- İllər öncəsinə gedib Kamran Nəzirliyə gələn yoldan bəhs edək...
- Yol... nə gözəl! Sağ olun ki, yoldan başladınız. Nə qədər insan varsa, o qədər də yol var: qısa, uzun, əyri, düz, nə bilim, hamar, kələ-kötür, təzə, köhnə... bitmir... uçur, dağılır, tikilir, qurulur, sel-su aparır, yenə görürsən ki, yenisi yaranır. Təxminən insan da belədi. Mənim də öz yolum var, hələ ki gedirəm. Bu yol Şimali Azərbaycanın gözəl Astarasından başladı. Uşaq bağçası. Yuri Qaqarin, daha sonra Komarovun ölümünə ağlamağım. Rusdilli orta məktəbə getməyim. Rusca adımı soruşanda cavab verə bilmədiyimə görə rus qadın direktorunun məni məktəbə götürməməsi. Atamın nağılları. Xəzərin qumsal sahillərində saatlarla uzanıb sinif yoldaşlarımla "VEF" radioqəbuledicisindən İran musiqilərinə qulaq asmağımız - Ququş, Səttar, Humeyra... O taydakı bacı-qardaşlarımın yoxluğu-varlığı, məişəti, incəsənəti ilə maraqlanmağım. Anamın kitabları. Xalamın kitabxanası. Musiqi məktəbinə könülsüz getməyim. İlk fotoaparatım. İlk pianom. İlk konsertimdə Motsartın Polonezini çalmağım. İlk şeirimin rayon qəzetində dərci. Zemfira Musabəyovanın kimya dərsində "1" almağım, sonra da elə həmin müəllimimin təkidiylə Bakıya, respublika Kimya Olimpiadasına getməyim və 1-ci yeri tutub qalib kimi qayıtmağım. Zona üzrə respublika futbol yarışlarında oynamağım. "Qızıl sünbül" kubokunun final oyununda Kazbek Tuayevin 7 nömrəli formasında qol vurmağımın sevinci. Ali məktəb həyatı. Anamın qəfil ölümü. Tələbə ikən müəllim işləməyim. Radionun "Gənclik" redaksiyası isə əməkdaşlığım, "Neft Daşları"ndan reportajlarım. Elmi-ədəbi fəaliyyətim. Hekayə və tərcümələrimin qəzetlərdə çap olunması. Müəllimlərimin sevgisi və qayğısı. İlk sevgi. İlk kitab. Tbilisidə əsgərlik həyatı. "Krasnaya Zvezda"da ştatdankənar müxbirlik. Ailəm. Jurnalistlik fəaliyyətim. Məmurluq. Tərcüməçilik. Yazıçılıq. Bədii əsərlərimin, xəbər, oçerk və məqalələrimin Ümumittifaq mətbuatında dərci. Qonorarlarımın sevinci. Qarabağ bölgəsinə ezamiyyətlər, erməni separatçılarının gizli fəaliyyətindən reportajlar... mitinqlər dalğasına çırpılan qaynar gəncliyim və ... sovet hökumətinin sonu. Müstəqilliyimizin ilk illəri, Pakistanda qızmar günəş altında boru prokatı zavodunun qaynaqçı məftilləri arasında keçən darıxdırıcı tərcüməçilik fəaliyyətim... problemlər, qayğılar, burulğanlar, mürəkkəb və qeyri-müəyyən yollar, mübarizə, məğlubiyyət, itki, qazanc, məhrumiyyət, səbirli və səbirsiz gözləntilər, emosiya və sağlam düşüncə, kitablar, tərcümələr, simanı, şəxsiyyətini, ailəni və nüfuzunu qorumaq üçün çarpışmalar, üstəlik, yaradıcılıq və xidməti ezamiyyətlər, ölkələr, şəhərlər, insanlar... son on ilin dinc və sabit həyatı, nəhayət, Kamran Nəzirli... Bax, qısaca, belə bir yol gəldim... ayaq üstəyəm.
- Belarusda, o cümlədən bir çox ölkədə Azərbaycanı, ədəbiyyatımızı təmsil və təşviq etmisiniz. Tərcüməçi olmanız mətnlərinizi dünyaya çıxarmağa şərait yaradır... Sizcə, dünyaya çıxmaq üçün dil bilmək yetərlidirmi? Yaxud da bir mətni tərcümə etmək üçün dil yetərlidirmi?
