"Dördüncü divar" layihəsinin bugünkü qonağı yazar, rejissor Səidə Haqverdiyevadır

Bilirəm ki, ona əllə toxunmaq, təmas etmək bir də heç zaman mümkün olmayacaq...

 

- Səidə, ədəbiyyat, teatr və kino. Özünü bu sənət növlərinin hansında daha rahat ifadə edə bilirsən?

- Özünü ifadə baxımından kinoda daha rahatam. Uşaqlığımda özümü aktrisa hesab edir, heç vaxt teatrda olmadığım halda, binamızın uşaqlarına tamaşalar göstərirdim. Bəzilərini buna, hətta məcbur edirdim (gülür). Görünür, bu səbəbdən də teatr mənə həmişə sehrli məkan təsiri bağışlayırdı. Kinoya məhəbbəti isə atam yaradıb. Onun yaxşı kino zövqü var idi. Seçdiyi filmlərə birlikdə baxır və sonra müzakirə edirdik. Heç yadımdam çıxmaz, diktor proqramı elan edərkən "Təhminə və Zaur" filminin olacağını dedi. Atam məndən o film barədə fikrimi soruşdu. Mənim izahımdan sonra "Bəyin oğurlanması" filmindəki İsrafil kişi kimi kəskin şəkildə "Sənə elə kinolara baxmağı qadağan edirəm" - dedi. Onun bu ilk kino qadağası həmin filmə dəfələrlə baxmağıma səbəb oldu.

- Burda, yəqin ki, mühafizəkarlığın rolu vardı...

- Təbii. Bilirsən, bizim evdə ilk dəfə sözünü deyən, arzusunu dilə gətirən mən olmuşam. Atam mehriban insan idi. O istəyirdi ki, mən oxuyum, təhsilli olum, hansısa sahədə irəli gedim. Amma bu, incəsənət sahəsi olmamalı idi. Orta məktəbdə oxuyanda şeirlər yazırdım. Bir dəfə isə heç yadımdan çıxmaz Nizami Gəncəvinin şeirini öyrənmədiyim üçün müəllimin qorxusundan şair haqqında elə sinifdəcə şeir yazıb danışmışdım. Müəllim həmin şeirə görə mənə dörd yazmışdı. Bir dəfə isə "Toplan" adlı balaca bir nağıl yazmışdım. Bu nağıl bir küçə iti haqqındaydı. O, küçə iti olsa da, mənə elə gəlirdi ki, həm də mənim itimdir. Bax, həmin nağıl atamın xoşuna gəldi və mənə belə nağıllardan çoxlu yaz dedi. Məhz həmin nağılım İran İslam Respublikasında tamaşaya qoyuldu. İndi fikirləşirəm ki, həmin nağıl, əslində, mənim incəsənətə bir addım yaxınlaşmağıma qəribə şəkildə kömək olub.

Sonralar müxtəlif ədəbi şeir gecələrində iştirak edirdim. Pul mükafatı ilə də qalib olduğum yadıma gəlir. Həmin vaxt rəhmətlik Vaqif Səmədoğlu ilə də tədbirlərin birində tanış olmuşdum. O, müəllimimə demişdi ki, bu qızı ədəbiyyat sahəsinə yönəldin. Amma düzünü deyim ki, məni hər şeydən çox o müsabiqədəki pul mükafatı maraqlandırırdı. Çünki torpaqlar işğal olunmuş, rayonda yaşayan qohumlarımız bizə pənah gətirmişdilər. Və o pul ilə necəsə ailəmə kömək edə bilərdim. O vaxtın çörək növbələrini, insanların kasıblığnı, çəkdikləri iztirabları indi xatırlamaq belə, mənim üçün ağırdı. Mən çörəyin tikələrə bölünməsini bir dəfə "Şərikli çörək" filmində, sonralar isə həyatda görüb yaşamışam.

- Abdulla Şaiq adına Dövlət Kukla Teatrı ilə tanışlığın da maraqlıdır...

