Volterin cənnətinə səyahət... - Nicat HƏŞİMZADƏ yazır

 

Volter "Kandid" əsərini bekarçılıqdan yazdığını deyirdi. Hətta bu əsərin müəllifliyindən imtina edirdi. Bəs görəsən dahi yazıçı nə dərəcədə səmimi idi? Kandid əsəri ciddi mesajlarla zəngindir. Əsərin əsas ideyası budur: "Bütün pisliklər yaxşılığa doğru atılan addımdır". Volter  idarəetmədəki qüsurları kəskin şəkildə tənqid etdiyinə görə daim təqiblərə məruz qalmış, Bastiliya qalasında həbsdə olmuşdur. O, dini fanatizmin, edamların əleyhinə olmuş, bu səbəblərə görə mühacirət həyatı yaşamış, bir ölkədən digərinə qaçmışdır. "Kandid" əsərini oxumaq hər bir yetkin insan üçün faydalıdır. Volter insan faciəsinə görə əzab çəkirdi. Onun zamanında edam cəzasından, savaşdan ölən insanlar təbii fəlakətlərdə ölənlərdən daha çox idi.

Kandid baron nəslindən olan qızı sevir. Qızı Kandidə layiq bilmirlər. Baronessanı öpmək şərəfinə layiq olan qəhrəman bu hərəkətinə görə malikanədən qovulur. Təsadüfən bolqarlara rast gələn Kandid sonra həbs olunur. Onu təhqir edir, çubuqlayırlar. Lakin bolqarların əlindən qaçmağı bacarır. Kandid düşünür ki, heç bir səbəb nəticəsiz deyil, baş verən hər şey zərurətdən yaranır. Bəzi anlarda yanılır. Müəllimi Panqlos ona mövcud bədbəxtliklərin, gərgin çətinliklərin gələcək inkişafa doğru addım olacağını öyrədir. Kandidsə fikrində yanılır. Ona Kuniqundanın öldüyünü deyirlər. Bu xəbərdən sarsılan Kandid həm də sevgilisinin zorlandığını, işgəncəylə öldürüldüyünü eşidir.

Panqlos filosofdur, hikmətli insandır. Paketa ilə cinsi əlaqə zamanı sifilis xəstəliyinə tutulur. Panqlos söyləyir ki, Avropaya bu xəstəliyi Xristofor Kolumbun dəstəsi gətirib. Lakin o, məlum səyahətə getməsəydi, Avropa bir çox həqiqətlərdən xəbərsiz olacaqdı. Sənət, ixtiralar ciddi qurbanlar tələb edir. Avropa mədəni rifaha çatmaq üçün böyük qurbanlar verib, iki dünya müharibəsi, gilyotinlər, inkvizisiyalar, vətəndaş müharibələri görüb. 

Əsərin ən qəribə məqamlarından biri Kuniqundanın zorlanmasını, alçaldılmasını bilən Kandidin öz sevgisindən imtina etməməsidir. O dövr üçün belə davranış yeni düşüncə naminə atılan inqilabi addımlardan biri idi. Panqlos isə ona xəstəlik keçirən Paketaya nifrət etmir. Volter bu əsəriylə nifrətə meydan oxuyur. Sübut edir ki, insan qəlbi sevgiyə məhkumdur, nifrətdən uzaq olmalıdır. Bəşəriyyətin xilası naminə nifrət duyğusunu öldürmək lazımdır.

Volter yaradıcılığı ərzində yüzdən çox təxəllüsdən istifadə etmişdi. O, mühafizəkar cəmiyyətə nifrət etsə belə, cəmiyyətlərdə yaşamaqdan xilas ola bilmirdi. Əsərdə məhkəmə hakimiyyətinə qarşı kəskin tənqidi münasibət var. Rəhbər şəxslərin qadın düşkünü olmaları onların ədalətli qərar vermələrinə əngəl törədir. Kandid sadiq nökəri Kakambonun "optimizm nədir" sualına belə cavab verir.

-  Mənim indi anladığıma görə, optimizm çox pis anlama gələn sözdür, hər şey çox pis durumda olanda, hər şey çox yaxşıdır demək - optimizm adlanır.

Volterin optimizmə inamı bu fikirdə əks olunur. Müəllimi Panqlos Kandidə həyatın nikbin olduğunu söyləmişdi, fəqət əsir düşən Kandid insanların edamını, tonqalda yandırılmasını görür. Bu hadisələr onun iradəsini sındırır, Kandid sevdiyi Kuniqundanın qardaşının qatili olur. Çünki baron hər zaman Kandidi alçaldırdı. Kandidə öz nəslinin tarixini bilmədiyini, aşağı təbəqə nümayəndəsi olduğunu deyirdi. Volter əsərində sosial təbəqələşmənin bəşəri inkişafa vurduğu zərbələri təsvir edir. Dahi yazıçı çox sevgilər yaşayıb, bütün sevgiləri də uğursuz olub. Yazdığı əksər əsərlərdə tənhalıqdan, sevgisizlikdən yaranan gərginlik hiss olunur.

