"Gecə zərifdir"... - Ekranlaşdırılmış ədəbi əsərlər layihəsi Sevda Sultanovanın təqdimatında

Layihədə Frensis Skott Fitsceraldın "Gecə zərifdir" (1934) romanı əsasında çəkilmiş filmi təqdim edirik.

Romanın məzmunu: Hadisələr Fransada 1920-ci illərdə cərəyan edir.  Hollivud aktrisası Rozmeri anasıyla dəniz kənarında dincəlir. Burda onlardan başqa, zəngin bir ailə də öz dostları ilə istirahət edir. Bu, psixiatr Dik Dayverin ailəsidir. Dik və arvadı Nikol onları öz malikanələrinə ziyafətə dəvət edir. Rozmeri onların gözəl, əyləncəli həyat tərzinə heyran olur və Dikə vurulur. 

Ziyafətdə gözlənilməz hadisə baş verir. Qonaqlardan biri xanım Makkisko həyəcanla otaqlardan birində gördüyü hadisəni danışmaq istəyəndə ailənin dostu Tommi ona bu barədə nəsə deməyə izn vermir. 

Dayverlər ailəsinin dəvəti ilə Parisə gedən Rozmeri getdikcə Dikə daha çox aşiq olur. Amma o, eyni zamanda onun arvadı Nikolun gözəlliyinə, zərifliyinə də heyrandır.

Bir dəfə isə Rozmeri təsadüfən Nikolun insan səsinə bənzəməyən çığırtısını eşidir, onun əyilmiş üzündən dəhşətə gəlir. Onda Rozmeri anlayır ki, xanım Makkisko o vaxt Nikolu oxşar vəziyyətdə gördüyündən həyəcanlanaraq məhz bu hadisəni danışmaq istəyirmiş. 

Dik evli olduğu 6 il ərzində ilk dəfə hiss edir ki, onun həyatı dalana dirənib.

Vaxtilə Amerikadan İsveçrəyə işləməyə gələn Dik Avropanı zəkasıyla fəth etmək iddiasındaydı və müəllimi ona çox ümidlər bəsləyirdi. O, "Psixiatr üçün psixologiya" adlı kitab işləyir və klinikada uğurlar qazanır. Amma burda zəngin ailənin qızı Nikolu müalicə edərkən onu sevir. Nikolun psixi pozğunluğunun səbəbi, o, on altı yaşında olarkən atasının məşuqu olması və sonradan atasının intihar etməsiydi. Bu hadisə onun psixi müvazinətini pozur.

Ailənin mirasını isə onun böyük bacısı Bebi idarə edir. 

Dik seçim qarşısında qalır: peşəni, yoxsa sevgini seçməli. Çünki Nikol Dikin işlədiyi şəhərdə qalmaq istəmir, həm də onun psixikası kövrək olduğu üçün əri bütün diqqətini ona yönəltməyə məcburdur. O, özünü tamamilə arvadına həsr edir və anlayır ki, bu xəstəlik yenidən qayıda bilər. 

Bebi Dikin bacısıyla evliliyinin kökündə pulun dayandığını düşünür. Dikin isə Nikola hissləri səmimidir. O, Bebinin təklif elədiyi pulu qəbul etmir. Bununla belə, maliyyə baxımından müstəqil olmağa çalışsa da, ailənin hakimiyyətindən qurtula bilmir. Nikolun sağlamlığı üçün dəniz kənarında tikilən mülk, onun ehtiyacları, ziyafətlər, səyahətlər - hamısı böyük pullar demək idi.

Vaxtaşırı tutmaları olan arvadına Dik həm həkim, həm ər olur. Vaxt keçdikcə, Nikolun tutmaları, yersiz qısqanclıqları onu təngə gətirir. Həm də hiss edir ki, Nikol xəstəliyindən istifadə edərək onun üzərində hakimiyyətini saxlayır.

Bu həyat Dikin şəxsiyyətində ikiləşmə yaradır, o, ər və həkim arasındakı sərhədi itirir, təmkinli Dik səbirsiz, aqressiv adama çevrilir. Rozmeridə təsəlli tapsa da, bu sevgi onun həyatını dəyişmək gücündə deyil.

O, həmkarı Fransla birlikdə aldığı klinikada pasiyentlərlə kobud davranır, daim içir. Nəhayət, klinikadan da çıxır. Nikolla münasibəti isə tamamilə çat verir. Nikol Tommiyə ərə gedir. Dik isə Amerikaya dönərək, kiçik şəhərlərdə həkimlik edir, arvadı getdikcə ondan daha az məktub alır.

Fitscerald roman üzərində bir neçə dəfə işləyərək əsaslı dəyişikliklər edib. İlk variantda baş qəhrəman, səs operatoru Frensis anası ilə Avropaya səyahət edir. O, burada gənc və zəngin adamlarla tanış olur. Onların təsirinə düşən Frensis anasını öldürür.

