"Unudulmuş şedevrlərimiz" silsiləsindən
İlqar FƏHMİ
Unutmaq, unudulmaq...
Dünənimizdən xəbəri olmayan bir çox "vətənpərvər" mədəniyyət xadimlərinin bu gün ən çox bağırdıqları "həqiqətlər" nədən ibarətdir? - Bizdə sənət həmişə geri qalıb, bizdə heç vaxt sanballı sənət nümunələri olmayıb, nə kinomuz, nə teatrımız, nə musiqimiz, nə rəssamlığımız, nə ədəbiyyatımız ortaya fərli sənət nümunəsi qoymayıb - lakin bunun müqabilində "onlarda" (yəni xaricdə, qonşu xalqlarda) hər şey həmişə yüksək səviyyədə olub, hər şey inkişaf edib və biz də inkişaf istəyiriksə, deməli "onlar"ın ardıyca getməliyik, onları yamsılamalıyıq, öz varlığımızdan çıxıb "onlar" kimi olmalıyıq, çünki bizdə nümunə götürməli heç nə olmayıb; və yaxud olubsa da, uzaq keçmişdə, Nizami, Füzuli dövründə olub, ondan bu tərəfə xalqımız cəhalət yuxusuna gedib...
Ən pisi odur ki, bəzən tanınmış sənət adamlarının da dilindən belə sərsəm fikirlər eşidilir. Niyə? Çünki biz öz-özümüzü, öz atalarımızın, babalarımızın nailiyyətlərini təbliğ eləmirik, əksinə, onları, sanki unutdurmağa çalışırıq... Bu gün sənətşünaslarımızın çoxu ancaq Avropa kinolarından, teatrından yazır, ədəbi tənqidçilərimiz Qərb ədəbiyyatı nümunələrini təhlil edir - əzizlərim, axı onların yaradıcılığını təhlil eləyənlər kifayət qədərdir, bir də sizlərin bu xüsusda yazmağınıza, araşdırmanıza nə ehtiyac var?.. Amma görünür ki, var... Niyə? Çünki bu gün kinoşünas, sənətşünas, ədəbi tənqidçi adıyla özünü ziyalı cameəyə sırıyanların çoxu əldə hazır material olmadan bir şey yaza bilmir deyəsən - Qərb kinosu, teatrı və ya ədəbiyyatı haqqında yazmağa nə var ki? İnternetdə istənilən bir məşhur sənət əsəri barədə müxtəlif dillərdə yüzlərlə məqalə, esse, araşdırma var. Elə hərəsindən iki cümlə götürsən, böyük bir yazı ərsəyə gələcək və oxuyanlar da deyəcək ki, əhsən, filankəs necə savadlıdır, ağıllıdır, intellektualdır, gör Qərbin sənət əsərlərini necə yüksək səviyyədə təhlil edir... Əlbəttə, asanı qoyub çətindən yapışmaq dostlarımızın çoxuna mənasız görünür...
Bəs biz özümüz? Biz öz atalarımızın babalarımızın can qoyaraq ərsəyə gətirdiyi sənət nümunələrini unutsaq, eyni münasibəti də xələflərimiz bizə göstərəcək... Onlar da, öz növbəsində, bizim yaratdıqlarımızı yox, daha çox "o birilər"in yaratdıqlarına köklənəcək, onlara meyillənəcək... Deməli, bu gün biz öz dünənimizi unutmaqla, gələcəkdə özümüzün də unudulmağımız üçün zəmin yaradırıq... Bu isə son nəticədə xalqın milli mənəvi təfəkkürünün sovrulub getməsinə gətirib çıxara bilər...
Yenidənqurma-(qırma) havasında
Çox uzağa getməyək, elə XX əsrin ikinci yarısına diqqət yetirsək, Azərbaycan mədəniyyətinin dünya səviyyəli nə qədər sənət nümunələri ortaya qoymasını görə bilərik. Qara Qarayevdən tutmuş, Tahir Salahova qədər, Rəşid Behbudovdan tutmuş, Müslüm Maqomayevə qədər dünya şöhrətli sənətkarların elə bircə adlarını sadalamaq böyük bir məqaləyə də sığmaz... və bu sənətkarların hər biri böyük-böyük xalqların fəxr edə biləcək səviyyədə əsərlər ortaya qoyublar.