- Mən bura qədər bir neçə iş yeri dəyişmişdim. Bu teatrda isə bir xeyriyyə tədbiri çərçivəsində tamaşa hazırlayırdıq. Tam səmimi deyim ki, teatr məni sehrlədi. Uşaqlıqdan arzuladığım, xəyal qurduğum aləmin içərisinə düşmüşdüm. Sonra iş elə gətirdi ki, mən burda işə düzəldim. Və nə yaxşı ki, burda işlədim. Çünki mən burdan başqa heç bir yerdə özümü tapmayacaqdım.

- Bəs niyə teatrın içərisində ola-ola kino rejissoru oldun?

- Bu daha çox hekayələrimdən qaynaqlanan məsələdir. Hekayələrimi oxuyan yaxınlarım, ətrafım həmişə mənə deyirdilər ki, sənin yazdıqların film kimidir. Bu fikir və kinosevərliyim məni film sahəsinə yönəltdi. Əlbəttə, tamaşaya baxmaq, teatrda olmaq gözəl hissdir. Amma niyəsə mən özümü kinoda tapdım. Düşünürdüm ki, özümün arzuladığım şeyləri kino vasitəsilə başqaları ilə daha rahat bölüşəcəm. Həm də mənə belə gəlir ki, kinonun ötürmə funksiyası daha üstün və genişdir.

- Müəllifi olduğun "Ər quyusu" filmi və "Metamorfoza" tamaşası əsasən bioqrafik məqamlarla zəngindir. Amma fərqli səpkilərdə. İstər tragikomediya, istərsə də dram janrında müəllif kimi özündən bəhs etmək necə hissdir? Azadlıq bəxş edir, ya daha da məsuliyyətli olmağa məcbur olursan?

- "Ər quyusu" filminin ssenarisi anamın xatirələri idi. Onların hamısını əvvəl hekayə kimi, daha sonra isə ssenari kimi işləyib film halına gətirdim. "Ər quyusu"nun afişasına janr olaraq komediya yazsam da, əslində, tragikomediyadır. Mənim filmimin alt qatında dərin kədər var.

Çünki yurdumuzun insanı dram, faciə filmlərinə tamaşa etməyi sevmir. Bunu son illərin kino bazarındakı kinokomediyaların çoxluğu da göstərir.

Rejissor Günay Səttarın quruluş verdiyi "Metamorfoza" isə "Qisas" və bir neçə hekayəm əsasında hazırlanıb. Bu tamaşa izah baxımından açıqdır. Orada kədəri rahat göstərə bilmişəm. Məsuliyyət məsələsinə gəldikdə isə açıq deyim ki, əvvəllər mən çox rahatlıqla geri çəkilə bilərdim. Amma indi orta nöqtədəyəm. Geri getmək mümkün deyil. İrəli getmək üçün isə güc toplayıram. Bu isə əlbəttə ki, məsuliyyət gətirir. Yaradıcılıq baxımından heç vaxt indiki qədər məsuliyyətli olmamışam.

- Bir neçə müsahibəndə belə fikrinə rast gəldim ki, filmi çəkməzdən əvvəl müxtəlif rejissorlardan müəyyən təcrübə toplamaq istəsən də alınmayıb. Niyə alınmadı?

- Əslində, bu haqda danışarkən mən başqa daha həssas məsələni nəzərdə tutmuşdum. Amma bundan mənim əleyhimə istifadə edən adamlar da oldu. Guya mən kinoya qeyri-ciddi yanaşıram, təcrübəsizəm və buna baxmayaraq kino çəkmək istəyirəm - kimi fikirlər səsləndiriblər. Əslində isə mənim film çəkməkdə tələsməyimin səbəbləri bir az başqa cür olub. Məsələ burasındadır ki, 2016-cı ildə müəyyən məbləğdə pulum vardı, anam isə sağalmaz xəstə idi. Sonuncu dəfə həkimin qəbulunda olanda həkim mənə dedi ki, ananızın ən çox halda altı, yeddi ay ömrü qalıb, vəziyyəti çox ağırdı. Belə olan halda mənim çox az vaxtım qalırdı və zaman, belə deyək də, əleyhimə işləyirdi. Vaxtım olsaydı, təbii ki, rejissorla da əlaqə saxlayardım, kifayət qədər də təcrübə toplayardım. Sadəcə olaraq, zaman itirirdim və istəyirdim ki, o, xatirələrinin toplandığı bu filmi görsün. Buna görə də fikirləşdim ki, hər şeyi özüm edəcəm. Təsəvvür et ki, nə kameram vardı, nə film çəkilişi haqqında təsəvvürlərim. Ola bilər indi bu sözlərimi də kimsə paylaşıb deyəcək ki, təcrübəsizdir, bilmir və s. Ancaq filmin çəkilişlərinə başlayan zaman mənim ancaq düşüncələrim vardı. Həm də heç bir kommersiya marağım yox idi. Necə olmasından asılı olmayaraq, bu mənim ilk işim, ilk filmimdir. Yadıma gəlir ki, Şamaxıya çəkilişlərə yola düşəndə çox həyəcanlı idim. Çəkiliş üçün hər şey hazır olandan sonra əlimdə ssenari öz-özümə dedim, Səidə, başla! Sən bu film üçün heç kimə hesabat verməyəcəksən.

