- Ədəbi prosesə yeni gənc ədəbi qüvvələr gəlir. Bu ən çox "Ulduz" jurnalında hiss olunur. 80-ci illərin Fərqanəsinə bənzəyəni varmı?
- Bizim dövrlə indi çox fərqlidir. İndiyə qədər gəncliyin üzünə açılan qapılar bugünkü kimi heç zaman açıq olmayıb. Son illər isə ümumiyyətlə, gənclərə mətbuatda yaşıl işıqdır. Mənim gəncliyimdən də fəal, istedadlı gənclər var indi. Ancaq mən həmişə yazılarını redaksiyaya gətirib sakitcə qoyub gedən gənclərin yazıları ilə maraqlanıram. Bu davranışı onların həm ədəbi, həm də öz yazılarına güvəni kimi dəyərləndirirəm. Amma elə gənclər də var ki, özündən çox razı halda gəlir, mənim haqqımda filan professor belə dedi, mənim filan şairlə şəklim var, sözlərimə yazılan mahnını filankəs oxuyur, amma siz məni çap etmirsiz deyirlər. Gənclərin çoxu ədəbiyyata əli yalın gəlirlər, yəni mütaliələri zəif olur. Get-gedə inkişaf, məsuliyyət hissinin artması onları yazıçı kimi formalaşdırır. Gənclər mənim onlara olan dəstəyimi həmişə yüksək qiymətləndirirlər. Amma mən onlara izah edirəm ki, sizin ədəbi nümunələriniz zəif olsa, mən bunu edə bilmərəm.
- Siz "Ulduz" jurnalının poeziya şöbəsində çalışırsınız. Özünüz heca şeirləri yazırsınız, sərbəst şeirlərə ümumi və "Ulduz"dakı münasibətiniz necədir?
- Əslində, janr söhbəti istedadın meyarı deyil. İstər sərbəst, istər hecada əsas meyar yenilikdi. Gərək şeirin ab-havası oxucunu heyrətləndirsin, diksindirsin. Ədəbiyyatda yeni heç nə yoxdur, deyirlər. Hər şey deyilib, hər şey yazılıb. Amma yenə deyilməyən, yazılmayan çox şey var. Bəzən elə yeni şeirlərlə qarşılaşıram ki, təəccüblənirəm. Gənc imzaların içində gələcəyin gözəl şairlərini bu gün də görmək olur. Sərbəst və ya heca şeirin fərqi yoxdur, əsas fikrin sərbəstliyidir. Biz Nazim Hikməti, Rəsul Rzanı, Əli Kərimi oxumuşuq. Bu şairlər sərbəst şeirin dahiləridir, onları oxuyanda poeziyanın ruhu ruhumuzla qovuşur. İndi sərbəst şeir adı ilə yazıların əksəriyyəti alınmamış məqalələr təsiri bağışlayır. Bəzən onların içində çox dəyərli fikirlər oxuyuram. O fikirlərə yazığım gəlir ki, onlar şeirə çevrilə bilmir. Bu yazarlar bir azdan nəsrə keçirlər, çünki onların mayası şeirlə yoğrulmayıb. Mənim 10-12 sərbəst şeirim var, amma onların da daxilində ritm, daxili qafiyələr var. İstənilən halda yaxşı fikrə, yeni sözə münasibətim gözəldir.
- Fərqanə xanım, "Qadınlar, sıxmayın kişiləri siz" - deyirsiniz, bəs qadınları sıxan nədir?
