Sənətdə əsas şərt təbiiliyi qoruyub saxlamaqdır... - "Dördüncü divar" layihəsinin qonağı aktrisa, əməkdar artist Dilarə Əliyevadır

 

- Dilarə xanım, 1994-cü ildə İncəsənət Universitetinin aktyorluq fakültəsindən məzun olmusunuz. On ilə yaxın isə İrəvan Dövlət Teatrında peşəkar aktrisa kimi fəaliyyət göstərmisiniz. Amma tamaşaçı sizi ilk olaraq aparıcı kimi tanıyıb qəbul etdi. Bu, televiziyanın, efirin teatrı üstələməsi faktı olmasın?

- Elə siz deyən kimi də oldu.  Əslində, günü bu gün də məndən soruşsanız ki, qeyd etdiyiniz sahələrdən hansını daha çox tərcih edirsiniz, sevirsiniz, mən teatrın adını çəkəcəm. Çünki teatr mənim üçün tamamilə fərqli bir yerdir. Və mən teatrı həddindən artıq çox sevirəm. Sözünüzün qüvvəti onu da deyim ki, aktrisa kimi mən teatrda edə biləcəklərimin heç birini edə bilməmişəm. Bunun üçün münbit şərait yaranmalı, normal atmosfer olmalıdır ki, teatrla yaşamaq mümkün olsun. Ümumiyyətlə, yaradıcılıq taleyim elə gətirdi ki, televiziya məni nəinki teatrdan, bir çox sahələrdən uzaqlaşdırdı. Televiziyada hazırlanan həftəlik verilişlər, onlara sərf olunan enerji insanın xeyli istedadını və gücünü çəkib aparır. Bütün bu gedənlərin yeri sonradan loru dillə desək dolmalıdır ki, insanı ilk gündən kəşf edib sevən tamaşaçı təəssüf hissi yaşamasın. Bunun üçün də insan hər saniyə öz üzərində işləməyi bacarmalıdır. Artıq on səkkiz ildir ki, televiziyada veriliş aparıram. Günü bu günə qədər hələ bir dəfə də verilişlərimə hazırlıqsız çıxdığımı xatırlamıram. Yəni bu, mümkün deyil.

- Bu hal peşəkarlıqdır, ya sənətə sevgi? Bəlkə, aktrisalıq sevginizi bu istiqamətə həsr edirsiniz?  

- Çox incə məqama toxundunuz. İstər peşəkarlıq məsuliyyəti, istər sənətə sevgi və digər məsələlər vəhdət halında olmasa, uğur qazanmaq mümkün deyil. Mən hansı işi öhdəmə götürmüşəmsə, ona məsuliyyətsiz, qeyri-peşəkar münasibətlə yanaşa bilmərəm. Həm daxili məsuliyyət hissi, həm də sənətimə sonsuz sevgim məni diqqətli olmağa vadar edir. İnsanların mənə olan inamını həmişə doğrultmaq istəmişəm. "O vaxtı, vaxt vardı" kimi sözlərdən zəhləm gedir. Sənətin o vaxtı yox, indisi olmalıdır. Nə zaman ki, kənara çəkilmək, gedib yenidən mənəvi güc yığıb qayıtmaq lazımdır, o vaxt yaradıcılıq həyatıma fasilə verirəm. Ümumiyyətlə, yaradıcı insanların dönüşünü yenidən möhtəşəm edə bilmək üçün bu kimi fasilələrə ehtiyacı olur. Bu baxımdan gördüyüm bütün işlərin içərisində teatra olan sevgim var. Və zaman-zaman kaş ki, gördüyüm işlərdən teatra da pay verə bilsəydim və yaxud da teatrdan nələrsə ala bilsəydim deyə düşünürəm.

- Hal-hazırda yayımlanan "Baldız" serialının son bölümlərində bir səhnə vardı, sizin yaratdığınız obrazın üzüyü itir və o, dəhşətli dərəcədə hayqıraraq ağlayır. Həmin iki, üç dəqiqədə sizin ifanız, Medeyanı, Fedranı və digər faciəvi obrazları xatırladır və faciə rollarının ifaçıları olan həmkarlarınızdan heç də geri olmadığınızı göstərir. Heç faciəvi rol ifa etməyi düşünmüsünüz?