- Motor, başladıq dedin beş bitirdin...

- Yox, motor deməyə utandım. Fikirləşdim ki, hələ bu sözü demək mənim üçün tezdir. Başlayaq dedim və özüm öz səsimi tanımadım. O qədər sakit çıxmışdı ki, səsim. Məni ürəkləndirən operatorun səsi, təlimatları oldu. Birinci dubl bitəndən sonra sənətin gətirdiyi o möhtəşəm hissi yaşadım. Bu, sanki uzun illərdən bəri sevdiyin, gözlədiyin insanla birdən-birə rastlaşmağa, onu qucaqlamağa bənzəyir.

- Andrey Tarkovski deyirdi ki, "n istənilən insana rejissorluq tinin texnikasıiki, üç ay ərzində öyrəbiləm. Amma onun tkar olması heç olmasa öz üslubunu yarada bilməsi artıq şəxsi istedada gedib çır". n Peterburqda hsil alırsan, kdə bir qadın rejissor kimi öz üslubunu yarada biləyinə inanırsan?

- İndiki vəziyyətdə yaradacam demək bir az iddialı səslənər, amma yarada bilmərəm demək də istəmirəm (gülür). Mən yenə də deyirəm ki, bu işin içərisinə ya girməməliydim, ya da girmişəmsə artıq geri çəkilə bilmərəm. Birinci olmağa çalışmalıyam.

Təhsil aldığım universitetdə nəinki Rusiyanın, dünyanın tanınmış sənətkarları, sənətşünasları və rejissorlarından dərs alıram. Onlardan çox şey öyrənsəm də öz dəst-xəttimi yaradacam.

Tarkovski barədə mən hardasa 25-26 yaşımda oxumuşam. Bu adam şəksiz dahi olub və dünyanın bir çox ölkələrində çıxışlar edib, master-klassları olub. Mən də bu dərslərə baxmışam. Sadəcə, onun üslubu mənə yad, fikirləri maraqlıdır.

Onun daha məşhur "Ayna" və "Stalker" filmlərini də izləmişəm. Maraqlı ekran işləri olsa da bir az yaddır. Mənə ən yaxın olan rejissor Almadovardı. O da, yəqin ki, qadın mövzularını daha çox işlədiyindəndir. Qadın mövzusu isə mənə çox doğmadır.

- Bildiyimə görə, qadın mövzusunu geniş formada kinoda işləmək fikrin var?

- Mən feminist deyiləm. Amma niyəsə elə görünürəm. Məsələ burasındadır ki, Şərqdə və ümumiyyətlə, müsəlman dinində qadına yüksək qiymət verilsə də, həmişə qadınlar arxa planda qalıblar. Qadına güclüsən, dözümlüsən, bacararsan diktə etməklə onun çiyninə çox ağır yüklər qoyublar. Amma nəticədə çox zərifdir. Sən güclüsən, bacararsan deməklə, əslində, qadını həqiqətən də güclü olmasına, özündən qat-qat ağır yükü qaldıra biləcəyinə inandırıblar. Beləcə, ona qadınlığını unutdurublar. Və mən məhz bu cür mövzuları ekranlaşdırmağa çalışacam.

- Bu zaman, yəqin ki, qadının misal üçün, həm Janna Dark, həm də Medeya ola bilməsini nəzərə alacaqsan...