Lakin bu yazıda diqqəti Sovet imperiyasının son onilliyinə - "Yenidənqurma" adı altında təqdim olunan aqoniya dövrünə yönəltmək istəyirəm. Əlbəttə ki, sovet senzurasının zəiflədiyi "aşkarlıq" şəraitində bütün SSRİ məkanında "qapalı mövzular"a həsr olunmuş onlarla sənət əsəri - kinofilmlər, teatr tamaşaları, ədəbi əsərlər və sair yarandı. Buna baxmayaraq, əminliklə deyə bilərik ki, kino sahəsində ən maraqlı, ən aktual, ən dəyərli işlərdən birini (hətta bəlkə, birincisini) Azərbaycan kinematoqrafçıları ortaya qoymuş oldu.
1989-cu ildə "Lətifə" filmi ekranlara çıxanda bomba kimi partladı. Hətta SSRİ-nin bəzi bölgələrində filmin nümayişi qadağan edilmişdi. Niyə? Çünki hələ Sovet kinosunda bu cür kəskin siyasi satira, qara yumor və fantasmaqoriya olmamışdı. Tanınmış ssenaristimiz Ramiz Fətəliyevin "Azərbaycanfilm"ə rəhbərlik elədiyi dövrdə çəkilən film ilk dəfə Moskvada, Mərkəzi telekanalda nümayiş etdirildi, sonradan çoxsaylı xarici ölkələrdə, müxtəlif səpkili festivallarda dəfələrlə göstərildi, çox maraqla qarşılandı... (Həmin illərdə xalqımızın başı Qarabağ probleminə qarışdığına görə, hansısa bir filmin dünya kino məkanında uğur qazanması hayında deyildik, və kinomuzun bu uğuru barədə məlumat demək olar ki, dar kino xadimləri çərçivəsindən kənara çıxmadı).
Əlbəttə, həmin illərdə Sovet hakimiyyətinin çatışmazlıqları haqqında Moskvada da, bölgələrdə də (elə Azərbaycanda da) çoxsaylı filmlər çəkilmişdi, rejimin əvvəl tənqid olunması qadağan edilən bir çox məqamları tənqid atəşinə tutulmuşdu. Ancaq bu əsərlərin əksəriyyəti sırf tənqidi realizm üslubundan kənara çıxmırdı, hansısa sənət tapıntısı, yeni yanaşma, yeni üslub ortaya qoya bilməmişdilər...
Siyasi fantasmaqoriya üzərində köklənmiş "Lətifə" filmində isə hər şey yeni idi - problemlər, insanlar, hadisələr, fraqmentlər real həyatdan götürülsə də, təqdimat çox fərqli və tamaşaçılar üçün qeyri-adi idi (Onu da qeyd edim ki, Avropada bu janr mövcud olsa da, Rusiyanın özündə 1988-89-cu illərə qədər nəinki kinoda, heç ədəbiyyatda belə bu janr hələ işlənməmişdi. Bir neçə bənzər material var idi ki, bunlar da daha çox Stalin dövrünün hadisələrini əks etdirirdi. Müasir dövrlə bağlı belə əsərlər hələ doxsanıncı illərin əvvəllərində peyda olacaqdı)...
Belə fikir var ki, absurd, fantasmaqoriya, tragi-fars üslubu yalnız elitar tamaşaçılar üçündür, geniş kütlələr yalnız realizmi və romantizmi dərk edə bilir, bundan o tərəfi hiss edib duymağı mümkünsüzdür... Lakin "Lətifə" filmi ortaya çıxanda sənət tarixi üçün çox unikal olan bir hadisə baş verdi - elitar sənət üslubunda yaranan əsər, eyni zamanda, milyonlarla insanın ürəyinə yol tapdı, tək Azərbaycanda yox, bütün SSRİ-də böyük səs-küy yaratdı...