- Əlbəttə, dil bilmək yaxşıdır və vacibdir. Allahıma və müəllimlərimə minnətdaram ki, məndə dilləri öyrənmək həvəsi oyadıblar. Ondan qalan şeylər insanın özündən asılıdır. Təkcə dil bilmək yetərli deyil, o cümlədən yaxşı tərcüməçi olmaq üçün də yetərli deyil. Tərcüməçi üçün (xüsusilə bədii mətnlərin tərcüməsində!) çox keyfiyyətlər tələb olunur. Yaxşı tərcüməçi yetişdirmək üçün bəzən 40-50 il də azdır, o gərək daim öyrənsin. Şair və ya yazıçı üçün yaş az fərq edir, amma peşəkar tərcüməçi illər, on illər boyu yetişir. Təbii ki, dünyaya çıxmaq üçün təkcə tərcüməçilik yetərli deyil. Öncə, bədii mətn qoymalısan ortaya, təsadüflər, zərurətlər, başqa imkanlar da rol oynayır. Misal üçün, elə Belarus dediniz, ordan başlayım: mən Belarus ədəbi mühiti ilə, yaxud orda fəaliyyətdə olan müasir yazıçılarla təsadüfən internet vasitəsilə tanış olmuşdum. Bir dəfə ordakı Ədəbiyyat Portalına iki hekayə göndərdim, ikisini də çap elədilər, hətta Belarus dilinə də tərcümə edib "Ədəbiyyat və incəsənət" qəzetində verdilər. Bundan sonra mənimlə əlaqələr canlandı, bir neçə dəfə Minsk şəhərinə dəvət aldım. Yazıçı və şairlərlə tanışlıq, dostluq əlaqələri yarandı, əməkdaşlıq etməyə başladıq. Yəni demək istəyirəm ki, hər hansı bir ölkənin yaradıcı adamları ilə tanış olmaq, onlarla əlaqələr qurmaq, əməkdaşlıq etmək asan deyil, həm də asandır. Səni və yaradıcılığını tanıyandan sonra hansısa əməkdaşlığa qol qoyurlar. Elə mən özüm də beləyəm. Bəzən görürsən ki, təsadüfən internetdə tanış olduğun bir yazıçı ilə münasibətlər alınır, bəzən də alınmır. O ki qaldı ədəbiyyatımızı və mədəniyyətimizi təşviq etməyə - buna dil bilmək vacib deyil, onu hər zaman etməlisən; özünü aparmaq mədəniyyətinlə, yaxud maraq və dünyagörüşün, baxışların, söhbətə və müzakirəyə qoşulmaq məharətin, bilik dairən, həm də ictimai əlaqələrini idarə etmək qabiliyyətin ola gərək (auditoriya nəyi və necə istəyir, nə eşitmək istəyir, yaxud müsahibini nələr maraqlandırır və s...). Bütün bunlar təkcə yazıçıdan, yaxud tərcüməçidən yox, ümumiyyətlə, insandan həm də təcrübə tələb edir, gərək bir qədər də sağlam düşüncən, bəxtin ola, nə istədiyini də aydın dərk edəsən. Deyirlər, bir dəfə Bəxt İlahəsinin yanına iki cavan gəlir: birinci bildirir ki, ağıllı və müdrik adamlar arasında şöhrət qazanmaq istəyirəm. İkinci isə deyir ki, mən də nadan və axmaqlar arasında şöhrət üçün gəlmişəm. Bəxt İlahəsi hər ikisinə müsbət cavab verir, deyir gedin, ikiniz də arzunuza çatdınız. Saray əyanları təəccüb edirlər. Bəxt İlahəsi isə deyir ki, əslində, xahişə gələnlərin ən ağıllısı ikinci cavan idi. Çünki müdriklər və aqillər azdır, nadan və axmaqların sayı isə çox. Sonuncuları kim öz tərəfinə çəkə bilsə, deməli ağıllı odur, nə istədiyini bilir, onları idarə edə biləcək. Birinci cavan isə arzusuna çata bilməyəcək, qəlbini qırmadım, sonda özü başa düşəcək... Bu məsəli ona görə çəkirəm ki, əlahəzrət Bəxt bəzən ağılsıza da, ağıllıya da eyni imkanları yaradır, o imkanlardan düzgün və dürüst istifadə edənlər müəyyən uğur qazana bilərlər...