- Razıyam, Janna Dark, eləcə də digər qəhrəman qadınların çiyinlərinə çox ağır yüklər qoyublar. Bu da sonda onların faciəsi ilə nəticələnib. Deyilənə görə, Janna Dark edamından bir müddət öncə tərkidünya olub, öz-özü ilə danışırmış. Medeya isə başqa cür insanlığa zidd davrandı. Bütün bunlar da ondan irəli gəlir ki, qadını çox yükləyəndə o, loru dildə desək ağlını itirə bilər. Bu isə çox böyük fəsadlar yaradar. Əgər qadının çiyinlərinə qoyulan yükün yarısını kişilərin boynuna qoysaq, vallah onlar özlərini asarlar.

- Abdulla Şaiq adına Kukla Teatrının nəzdində olan Oyuq Teatr-studiyasının rəhbərisən. Balacalara teatrı sevdirmək, izah etmək necədir?

- Uşaqlara, istedadlı balalarımıza sevgim məni Oyuq Teatr-studiyası ilə birləşdirdi. Teatrın inkişafı ilə bağlı müvafiq proqrama uyğun olaraq yaradılan bu studiya ilə 2012-ci ildən çalışıram və o zamandan bu yana bir çox uğurlara imza atmışıq. Studiyanın balaca istedadları ilə dünyanın müxtəlif ölkələrində keçirilən məşhur festival və müsabiqələrdə Qran-pri və birinciliklər qazanmışıq. Bu illər ərzində qatıldığımız hər festivaldan, reallaşdırdığımız hər qastroldan böyük uğur, əks-səda ilə qayıtmışıq. Saysız sosial aksiyalar, ilk dediyimiz layihələr, maraqlı tamaşalar, rəngarəng konsertlər, dövlət tədbirlərində iştirak və sair uğurlar uşaqlarla keçən gərgin məşq və sərf olunan zamanın gözəl nəticələridir.

- Əbdürrəhim bəy Haqverdiyevin nəslindənsən. Bir az bu məsələyə aydınlıq gətirməyini istərdim...

- Babam Şuşada anadan olub, orda böyüyüb. Sonradan işləmək üçün Ağdama gəlib və orda da Ağdamdan olan qadınla ailə qurub. Babam Əbdürrəhim bəy Haqverdiyevin nəslindən olduğumuzu deyər və bununla fəxr edərdi.

Sözün düzü, uşaq olduğumuzdan bunun elə də fərqinə varmazdıq. Daha sonra Haqverdiyevin tədqiqatçısı Saleh Hüseynovla tanış oldum. O, Haqverdiyevin səcərələrini araşdırırdı, həm də Haqverdiyevin qohumu idi. İndi adlarını çəkdiyim hər iki şəxs dünyasını dəyişib.

- Ailə qurduğun insan teatr direktoru Rəşad Əhmədzadə və onun ailəsi də sənətlə bağlıdırlar. Səidə Haqverdiyeva konkret olaraq Rəşad Əhmədzadədən nələr öyrəndi?

- Tam səmimi deyim ki, Rəşad müəllimdən təmkinli, bəzi məqamlarda soyuqqanlı olmağı öyrənmişəm. Ümumiyyətlə, o mənim üçün bir çox məsələlərdə yaxşı örnəkdir. Ailənin ədəbiyyata, teatra, ümumilikdə sənətə məhəbbəti məni daim valeh edib. Böyük satirik, tanınmış dramaturq Rüfət Əhmədzadənin irsi və həyat yolu mənim üçün daim maraqlı olub. Rəşad müəllimin anası, rəhmətlik Mirvari xanım uzun illik təcrübəyə malik pedaqoq idi və o məndə davamlı mütaliəyə maraq yaratdı. Zəngin kitabxanamızdakı nümunələrdən seçərək oxumağı məsləhət görürdü. Rəşad müəllimin qardaşı Zülfüqar müəllim də ədəbiyyat, kino və teatr barədə bilgilərimi artırmaqda köməklik edib. Rəşad müəllim isə mənə sadəcə olaraq dəstək olub. Biz ailə quran günü mənə dedi ki, sənə görə heç vaxt heç kimə ağız açmayacam. İnan ki, bu günə qədər də bu belədir. Amma arzularıma, istəklərimə qarşı çıxmayıb, mühafizəkarlıq etməyib və ən əsası mənə inanıb.

