Nazim Hikmət və doktor Qalina... - Tofiq Məlikli yazır

Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etdikdən sonra SSRİ Yazıçılar İttifaqı onun ədəbi irsi üzrə komissiya yaratmış və tanınmış yazıçı Konstantin Simonov komissiyanın sədri, Əkbər Babayev isə məsul katibi təyin edilmişdi. Bu komissiya uzun illər uğurla işləmiş, Nazim Hikmətin arxivinin bir hissəsinin Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə verilməsini, şairin yubileylərinin, ədəbi görüşlərin keçirilməsini təşkil etmişdir. Konstantin Simonov və daha sonra Əkbər Babayev vəfat etdikdən sonra komissiyanın işində bir müddət durğunluq meydana gəlmişdi. Bunu diqqətə alaraq SSRİ Yazıçılar İttifaqı katibliyinin 15 may 1980-ci il qərarıyla komissiyanın yeni heyəti təsdiq edilmişdir. Aralarında Çingiz Aytmatov, Robert Rojdestvenskiy, Boris Polevoy, Valentin Pluçek, Rəsul Rza kimi tanınmış sovet yazıçılarından, ictimai xadimlərindən ibarət 20 nəfərlik komissiyaya Mirzə İbrahimov sədr, mən isə məsul katib təyin olunduq.

Azərbaycan Yazıçılar İttifaqının sədri olan Mirzə İbrahimov ildə ancaq 2-3 dəfə Moskvaya gəlirdi və ancaq o zaman biz Mirzə müəllimlə görüşür, görüləcək işlərin proqramını müzakirə edə bilirdik. Yuxarı təşkilatlarla əlaqədar problemlər olduqda, Mirzə müəllim onları həll etməyə çalışardı. O, Moskvaya vaxtaşırı gəldiyi üçün komissiyanın bütün ağırlığı mənim üzərimə düşmüşdü və mən bu yükü böyük həvəslə daşıyırdım, çünki yaradıcılığına, bir insan kimi mərdliyinə, dönməzliyinə, həqiqəti çəkinmədən, qorxmadan dilə gətirdiyinə, böyük həsrətinə görə Nazim Hikmətə qarşı xüsusi sevgim, sayqım vardı.              

Komissiya işə başladıqdan bir müddət sonra Nazim Hikmətlə yeddi il bərabər yaşamış Qalina Qriqoryevna Kolesnikova telefon edib mənimlə görüşmək istədiyini söylədi. Doğrusu, bu telefon zəngi mənim üçün gözlənilməz idi, çünki eşitdiyimə və bildiyimə görə, Nazim Hikmətin vəfatından sonra Kolesnikova heç kimlə əlaqə saxlamırdı. Əkbər Babayevdən onun haqqında soruşduğumda, Qalina Kolesnikovanın Nazimin ətrafında olan bütün insanlardan incidiyini və bu səbəbdən heç kimlə görüşmək, əlaqə saxlamaq istəmədiyini demişdi. Hətta yaşına görə o insanların sırasında olmayan Yazıçılar Birliyinin türk ədəbiyyatı məsləhətçisi gənc Vera Feonova işlə əlaqədar telefon etdiyində, Kolesnikova ona bir daha zəng etməməsini demişdi. Bu səbəbdən Nazimin vəfatından 17 il sonra, Kolesnikovanın səssizliyini pozaraq, ilk dəfə kənar bir şəxsi evinə dəvət etməsi və problemlərini, arzularını, təkliflərini paylaşması, həqiqətən gözlənilməz bir olay idi.

Qərarlaşdırdığımız günü mən Kolesnikovanın Moskvanın Kunsevo rayonunda yerləşən evinə getdim. Qalina xanımın "Xruşşovka" deyilən beşmərtəbəli binanın ikiotaqlı mənzilinə gəldiyimdə hər yerdə köhnə çamadanlar, karton qutular, böyük qovluqlar gördüm. Qonaq otağının baş tərəfində kiçik bir masanın üstünə Nazimin böyük büstü, önünə isə qoltuqlu kürsü qoyulmuşdu. Qalina xanım həmin qoltuğa, mən isə qarşısındakına oturdum. Kolesnikovanın başı üstündən bizə baxan Nazim qəribə bir ovqat yaradırdı.