- Mən hərdən düşünürəm ki, yumor hissi olan komediya aktrisaları faciəvi rolları daha yaxşı ifa edə bilərlər. Çünki mənə görə ən çətin və ciddi janr komediyadır. Qədərində, tamaşaçını yormadan, özündən uzaqlaşdırmadan güldürməyi də hər adam bacarmır. Adi bir lətifəni yüz adam danışar heç kim gülməz, amma bir adam danışsa, milyonlar gülə bilər. Əlbəttə ki, faciəvi rol ifa etmək arzusu ürəyimdən keçib. Ancaq sonralar tədricən bu hissimi, istəyimi içimdə öldürmüşəm. Çünki bu komediya filmlərində elə oyunlar çıxardıq ki, çətin ki, bir də mənə faciəvi rol həvalə etsinlər (gülür).

- Bildiyimə görə, rollarınıza qarşı çox həssassınız və onları xeyli müddət yaşaya bilirsiniz. Ümumiyyətlə, bir ampluadan digərinə keçmək çətinlik yaratmır?

- Çətin olur. Amma aktyorluğun peşəkarlığı da ondan ibarətdir ki, o, nə edəcəyini, nə deyəcəyini və qarşı tərəfdən nə eşidəcəyini elə peşəkar səviyyədə etməlidir ki, sanki onun etdikləri indicə baş verir və həyatın özü qədər inandırıcı olur. Bu baxımdan təbiiliyi qoruyub saxlamaq mütləqdir. Təbii ki, yaxşı aktyor həyəcanlanmağın, ağlayıb isterikaya düşməyin texnikasını bilir. Amma bütün bunları bildiyi halda heç olmasa məşqlərdə bircə dəfə o səhnə yaşantılarını içəri ötürüb yaşamaq lazımdır. Sonra isə aktyor həmin yaşantını yadda saxlayıb imitasiya etməli, texnikaya çevirməlidir. Misal üçün, "Üç bacı" serialında ifa etdiyim istedadsız psevdo aktrisa rolunu ifa edirdim. Belə aktrisa rolunu ifa etmək üçün də kifayət qədər istedadlı olmaq lazımdır. Həmin aktrisa özü özünə gül alıb gətirir, özünü çox yüksək yerlərdə görür və.s. İnanın ki, o rolu ifa etmək çox çətindir.

- Yeri gəlmişkən, ətrafımızda elə aktrisalarımız, müğənnilərimiz də xeyli çoxdur...

- Samirə xanım, inanın ki, mənim bu günə qədər ifa etdiyim bütün rolların prototipləri olub. Mən prototipsiz xarakter oynamıram. Nişan qoyduğum insanı dəri altına qədər hiss etməsəm, tanımasam ifa edə bilmərəm.

- Deyəsən, yaxın adamlar da olur...

- Yaxın olmayanlar da olur. Özüm də yaxınlaşıram (gülür). Bəzən baxıram ki, aktrisalar bir-birlərindən imitasiya edirlər. Amma mahiyyətinə varmırlar. Mən isə prototipin mahiyyətinə varıram. Belə olanda obrazın içərisinə girib üzmək olur. Artıq sən bilirsən ki, bu xasiyyətin sahibi hansı reaksiyalara, emosiyalara malikdir. Bir də ki, aktyorluq sahəsini seçən insan kifayət qədər savadlı, elmin bütün sahələrindən xəbərdar olmalı, ən əsası isə psixologiyanı yaxşı bilməlidir ki, obrazlarını tapıb, tanıyıb müşahidə edə bilsin, öyrənsin. 