- Sankt-Peterburqda Mədəniyyət və İncəsənət Universitetində təhsil alırsan. Niyə məhz təhsil üçün oranı seçdin?

- Tarixdən bilirdim ki, bizim bir çox ədəbiyyat və incəsənət adamlarımız həmin şəhərdə təhsil alıblar. Mən də sənədlərimi hazırlayıb ora qəbul olundum. Peterburqun sənət həyatı tamam başqa və valehedicidir. Sonuncu dəfə orda olanda baxdığım bütün tamaşalardan böyük zövq aldım. Bizdə aktyorlar bir az çox tez rahatlaşırlar. Bu rahatlıq da onların həm tez yaşlanmasına, həm də bədən plastikalarını itirmələrinə gətirib çıxarır. Təsəvvür et ki, 40 yaşlı aktyor tamaşa zamanı nazik bir turbanın üstündə uzanıb siqaret çəkir. Və həmin aktyorun plastikası bizdə bəlkə, Pantomima Teatrının bir neçə aktyorunda ola bilər. Bizim aktyorlarda arxayınlıq var. Onlar bir balaca tanınan kimi məşq etmirlər, kökəlməyə başlayırlar, hər rolu özlərinə yaraşdırmırlar və s. Amma orda elə deyil. Hər kəs öz işini görür və öz üzərində işləyir.

- Rejissor Ərşad Ələkbərov da Peterburqda təhsil alıb. Onun müsahibəsində təxminən belə bir fikrə rast gəldim ki, Peterburqdakı yaradıcılıq prosesini bizdə tətbiq etmək çətin, hətta mümkünsüzdür. Tətbiq etmək mümkün deyilsə, bəs onda sənin, onun və başqalarının bu qədər zəhmət çəkib ölkədən kənarda təhsil alması nə üçündür?

- Ərşad çox istedadlı insandır. Biz onunla orda olanda da görüşdük, söhbət etdik, fikir müzakirələri apardıq. Amma bu barədə mən onun fikirlərinə qatılmıram. Onunla razı deyiləm. Mənə elə gəlir ki, ordakıları burda tətbiq etmək heç də çətin deyil. Düzdür, hər şeyi rejissorun da boynuna yıxmaq olmaz. Amma bizim tamaşaçılar ordan gələnləri qəbul etməkdə müəyyən çətinlik yaşaya bilər. Çünki mən orda nə qədər tamaşa izlədimsə mənə elə gəldi ki, ordakı tamaşaçıların mobil telefonu, ümumiyyətlə, yoxdur, hətta səsləri də çıxmır, danışa bilmirlər, ancaq görə bilirlər.

- Biz hamımız səni mərd, sözünün üstündə durmağı, xeyirxahlıq etməyi bacaran insan kimi tanıyırıq. Amma, eyni zamanda sənin də yaxşı dostların olduğunu unutmuruq. Kimlərəsə təşəkkür etmək istərdin?

- Valideynlərim sağ olanda mən fərqində deyildim ki, Tanrı mənə gözəl ata və ana bəxş edib. Amma onları itirəndən sonra anladım ki, onlar doğrudan da, gözəl insanlar olublar və mən, belə deyək də, Tanrının verdiyi hədiyyələrin fərqində deyildim. Bax, dostlarım da belədir. Onlar mənə Allahın hədiyyələridir. Ona görə də mən onların fərqində olmamaq istəyirəm. Mən baxıram ki, heç kimin mənim kimi təmənnasız, sadiq, xeyirxah dostları yoxdur. İndi insanlar dostluqlarını da müəyyən hesablanmış mənfəət üzərində qururlar. Amma mənim dostlarım belə deyil. Bilirsən ki, "Ər quyusu" filminin təqdimatına üç gün qalmış Peterburqdan gəldim. Dərsdəydim. Kinoşünas Sevda Sultanova az vaxt ərzində mənim filmimin qala gecəsinin dəvətnamələrini lazım olan adamlara bir-bir çatdırmaqda böyük köməklik göstərmişdi. Və yaxud da aktrisa Zümrüd Qasımova gecənin aparıcılığını etsə də, həm də qonaqları qarşılamağı bacarmışdı. Aktrisa Ülviyyə Əliyeva həmin filmdə qonararsız çəkildi. Həmidə Rüstəmova həmişə mənim yanımda olub. O mənim Janna Darkımdır (gülür). Dostlarım var ki, yanımda ola bilməsələr də, necə və nə cürsə həmişə mənə dəstək olublar. Çox yaxşı və mərd dostlarım var. Vaxt gələcək, mən onlara böyük təşəkkürümü bildirəcəm. Amma o gün bu gün deyil.