Film haqqında fikirlərimi bölüşməkdən əvvəl bir məqama xüsusi diqqət vermək lazımdır. Filmdə çoxsaylı tanınmış aktyorlar çəkilsə də, kadrarxası yaradıcı heyətin böyük hissəsi o dövrlər üçün hələ çox da tanınmayan gənc kino xadimlərindən ibarət idi... Nə Rövşən Ağayevi, nə Yefim Abramovu, nə Nizami Musayevi və digərlərini geniş tamaşaçı kütlələri o qədər də tanımırdı. Etiraf edim ki, şəxsən mən özüm indiyə qədər bu sənətkarların yaradıcılığıyla o qədər də maraqlanmamışam ki, bu da, əlbəttə, mənim öz günahımdı.
İkiqat absurd
Həmin vaxtlarda filmin fantasmaqorik absurd mənzərəsi, sanki milyonlarla insanın standart dünyagörüşünü dağıdırdı və sanki bizə onilliklər ərzində hansı absurd bir cəmiyyətdə yaşadığımızı hiss elətdirirdi... Sovet insanlarının rastlaşdığı çoxsaylı sosial psixoloji problemlər filmdə absurd detallar, sürreal ştrixlər vasitəsilə elə ustalıqla təqdim edilirdi ki, tamaşaçılarda yüngül bir şok yaşadırdı. Lakin bu şok, eyni zamanda, qara yumor elementləri vasitəsilə sanki yüngülləşdirilirdi...
Qapalı məkanın sehri
Filmin texniki məziyyətlərini və süjetini təzədən geniş şəkildə danışmağa zənnimcə, ehtiyac yoxdur, (bu, peşəkar kinoşünasların işidir), lakin əsas süjet xətlərini, məncə, xatırlatmağa dəyər...
Şəhər Partiya Komitəsinin Birinci katibinin otağında büronun iclas gedir. Lakin tamaşaçılar iclas məkanını görmürlər. Hadisələrin çoxu məhz Birinci katibin qəbul otağında cərəyan edir. Burada isə həmin Sovet dövrünün çoxsaylı tipajları, obrazları cəmləşib və içəridəki iclasın başa çatmasını gözləyirlər. Məhz bu qəbul otağındakı mübahisələr, söhbətlər və konfliktlər zamanı biz demək olar ki, bütün Sovet üsul-idarəsinin çatışmazlıqlarını, problemlərini absurdlaşmış formada, qara yumor dililə müşahidə edirik... Bu obyekt filmin teatral material üzərində qurulduğundan xəbər verir, çünki illər sonra kino xadimlərindən aldığım məlumata görə, əsər ilk dəfə dramaturq Rövşən Ağayev tərəfindən məhz dram əsəri kimi qələmə alınmışdı...
Ancaq yaradıcılıq prosesi zamanı bu materiala bir neçə köməkçi xətt də əlavə olunmuşdu. Bunlardan biri liftdə qalan üçlüyün xətti, digəri akt zalında avanqard musiqilər altında rəqs etməyi öyrənən "aktiv komsomolçular"ın xətti, üçüncüsü isə, onu izləyən mikrorayon sakinlərinin əlindən qaçıb Partiya Komitəsinin binasına sığınan və otaqları gəzən Prorabın xəttidir. Hər xəttin özünün məxsusi spesifik dramaturji inkişafı var - bəzi məqamlarda xətlər kəsişir, bəzən isə paralel inkişaf edir...
Lakin konfliktlərin konsentrasiyası Qəbul otağında baş verir, əsas hadisələr məhz burada cərəyan edir.
Niyə məhz fantasmaqoriya?
Yuxarıda qeyd etdim ki, Sovet hakimiyyətinin son onilliyində, Qorbaçovun elan etdiyi "yenidənqurma" və "aşkarlıq" şəraitində oxşar mövzularda çoxsaylı sənət əsərləri yaradılırdı, mətbuatda, televiziyada əksər hallarda, bir çox problemlər barədə açıq söhbətlər gedirdi, senzura demək olar ki, bu məsələlərin cəmiyyətə çatdırılmasına mane olmurdu. Amma bütün bu müzakirələri, debatları, mübahisələri müşahidə edəndə görürdün ki, heç biri konkret məntiqi, rasional nəticəyə gəlib çıxa bilmir, suallara cavab tapılmır.