Söhbətimiz zamanı Kolesnikova Moskvada tək qaldığını, qardaşı və qohumlarının Udmurt Respublikasının Votkinsk şəhərində yaşayıb işlədiklərini, yaşlandığını nəzərə alaraq Nazim Hikmətin arxiviylə bağlı narahatlıq keçirdiyini və mənim komissiyanın məsul katibi kimi məsləhətlərimə ehtiyacı olduğunu dedi. Mən arxiv məsələsini həll etməyə çalışacağımı və ilk iş olaraq ondan arxivə vermək istədiyi materialların, əşyaların ayrı-ayrı siyahılarını tutmasını xahiş etdim. Çiyələk mürəbbəsiylə çayımızı içərkən Qalına xanım:

- Bir neçə ildir Nazimin arxivini sahmana salmaqla məşğulam. Gördüyünüz kimi, bu zəngin arxivi təkbaşıma sistemləşdirmək, siyahısını tutmaq, ayrı-ayrı qutulara yerləşdirmək çox vaxt alan işdir. Sizin də qeyd etdiyiniz kimi, Nazim dahi şairdir, o, təkcə Türkiyənin, Sovet İttifaqının deyil, bütün dünyanın şairidir. Odur ki, onunla bağlı hər şey, hətta onun üzərində işlədiyi və sonra çırıb atdığı kağız parçalarının da gələcəkdə araşdırmaçılar üçün dəyərli ola biləcəyini düşünərək, onları Nazimdən xəbərsiz ütüdən keçirib qovluqlarda toplamışam. Heyiflər olsun ki, mən türkçə bilmirəm, bu səbəbdən Nazimin məktubları, yazıları, qeydlərinin məzmunlarını anlamaq, dəyərləndirmək imkanım olmayıb. Onları tərcümə etsəniz sizə minnətdar olaram, - dedi.

- Əlbəttə, - dedim. - Bu işdə sizə hər zaman yardım etməyə hazıram.

Qalina xanım əlinin altındakı bir qovluğu açdı. Onun içi kağız parçaları ilə dolu idi. Kolesnikova bir kağızı götürüb mənə uzatdı.

- Zəhmət olmasa, bu kağıza baxın görək orada nə yazılıb.

Qalina xanımın verdiyi kağızı gözdən keçirərkən şairin ünlü bir şeirinin iki misrası üzərində necə işlədiyi, kağızdakı nöqtə və çizgi işarətləriylə şeirin ritmini necə yaxalamağa çalışdığı görünürdü. Başqa kağızları da gözdən keçirməyə başladım. Bu kağız parçaları, həqiqətən, şairin yaradıcılıq laboratoriyası haqqında maraqlı bilgilər verirdi.

Arxiv və başqa məsələlərlə bağlı olaraq ayda bir-iki dəfə Qalina xanımı ziyarət edirdim. Hər görüşdən sonra onun mənə olan etimadının artdığını hiss edirdim. Yəqin ki, bu səbəbdən ümumi problemlərimizdən danışdıqdan sonra o, həvəslə öz həyatından, Nazim Hikmətlə necə tanış olmasından, onunla birlikdə yaşadığı günlərdən, şairin keçirdiyi xəstəlikdən və müalicəsindən bəhs edərdi. Nazim Hikmətin həyat və yaradıcılığını araşdırmağıma və onun haqqında yazılmış, demək olar ki, bütün elmi əsərlər, xatirələrlə tanış olmağıma baxmayaraq, Kolesnikovanın Nazimin özəl həyatıyla bağlı anlatdıqları mənim üçün yeni idi və şairin bütləşmiş obrazına insani keyfiyyətləri qaytarırdı, bu da onu mənə daha da yaxınlaşdırır, gözümdə daha da ucaldırdı.

