə gəlir, əsl şair həm şeirdir, həm taledir.

- Puşkin, Yesenin, Müşfiq elə Əli Kərimin özü də şairlik missiyasını başa vurduqdan sonra tale xətləri yarıda qırılıb. Və sanki burada Tanrının da müəyyən əli olub. Siz özünüz Əi Kərimin şair kimi missiyasını başa çatmış hesab edirsiniz?

- Açığı, bu mənim üçün çox çətin və fəlsəfi suldır. Biz də, Əli Kərim özü də istəyərdi ki, daha çox yaşayıb-yaratsın. Ancaq o, bəlkə də, öz yeni havasını ədəbiyyata gətirməklə əsas missiyasını artıq yerinə yetirmişdi. Ola bilərdi ki, ədəbiyyat sahəsində başqa şeylər də edərdi. Amma onun bir neçə şeiri var ki, onlar hər zaman yaşayacaq. Əgər missiya onlardan ibarətdirsə, onda yerinə yetmiş hesab etmək olar.

- Altay Məmmədovun "Tanıdığım Əli Kərim" kitabında Əli Kərimin şəxsən hörmət duyduğu insanlar olub. Bunlardan biri də Rəsul Rza olub...

- Rəsul Rza ilə münasibətləri çox yaxşı olub. Onun özündən yaşca böyük bir neçə insana dərin hörməti olub. Onlardan biri Rəsul Rza, digəri isə Əhməd Cəmil idi. Onlara ağsaqqal kimi çox hörmət edirdi. Atam dəfn olunanda Rəsul Rza xeyli cəhd göstərib ki, o, Göyçayda dəfn olunsun və həmin yer parka çevrilsin.

- Məzarı ilə bağlı son vaxtlar narahatlıqlar vardı.

- Göyçayın İcra başçısı çalışırdı ki, onun məzarını parkdan çıxarsın. Mən də onunla əlaqə saxladım, bildirdim ki, şairə qarşı belə hörmətsizlik olmaz. Sonradan bildim ki, bizim ordakı qohumlarımıza qarşı da təzyiqlər olub. Halbuki, elə Heydər Əliyevin dövründə həmin park elə Əli Kərimin məzarına görə yaradılmışdı. Ən dəhşətlisi isə indi də parkın üzərinə Əli Kərimin adı yazılımamasıdır. Bir kənarda xırda hərflərlə 1979-cu ildə hökumətin qərarı ilə parka atamın adının verilməsi vurğulanıb.

- Atanız ailədə şeirlərindəki kimi dalğın idi?

- Xeyr. Bizə münasibətdə çox diqqətli və həssas idi. Bizimlə oynayardı. Bizi kinoya, teatra, gəzməyə aparardı. Mənə gündəlik tutdurardı, hamısını bir-bir oxuyardı. Kitabxanadan götürdüyüm kitablarla maraqlanardı. Son illərində Canni Rodarinin "Telefonla danışılan nağıllar" kitabını tərcümə eləmişdi. Yadıma gəlir ki, bizi həyətdən çağırıb o nağılların hamısını bir-bir bizə oxuyar, münasibətimizi bilmək istərdi. Biz də özümüzü böyük hiss edərdik.

- Bir çoxları onun ölümündə içkinin əsas amil olduğunu hesab edir, amma Əli Kərim xəstə idi...

- Atamın qanında tromblaşma olub. Əgər vaxtında həkimə getsəydi, müalicə olunsaydı, sağala bilərdi. Amma həkimə getməyib, iynə-dərmanı heç sevməyib. O vaxtın adamları indikindən fərqli olaraq, çox nadir hallarda xəstəxanaya gedirdilər. Rəhmətə gedən günü də həkimə getmək istəmirdi. Orxan adlı balaca qardaşım vardı. İndi rəhmətə gedib. Atam onu çox istəyirdi. Deyirdi, mən həkimə getsəm, o, gecə mənsiz yata bilməyəcək.  Həmin günü yaxşı xatırlayıram. Anidən özünü pis hiss etdi, dedi qolum ağrıyır. Qonşumuz Cabir Novruzun anası ona iynə vurdu, amma vəziyyəti yaxşılaşmadı. Həkimə aparmalı olduq. Orda da dedilər ki, xəstəxanada yatmalıdır. Elə həmin gecə də rəhmətə getdi.

- Əli Kərimin ailə motivli şeirləri, oğlanlarının adını çəkə-çəkə yazdığı şeirlər olub. Və bir də "Vəsiyyət" şeiri olub... Bu gün baba statusunda olan oğul kimi həmin şeirləri oxuyanda hansı hissləri keçirirsiniz?

- Çox çətin sualdır. Müxtəlif zamanlarda müxtəlif cür təsir edir. Hətta bəzi məqamlarda o şeirləri oxumaq ehtiyacı hiss edirəm. Hamımız insanıq və həyatın müxtəlif məqamlarında özümüzü başqa cür hiss edirik. Əli Kərimin hər şeirinin öz yeri, öz fəsli, yada düşmə vaxtı var. Məndə ən çox nostalgiya hissləri yaradır. Onun "Buruq" adlı şeiri var. Mənim həyat tərzimə həmin şeirin çox böyük təsiri olub. O, buruğu canlı insan kimi təsəvvür edib. Heç kimin nəzərində olmayan həmin buruq daim öz işindədir. İnsanlara lazım olan xeyri verir və heç kimin minnətdarlığı ona lazım olmur. Əslində, insan da belə olmalıdır. Həmin "Buruq" şeirindəki prinsip mənə çox sirayət edib.

- Əli Kərim bir ata kimi, ən çox hansı xüsusiyyəti ilə yadınızda qalıb?

- İnsanlara qarşı humanist münasibəti, onlara fərq qoymaması  mənə çox təsir edib. Bu prinsip mənim də qanıma yeriyib. Yəqin ki, bu, ədəbiyyatdan, mədəniyyətdən gələn məsələdir. Amma həm də elə insanlıq budur. Bəzən onun zamanında arzuladığı şeylərin sonradan baş tutması, yerinə yetməsi mənə qəribə gəlir. Düşünürəm ki, bax bunun belə olmasını çox arzulamışdı, amma yerinə yetməsini görə bilmədi. O, həmişə gələcəyi düşünən adam idi. Arzularının həyata keçməsini özü görməsə də, ruhunun hiss etdiyini düşünürəm.

Söhbətləşdi: Samirə Əşrəf

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!