Suallar isə kifayət qədər idi - niyə bu cəmiyyət belə xaotik hala gəlib çatdı; niyə insanlar ali ideyalardan imtina edib çirkaba bulaşdılar; niyə bəşəriyyətin səadəti üçün çalışan bir ideoloji baza sonda bataqlığa çevrildi; Leninizm-Marksizm niyə süqut etdi; sosial bərabərlik yaratmaq cəhdləri niyə iflasa uğradı; beynəlmiləlçilikdən dəm vuran dövlət niyə xalqlar arasında bu cür fərq qoyur... niyə, niyə, niyə...
Bu "niyə"lər o qədər çox idi ki, rasional məntiqi təfəkkürlə bunların hamısının cavabını tapmaq mümkünsüz idi. Çünki sual içindən sual doğurdu, çaşqınlıq artırdı...
Mən həmin illərdə orta məktəbdə oxuyan yeniyetmə idim və həm mətbuatda, həm televiziyada, həm də elə cəmiyyət içində böyüklərin mübahisə və debatlarında ən çox diqqətimi də məhz bu məsələ cəlb edirdi - cavabsızlıq...
Ağır sualların cavabsızlığı isə son nəticədə yalnız bir yerə gətirib çıxara bilər - psixi partlayış... Bəli, cavabsız suallar çoxaldıqca insanın psixikası dözmür, normal məntiqi qavrayış mexanizmi dağılır, absurd və süreal qavrayış yaranır... Daha doğrusu, heç nə yaranıb eləmir, sadəcə, standart məntiqi qavrayışın qırıntıları, dağıntıları məhz bu adla adlandırılır... Sanki bir həqiqəti göstərən böyük məntiq güzgüsü çiliklənib dağılır, əvəzində çoxlu-çoxlu xırda güzgülər qalır ki, hərəsi həqiqətin bir fraqmentini göstərir. Və bu hal da "absurd", "fantasmaqoriya" terminləri ilə adlandırılır.
Əlbəttə, bu xırda sınıq güzgü hissələri də mövcud reallığı əks etdirir, lakin bir qədər fərqli, ziddiyyətli və bəzən anlaşılmaz formada təqdim edir...
Məhz bu baxımdan, SSRİ-nin aqoniyası dövründə insanların yaşadığı psixoloji sarsıntıları təsvir etmək üçün adi realizm, psixolgizmdən xeyli fərqlənən traqi-fars, absurd üslubunu seçmək çox uğurlu bir addım idi ki, nəticəsini də göstərdi. Zahirən sadə görünən bu seçimin arxasında həm də böyük bir risk var idi - realizmdən fərqli olaraq, bu xaotik janr SSRİ məkanında bir ilk idi, tamaşaçıların tərəfindən necə qəbul ediləcəyi sual altındaydı. Bundan əlavə, yaradıcı insanların da belə filmlər işləmək təcrübəsi yox idi, çünki bu zaman klassik kino istehsalı qaydalarıyla işləmək mümkün deyildi, fərqli üsullar tapmaq lazım olacaqdı... Lakin Azərbaycan kino xadimləri - ssenaristlərdən, rejissorlardan tutmuş, ən epizodik aktyorlara qədər, böyük zəhmət bahasına olsa da, bu çətinliklərin öhdəsindən uğurla gələ bildilər.
Cizgilərin gözəllikləri
Sırf yaradıcı insan olaraq, filmdə mənimçün maraqlı olan məsələ, hansısa publisistik, ictimai siyasi həqiqətlərin çatdırılmasından daha çox, məhz filmin bədii üslubunun əsasını təşkil edən həmin absurd simvollar, fantasmaqoriya elementləri idi (yəni filmdə nəyin deyildiyi yox, necə deyildiyi...)...
Bu absurd elementlər - cizgilər filmin hər epizoduna rəng qatır, hər dialoquna kinayə əlavə edir, emosional təsiri bir az da gücləndirir...