Əsərdə qarı obrazı var. O da zorakılıqların qurbanıdır. Həyatda heç nə əbədi deyil, zadəgan nəslinin nümayəndəsi olan bu qarı yoxsulluq içində yaşayır. Kakambo sahibi Kandidin ədalətli qərarlarını, səxavətli olmasını sevir, ona bağlanır. Sahibini sevdiyi qadına qovuşdurmaq üçün çox çalışsa da bir nəticə hasil olmur. Bir çox dahilər qadınlara qarşı kinli münasibət bəsləyiblər. Volter yaradıcılığında da eyni vəziyyət var. Sanki uğursuzluqlarına görə qadınlardan qisas almaq fikri var. Hətta monarxlar da Volterə qarşı vəhşi münasibət bəsləyirlər.

Kandidlə Volter arasında oxşar xüsusiyyətlər mövcuddur, dini təqiblərdən qaçan mütəfəkkirə katoliklərin və protestantların olmadığı şəhər haqqında bəhs edirlər. Bəlkə də, Kandidin Eldorado sandığı məkan Volterin təqiblərdən qaçmaq üçün yaşadığı həmin ölkədir. Eldorado gözəl ölkədir, insanlar nifrətlə yaşamır, sevgi, ali duyğular onların həyat tərzidir.

Kandidin özünə bələdçi seçərkən istifadə etdiyi üsul çox qəribədir. O, ən bədbəxt insanı bələdçi kimi işə qəbul edir. Martenlə Kandidin fəlsəfi söhbətində Volterin yazıçıdan daha çox filosof olduğunu görürük. Bütün dünya Volteri əvvəlcə filosof, sonra yazar hesab edir.

Kilsəyə qarşı kəskin fikirlərinə görə İngiltərəyə sürgün olunan Volter həmin illər ərzində daha çox inkişaf etmişdir. Gənclik illərində Şekspiri gənc şairlərə nümunə göstərən filosof bir neçə ildən sonra Şekspirdən daha yüksək istedada malik olduğunu demişdi.

Volterin yazdıqlarını və Volter haqqında yazılanları oxuyanda Əhməd bəy Ağaoğlunun "Sərbəst insanlar ölkəsində" əsərini xatırlayıram. Volter mədəni təşəkkülü İngiltərədə görmüşdüsə, Əhməd bəy Ağaoğlu mədəni təkamülü, sənətin aliliyini Fransada görmüşdü.  Viktor Hüqonun Volterin ölümünün 100-cü ildönümündəki nitqi yüzlərlə kitaba bərabərdir. Bu nitqi oxuyarkən insan sənətin əsl mahiyyətini dərk edir. Volter insanların vicdanına xitab edirdi. Haqq tərəfdarı olmaq çox çətindir. Ədalət tərəfdarı olan insan hər zaman öldürülməyə, döyülməyə, maddi və mənəvi işgəncələr yaşamağa hazır olmalıdır. Volter 82 illik ömrünü əzablar içində yaşadı. 100-dən çox təxəllüsdən istifadə etmişdi. Volter haqqında danışarkən onun "Fanatizm" əsərindən bu fikri yazmamaq günah olar:

"Fanatiklərin cilovu, çox vaxt, fırıldaqçı adamların əlində olur, onların əlinə xəncəri də bunlar verirlər; deyilənə görə, dağlarda yaşayan bir Qoca, bu sayaq fanatiklərə cənnəti bu dünyada daddırarmış, sonra da bu dadı damaqdan getməyən yaşamda sonsuza kimi ömür sürə bilməyin tək yolunun, onun dediyi adamı öldürmək olduğunu onlara aşılayarmış, elə bu dediyimiz fırıldaqçılar da, o Qocanın tayıdırlar".

"Beyin, fanatizm qanqrenasına yoluxubsa, bu, artıq sağalmaz bir xəstəlikdir. Mən keçmişdə, çox böyük çılğınlıqla Müqəddəs Parisin möcüzələrindən danışan insanları görmüşdüm, onlar danışdıqca qızışıb özlərindən çıxır, gözləri alışıb yanmağa başlayır, bədənlərini əsməcə tutur, üzlərində ağıl itirməyin əlamətləri görünməyə başlayırdı: bu anda kimsə onların dediklərini dansaydı, onu yerindəcə öldürərdilər".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!