- Səidə, bayaq dedin ki, anamın xəstəliyinə görə film çəkilişlərini tezləşdirməli olmusan. Səhv etmirəmsə, elə çəkilişlər bitəndən sonra da anan dünyasını dəyişib. Səncə, razı qalmışdı filmdən. Axı hamısı onun xatirələri idi...

- Mən bacardıqca filmi tez çəkməyə çalışdım. Çünki bilirdim ki, o, qısa vaxt ərzində bu dünyadan köçəcək. Amma indi düşünmürəm ki, mənim valideynlərim yanımda yoxdular. Onların ruhlarını həmişə yaxınlığımda hiss edirəm. Hər gecə yatmazdan əvvəl onlarla öz içimdə hesabat xarakterli söhbət edirəm. Anam sağ olanda biz tez-tez onunla telefonla danışırdıq. Bəzən kənardan məni dinləyənlər elə bilirdilər ki, mənim həyatımda kimsə başqa adam var. Çünki anamla danışanda üz cizgilərim, gözlərimin rəngi də dəyişirdi. Amma sənə deyim ki, mən doğulandan bu cür məhəbbətim atama qarşı olmuşdu. O vaxtlar anam məni başa düşmürdü. Mənə qarşı həmişə mühafizəkar davranırdı. Bir gün gəldi, atam rəhmətə getdi. Və sanki hər şey elə o bir günün içində baş verdi. Anam atamın yerinə keçdi. Anam bütün yanlışlarımla mənə qucaq açdı. Heç bir vaxt məni danlamadı, mənimlə sərt danışmadı, məni ittiham etmədi və ən əsası, mənə həmişə inandı. Ən dəhşətli səhvimdən sonra belə, gecə yatanda məni qucaqlayıb səhərə qədər əzizləyirdi. Atamdan sonra anam məni buraxsaydı, bəlkə də, çoxdan bu həyatda yox idim. İki ildir anam rəhmətə gedib. Telefonumun yaddaşında onun səsi var. Yuxularımda da demək olar ki, hər gecə anamı görürəm. Amma bilirəm ki, ona əllə toxunmaq, təmas etmək heç zaman mümkün olmayacaq. Bu çox dəhşətli bir şeydir...

- Qarabağlısan. Müharibə mövzusunu nə zamansa filmdə işləməyi düşünürsən?

- Əgər belə bir yaram olmasaydı, bəlkə də, düşünməzdim. Amma torpaqlarımız işğaldadır və mənim vətən yaram var. Ona görə də işləməliyəm, öz büdcəmlə olsa belə, film çəkməliyəm deyə düşünürəm. Mən Şuşanı da, Ağdamı da görmüşəm, oraların gözəlliyindən xəbərdar olan biriyəm. Mən Azərbaycanın bir çox yerlərini gəzmişəm. Oralar da mənim torpağımdır. Amma içərimdə qəribə bir nisgil var ki, axı mənim də torpağım vardı... Mən bilirəm ki, indiki halda mənim nə qədər imkanım olsa da A və Ş hərfi ilə başlayan bütün şəhərlərə gedə bilərəm, amma Şuşaya, Ağdama yox.

On yaşımdan artıq o torpaqları itirmişəm. Müharibənin, qan-qadanın əleyhinəyəm. Onsuz da itkilərimiz çox oldu. Amma mən istəyirəm, artıq öz torpağımın üzərində yeriyim. Mən hər dəfə qarabağlı, qaçqın görəndə kövrəlirəm. Onları qucaqlamaq, öpmək xoşuma gəlir. Çünki içi mən qarışıq hamımız nisgilliyik. İnşallah, o günləri də görərik. Torpaqlarımız da işğaldan azad olunar və bizim nisgilimiz də silinib gedər.

Söhbətləşdi: Samirə ƏŞRƏF

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!