İlk absurd detal elə filmin başlanğıcında təqdim olunur - 2-ci mikrorayonun yüzlərlə qəzəblənmiş sakini bir prorabın ardınca qaçır. Prorab (Muxtar Maniyev) qaçıb Şəhər Partiya Komitəsinə sığınır, kütlənin qarşısını isə "Starşina Murtuzov" kəsir. İnsanlar da binanın qarşısında mitinq keçirib, "kanalizasiya", "kanalizasiya" şüarlarını səsləndirirlər... Və bu zamani ilk konfliktin səbəbi məlum olur - böyük bir mikrorayon tikilib, insanlar təzə evlərə köçüb, ancaq mikrorayona kanalizasiya xətti çəkmək inşaatçıların yadından çıxıb.
Elə bircə bu detal düşünmək üçün nə qədər material verir. Müəlliflər, sanki diktatura şəraitində yaşayan bir cəmiyyətdə insanların ideoloji mənəviyyat strukturunun deformasiyaya uğramasının səbəbini simvolik dillə tamaşaçılarçün açır. Toplumun yaşadığı məkanda kanalizasiyanın olmaması hipotetik olaraq, nəyə gətirib çıxara bilər? - Bütün çirkabın, nəcasətin axıb getməməsinə, bir yerdə toplanıb qalmasına... Eyni proses də diktatura üsul-idarəsi üzərində qurulan cəmiyyətlərdə baş verir - insan ruhunun dərin qatlarında gizlənən çirkabın, rəzalətlərin, mənfi energetikanın axıb getməsi üçün müəyyən "çıxışlar" qoyulmayanda, bu dağıdıcı mənfi energetika son nəticədə bir yerdə yığılıb qalır, tündləşir, sıxlaşır və nəticədə sosial partlayışla nəticələnir... Ancaq bu maraqlı tapıntının davamı da var - filmin əvvəlində Partiya Komitəsinin qabağında toplaşan kütlə qışqıraraq, "kanalizasiya, kanalizasiya" tələb edirsə, filmin sonuna yaxın bu şüarlar "azadlıq, azadlıq" şüarlarıyla əvəz olunur ki, bunun da rəmzi mənası aydındır...
Filmin daha bir neçə maraqlı absurd detalına nəzər salaq. Misalçün, Loğman Kərimovun ifasında lal-kar obrazı... Xaricdə hansısa konfransa göndərilməli olan bu lal-kar çox unikal bir bacarığa malikdir - çox çətinliklə, gücənə-gücənə böyürtüyə bənzər səslər çıxarmaqla SSRİ-nin himnini ifa edir. Heç nə eşitmir, heç nə danışa bilmir, yalnız gücənə bilir. Və nəticədə SSRİ-nin himni çıxır... Məncə, ardını izah etməyə ehtiyac yoxdur...
Başqa bir detal - filmin paralel süjet xətlərindən birini təşkil edən "liftdəki üçlük"... əllərində çanta olan iki kişi (Yaşar Nuriyev, Əjdər Həmidov) bir yaraşıqlı xanımla birlikdə liftdə qalırlar. Əjdər Həmidovun qəhrəmanı özünü sıxaraq tualet tələb edir, qışqır-bağır salır. Lakin onların səsini eşidən insanlar (filmin qəhrəmanları) hərəsi bir yolla onları yola verir, xarab olmuş liftdən çıxmağa kömək eləmir. Bir azdan məlum olur ki, kişilərin gətirdiyi çantanın içində bomba var və onlar Partiya Komitəsini partlatmaq istəyən terrorçu təşkilatın üzvləridir. Bir qədər sonra, qadının da bu təşkilatın üzvü olduğu bilinir. Xarab liftdəki çoxsaylı maraqlı epizodlardan sonra, ümumiyyətlə, liftin lampası sönür, qaranlıq çökür, işıq yananda isə qəhrəmanları dar məhbəs qəfəsinin içində görürük. Üçlüyün süjet xəttinin ardı məhz məhbəs qəfəsində cərəyan edir və onların arasındakı dialoqlardakı qara yumor o qədər yüksək səviyyədə işlənib ki, demək olar, danışılan hər kəlmə, sonradan camaatın dilinə zərb-məsəl kimi düşmüşdü.