- Ölkəmizdəki kitab tərcümələrini necə dəyərləndirirsiniz? Sizcə, tərcüməyə sənət gözü ilə baxırlar?
- Əslində, tərcüməyə də sənət kimi baxmaq lazımdır. Çox əzablı və dəyəri az verilən, yaxud stimulu olmayan bir sənətdir. Çox pis tərcümə kitabları da var, adam heç əlinə götürüb oxumaq istəmir. Görünür, belə kitabların meydana gəlməsi kommersiya maraqları daşıyır. Digər ölkələrə nisbətən bizdə bu sahədə hələ çox iş görülməlidir.
- Viktor Hinkis üçün tərcümə peşə deyil, ilhamdı, Simon Markiş üçünsə yaradıcılığa gedən yoldu. Bəs sizin üçün tərcümə zamanı ilhama ehtiyac varmı?
- Mən nə Hinkisin, nə də Markişin tərcümələrini oxumamışam, amma məlumatım var, bilirəm ki, onlar da bu işlə məşğul olublar. Səhv etmirəmsə, "Uliss"i Hinkisdən əvvəl Kaşkin tərcümə edib. Rus bədii tərcümə məktəbi Kaşkinlə başlayır. Bunu tələbə vaxtımdan bilirəm. İvan Aleksandroviç postsovet məkanında bir çox məşhur yazıçını tanıdıb, o cümlədən Qolsuorsi, Coys, Steynbek, Heminquey və b. Bir də Qalperina vardı, Elenora Yakovlevna, ona həm də Nora Qal deyirdilər. Filoloq-alim idi, Ayzek Əzimovu ilk dəfə o, tərcümə etmişdi. Bu gözəl qadın tərcüməçidən sonra Kalaşnikova gəldi, "Əlvida, silah"ın tərcüməçisi (Bernard Şounu, Drayzeri, Fitceraldı, Apdaykı və b. tərcümə edib). Həm Qalperinaya, həm də yuxarıda qeyd elədiyim daha iki tanınmış tərcüməçiyə görə, tərcüməçi hərtərəfli hazırlıqlı adam olmalıdır, burada ilham yox, başlıcası istedad və bilik tələb olunur. Tərcüməçinin səhvi minaaxtaranın səhvi deyil (minaaxtaranın səhvi bir və ya bir neçə adam öldürə bilər!), amma tərcüməçinin səhvi mədəniyyətə və dilə elə bir zərbə vura bilər ki, milyonlarla insan "ölə" bilər... Bir sözlə, tərcümə çətin yaradıcılıq sahəsidir.
- Sizcə, tərcümə edilə bilməyən bir əsər, bənzər üslubu tapıla bilməyən bir mətn varmı?
- Ola bilsin var. Mən öz "mətbəximə" yaxın olan əsərləri və müəllifləri oxuyuram.
- Siz azad tərcümənin tərəfdarısınız. Azad tərcümə ilə sətri tərcüməni bir araya gətirmək mümkündürmü?