Bilindiyi kimi, Nazim Hikmət 1952-ci ilin oktyabrında sülh tərəfdarlarının beynəlxalq konfransında iştirak etmək üçün Pekinə getmiş, orada ürəyindəki qüvvətli sancılar üzündən xəstəxanaya aparılmış, xolesistit diaqnozu ilə müalicə olunmuşdur. Moskvaya qayıtdıqdan bir ay sonra ürəyində ağrılar yenidən başlamış, onu Qranovski küçəsində yerləşən Kreml xəstəxanasına aparmış və həkimlər Nazimin geniş infarkt miokardı keçirdiyini təsbit etmişdilər. Dörd ay müalicə olunduqdan sonra həkimlər ona siqaret çəkməyi, spirtli içkilər içməyi yasaqlamış, pəhriz tutmasını, ən əsası da imkan daxilində əsəbləşməməsini, stress keçirməməsini tövsiyə etmişdilər. Bütün bunları Nazim Hikmət onu müalicə edən həkiminə yazdığı "Lidiya İvanovna ilə söhbət" şeirində dilə gətirmişdir.

Dörd aylıq müalicə tamamlandıqdan sonra sağlamlığını möhkəmləndirmək məqsədilə Nazim Hikməti bir aylığa Moskva ətrafında yerləşən Kremlin "Barvixa" sanatoriyasına göndərirlər. Sanatoriyanın həkimi Qalina Kolesnikova onun müalicə doktoru təyin olunur. Çox keçmədən həkim - xəstə münasibəti başqa bir məcrada gəlişməyə başlayır. Qalina xanım bu olayı belə anladırdı: "Nazim Hikmət sanatoriyaya gəldiyi ilk gündən orada işləyən 17 yaşından 70-ə qədər bütün qadınlar, o cümlədən mən ona vurulmuşduq. Onun həkimi olduğum üçün duyğularımı büruzə verməməyə çalışırdım. Nazimin sanatoriyada qaldığı bir ay tez gəlib keçdi. Sonuncu günün axşamı mən növbətçi həkim kimi sanatoriyada qalmışdım. Otağımda işlərimlə məşğul idim. Birdən qapı döyüldü, Nazim içəri girdi və o saat mətləbə keçdi: "Doktor, mənim sizinlə ciddi söhbətim olacaqdır. Həkimlər konsiliumdan sonra mənim daim təmiz havada olmağımı istəyirlər. Bunu nəzərə alaraq Yazıçılar İttifaqı şəhər kənarındakı "Peredelkino"da mənə daça-bağ verib. Orada təkbaşına mən nə edəcəm? Doktor, əgər Siz daçada mənimlə bərabər qalmasanız, Moskvadakı evimə gedib orada yaşayacam".

Mən bu söhbəti uzatmamaq üçün vaxtın gec olduğunu, dincəlməsi gərəkdiyini deyib, onu otağına yola saldım. Sabahısı gün Nazim Moskvadakı evinə getdi.

İki gündən sonra Baş həkim məni yanına çağırdı və Nazimi evində müayinə edəcəyimi söylədi. Nazimin sağlığında balaca bir dəyişiklik olan kimi dalımca maşın göndərilir və mən gedib ona baxır, lazımi dərmanları yazıb sanatoriyaya qayıdırdım. İlk vaxtlar həqiqətən Nazimin səhhətində balaca da olsa problemlər vardı. Zamanla onlar da tədavi olundu. Ancaq buna baxmayaraq, Nazim məni yenə tez-tez çağırtdırırdı. Onun artıq bir həkim kimi mənə ehtiyacı olmadığını dediyimdə Nazim, "Qalya, mən sənsiz yaşaya bimirəm, xahiş edirəm, həmişəlik mənimlə qal", - dedi. Mənim prestijli işim, çalışdığım müddətdə yaşaya biləcəyim evim, mənimlə qalan yaşlı anam vardı. Bütün bu arqumentlər Nazimi fikrindən döndərə bilmədi. Anamla görüşüb onu razı saldı, mənə Kunsevo rayonunda mənzil aldı. Ona yaxın olmaq üçün iş yerimi dəyişdirdim, daha sonra o işdən də çıxdım və bundan sonra Nazimlə "Peredelkino"dakı daçada bərabər yaşamağa başladıq".

Qalina Kolesnikova Nazimin həm həyat yoldaşı, həm də 24 saat səhhətinin keşiyində duran həkimi idi. Xaricdə olarkən Nazim elektrokardioqraf almışdı. Ürəyində bir dəyişiklik hiss edən kimi Qalina xanım Nazimin elektrokardioqrammasını çəkər, Kreml xəstəxasının professorlarını çağırar, onların məsləhət etdikləri müalicə sistemini həyata keçirərdi. Kislorodla nəfəs alması üçün Qalina Nazimin yatağının üstünə kislorod "çadırı" qurdurmuşdu.