Yenə qəbul otağına qayıdaq. Növbəti maraqlı tapıntı liliputlar ailəsinin peyda olmasıdır. Birinci katibin qəbuluna gələn əli çiçəkli liliputlar onlara mikrorayonda "saray kimi hündür, geniş ev" verdiyi üçün Kommunist Partiyasına təşəkkür etmək istəyirlər, təsirlənib ağlayırlar, göz yaşı içində hiss və duyğularını bildirirlər... Liliput qadın, hətta öz yazdığı şeiri oxuyur. Şeir isə "Xoşbəxtlik" adlanır.
Verilən mesaj təqribən belədi - o dövrdə tikilən kibrit qutusu kimi dar, alçaq, kiçik mənzillər yalnız liliputlar üçün saray kimi görünür... başqa cür desək, Sovet hökumətinin sıravi zəhmətkeşlərçün yaratdığı dırnaqarası "yüksək həyat şərait"ində yalnız liliputlar xoşbəxt ola bilər - "xoşbəxt" olmaqçün gərək mütləq "xırda adam" olasan...
Çevrilmələr
Filmin yarısında daha bir çevrilmə müşahidə edirik. Qəbul otağının ortasına mikrofon qoyulur və həmin dövrdə Ali Sovetdə gedən mükalimələrə və konfliktlərə bənzər hadisələr cərəyan edir (Həmin illərdə həm Moskvadakı SSRİ Ali Sovetində, həm də respublikaların Ali Sovetlərində bu cür debatlar, mübahisələr çox yer alırdı). Nəticədə, simvolik olaraq, deputatlar kimi təqdim olunan iki qadın qəhrəman (Birinci katibin köməkçisi və bir məktəb direktoru) arasında mikrofon üstündə dava düşür, heç kim güzəştə getmir, qadınlar saçyolduya çıxırlar, kişilər də onlara qarışır, aləm dəyir bir-birinə. Bu dava-dalaş gözəl oyun havasıyla müşayiət olunur və bayaqdan idarənin qarşısında "kanalizasiya" tələb edən çoxsaylı kütlə də, sanki bu mənzərəni görürmüş kimi əl çalır, sevinir...
Daha bir detal. Filmin əvvəlində Birinci katibin qəbulunda kostyumlu, qalstuklu zavod direktoru oturub. Məlum olur ki, zavodda böyük yeyinti halları baş verib və indi Büroda bu faktı müzakirə edəcəklər. Nəhayət, zavod direktorunu içəri çağırırlar. Bir müddət sonra isə, o, birinci katibin yanından çıxır - amma nə görkəmdə? Soyundurulmuş (soyulmuş) halda, yalnız alt paltarda qalıb, boynundan qalstuk asılıb, ayaqqabılarını da əlinə keçirdib... Və qəbul otağında gözəl bir oyun havası altında rəqs edə-edə, sevinə-sevinə bayıra çıxır, sanki bununla canını qurtardığına sevinir... Bu detalın da simvolik mənasını (soyundurulmuş - soyulmuş) anlamaq çətin deyil...
Absurd yumorla yüklənmiş bu parlaq fantasmaqoriyanın içində birdən-birə qara bayraq kimi peyda olan məhbus anası obrazı (Lətifə Əliyeva), sanki bütün ab-havanı dəyişir. Haqsız olaraq şərlənib həbs olunmuş yeganə oğlunun haqqını tələb etməkçün Birinci katibin qəbuluna gələn yaşlı qadının haqq-ədalət tələbi, çarəsizlikdən özünü pəncərədən atmaq cəhdi, nəhayət birtəhər sakitləşdirilməsi çox gərgin realist psixoloji lövhə yaradır... Sonda isə məlum olur ki, qadının oğlu həbsxanada özünü asıb...
Daha bir maraqlı epizod müharibə veteranı olan qoca podpolkovnik Melikovun qəbul otağında peyda olmasıdır. O dövrdə yaşlı nəsil arasında çox populyar olan Stalinist üslubda uzun çıxışını yekunlaşdırandan sonra, onun əlinə böyük bir gül dəstəsini (bayaq liliputların gətirdiyini) verirlər və çox gözəl bir cümləylə yola salırlar, - podpolkovnik Melikov, gedin tullanmağınızın dalıyca (əslində, filmdə rus dilində kəskin bir söyüş işlədilir, amma yazıda o kəlməni təkrar eləmək istəməzdim)...