- Əslində, mən o şeiri xalqımızın ağır günlərində, keçid dövrümüzdə yazmışdım. O zaman rəhmətlik yazıçımız Əzizə Cəfərzadə bu şeiri "Ədəbiyyat qəzeti"ndə oxuyub fikirlərini həmin qəzetdə bildirmişdi. Rəhmətlik Fikrət Sadıq da deyirdi ki, o şeiri çıxartdırıb kişilərə bir təsəlli və qayğı nümunəsi kimi evdə divara vurmaq lazımdır. Kişilər müəyyən zaman və yaş dövrlərində sıxıntılar çəkir, çətinliklərlə üzləşir. Amma qadının sıxıntısının dövrü yoxdur. Kişilərin nəfəs aldığı yer genişdir, lakin bütün zamanlar qadın üçün çətindir. Xüsusən yaradıcı qadınlar üçün həyat ikiqat çətindir. Anadır, həyat yoldaşıdır, evin qayğılarına bürünmüş qadındır. Hələ üstəlik, qələmi də varsa, bundan böyük yük yoxdur. Həm ailə, həm övlad, həm yaradıcılığını bir arada saxlaya bilirsə, tərəzinin gözü əyilmir. Həmin tərəzinin gözünü düz saxlayan qadınlar özlərini uduzmaq naminə həyata qalib gəlirlər. Özün də yaradıcı xanımsan, bilirsən ki, biz nə qədər həssas yanaşırıq insanlara, düşüncələrə, həyata. Şeir xoşbəxtlikdən yaranmır, əzabdan yaranır.
- Belə bir fikir var ki, XIX əsr rus ədəbiyyatı dərnəklərdə, jurnalların ətrafında formalaşdı, inkişaf etdi. Bəs bizim ədəbiyyat necə? Məsələn, sizin həyatınızda hansı amillər yaradıcılığınıza təkan verdi?
- Mən Salyan rayonundanam, orda doğulmuşam. Atam məni orta məktəb illərində 5-6-cı siniflərdə oxuyarkən rayonun "Qələbə" qəzetinin "Kürün töhfəsi" ədəbi birliyinə aparırdı. Dərnəyin rəhbəri gözəl şairimiz Əlisəmid Kürün atası, ədəbiyyat müəllimi, gözəl şeirlər müəllifi Cəfər müəllim idi. Şeirlərim orda çap olunandan sonra şair Zabil Pərviz "İstedad əsasdır" başlıqlı məqaləsi ilə məni oxuculara təqdim etmişdi. Həmin dərnəyə Bakıdan da tanınmış yazarlar gəlirdi. Məsələn, Xəlil Rza, Ağacavad Əlizadə, Oqtay Rza gəlirdi. Biz şeirlərimizi oxuyurduq, onlar bizə öz məsləhətlərini verirdi. İlk şeirlərim 7-ci sinifdə elə həmin "Qələbə" qəzetində çap olunmuşdu. Xəlil Rza atama deyirdi ki, bu qızdan muğayat ol, mənə də deyirdi, şeiri atma, şeirin səndə gözü qalar. Bu söz mənim üçün böyük stimul idi. İnandım ki, mən yaza bilirəm. Bu güvən məndə böyük məsuliyyət hissi yaratmışdı. Düşünürdüm ki, gərək gələn həftə keçən həftədəkindən daha yaxşı şeir oxuyum. Daha sonra tələbə vaxtı Musa Ələkbərlinin, Məmməd İsmayılın dərnəklərində iştirak edirdim. Hələ 80-ci illərdə radioda "Bulaq" verilişində mənim şeirlərim səslənirdi. Əvvəl Bakı Mədəni Maarif Texnikumunda oxuyanda dəyərli alimimiz Qəzənfər Paşayev mənim bayatılar şeirimi bəyənmişdi, Ayaz Vəfalı da orda idi və dedi ki, sabah bu şeir "Ədəbiyyat qəzeti"ndə çap olunacaq. Səhəri gün qəzeti alanda həmin şeiri gördüm və çox sevindim. Bu hadisədən sonra şeirlərim ədəbi orqanlarda mütəmadi çap olundu. Bu dövrlər yaradıcılıqla sıx məşğul olduğum illər idi. Sonra ailə qurdum, yaradıcılıqdan bir az uzaqlaşdım. Yenə bir müddət sonra mətbuatda yeni şeirlərimlə çıxış etdim. Ədəbi mühitin ən qaynayan hissəsinə "Pərvanə" ədəbi dərnəyinə qoşulandan sonra qarışdım. Biz gedib orda yeni şeirlərimizi oxuyurduq, müzakirələr olurdu. "Ədalət" qəzeti bizim üçün səhifə ayırmışdı, şeirlərimiz orda çap olunurdu. Mən lap orta məktəb, tələbəlik illərindən "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz" jurnallarını oxumuşam. Valideynlərim bu dərgilərin oxucusu olub. Və arzu etmişəm ki, mənim də şeirlərim bu qəzet və jurnallarda çap olunsun. Və gəncliyimdən bu günə kimi həmin yerlərə şeir verəndə yüz dəfə düşünmüşəm, yüz şeirimdən beş-altısını seçib vermişəm. Çünki özüm də onların oxucusu olduğum üçün, müəllifə pərəstişlə bərabər, oxucuya hörməti də öyrənmişəm. Mən indi də hər ay səbirsizliklə bu dərgiləri gözləyirəm, oxumayanda elə bilirəm həyatımda nəsə çatmır. Müasir ədəbiyyatımızın və bölgələrin ədəbi mənzərəsi ilə tanış oluram. Bu artıq mənim həyat tərzimə çevrilib.