Nazim xarici ölkələrə çox vaxt Qalina ilə birlikdə gedərdi. Bu səfərlər zamanı Qalinanın istəyi, xahişi üzərinə həmin ölkələrin kardioloqları Nazimi müayinə edər, tövsiyələrini verər və Qalina onları uyqulamağa çalışardı. Bu xanımın sevgisi və bir həkim kimi köməyi sayəsində şair normal şəraitdə yaşayır, aktiv yaradıcılıqla məşğul olur, səyahətlərə çıxa bilirdi.

Bərabər olduqları yeddi il ərzində Qalina xanım Nazimi dörd dəfə real ölümdən xilas etmişdir. Stalinin dövlət başçısı kimi fəaliyyətinə siyasi qiymət verən Kommunist Partiyasının XX qurultayından bir il əvvəl, 1955-ci ildə Nazim Hikmət Stalinin şəxsiyyətinə pərəstişi ifşa edən məşhur "İvan İvanoviç vardımı, yoxdumu" pyesini yazır və bu pyes 1956-cı ildə Moskvanın Satira Teatrında səhnəyə qoyulur. Tamaşaçıların olduqca böyük marağına səbəb olan bu tamaşa dörd dəfə göstərildikdən sonra "sovet həqiqətlərini yanlış təsvir etdiyi" bəhanəsi ilə qadağan olunur. Qalina Kolesnikova ilə birlikdə getdikləri Varşavada bu xəbəri eşidən Nazim Hikmət çox sayda dərman içərək özünü zəhərləyib öldürmək istəyib. Qalina xanım böyük çətinliklə şairi ağır koma vəziyyətindən çıxararaq həyata qaytarıb.

Nazim Hikmət 26 aprel 1957-ci ildə göndərdiyi bir məktubda bu məsələyə toxunaraq yazırdı: "Qalina, sən məni ən azı dörd dəfə ölümdən xilas etdin. Bilmirəm, yaxşı iş gördün, yoxsa pis. Hər şeyə rəğmən, həyatda olmağımdan çox razıyam. Yəqin ki, dünyada yaşamaqdan gözəl şey yoxdur. Çox sağ ol, qızım".

Xəstəliyinə baxmayaraq, Nazim çox aktiv həyat sürürdü. Onun daçadakı evi hər zaman dostları və qonaqlarıyla dolu olardı. Arkadiy Raykin, Konstantin Simonov, Bella Axmadulina, Yevgeniy Yevtuşenko, Mixail Zoşşenko, Rəsul Rza, Pablo Neruda, Bertold Brext, İrji Taufer, başqa ədəbiyyat və sənət adamları Nazimin və Qalinanın müsafirləri olmuşdular.

Kolesnikova Nazimin xaricdə ağır şəraitdə yaşayan həyat yoldaşı Münəvvər xanıma və oğlu Məmədə dərin hörmətlə yanaşar, onlara pul göndərməsini tez- tez şairə xatırladardı. Nazim xəstə olduğu zamanlarda Qalina xanımın özü banka gedər və Münəvvər xanımın adına pul köçürərdi. 1959-cu ilin mayında Parisdə olarkən Nazim Münəvvər xanıma pul göndərə bilməyib və məktubunda bunu Qalinaya yazıb. Qalina cavab məktubunda "Münəvvərə pul yollaya bilmədiyinə, onlardan məktub almadığına çox üzüldüm, çünki məhz bu işlərə görə sən Parisə getmişdin", - deyə yazmışdı.

Qalina, eyni zamanda Nazimin katibəsi rolunu da üzərinə götürmüşdü. O, dünyanın dörd tərəfindən gələn məktublara Nazimin diktə etdiyi cavabları, müxtəlif qəzet və jurnalların xahişi ilə yazdığı məqalələri yazı makinasında çap edərdi.