Filmin aktyor ansamblı da çox yüksək səviyyədə formalaşdırılıb. Yuxarıda adları çəkilən sənətkarlardan əlavə, Ceyhun Mirzəyev, Rasim Balayev, Aleksandr Şarovski də filmdə unudulmaz obrazlar yaradıb.
Ümumilikdə, filmin içində bircə boş epizod, lazımsız dialoq, mənasız detal da görünmür. Hər şey o qədər sıx, o qədər kompaktdır ki, iki saatdan da artıq çəkən film o vaxt bizə qətiyyən uzun görünmürdü, qətiyyən darıxdırmırdı. Sanki bir nəfəsə içilirdi... Əlbəttə, əsərin bütün maraqlı detallarını, orjinal bədii tapıntılarını, ironik söz oyunlarını sadalamaqla iş bitmir. Vizual effekt üzərində qurulan heç bir sənət nümunəsinin məziyyətlərini sözə çevirmək mümkün deyil. Lakin sırf söz olaraq da, filmdə çox maraqlı tapıntılar var ki, uzun illər ərzində xalqın dilindən düşmürdü - "Axmed ne çelovek?" "Mamed, karotkidi ye", " Tı çto, maygüli?" və sair və ilaxır...
Öz aramızda bu sözləri deyərkən avtomatik olaraq, filmdən həmin epizodlar yada düşürdü, hər şey, sanki beynimizdə bir lətifə kimi təkrar olunurdu...
Filmin adı da, əslində, absurd fantasmaqoriyanın identifikasiyasını yaradır - müəlliflər, sanki demək istəyir ki, burda təsvir olunanlar, sadəcə, bir lətifə idi... Ancaq bu lətifə indikilər kimi qurşaqdan aşağı şit gülüşlərdən ibarət deyildi, xaotik ictimai proseslərin labirintində başını itirib azan və çıxılmazlıqdan az qala başına hava gələn bir toplumun dəli, sərsəm qəhqəhəsi idi. Ona görə də hər detal, hər element güldürməklə bərabər, həm də adamı bıçaq kimi kəsirdi...
Peyğəmbərcəsinə final
Filmin bütün bu məziyyətləri barədə müəyyən qədər danışsaq da, final səhnəsini xüsusi qeyd etmək lazımdır.
Qəbul otağındakı bütün bu absurd hadisələr nəylə nəticələnir? Əlbəttə ki, belə fantasmaqoriya hansısa sadə və səlis məntiqi sonluqla bitə bilməzdi. Hətta ilk dəfə baxanda belə, qeyri-iradi olaraq nəsə qeyri-adi bir final gözləyirdik. Və zənnimizdə yanılmamışdıq. Sonda pioner geyimli, qırmızı qalstuklu və başında qazetdən pilotka olan oyuncaq silahlı uşaqlar Partiya Komitəsinə basqın edir, burnanı ələ keçirdir, yeni yaradılan "Fövqəladə İdarə Komitəsinin" adından Hərbi vəziyyət yarandığını radio vasitəsilə xalqa elan edirlər... Amma mikrofon qarşısında dayanan "silahlı" uşaq yoğun və sərt hərbçi səsiylə danışır... Ekrana tanklar, zirehli texnika gəlir...
Son kadrlar isə mavzoleydəki tribunada Stalinin çıxışıyla başa çatır... Lakin burada Stalinin səsi imitasiya olunsa da, əslində, müasir (o dövr üçün) həqiqətlər bəyan edilir...
Ən maraqlı, hətta mistik görünən detal isə bundan ibarət idi - 1989-cu ildə "Lətifə" filminin sonunda saxta hərbçilər "Fövqəladə İdarə Komitəsi" yaradıb ölkədə hərbi vəziyyət elan edirlər - 1991-ci ilin avqustunda isə Moskvada həqiqətən də uğursuz dövlət çevrilişi cəhdi olur, Qorbaçov istefaya göndərilir, "Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi" (QKÇP) yaradılır, hərbi vəziyyət elan edilir (ancaq bu komitənin varlığı cəmi üç gün sürür).