- Salyan rayonunda doğulmusunuz. Bu bölgənin qədim tarixi var. Salyan ədəbi mühitinin yaxın tarixi və onun nümayəndələri haqqında nə deyə bilərsiniz?
- Rəhmətlik Əliağa Kürçaylı bizim qonşu Kürqaraqaşlı kəndindən idi. Eşitmişdim ki, şair Kürün sahilində ev tikdirib. Atam rayona gedəndə ağlayırdım məni aparsın, həmin kənddən keçəndə o evi mənə göstərsin. Mənim üçün yazarların yaşadığı, gəzdiyi yerlər, adları olan küçələr çox müqəddəsdir. Həmişə fəxrlə deyirəm ki, mən də Kürçaylı torpağındanam. O vaxt Bakı Dövlət Universitetində imtahan verəndə Kamil Vəli Nərimanoğlu soruşdu hardansan, dedim Kürçaylı torpağındanam. Dedi yaman şairanə danışırsan ha... birdən şeir yazarsan. Sonra şeirlərimi dinləmişdi. Salyandan Xəlil Rza, Əlibəy Hüseynzadə kimi ziyalılarımız olub. Neftçala, Salyan eyni region hesab olunurdu əvvəl, Neftçalada dəyərli alimimiz İmamverdi Əbilov, "Xəzər nəğmələri" Ədəbi Birliyinin rəhbəri Soltan Abbas vardı. Daha sonra Əlisəmid Kür, Zabil Pərviz, Eldar İsmayıloğlu, Təyyar Nəsirli, Zərxanım Ülvi, Namiq Hacıheydərli, Mətləb Ağa, Elnur Uğur Abdıyev kimi şairlərimiz var.
- Hər hansı bir hadisə və ya xeyirxah bir adam kiminsə ədəbi həyatında mühüm rol oynayır. Sizə ən çox kimin təsiri olub?
- Həyatımda xeyirxah adamların rolu çox olub. Yol açan, istiqamət verən, şeirlərim haqqında fikir bildirənlər olub. Bir dəfə şeirlərim "Ədəbiyyat qəzeti"ndə çıxanda çox dəyərli dilçi alimimiz Yusif Seyidov qəzetə açıq məktub yazmışdı. Əsasən "Təndir" və "Daşyonan" şeirimin üzərində dayanmışdı. Qəzetdə belə şeirlərin verildiyinə görə redaktora təşəkkür yazmışdı. Ayaz Vəfalı deyirdi ki, redaksiyaya sənin şeirinə görə Nəriman Həsənzadə, Ələmdar Quluzadə, Qəzənfər Paşayev, Hüseyn Abbaszadə zəng vurmuşdular. Həyatımda ən çox qayğı gördüyüm adamlardan biri Fikrət Qocadır. Kitabıma "Tanıdığım və sevdiyim şairə" adlı uğurlu rəy yazmışdı. Anar müəllimin böyük qayğısı odur ki, mən sevdiyim, arzusunda olduğum işdə işləyirəm. Nəriman Həsənzadə hələ bu yaşında da televiziyada bir yaxşı çıxışımı görəndə zəng edib təbrik edir... Gözəl alimimiz Qəzənfər Kazımova kitabımı təqdim etmişdim, "Kredo" qəzetində şeirlərim haqqında çox səmimi bir yazı yazmışdı. Fikrət Sadiq "Payızın yanında gözlərsən məni" kitabım haqqında "Ədəbiyyat qəzeti"nə böyük bir yazı yazmışdı. Tanınmış ədəbiyyat biliciləri Nizami Tağısoy, Allahverdi Emin, Etibar Etibarlı və onlarca qələm adamları haqqımda dəyərli yazılarla mətbu orqanlarda çıxışlar ediblər. Balayar Sadiq maraqlı bir məqalə, ədəbiyyatşünas Almas Ülvi də gözəl bir yazı yazmışdı və s.
