Ekranlaşdırılmış ədəbi əsərlər... - Layihədə Lev Tolstoyun "Anna Karenina" romanı əsasında çəkilən filmləri təqdim edirik

 

Sevda Sultanovanın təqdimatında

Süjet: Anna Kareninanı Moskvada qardaşı Stepan Oblonski gözləyir. Stepanın mürəbiyyə ilə eşq macərasından xəbər tutan arvadı onunla dalaşır. Arvadına xəyanət etsə də, o, ailəsinin dağılmasını istəmir və Peterburqda yaşayan bacısına məktub yazaraq ondan kömək istəyir.

Stepanın gənclik dostu Levin, onun baldızı Kitiyə evlənmək təklifi etmək üçün Moskvaya gəlib. Stepan gənc və yaraşıqlı zabit Vronskinin Kitinin pərəstişkarı olduğunu ona deyir. Kitinin də meyli daha çox Vronskiyədir.

Anasını vağzalda qarşılayan Vronski burda Anna ilə rastlaşır və bu cazibəli qadın onu cəlb edir. Onların tanışlığı zamanı vağzal gözətçisi qatarın altında qalır və Anna bunu pis bir əlamət kimi qəbul edir.

Anna qardaşı arvadını onu bağışlaması üçün yola gətirir. Daha sonra bal gecəsinə gedən Anna burda Vronski ilə yenidən rastlaşır. Vronskinin Annaya daha çox diqqət ayırmasından Kiti məyus olur. Anna Peterburqa qayıdır, Vronski isə onun arxasınca gedir. Kitidən rədd cavabı alan Levin isə kəndə qayıdır.

Anna mötəbər vəzifə tutan əri Alekseyi sevməsə də ona hörmət edir. Peterburqa qayıdandan sonra dərin boşluq duyur, ruhi müvazinətini itirir, hətta balaca oğluna sevgisi də ona rahatlıq vermir.

Anna tədricən Vronski ilə yaxınlaşır. Bundan xəbər tutan Aleksey arvadına xəbərdarlıq edir. Vronski qadına ərini tərk etməyi, onunla yaşamağı təklif edir. Amma sevgilisindən hamilə qalsa belə, Anna qərar verməkdə çətinlik çəkir. Əri Annanı boşamır, onu alçaldır və oğluyla görüşməyi qadağan edir. Onun tələbi ilə Vronski ilə də görüşə bilməyən Anna doğuş zamanı ölümlə üzləşir. O, ərini çağıraraq ondan üzr istəyir və Aleksey onu bağışlayır. Vronski isə intihara cəhd edir, amma xilas olunur. Anna sağalandan sonra yenidən Vronskiyə can atır. Onunla və qızıyla birlikdə xaricə gedir.

Bu arada Kiti Levinlə ailə qurur.

Peterburqa dönəndən sonra Anna yüksək cəmiyyətdə qəbul olunmadığını, hamının onunla ünsiyyətdən qaçdığını görür, əri oğluyla görüşə izn vermir. Vəziyyət Vronskinin də düzənini pozur. Anna hər şeydə Vronskini günahlandırır, onun sevgisinə şübhəylə yanaşır. Cütlüyün münasibəti daha da çətinləşir. Annanın qısqanclığı dözülməz həddə çatır. Növbəti konfliktdən sonra Anna Vronski ilə barışmaq üçün onun ardınca vağzala gedir. O, birdən onunla ilk görüşünü, qatar altına düşən gözətçini xatırlayır, çıxış yolunu özünü qatarın altına atmaqda görür.

Hadisədən sarsılan Vronski müharibəyə gedir, onların qızını isə Aleksey himayəsinə götürür.

XX əsrin əvvəllərindən başlayaraq indiyədək romanın 30-a yaxın ekran versiyası çəkilib. Roman film, teleserial, bədii televiziya filmi və film-balet formatlarında çəkilib. 

İlk dəfə romanı Rusiyaya dəvət olunmuş fransız rejissoru Moris Metr çəkib. Baş rola Mariya Soroçtina adlı aktrisa dəvət olunub.

Əsəri ikinci dəfə 1912-ci ildə Emil Zolyanın, Viktor Hüqonun əsərlərini ekranlaşdıran fransız rejissoru Albert Kapellani lentə alıb. Annanı fransız səssiz kinosunun ulduzlarından biri Janna Delvye ifa edib.