Əlbəttə, kimlərsə bunu təsadüf hesab edə bilər. Həm də qeyd edildiyi kimi, filmin əsas məziyyəti, sadəcə, bu detalların üst-üstə düşməsində deyildi, ümumilikdə, keçmiş SSRİ-nin aqoniyasını çox orijinal, özünəməxsus və spesifik formada, absurd fantasmaqoriya şəklində təqdim edilməsində idi ki, yenə də təkrar edirəm, bütün SSRİ-də bundan əvvəl belə film çəkilməmişdi, ona görə də geniş tamaşaçı kütlələri tərəfindən o cür böyük maraqla qarşılanmışdı...
Budur, filmin çəkilişindən otuz il keçir, yaradıcı heyətin bir hissəsi artıq həyatda yoxdur. Filmdə qaldırılan problemlərin bir qismi aradan qaldırılıb, bir qismi hələ də öz həllini gözləyir. Ancaq fakt budur ki, ortada möhtəşəm bir sənət nümunəsi var. Fantasmaqoriya, tragi-fars üslublarını çox sevdiyimə görə, dünyada bu mövzuda yazılan əsərlərin, filmlərin əksəriyyətindən xəbərim var. Və qətiyyətlə deyə bilərəm ki, "Lətifə" filmi sosial bərabərlik ideyaları, ədəbi səadət vədələri üzərində köklənmiş avtoritar cəmiyyətlərin həqiqi mahiyyətini, iç üzünü açıb göstərmək baxımından çox unikal bir əsərdir və bütün dünyada bu mövzuda çəkilmiş filmlərdən heç də geri qalmır, hətta bir çox təriflənən filmlərdən qat-qat üstündür... Və bu da, məncə, fəxr ediləsi bir faktdır.
Sonda yenə də proloqdakı fikirlərin üstünə qayıdıram - Azərbaycan mədəniyyəti tarixinin lap uzaq keçmişini demirəm, elə son əlli ilinə nəzər salsaq, onlarla, hətta deyərdim yüzlərlə müxtəlif sənət nümunəsi göstərmək olar ki, öz dövründə böyük beynəlxalq uğurlar qazanıb, ölkənin sərhədlərindən çox-çox kənara çıxıb, milyonlar tərəfindən sevilib, qiymətləndirilib, Azərbaycan xalqının adını dünya mədəniyyət tarixinə qızıl hərflərlə yazıb... Hərçənd bu gün müxtəlif dövlət strukturları - Azərbaycan Dövlət Televiziya və Radiosu, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və sair qurumlar bizim bu cür mədəniyyət nümunələrinin yüksək səviyyədə təbliğini aparır. Ancaq biz yenə də özümüzünküləri görmək istəmirik - atalarımızın, babalarımızın yaratdıqları bütün dünya üçün maraqlı olsa da, bizimçün maraqlı deyil.
Bəs nə vaxt görəcəyik? Bəs nə vaxt öz atalarımızın, babalarımızın uğurlarıyla fəxr edəcəyik, qürur duyacağıq? Axı biz bu gün öz yaradıcılığımızı məhz onların yaradıcılığı üzərində qurmalıyıq, onların nailiyyətlərini inkişaf etdirməliyik, onların uğurlu ənənələrini davam etdirməliyik... Əvəzində isə onları yaddan çıxarıb, kənardakıların dalınca düşmüşük, elə buna görə də atalarımızın qırx-əlli il əvvəlki uğurlarını nəinki genişləndirə bilmirik, hətta təkrar da etməyə çətinlik çəkirik... Əlbəttə, heç kim demir ki, dünyaya qapıları bağlayıb, yalnız özümüzə baxmalıyıq. Yox, Azərbaycan Şimali Koreya deyil, ola da bilməz. Lakin özümüzü unudub yalnız başqalarına diqqət kəsilmək də düzgün deyil. Burda "Qızıl orta"nı tutmaq lazımdır. Bəs niyə tuta bilmirik?
Niyə? Bilmirəm...
Beləcə, "Lətifə"dəki sualların üstünə biri də əlavə olundu...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!