Bir müddət əvvəl Yudji O Nilin "Qarağaclar altında məhəbbət" əsərini səhnələşdirməyi, ordakı qadın xarakteri ifa etməyi çox istəyirdim. Ordakı obraz sevgilisi ilə qaçmaq üçün yenicə dünyaya gətirdiyi oğlunu, sevgilisi isə atasını öldürməlidir. Qadın gecəylə öz oğlunu öldürür, sevgilisi bunu biləndə qadının əməlindən dəhşətə gəlir, halbuki, bu qətli o özü ona məsləhət görmüşdü. İndi fikir verin ki, bir aktrisa həmin obrazın düşdüyü vəziyyəti yaşamaqdan ötrü hansı psixoloji qatlara enməlidir. Bir qadın bir kişini nə qədər sevməlidir ki, öz övladının ölümünə fərman verərək, əlləri ilə balasını beşikdəcə boğub öldürsün. Bu qadının xarakterini açmaq üçün, sonra bu rolu səhnədə doğru-dürüst ifa etmək üçün və öz obrazına bəraət qazandırmaq üçün görün haralara baş vurmaq lazım gəlir...

Əlbəttə, üzdən görünən dəhşətlidir. Bu qadını asmaq, güllələmək lazımdır. Yəni ən rahat seçim budur. Amma aktyor işinin çətinliyini, məsuliyyətini dərk etməlidir. Buna görə də rol üzərində iş mənim üçün çox əhəmiyyətli prosesdir. Tamaşada iştirak etmək, təzimə çıxmaq mənim üçün o qədər gəldiyim yol qədər maraqlı deyil.

- Fikir verirsinizsə, kişilərdən fərqli olaraq  qadın obrazlar bu cür situasiyalarda daha cəsarətli, daha emosional, həmçinin də qətlə gedəcək qədər amansız olurlar. Bəs, sizcə, bayaq dediyiniz kimi, xarakterin dərinliklərinə endikcə qatilə haqq qazandırmaq olur?

- Cəmiyyət olaraq bütün hallarda kiminsə ölümünə bais olmağa haqq qazandırmaq olmaz. Nə qədər də anlayışlı olsaq, sevgi faktorunu əsas götürsək də ortada bir qətl varsa güzəşt mümkünsüzdür. Səbəb nəticəni dəyişmir. Amma hər kəsin özünə görə, özünün yaşadığı bir həqiqəti var. Biz o insana çox məsləhət verə bilərik.  İnsana kənardan məsləhət vermək qədər asan iş yoxdur. Lakin, axı biz o insanın yaşadıqlarını heç yaşamamışıq. Zərərli vərdişləri olan insanları o yoldan çəkindirməkdən ötrü nələr edirik. Məgər həmin adam özü bilmir ki, tutduğu yol onun həyatı üçün təhlükədir, onu ölümə hər gün bir az da yaxınlaşdırır? Əlbəttə ki, bilir. Sadəcə olaraq, o, onu həmin yola aparıb çıxaran səbəblərin əlindən qaçıb həmin vərdişlərə sığınır. İnsanın psixoloqu onun içinin səsi olmalıdır. Bu səsi eşitmək isə insan üçün asan başa gəlmir. Bu baxımdan içinin səsindən məhrum olandan sonra qətl törədən istənilən insan, hətta  ən yaxın, ən doğma adam olsa belə, onun törətdiyi cinayətin heç bir şəkildə bəraəti yoxdur. Sadəcə olaraq, aktyor insanlıq halını elə yaşamalı, elə çatdırmalıdır ki, obrazına qazandırdığı bəraət tamaşaçının müəyyən mənada yumşalmasına, hisslərinin hərəkətə gəlməsinə rəvac yaratsın. Bunun üçün isə aktyor böyük olmalıdır.

- Dilarə xanım, sənət adamları sizin haqqınızda təxminən bu fikri bildirirlər: "istedadlı insandır, amma bu qədər şoulaşmayaydı". Bu təəssüf qarışıq fikirlə razısınız?