İkinci variantda isə o, Rozmeri obrazını əlavə edir. Rozmeri  gəmidə Hollivud rejissoru Kelli və onun arvadı Nikolla  tanış olur. Bu variantdan bir neçə əlyazma qalıb.

Nəhayət, 1932-ci ildə yazıçı növbəti variantı işləyir. Yenə əsaslı dəyişikliklər edir və Nikolun psixi pozğunluğu motivini gətirir.

Əsər çap olunur və uğur qazanmır. Tənqidçilərin sözlərinə görə, seçilmiş struktur romanın mətnini və xronoloji ardıcıllığını pozur. O, bu iradlardan sonra əsəri yenidən dəyişir. Amma ölümü əsəri tamamlamağa macal vermir. Əsəri dostu və tənqidçi Malkolm Kouli sona çatdırır. Və 1951-ci ildə bu versiya çap olunur.

Tənqidçiləri qane etməyən nə idi?  Ssenari haqda məşhur dərsliklərin müəllifi, amerikalı Sid Fild "Kinossenari" adlı kitabında romanla bağlı maraqlı detala toxunur. Öncəliklə qeyd edim ki, borca girən, içkiyə aludə olan Fitscerald 1937-ci ildə yeni həyat arzusuyla Hollivuda gəlir, ssenarist olmaq istəyir. Amma uğur qazana bilmir. Fild yazıçının uğursuzluğunun səbəbini onun ssenarist kimi özünə güvənsizliyində görür. Bunun üçün "Gecə zərifdir" romanını misal çəkir: "Universitetdə ingilis dilli ədəbiyyatını öyrənəndə bir seminar üçün Fitsceraldın "Gecə zərifdir" romanının birinci və ikinci nəşrini oxudum. Süjetə görə, psixiatr öz pasiyentilə evlənir, qadın sağaldığı müddətdə kişini tükədərək, bütün həyat enerjisini əlindən alır.   Əsərin birinci hissəsi Rozmerinin gözündən göstərilir və o, Dayverlər ailəsini ideal, xoşbəxt hesab edir. Əsərin ikinci hissəsində isə Rozmerinin gördüyü ideal ailənin, əslində, ciddi probelmləri olduğunu oxuyuruq. Birinci nəşr satılmayanda  Fitscerald Hollivuddakı təcrübəsinə əsaslanaraq,  uğursuzluğunun səbəbini romanda Dayverlər ailəsini gec təqdim etməsində görür. Ona görə kitabı yenidən işləyir və Dayverlər ailəsinin həyatını ilk hissəyə salır. Amma roman yenə populyarlaşmır. Məni isə Fitsceraldın bir şeyi görməməsi heyrətləndirir: romanın Rozmerinin Dayverlər ailəsini müşahidəsi ilə başlaması ədəbiyyatdan çox kinoya yaxın idi. Kinematoqrafik baxımdan bu, möhtəşəm başlanğıc idi - baş qəhrəmanları digərlərini necə görməsi. Fikrimcə, Fitsceraldın ssenarist kimi özünəinamı olmadığından o, belə bir gözəl başlanğıcı dəyişir".

Film daha çox 1934-cü il versiyasının strukturuna istinad edir. Bununla belə, romanda müxtəlif personajları xarakterizə edən ruhi zədələr, psixoloji situasiyalar, münasibətlərdəki çətinlik və çoxmənalılıq, sarkastik ton, Rozmerinin həyatı, Diklə bir-birinə sevgisi  geniş əhatə olunur. Filmdə isə bu detallar nəzərə alınmayıb.

Romanla filmin fərqi həm də bundadır ki, Rozmeri əsas personajlardan biri olduğu və əhvalatın bir hissəsi onun baxışından göstərildiyi halda ekranlaşdırmada o, ikinci planda qalır. Üstəlik, Dikin Rozmeriyə münasibəti də filmdə səthi işlənib.

Ümumiyyətlə, romanın psixoloji miqyası dərin, bədii təsviri zəngin olduğu halda, ekranlaşdırmada bu, əksini tapmayıb.

Rejissor Henri Kinq əsasən Dayverlər ailəsinə fokuslanır. 

Və filmi Amerika rejissoru Dulqas Sirkin kinematoqrafiyasının üslubunda, tonallığında çəkməyə cəhd edib.

Yaradıcılığı sabun operalarının ilk mənbəyi kimi qiymətləndirilən, 1950-ci illərdə Hollivudda yaxşı gəlir gətirən Sirk filmlərində bir qayda olaraq ideal ailə modeli yaradır, adətən emosional səviyyədə işləyir və ilk rejissordur ki, parlaq rənglərin, dəbdəbəli dekorasiyaların, interyerlərin vasitəsilə insan tənhalığını, faciələrini, "Amerika arzusu"nun puçluğunu göstərir. Onun personajları dəbdəbli həyatlarının və sosial moralist konsepsiyanın girovudurlar. Sirkin yaradıcılığı bir çox nüfuzlu rejissorlara təsir edib. Gələcəkdə layihəmizdə onun, Erix Mariya Remarkın "Yaşamaq və ölmək zamanı" romanı əsasında ekranlaşdırdığı filmdən danışacağıq.