Bütün bu anlatdıqlarını qısa şəkildə yazmasını Qalina xanımdan xahiş etdim. Bir müddətdən sonra hazırladığı on səhifəlik əl yazısı ilə tanış olduqda, Nazim Hikmətin 50-ci illərdəki Moskva həyatının bir çox qaranlıq məqamlarının aydınlandığını gördüm və Kolesnikovaya daha ətraflı bir şəkildə xatirələrini yazmasını təklif etdim. İlk vaxtlar bu təklifə ehtiyatla yanaşan Qalina xanım, 1993-cü ildə Udmurtstana, doğma Votkinsk şəhərinə köçdükdən sonra xatirələrini yazmağa başladı. Kitabın hazır hissələrini oxumaq və redaktə etmək üçün mənə göndərirdi. Əlyazısıyla tanış olduqdan sonra bəzi bölümlərdə düzəlişlər etməsini, özəlliklə də Nazimlə olan bərabərlikləri haqqında daha geniş məlumat verməsini təkif etmişdim. Mənim xahişimi nəzərə alan Qalina xanım kitabının 387-ci səhifəsinə yeni və çox maraqlı bir bölüm əlavə etmişdi. "Nazim Hikmətlə yeddi il bərabər" kitabı 1999-cu ildə İjevskdə çap olundu. Bir müddətdən sonra o, türkcəyə də tərcümə edildi və İstanbulda yayınlandı. Qalina xanımın xatirələrində Nazimin Moskva həyatı uydurmalardan uzaq, gerçəyə, obyektivliyə, faktlara və dəlillərə dayanılaraq göstərilməkdəydi. Bu kitab özəlliklə Türkiyədə böyük əks-sədaya səbəb olmuşdur. Tanınmış yazıçı Mehmed Aydın bu xatirələrin etkisiylə "Nazim, Qalina və Vera" adlı pyes də yazmışdır.

Qalina Kolesnikovanın "Yeddi il Nazim Hikmətlə" xatirə kitabının bir bölümü şairin müxtəlif illərdə xarici ölkələrdən ona rusca yazdığı məktublara ayrılmışdı. Duyğularını, düşüncələrini, sevgisini rusca istədiyi şəkildə ifadə edə bilmədiyindən şikayətlənən Nazim ("Ə tebə oçenğ çasto viju vo sne. Çert poberi, kak ne umeö pisatğ po-russki. Mne xotelosğ tak mnoqo i krasivo pisatğ tebe". 01.07.1954), göndərdiyi məktublarında hər fürsətdə Qalinaya olan sevgisini, ehtiramını, minnətdarlığını dilə qətirirdi. O, Qalinaya Güllü, Adil Gəray adlarıyla müraciət edərdi. 1959-cu ilin avqustunda Praqadan yazdığı məktubunda ona türkcə müraciət edərək yazırdı: "Güllü hanım, a benim canım, sultanım, güzəlim, şəkərim! Ə bıl tak rad, mne bılo tak xoroşo, koqda slışal tvoy qolos".

Nazim ilə Qalina arasındakı sevginin şahidi olan Əkbər Babayev bunu Qalinaya imzaladığı kitabında belə ifadə etmişdir: "Nazimin sevdiyi qadına, Nazimi sevən müəllifdən kiçik bir xatirə".

1955-ci ildə "Soyuzmultfilm" kinostudiyası Nazim Hikmətin ssenarisi əsasında "Sevdalı bulud" çizgi filmini çəkməyi qərarlaşdırır və müəlliflə əlaqə yaratmaq, razılığını almaq işini studiyada yenicə işə başlamış 23 yaşlı Vera Tulyakovaya həvalə edir. Çizgi filmiylə bağlı olaraq Vera arabir gah kinostudiyada, gah Nazimin evində onunla görüşür. Film tamamlandıqdan sonra bu gənc qız ərə getməsinə, uşağı olmasına baxmayaraq, Nazimi rahat buraxmır və hər fürsətdə onun diqqətini cəlb etməyə çalışırdı. Nazim bu gənc, gözəl qadına vurulur və onların gizli görüşləri başlayır. 1960-cı illərin əvvəllərində Nazim Vera ilə Kislovodska gedir və ondan sonra bir daha Qalinanın yanına qayıtmır.