- Bu fikirləri mənim özümə də deyiblər. Ancaq başqa halda seçimimiz yoxdur. Vaxtilə mən özüm də kommersiya filmlərinə çəkiləndən sonra aktrisalıq potensialımı boş yerə xərclədiyimi düşünüb təəssüflənirdim. Ancaq aradan keçən uzun illərdən sonra artıq başqa cür düşünürəm. Bu qədər zaman ərzində incəsənətimizdə, kinomuzda, teatrımızda hansı böyük işlər baş verdi ki, mən şouda yox, həmin sənət ortamının, yaradıcı prosesin içərisində ola bilməməkdən təəssüf hissi duydum. Yəni hansı prosesdən kənarda və geridə qaldım. Təsəvvür edin ki, Dilarə Əliyevanın həyatında hazırladığı verilişlər, çəkildiyi kommersiya filmləri yoxdur və Dilarə də istedadlı qızdır. Nə dəyişəcəkdi? Dilarə Əliyeva evdə oturub özünü hansı günə saxlamalıydı? Digər tərəfdən, məgər şouda olan insan istedadsız olur? Mən etməyim, o biri etməsin, bəs kim etsin? Əgər mən bunu bacarıramsa, çoxluğun içərisindən fərqlənirəmsə, ortaya bir şeylər çıxırsa və bütün bunlar üçün böyük tamaşaçı ordusu yaranırsa, bunun nəyi pisdir. Yaxşı, onu da mən və ya digər bacarıqlı aktyorumuz etməsin, kim etsin? Onu da istedadsızların ixtiyarına buraxaq?  Ümumiyyətlə, istər şouda, istərsə də şoudan kənarda istedadsız insan olmamalıdır. Mənim yaratdığım şou söz oyununun şousu, xalqın baxdığı, sevdiyi lahiyələrdir. Xalqın sözü, sarkazmı, zarafatları mənim vasitəmlə elə xalqın özünə çatdırılır. İnanın ki, efirdəki pıçapıçlar, qeybət janrındakı zarafatyana sözlər mənim üçün çox əhəmiyyətsizdir. Bunlar mənə sadəcə olaraq, söhbəti qurmaq, şounu yaratmaq üçün vasitə rolunu oynayırlar. İndi bir çox sənət adamları serialların çoxluğundan da narazılıq edirlər. Amma bunlar hamısı gələcəyə dair inkişaf baxımından çox lazımlıdır.

- Və bir çox teatr aktyorları kamera qarşısında xeyli zəhmət çəkir, teatr pafosundan xilas ola bilmir...

- Əlbəttə, bu kimi hallar da olur. Serial aktyorun kamera ilə məşqi deməkdir. Siz fikir versəniz görərsiniz ki, serialın birinci bölümü ilə qırxıncı bölümü arasında aktyorların ifasında nə qədər fərqlər var. Digər tərəfdən, serialın uğuru təkcə aktyordan asılı deyil axı. Burda ssenarinin, rejissorun, tərəf-müqabilinin, montajın da əhəmiyyəti çox vacibdir. Ancaq gündəlik seriallarda bütün heyətin, xüsusilə də aktyorun həddindən artıq yüklənməsi də danılmaz faktdır. Gündəlik serialların bir çoxu dram janrındadır. Hər gün kimsə ölür, itkin düşür, dəli olur. Bütün bunları ifa etmək üçün aktyor hisslərini təkrar, təkrar işə salır. Bu isə onun beyni, ürəyi üçün çox böyük yükdür. Məhz bu məqamda teatr aktyorun köməyinə çatmalı, onu tamaşaçı ilə canlı ünsiyyətə çatdırmalıdır. Aktyor teatrda işləməli, orda yığdığı yükü gətirib kameranın qarşısında tökməlidir.

- Bir tərəfdən də siz həmin verilişlər vasitəsilə də özünüzü müəyyən mənada qorudunuz. Gəlin etiraf edək ki, Tünzalə Əliyeva, Xuraman Əlizadə kimi çox istedadlı aktrisalarımız bu gün teatrda yox, xınayaxdı məclislərindədilər...