Romanı lentə alan ilk rus rejissoru isə Vladimir Qardin idi. 1914-cü ildə çəkilən filmdə Annanı Mariya Germanova oynayıb. Bundan sonra əsərə Amerikada, İtaliyada, Macarıstanda, Almaniyada və başqa ölkələrdə müraciət olunub.

Ümumiyyətlə isə, romanın ilk ekran versiyalarının çoxu günümüzə kimi gəlib çıxmayıb.

Layihə üçün roman əsasında çəkilmiş dörd filmi izlədim. Seçim edərkən əsasən, onların populyarlığına, dünya kinosunda yerinə, rejissor və baş ifaçıların kimliyinə diqqət yetirdim.

Öncəliklə deyim ki, izlədiyim heç bir versiya Tolstoyun əsərinin paradiqmatik qatını, ruhunu əks etdirməyib. Əslində, "Anna Karenina" fabula etibarilə sıradan, hətta bəsit bir melodramdır. Qısaca desək, ərinə xəyanət edən qadın gənc və yaraşıqlı sevgilisi ilə çılğın eşq macərası yaşayır. Sonra onun sevgisi isterikaya, dözülməz qısqanclığa dönür. Onun paranoya həddinə çatan qısqanclığından kişi yorulur və sevgililər dil tapa bilmir. Üstəlik, cəmiyyətin onları qəbul etməməsi münasibətləri daha da çətinləşdirir.

Fəqət, Tolstoyun qüdrəti ondadır ki, sadə, banal hekayəni tarixi fonla, cəmiyyətdəki sosial mühitlə, toplumun doqmalaşmış mənəvi-etik kodeksinin analizi, Levinin simasında özünün fəlsəfi fikirləriylə dərinləşdirir, məna spektrini genişləndirir. Sərt və riyakar əxlaqi qaydalarını diktə edən yüksək cəmiyyətin - hissləriylə yaşayan səmimi birinin qəbuluna hazır olmadığını və onu qəddarcasına öz sıralarından qovulmasını göstərir.

Bu elə bir cəmiyyətdir ki, normaları tapdalasan belə, təklif olunmuş ümumi oyun qaydalarına əməl etməklə nüfuzunu saxlaya bilərsən. Oyun qaydalarını pozduğun, sosial maskanı çıxartdığın andan isə arzuolunmaz şəxs statusunu alırsan.

Tolstoy Annanın isterik həddə çatan qısqanclığını da bu kontekstdə əsaslandırır, onun narahatlığına sosial fon geyindirir. Anna riyakarca moralist absolyutluğu diktə edən cəmiyyətdə taleyinin dramatizmini dərk edir. Bilir ki, Vronskinin onu tərk edəcəyi təqdirdə o, mənəvi ölüdür, bu toplumda onun həyatını yenidən başlamaq şansı sıfra bərabərdir.

Əsəri ekranlaşdıran rejissorların hamısı demək olar ki, bu nüansları gözardı edir, gözardı etməyənlər belə, onların üzərində ötəri dayanır, hiss olunur ki, vacib detalları filmdə necə yerləşdirmək olar sualı qarışısında çətinlik tapıblar.

Nəticədə, əhvalat yalnız qadın-kişi konflikti müstəvisində, duyğusal qatda işlənib.

İlk təqdim edəcəyim film 1935-ci ildə amerikalı rejissor Klarens Braunun lentə aldığı eyniadlı ekran əsəridir. Anna Kareninanı Qreta Qarbo, Vronskini isə Fredrik Març ifa edir.

Bu versiya romanın həm məzmun, həm yaradıcı yanaşma, həm də kinematoqrafik baxımdan ən yoxsul, bəsit təqdimatıdır. Rejissor əsəri yuxarıda qeyd etdiyim mühüm detallardan, fəlsəfi yükdən arındıraraq, hollivudsayağı klişelərlə işləyib. Levin obrazı ümumiyyətlə, filmdə yer almayıb. Braunun yozumu romanın qısaldılmış, ixtisar edilmiş səthi görüntüsüdür.