Kislovodska getməzdən öncə Nazim Hikmət bu hadisəylə bağlı dostu və sirdaşı Əkbər Babayevə bir, Kolesnikovaya iki türkcə məktub göndərir. Əkbər Babayevə məktubunda Nazim yazırdı: "Əkbər, övladım! Qalyaya ünvanladığım məktubları ona tərcümə et. Mən son dəqiqəyə qədər bu məsələni sənə açıb-açmamaqda tərəddüd edirdim. Qorxurdum ki, bu hadisəyə görə sən öz məntiqinlə məni günahlandıracaqsan. Mən başqa cür hərəkət edə bilməzdim.

Məni başa düşməyini və bunu Qalinaya da başa salmağını səndən xahiş edirəm. Bu, səndən gizli saxladığım yeganə şəxsi sirrim idi.

Gözlərindən öpürəm, oğlum.

Qalinanı yalqız, tək qoyma.

Nazim Hikmət"

Qalinaya ünvanlandırdığı duyğulu məktubunda isə Nazim yazırdı: "Mənim ürəyim, Adil Gərayım, Məmədim, Münəvvərim və Qalyam! Səni çox, olduqca çox üzdüyümü bilirəm, yenə təkrar edirəm, başqa cür hərəkət etməyim imkansız idi. Ən çox məni üzən sənin tənhalığındır. Əgər mən ölsəydim, bu tənhalığı daha qorxunc bir şəkildə hiss edərdin. Səndən dostluğumuzu davam etdirməyini, yenə də oğlum Məmədim, Münəvvərim, Adil Gərayım olmağını xahiş edirəm... İstəsən də, istəməsən də mən sənin atan, sən mənim anam, bacım, yoldaşımsan.

Salamat qal.

Bilirəm, çox çətindir, ancaq yenə də məni bağışlamağa çalış. Çox çalış. Bəlkə, bağışlaya bildin.

Nazim Hikmət"

Nazim Peredelkinodakı daçanı, maşınını Qalinaya qoyur, evin xərçlərini də ödəyir. Özü isə Vera ilə Moskvadakı mənzilində yaşamağa başlayır.

Söhbətlərimizin birində Qalina xanımdan Nazimi bağışlayıb, bağışlamadığını soruşduğumda o: "Əlbəttə, bağışladım, - dedi. - Nazim dahi şair, yaradıcı adam idi. Yeni əsərlər yazması üçün ona yeni həyəcanlar, duyğular, hətta stresslər lazım idi. Mən bunları başa düşürdüm. Ancaq bir həkim kimi də başa düşürdüm ki, bu hadisə Nazimin həyatını qısaldacaq, çünki o, ağır xəstə idi, daim nəzarətdə olmalıydı".

Ayrılmalarına baxmayaraq, Nazim Qalina ilə əlaqəsini kəsmir, onun yaşayışı, maddi vəziyyəti ilə maraqlanırdı. Və ən çox da ona inanır, güvənirdi. Ölümündən sonra bütün var-dövlətinin oğlu Məməd, Münəvvər xanım və partiyası arasında bölünməsini istədiyi vəsiyyətnaməsini saxlaması üçün Nazim məhz Qalinaya vermişdir. Qalina da o vəsiyyətnaməni Nazimin dəfn mərasiminə qatılmaq üçün Moskvaya gələn Münəvvər xanıma çatdırmışdır.

Yazıqlar olsun ki, Nazimin sonuncu məhəbbəti xoşbəxtliklə nəticələnmədi, ehtiraslı, gənc qadın keçmiş əriylə münasibətini bərpa etdi, yerli-yersiz tələblər irəli sürdü, evinə sahib olmaq məqsədilə Nazimi sovet vətəndaşlığını qəbul etməyə və daha sonra da onunla evlənməyə vadar etdi. Veranın hərəkətlərinə dözməyən Nazim dəfələrlə evini tərk edib, dostu Maratın, Əkbər Babayevin mənzilində qalmalı olub. Son dəfə 1963-cü ilin əvvəllərində Əkbər Babayevin tövsiyəsi, xahişi ilə Nazim evinə döndü və çox keçmədən, iyun ayının 3-də həyata vəda etdi. 1963-cü ilin aprelində yazdığı axırıncı şeirində Nazim yaşamının son iki il beş aylıq dövrünün nəylə sonuclanacağını bir neçə misrayla və anlamlı şəkildə belə dilə gətirmişdir:

Gəlsənə, dedi mənə,

Qalsana, dedi mənə,

Gülsənə, dedi mənə,

Ölsənə, dedi mənə.