- Bayaq dediniz ki, bir çox şairlər şeirdən sonra nəsrə keçirlər, sizin heç belə bir istəyiniz olubmu? Nə vaxtsa bu potensialı özünüzdə hiss etmisiniz?
- Demirəm mənim gücüm hekayə yazmağa çatmaz. Amma mənə elə gəlir ki, hekayə yazsam yaxşı hekayə yazanlar kimi olmayacam. Hekayəm şeirimdən güclü olmayacaqsa, onu yazmasam yaxşıdır. Buna görə niyə vərəq korlayım? Niyə kiminsə yerini dar eləyim? Bəzən deyirlər, qoy kim nə yazır yazsın, pis işlə məşğul olmur ki? Mən deyirəm, hamı yazıçı ola bilməz. Hərə getsin öz işi ilə məşğul olsun, vərəq korlamasınlar. Vərəq korlamaq ağac kəsməyə bərabər cinayətdir. Publisist yazılarım var, amma onların da şeir kimi ritmi var. Mən şeirlə yaşayıram, şeirlə danışıram, şeirlə oynayıram. Şeir mənim vicdanımdır, məsuliyyətimdir.
- 80-ci illərin Fərqanəsi ilə indinin Fərqanəsinin ədəbi zövqü nə dərəcədə fərqlənir?
- Mən ilk kitabımı gizlədirəm. O dövrdə yazdıqlarımı bu gün qəbul etmirəm. İndi mənə elə şeirlər gətirsələr, çap etmərəm. Bu günün oxucusu çox tələbkardı. Amma hələ də o dövrdən qalan bəzi şeirlərimi çap edə bilərəm. Əvvəllər çox məhsuldar idim. Demək olar, çap olunan bütün almanaxlarda yeni şeirlərim olurdu. İndi şeirlərim arasında çox seçim edirəm. Hər təzə şeir yazanda düşünürəm ki, bu hələ ən yaxşısı deyil. Hətta ən tanınmış, yaxşı şair hesab etdiyim şairlərin bəzi şeirlərini qəbul etmirəm. Amma həmişə sevdiyim şairlər və şeirlər var. Hər şey bu gün oxucunun, sabah zamanın ixtiyarındadır.
- Ədəbi tənqidlə aranız necədir?
- Vaxtilə mənim şeirlərim haqqında Vaqif Yusifli, Əsəd Cahangir dəfələrlə yazıb. Bu adamlar da mənim xəbərim olmadan ediblər bunu. Təbii ki, tənqidçinin vəzifəsi təhlil üçün material axtarmaqdır. Heç vaxt heç bir tənqidçidən bunu istəmərəm. Yeni imzalar çoxalıb, tənqidçilər bir çoxları haqqında öz fikirlərini bildirirlər. Amma mən yenə də tənqidçilərdən yaradıcılığıma qarşı maraq gözləyirəm. Yaxşısı və yanlışı ilə təhlil etsinlər.
- Fərqanə xanım, oxucularınıza yeni ildə nə vəd edirsiniz?
Yeni şeirlər var, yeni kitab üzərində işləyirəm. "Şəkil" adlı kitabla oxucularımın görüşünə hazırlaşıram.
Söhbətləşdi: Nuranə Nur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!