Ekran versiyaları arasında bu filmin daha çox xatırlanmasına səbəb onun ilk səsli "Anna Karenina" olması və dövrün parlaq ulduzu Qreta Qarbonun baş rolu ifa etməsidir.

Əslində, Qarbo istedadlı, parlaq aktrisadan çox dəb, gözəllik ikonasıydı. O, Annanın mahiyyətinə vara bilmir, obrazlı desəm, çox səthi sularda üzür, üstəlik, onu hissiz-duyğusuz oynayır.

Ümumən isə filmdə vur-tut iki səhnə kinematoqrafik baxımdan (mizanın gətirdiyi məna yükü, təsvir həllinə görə) yaddaqalan idi.

Bunlardan biri əvvəldə, Vronski ilə qarşılaşma səhnəsində, Annanın dumanı xatırladan tüstü arxasında, qarabasma kimi görünməsiydi. Digər maraqlı səhnə Vronski Annaya qəti şəkildə seçim eləməli olduğunu deyəndə, Annanı oğlu səsləməsi, onun yolda tək dayanaraq ümidsizlik içində hansı tərəfə gedəcəyinə - oğluna, yoxsa sevgilisinə tərəfəmi - qərar verə bilməməsiydi.

Filmin məsləhətçisi Tolstoylar nəslini təmsil edən Aleksey Tolstoy olub.

Yeri gəlmişkən, ən zövqsüz, kobud kostyumlar məhz bu versiyadadır.

Versiyalar arasında diqqəti az-çox çəkən, Böyük Britaniya istehsalı olan, fransız rejissoru Jülyen Dyuvivyenin 1948-ci ildəki ekranlaşdırmasıdır. Poetik realizm estetikasında işləyən rejissorun "Pepe le Moko" (1936) kriminal dramı dünya kinosunda nuar stilində çəkilən ilk filmlərdən biri sayılır.

Rejissor "Anna Karenina"nın ruhunu saxlamağa, eyni zamanda öz yanaşmasını verməyə çalışıb.

1935-ci ildəki versiyadan fərqli olaraq, burada personajların xarakteri daha çox açılır. Örnəyi, Annanın əri Alekseyin qadının duyğularına etinasızlığı, karyerasına tutqunluğu, ailənin onun üçün sadəcə olaraq, formal dəyər olması qabarıq təsvir olunur.

Rejissor əhvalatı Annanın kabusları, dəhşətli yuxuları müstəvisində həll edir və bu da özlüyündə filmə sürreallıq gətirir.

Yüksək cəmiyyətin Kareninanın qaydaları pozan davranışını öz dəyərlərinə çağırış kimi qəbul etməsi filmdə həm verbal, həm təsvir dili ilə vurğulanır.

Vivyen Li Qarbodan fərqli olaraq, Annanın dünyasına daxil ola bilir, ilk epizodlarda rolunu təmkinli, soyuq ifa edir, sonra tədricən situasiyalardan asılı olaraq, obrazın psixoloji natarazlığına, əsəbi vəziyyətinə orqanik keçidlər edir.

Ümumiyyətlə, Vivyen Li bir aktrisa kimi obrazlarını emosional planda daha yaxşı oynamağı bacarır. Hərçənd, bəzən aktrisa kimliyi ilə obraz arasındakı emosional məsafəni itirirdi. Misalçün, Elia Kazanın "Arzular tramvayı"nda Blanş rolunun ifasından sonra o, ağır depressiya keçirmişdi.

Rejissor Annanın cəmiyyətdən qovulmasının, tənhalığının dolğun təsvirini verir: Kitinin uşağının doğumu münasibətilə şənlənən qohumları arasında onun fiziki və mənəvi təkliyinin, xüsusən də final səhnəsində meyitinin lazımsız əşya tək relslər üzərində qalmasının təsviri kimi.

Müəllif romanı əvvəlcə başqa cür adaptasiya etmək fikrindəydi, onun yozumunda hadisələr müasir Fransada baş verir və Anna elə əvvəldən yeganə çıxış yolunu intiharda görür. Amma prodüser Aleksandr Korda ssenari ilə razılaşmır və britaniyalı ssenarist Qay Morqana müraciət edir. O isə ssenarini romanın süjetinə sadiq qalaraq işləyir.