Gəldim.

Qaldım.

Güldüm.

Öldüm.

Nazimin durumunu yaxşı bilən və uzun illər Moskvada yaşayan dostu Şükrü Martəl, Moskva radiosunun diktoru Fatma xanım, bir neçə rus yazıçı dostları Nazimin bu seçimini qəti şəkildə dəstəkləmirdilər. Nazimdən söz düşərkən Fatma xanım həmişə göz yaşlarını çətinliklə tutaraq "kaç kere ona, abi, gözünü sevəyim, yapma bunu, kendinə kıyma", dediyini yaxşı xatırlayıram.

Nazim Hikmətin bacısı Samiyə xanım isə 1978-ci ilin 23 oktyabrında doktor Qalinaya göndərdiyi məktubunda yazırdı: "Əziz Qalina! Səni, Sovet İttifaqında mənim qardaşım Nazim Hikmətin ən yaxın insanını, ürəkdən salamlayıram. Nazimin səhhətinə göstərdiyim diqqətdən xəbərdarıq... Dörd dəfə onu ölümdən qurtardığına və ömrünü uzatdığına görə sənə minnətdarıq. Nazimin ölümündən keçən 15 ildə səni həmişə xatırlamışıq. Səni qucaqlayır və bərk-bərk öpürəm. Samiyə".

Nazim Hikmətin yaxın dostu, Parisdə yaşayan ünlü türk rəssamı Abidin Dino da Kolesnikovaya minnətdarlığını bildirərək yazırdı: "Sevgili Qalina! Güzin (Dinonun xanımı - T.M.) və mən sizi tez-tez yadımıza salırıq. Nazimin həyatında oynadığınız rolu unudanlardan deyilik və buna görə sizi çox sevirik. 29.05.1989".

1959-cu ildə Parisdə çıxan şeirlər kitabını Qalinaya imzalayarkən Nazim bunları yazmışdı: "Sağ olarkən insan unudulmur, sən məni öləndən sonra da unutma. Nazim". Kolesnikova nəinki Nazimi unutmadı, həyatının sonuna qədər Nazimə olan sevgisini ürəyində qoruyub saxladı və xatirəsini yaşatmağa çalışdı.

Nazim Hikmətin vəfatından sonra Yazıçlar İttifaqının tələbi ilə Qalina Peredelkinodakı daçanı boşaltmalı oldu. Nazimlə bərabər yaşadıqları o evdə şairlə bağlı hər şeyi - kitabları, məktubları, dünyanın dörd tərəfindən göndərilmiş hədiyyələri, Pikasso, Dino kimi bir çox rəssamların bağışladıqları və özünün aldığı rəsm əsərlərini, yüzlərlə əşyanı Kunsovodakı ikiotaqlı mənzilinə daşıdı və illərlə onları göz bəbəyi kimi qorudu. Vera Tulyakova və ətrafındakıların onun haqqında yaydığı iftiralara, yalanlara, uydurmalara məhəl qoymadan, Nazimin ətrafındakı dost-tanışlarla əlaqələri kəsərək o, Nazimli dünyasında təkbaşına yaşamağa davam etdi.

Qalina xanım siyahı üzərində işlərkən, mən də Nazim Hikmət komissiyasının məsul katibi kimi Rusiya Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi ilə görüşlər aparırdım. Mirzə İbrahimov, Vera Feonova və SSRİ Yazıçılar İttifaqı katibliyinin dəstəyi ilə aparılan bu görüşlərin nəticəsində Nazim Hikmətin arxivinin bir hissəsinin ora verilməsi və şairin fondunun yaradılması qərarlaşdırıldı.