- Mən sizə bir söz deyim. Filmlərdən, verilişlərdən aldığım qonorar mənə kifayət qədər bəs edir. Teatrlar bir aktrisa kimi məni maaş baxımından özünə heç vaxt cəlb etməyib. Kaş, elə bir əsər olaydı ki, mən televiziyada elədiyimin yarı faizini də gedib teatr səhnəsində edəydim. Misal üçün, "Generalın son əmri" tamaşasına Ramiz Həsənoğlu məni dəvət etdi. Mən də o biri işlərimi görməklə yanaşı, həm də gedib həmin tamaşada mənə həvalə olunan rolumun üzərində işlədim. Dörd aya yaxın biz hər gün məşqdə olurduq. Nə zamansa mənə uyğun xarakter olsa, yenə də gedib iştirak edə bilərəm.

- Ramiz Həsənoğlunun ekranlaşdırdığı "Cavid ömrü" filmində Cavidin həyat yoldaşı Mişkinaz xanımı canlandırmısınız. Filmdəki faciəvi məqamları yaşayaraq, ağrı ilə ifa etməyiniz hiss olunur.  Bu yaşantıda Mişkinaz xanımın taleyi daha çox rol oynadı, ya öz həyat təcrübəniz?

- Mişkinaz obrazı mənə tapşırılanda bu rolun öhdəsindən gələrək ifa etməyi çox arzulayırdım. Və nə qədər ki, mən bu dünyada varam, Anara, Ramiz Həsənoğluna olan təşəkkür borcum heç zaman bitməyəcək. Çünki onlar mənə inandılar. Mən bu obraz üzərində işləyərkən mənim arxamda çal-çağır verilişinin böyük tamaşaçı ordusu vardı. Onlar məni elə tanıyır, qəbul edib sevirdilər. Çal-çağırdan uzaqlaşıb tamam başqa bir dünyaya getmək, bu qədər məsuliyyətli bir işin altına girib Cavid kimi şəxsiyyətin həyat yoldaşını canlandırmaq üçün təpədən-dırnağa qədər özümü o işə həsr etdim.  Cavid haqqında kitabları, Mişkinaz xanımın yazdığı xatirələrin hamısını oxudum. İnanırsınız ki, aylarla dəhşətli, faciəli taleyi olan  bir qadının  həyatını yaşadım. Gecələr gözümə yuxu getmirdi. Başımı balışa qoyub saatlarla ağlayırdım. Əslində, aktrisa üçün bu, normal hal deyil, belə olmamalıdır. Aktyor rolunu ifa etməli, gülsə də, ağlasa da sonda üzünü silib getməlidir. Amma hisslərim məni oralara aparırdı.

Filmin çəkilişlərindən on iki ilə yaxın vaxt keçib, amma o film məndə necə sarsıntı yaradıbsa, bu günə qədər də Cavidlə bağlı tədbirlərdə mənə söz veriləndə gözlərim dolur, qəhərlənirəm. Yəni mən həmin obrazı həqiqətən də çox pis yaşadım. Ərtoğrulun erkən ölümü, dəfn zamanı çoxlarının qorxub tabuta yaxınlaşmaması, həmin məqamlarda Mişkinaz xanımın düşdüyü vəziyyət doğrudan da məni dərindən təsirləndirmişdi. Filmdə mənim oğlumu da qardaşım canlandırmışdı.

- Bir verilişdə qardaşınız Vüsal Murtuzəliyev sizin haqqınızda xoş sözlər söyləyir, sizsə kövrələrək onu özünüzün ikinci övladı hesab etdiyinizi vurğulayırsınız. Sizi kövrəldən, özünüzü ona bacı kimi yox, ana kimi hiss etdirən səbəblər nədir?

- Biz ailədə dörd uşağıq. Sonbeşiyimiz isə Vüsaldı. Vüsal məndən on yaş balacadır. Mənim on altı yaşım olanda atam rəhmətə getdi. Vüsal onda çox balaca idi. Və atamın itkisindən sonra bizim ailədə hamı ona qarşı həssas olmağa, atasız böyüdüyü üçün onu qorumağa çalışdı.

Biz aildə hamımız bir-birimizə qarşı möhkəm ailə hissləri ilə bağlıyıq, diqqətliyik. Amma Vüsala qarşı hamımızda qəribə bir həssaslıq, kədər var (kövrəlir).