1967-ci ildə romanı rus rejissoru Aleksandr Zarxi ekranlaşdırır. Rejissora baş rolda oynamaq üçün dövrün məşhur aktrisalarından Tatyana Doroninanı, Lyudmila Çursinanı təklif etsələr də, o, bənzərsiz zahiri görkəminə və sirli özünəməxsusluğuna görə Tatyana Samoylovanın üzərində dayanır. Vronski rolunu isə aktrisanın keçmiş əri Vasili Lanovoy oynayır.

Zarxi bacardıqca romanın detallı təsivirinə çalışıb, amma yaradıcı yanaşmasını təklif etməyib. Sadəcə, çalışıb ki, bütün personajlar, romandakı epizodlar maksimum şəkildə filmdə yer alsın. Təsvirlərdə isə kinonun təbiətindən uzaqlaşaraq teatral tərzdə işləyib. Əhvalatda teatrallığa xas reallıq mövcuddur. Dekorasiyalar, interyerlər vizual dərinlikdən məhrumdur, reallıqdan qopmuş kimi görünərək, hər şeyin şərti olduğu informasiyasını ötürür. Zarxi daha çox aktyor oyununa, dialoqlara diqqət ayıraraq təsvir yox, söz səviyyəsində işləyib.

Dialoqlar izafi coşquyla təqdim edilir, üstəlik, danışıqlarda mübaliğə, pafos hakimdir. Samoylovanın zəriflikdən uzaq, qeyri-çevik fakturası Anna obrazına uyğun gəlmir. Qısası, bu, Tolstoyun romanına çox ehtiyatla yanaşılan, illüstrativ baxışdır.

Filmin premyerası 1968-ci ilin Kann festivalında olmalıydı. Amma Fransadakı tələbə etirazları festivalın açılışına mane olmuşdu.

Nəhayət, ingilis rejissoru Co Raytın 2012-ci ildə çəkdiyi "Anna Karenina"sı barədə.

Bu filmdə Tolstoyun ruhu demək olar ki, yoxdur. Əsərin süjeti sxematik təsvir olunur. Co Rayt əsasən stilistikaya, nəhəng, bahalı dekorasiyalara, cəlbedici səhnə tərtibatına önəm verib. 

Film teatr tamaşası kimi qurulub. Romanda məkan və personaj nöqteyi-nəzərdən irimiqyaslı epizodları rejissor incəliklə teatr səhnəsinə yerləşdirir, misalçün, cıdırda at yarışı hissəsini.

Bir sıra səhnələrdə operator fasiləsiz planla bir passajdan digərinə keçərək fərqli məkanları iç-içə keçirir, məsələn, restoran hissəsindən bal səhnəsinə keçid kimi. Paralel montajdan çox istifadə olunur. Yəni biz müxtəlif məkanlarda baş verənləri eyni anda görürük. Hərçənd, filmdə paralel hərəkət konflikt, gərginlik, kontrast yaratmır, sadəcə, zahiri dinamizm üçün yararlıdır.

Əhvalat teatr şərtiliyindən bəzən kino estetikasına keçir. Bu, daha çox Levinin olduğu epizodlarda baş verir: onun kəndə gedişi, ov səhnəsi və s. Yəqin ki, bu da təsadüfi deyil. Levin qlamur, dəbdəbəli dünyadan uzaq, niyə varam, həyat və ölüm haqda düşüncələri içində var-gəl edən, həqiqət axtarışında olan personajdır.

İti, oynaq operator işi, ekspressiv montaj, çevik, rəqs estetikasında qurulan mizanlar üsluba xitab edir. Erotik səhnələr qırıq, gərilən montaj sayəsində həllini tapır. Bu qırıqlıq və gərilmə Anna ilə Vronskinin münasibətinə tragik çalar verir.

Co Raytın filmində forma, üslub var, amma məzmun, dərinlik, əhvalata baxış bucağı yoxdur.

Kira Naytli isə ən saxta Anna Kareninadır. O, əvvəldən axıradək öz obrazını niyəsə, psixofizioloji səviyyədə oynayır. Heç bir əsas olmadan, üz ifadələrini, bədən dilini əsəbi, psixi problemi olan adam kimi təhrif edir. Yeri gəlmişkən, onun ifasını bəzi kinotənqidçilər kəskin tənqid eləmişdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!