Deyim ki, Fitsceraldın romanı Sirkin konsepsiyasında işləmək üçün yetərincə material verir. Amma təəssüf ki, Kinqin ekranlaşdırması Sirki imitasiyadan o yana keçə bilməyib. 

İlk 15-20 dəqiqədə rejissor Dayverlər ailəsinin xoşbəxt tablosunu cızır. Hərçənd, romandan fərqli olaraq, rejissor dramaturji tələskənliyə yol verir, o, Nikolun problemlərini tamaşaçıya dərhal bəyan edir və artıq ilk epizodlarda Nikolun mənalı, müəmmalı davranışından nəyinsə qaydasında olmadığına eyham vurur. Və tələsik dramaturji dönüş etməklə də əhvalatın magiyasını pozur, personajları tamaşaçıya dərhal tanıtdırır və dramatizmi xəfiflədir. Sonrakı səhnələrdə arvadının tutmalarından məyus olan Dikin məyusluğu təsvir edilir və fleşbək metodu ilə onun keçmişinə nəzər salırıq: psixiatr kimi arzuları, Nikolu müalicəsi, müəlliminin onu pasiyentinə evlənmək fikrindən daşındırmaq cəhdi, toy mərasimi və s.

Filmin problemi ondadır ki, əhvalatda  bu qədər konflikt nöqtəsi, mənəvi-psixoloji, hərəkət materialı, sarkazm olduğu halda ritmsiz, nəsə baş verməyən, az qala konfliktsiz bir süjet izləyirik.  

Final da təsirli alınmır. Dik heç nəsiz taksidə malikanəni tərk edir. Onun qanını sovurmuş Nikol isə dəbdəbəli evində sevgilisi və snob bacısı ilə tək qalır. Onun tərəddüdü, ağrısı belə son səhnəni dramatik edə bilmir. Çünki rejissor işi zəifdirsə, ifadə vasitələri, təsvir vurğuları doğru deyilsə, səhnənin təsirli alınmasına yaxşı aktyor oyunu da kömək etmir. 

Romanın ümumi qayəsinə gəlincə, burada mərkəzdə dayanan aşırı zənginlik,  dəbdəbədir. Bu zənginliyin içində isə insan faciələri yaşanır. Faciələrini unutmaq üçün onlar aşırı istehlakçılığa meyillənirlər, onunla təsəlli tapırlar  - geyimlər, bahalı içkilər, səyahətlər, ziyafətlər. Amma bu onları xoşbəxt etmək gücündə deyil.  Fitsceraldın "Möhtəşəm Qetsbi" əsərində olduğu kimi, burda da təkəbbürlü, harınlaşmış, rasist baxışlı, maddi gücünə arxalanaraq başqalarını istismar edən personajlar var. Bebi mirasından istifadə edərək, bacısının sağalması üçün Dikin elmi imkanlarını, sevgisini istismar edir,  Dik tükənib lazımsız adama çevriləndə isə ondan üz döndərilir.

Hər bir insan həyatının müəyyən dönəmlərində seçimlə üz-üzə qalır. Seçimlərimiz bizim həyatımızı müəyyən edir. Dik sevgisinə görə peşəsindən imtina edir. Və nəticədə o, özünün yox, özgəsinin həyatı ilə yaşamağa başlayır. Özü kimi ola bilmir, daim rol oynayır, nəvazişli, diqqətli ər və təmkinli, qayğıkeş həkim rolunu oynamaq onu tükəndirir, şəxsiyyətini deformasiyaya uğradır. Nikolu sağaltmaq onun həyatı bahasına başa gəlir.  Bu sual da açıq qalır ki, sevgi fərdi özgələşdirirsə, ona tutunmaq lazımdırmı?

Müəllimi Dikə evliliköncəsi xəbərdarlıq edir: "Sən eyni zamanda ər və Tanrı ola bilməzsən. Nikolun xəstəliyi keçəndə, o anlayanda ki, Tanrıya yox, insana ərə gedib, sevgisi də keçəcək". Nikol xəstəliyi səbəbindən ərindən asılı olduğu üçün ona Tanrı nəzəri ilə baxır, sağalandan sonra isə ona ehtiyac duymur.

Roman müəyyən mənada avtobioqrafikdir. Çünki yazıçının  arvadı da psixi pozğunluqdan əziyyət çəkib.

Dayver cütlüyünə gəlincə isə bu, bir az da Cerald və Sara Myörfi cütlüyünün həyatına istinadla yazılıb. Myörfilər Avropaya köçmüş zəngin ailə idi, bir çox rəssam və yazıçılara himayədarlıq edirdilər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!