Əslində, biz hamımız, elə Vüsal özü də deyib-gülən zarafatcıl insanlarıq. Sadəcə, həmin verilişdə Vüsal mənə təşəkkür etdi. O zaman mən kövrəldim. Çünki mən istəmirəm o, mənə təşəkkür etsin. Onsuz da Vüsal bunları bilir, təşəkkür etməsi lazım deyil. Həm də mən atamın ona edə bilmədiklərini etməyə çalışmışam.  Onun canının sağlam olması, ailəsində hər şeyin yolunda olması mənim ən böyük təşəkkürümdür.  O, bəlkə də atalı-analı böyüsəydi, mən bu qədər həssas davranmazdım. Vüsalın hansısa çətin anı olanda dərhal atamın rəhmətə getdiyi ərəfə gözümün önünə gəlir. O, heç nə başa düşmürdü və biz onun başını qatmağa çalışırdıq (kövrəlir).

- Yaradıcı ailəyə gəlin gəlmisiniz. Sizi ən çox qayınananız aktrisadan xəbər alırlar, onu isə sizdən. Amma ailənizdə həm də əməkdar artist, aktyor Vidadi Əliyev də var. Aktyor kimi Vidadi müəllimlə səhnə tandeminiz olub?

- Teatrda bir neçə dəfə olub. Ötən mövsüm "Baldız" serialının bir seriyasında da bir dəfə iştirak edib. Amma xüsusi olaraq olmayıb. Vidadi müəllim çox yaxşı dramatik aktyordu. Müsahibələrinin birində ona sual vermişdilər ki, Dilarə necə gəlindi? O isə cavab vermişdi ki, gəlin nədir, Dilarə mənim qızımdı. Bunu da qeyd edim ki, gəlin düşdüyüm ev mənim üçün əsl aktyorluq məktəbi olub. Qayınanamdan bir cür, qayınatamdan başqa cür öyrənmişəm. Elə Elçinin özü (Elçin Əlibəyli - S.Ə.) çox savadlı, intellektual insandır. O, Moskvadan kitablar sifariş edirdi, onları oxumağımı tapşırırdı. Sonra həmin kitablar ətrafında müzakirələr aparırdıq. Yəni mənim aktrisa kimi yetişməyimdə o evin rolu çox böyük olub.

- Dostoyevski, Markes, Pamuk sizin sevdiyiniz yazıçılardır. Maraqlıdır, onlar sizə nələr öyrətdi?

- Bilirsiniz, o cür müəlliflərin əsərlərini oxuduqca insan mənəvi cəhətdən dolu olur. Bu cür müəlliflər insan düşüncəsinə təsir edir. Onların əsərlərini oxuduqdan sonra ətrafda baş verənləri hamı kimi müzakirə etmək olmur. Daha dərinə nüfuz edərək, tamamilə başqa fərqli yerlərə gedib çıxırsan. Mütaliə insanın yaşam tərzini, baxış bucağını tamamilə dəyişmək gücündədir. Heç bir kitab oxumayan, mütaliəsi olmayan insanların söz ehtiyatı zəif olur. Bu zəiflik fikrə, düşüncəyə də təsir edir. İnsanlar var ki, öz fikri olsa da onu sözə çevirib çatdıra bilmirlər. Oxuduğum, sevdiyim bütün yazıçılar mənə çox mürəkkəb fikirlərin sadə dillə izah olunmasını öyrədiblər. Yəni mürəkkəb cümlə qurub danışmaq hələ dərin düşüncəyə dəlalət etmir. Mən oxuduğum kitablardan həm də Azərbaycan dilinin incəliklərini çox yaxşı mənimsəyə bilmişəm. 

Aktyorluq sənəti həm də tərtəmiz riyaziyyatdır. Aktyor hesablamanı o qədər dəqiq aparmalıdır ki, axırda aldığı cavab düzgün olsun.

Söhbətləşdi: Samirə ƏŞRƏF

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!