- Tərcümənin növləri və formaları çoxdur. Azad tərcümədə çox vaxt orijinalın formasından asılı olmayaraq mətnin ümumi məzmunu çatdırılır, lakin bu o demək deyil ki, sən yuxarıda qeyd etdiyim meyarlara əməl etməyəsən. Tədqiqatçıların bir qismi bu tip tərcüməyə subyektiv tərcümə deyir, bir qismi isə tamam başqa mövqedən yanaşırlar. İkincilər burda da orijinalın üslub və dil çalarlarının qorunmasını vacib hesab edirlər. Sətri, ya da sözbəsöz tərcümədə isə adətən orijinalın dil quruluşu saxlanılır, semantik strukturu ikinci dildə eynilə verilir. Misal üçün, "İncil"in tərcüməsində bu elementlərə riayət edilib. Hərfi tərcümə də var; burda orijinal mətnin formal və semantik komponentlərinin saxlanmasına çalışırlar və s... Mən "azad tərcümə" anlayışına bir qədər də aydınlıq gətirmək istəyirəm: əvvəla, azad tərcümə bizim düşündüyümüz kimi yüz faiz "azad" deyil. Tərcümənin imkanları yalançı imkanlardır, bir mətnin, yaxud şeirin bir neçə variantda tərcüməsi ola bilər. Burada çox meyarlar var ki, mütləq gözlənilməlidir: ruh, məna, üslub, ideya və s. Misal çəkmək istəyirəm: ingilis dilində East or West Home Is Best atalar sözü var, onun sətri tərcüməsi təxminən belə səslənir: "Şərq, yaxud Qərb, ev daha yaxşıdır". Azad tərcüməsi isə belə verilə bilər: "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı". Hansı daha yaxşıdır? Yaxud: As poor as Job ifadəsi var, sətri tərcüməsi belə səslənir: "Cob kimi kasıb" (hətta bəziləri dərin mənasını dərk etmədən "Job" sözünü "iş" kimi başa düşür. Əslində, burda Müqəddəs Kitabdan (İovun Kitabı) götürülmüş İovdan söhbət gedir, kasıb İovdan... Azad tərcümə belə ola bilər: bir həsirdi, bir Məmmədnəsir... Və yaxud: claw me and I"ll claw thee (əl əli yuyar, əl də üzü), can the leopard change his sports? (qozbeli qəbir düzəldər), after dinner mustard (toydan sonra nağara)… və sair və ilaxır. İdiomları, ekzotik söz, ifadə və söz birləşmələrini götürək. Tutaq ki, ingilis dilindəki mətndə belə bir ifadə var - it is raining cats and dogs. Əgər sətri tərcümə etsək, çox gülünc alınar: pişiklər və itlər yağır(?), əslində isə leysan tökülür deməkdir. Ümumiyyətlə, adətən, Müqəddəs Kitabları sətri, ya da sözbəsöz tərcümə edirlər. İndi baxın görün, bunları necə araya gətirmək olar? Buna görə də mən "azad tərcümə" deyəndə belə məqamları nəzərdə tuturam.
- Çağdaş dövrümüzdəki tərcüməçi sovet dönəmindəki tərcüməçidən nə ilə fərqlənir?
- Tərcüməçi (əgər tərcüməçidirsə!) bütün dövrlərin adamıdır, o, yalnız inkişaf etməklə, biliyini, dünyagörüşünü, dil vərdişlərini və s. artırmaqla fərqlənə bilər.
- Tərcümələrinizi necə seçirsiniz, yoxsa onlar sizi tapır?
- Əsasən özüm seçirəm, bəzən isə əksinə olur. Müəllifi və əsəri seçmək də bir işdir, gərək biləsən ki, əsər Azərbaycan oxucusuna və mədəniyyətinə nə verə bilər... Müəllifin ədəbi və siyasi dünyagörüşü də önəmlidir.
- Tərcümə etdiyiniz əsərlər əsasən ciddi və kult əsərlərdi. Heç olubmu kommersiyaya hesablanmış kitabların tərcüməsi təklifi gəlib, siz onu rədd etmisiniz, yoxsa...
- Tərcümə etdiyim müəlliflər arasında çox tanınmışlar (Cek London, Oskar Vayld, Con Qolsuorsi, Herman Melvil, Somerset Moyem, Marqaret Mitçel, Teodor Drayzer, Ernest Heminqvey, Qabriel Markes, Folkner, Anton Çexov, Harold Pinter və b.) və az tanınmışlar da var. Bəli, nəinki kommersiya təklifləri, hətta adi məişət, kənd təsərrüfatı, siyasi-iqtisadi mövzuda mətnlər, müxtəlif dərsliklər, hesabatlar da olub... tərcümə etmişəm, lakin bir qismindən imtina etdiklərim də olub.
- Özünüzü daha çox yazıçı kimi, yoxsa tərcüməçi kimi hiss edirsiniz?
- Mənim bir çox sahələrdə (o cümlədən sizin qeyd etdiyiniz sahələrdə!) özümü rahat hiss edən vaxtımdır.
Söhbətləşdi: Dəniz PƏNAHOVA
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!