Qalina Kolesnikova arxivə veriləcək 501 sənət əsərinin, kitabın siyahısını 22 noyabr 1987-ci il tarixində poçtla mənə göndərdi. Həmin siyahıda müxtəlif ölkələrdən Nazimə göndərilmiş üç çamadan və bir sandıq dolusu sənət əsərləri, ünlü ispan rəssamı Albertonun, türkiyəli Abidin Dinonun, rus Vaysberqin və başqa rəssamların 16 əsər, latış heykəltəraşı Erna Varnasın hazırladığı Nazimin büstü, şairin şəkillərindən ibarət 16 albom, onun daçada istifadə etdiyi Türkiyədən göndərilmiş manqal və başqa əşyalar vardı. Bir neçə gündən sonra Yazıçılar İttifaqının ayırdığı maşın və işçilər siyahıdakıları protokolla Ədəbiyyat və İncəsənət Arxivinə təslim etdilər.

Burada bir nüansa toxunmaq istəyirəm. Pensiyaya çıxdıqdan sonra maddi çətinlik içində yaşamasına baxmayaraq, Qalina xanım Nazimlə bağlı olduğu üçün əlindəki olduqca dəyərli rəsm əsərlərindən birini belə, satmağı ağlının ucundan keçirməmişdir.

***

Doktor Qalina həyatının sonuna qədər Nazimi yaşatmağa çalışmışdır. Yaşadığı Votkinsk şəhərində şairin yubileylərini qeyd edir, yerli qəzetlərdə onunla bağlı məqalələr yazır, məktəblilərlə görüşlər keçirirdi. Şəhərin Tarix və Mədəniyyət Muzeyinə Nazim Hikmətlə bağlı kinofilmləri, diafilmləri, şairin kitablarını, məktublarını bağışlayaraq, orada türk şairinin bir guşəsini açdırmışdı.

Keçən əsrin doxsanıncı illərinin ortalarında İstanbulda yaranmış Nazim Hikmət Vakfının nümayəndələri Kıymet Coşkun və ünlü türk kinoartisti Tarık Akın Qalina Kolesnikova ilə görüşmək və onun qoruduğu Nazim arxiv materiallarından bəzilərini almaq məqsədilə Moskvaya gəlmişdilər. Mənim xahişim ilə Qalina xanım Kıymet Coşkunu Votkinskdə qəbul etmiş və Vakfa bir xeyli arxiv materialları hədiyyə etmişdir.

100 illiyi ilə əlaqədar olaraq YUNESKO 2002-ci ili Nazim Hikmət ili elan etmişdir. Bu münasibətlə tanınmış türk jurnalisti və rejissoru Can Dündar şairə həsr edilmiş sənədli film çəkməyə başlamış və Qalina Kolesnikovadan müsahibə almaq üçün 2001-ci ildə Kıymet Coşkunla birlikdə Votkinskə gəlmişdir. Çəkiliş zamanı Can Dündar Nazimin həyatı, dostları, sevgisi, əsərləri, başqa bir qadının yanına getməsinin səbəbləri haqqında çoxlu suallar verirdi. Onlardan biri də belə idi: "Siz KQB-nin əməkdaşı olmusunuzmu?". Bu sualı eşidən Kolesnikova təəccüblə:

- Siz nə danışırsınız? Nə KQB ilə, nə də başqa təşkilatlarla əlaqəm olmayıb, istəyirsiniz, and içim.

Can Dündarın belə bir sual verməsinin səbəbi vardı. Vera Tulyakova və Çingiz Hüseynov xatirələrində, çıxışlarında Kolesnikovanın KQB-nin agenti olduğunu iddia edirdilər.

2009-cu ildə 91 yaşlı Qalina Kolesnikova Nazimin əlindəki bütün arxiv materiallarından ibarət iki böyük qovluğu poçtla mənə göndərdi. Mən də onları 2014-cü ildə öz kitabxanam və arxivimlə bərabər Azərbaycan Milli Arxivinə bağışladım.

Bir gözü tutulmuş, bir gözü də olduqca zəifləmiş 91 yaşlı Qalina Kolesnikova axırıncı məktubunda mənə göndərdiyi şəkildə Nazimin büstü önündə duraraq, sanki ona nə isə, bəlkə də, həyatının sonuna qədər şairə sadiq qaldığını, xatirəsini yaşatdığını deyirdi.

Doktor Qalina 2014-cü ildə 96 yaşında Votkinskdə vəfat etmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!