Yazar olmaq... - Cahanxanım Seyidzadə yazır

 

İnformasiya texnologiyalarının inkişafı bizə məlumat bolluğu baxımından daha geniş imkanlar vermiş olur. İstədiyimiz məlumatı anında araşdıra və öyrənə bilərik. Bir gün maraq üçün axtarış yerinə "yazar olmağın yolları", "yazar olmaq" kimi açar sözlər yazdım. Çoxu türk dilində gələn  və sıradan adamlar tərəfindən sadəcə maraq üçün yazılmış axtarış nəticələrinin içində daha çox lazımsız məsləhətlər yer almışdı. Təbii ki, bunların sırasında "yaxşı yazar olmaq üçün çoxlu mütaliə etmək lazımdır" kimi lazımlı fikirlər də var idi. Lakin biri mənim diqqətimi daha çox çəkdi.

"Elmore Leonardın yazar olmaq istəyənlərə məsləhəti"  başlıqlı məqalədə kifayət qədər maraqlı faktlar və tövsiyələr yer almışdı. Elmore Leonard amerikan roman və ssenari yazarıdır. O, 1925-ci ildə Nyu-Orleanda anadan olmuşdur. Leonard həmçinin, qısa hekayə yazarı kimi də tanınır. Yazıçının XX əsrin 50-ci illərində çıxan ilk əsərlərində daha çox "western" ruhu hiss olunsa da, sonradan o, cinayət, qorxu və fantastika yüklü əsərlər yaratmağa və bu sahədə ixtisaslaşmağa başlamışdır. Onun "Qaçış" "Ölüm vuruşu" , "Ölümcül Təqib", "Sirlər oteli" adlı romanları məşhurdur. Həmçinin, onun bir romanı da məşhur rejissor Kventin Tarantinonun "Ceki Braun" filmi üçün ilham qaynağı olmuşdur. Film onun "Rum Punch" romanı əsasında filmə uyğunlaşdırılmışdır. 2013-cü ildə vəfat edən Leonard 2009-cu ildə "PEN" mükafatına layiq görülmüşdür. 2001-ci ildə "The New York Times" qəzeti Elmore Leonardın yazar olmaq istəyənlər üçün məsləhətlərini dərc edir:

1. Əsərə heç vaxt hava xəbərləri ilə başlamayın. Əgər xarakterlərlə bağlı deyilsə, hava durumunu şərh etməyinizə ehtiyac yoxdur. Təbii ki, qar və buzu Eskimolardan daha yaxşı təsvir edə bilən Barry  Lopez (Amerikan yazıçısı, esseist) deyilsinizsə.

2. "Giriş"lərdən qaçın.

3. "Dedi" felindən başqa, digər fellərlə olan dialoqu davam etdirməyin. Çünki dialoqdakı cümlələr obraza aiddir, fellər isə yazarın dialoqa müdaxilə etməsidir. "Dedi"  yazarın dialoqa müdaxilə etməsinin qarşısını almış olur.

4. Nida işarələrinə hakim olun.

5. "Qəfildən" və "qiyamət qopdu" kimi kəlmələrdən istifadə etməməyə çalışın.

6. Dialekt və ləhcələri təmkinlə istifadə etməyə çalışın.

7. Xarakterləri ətraflı və hər detalına görə təsvirdən qaçın. Ernest Heminqueyin "Hills like White Elephants" adlı qısa hekayəsində amerikalı və yanındakı qızın necə göründüyünü təsvir etdiyi kimi: "Papağını çıxardı və masanın üzərinə qoydu." Hekayədə bundan başqa fiziksəl təsvir yoxdur.

8. Məkan və əşyaları təsvir edərkən detallara çox girməyin.

9. Oxucunun keçmək istəyəcəyi hissələri hekayədən kənarda qoymağa çalışın. Bir roman oxuyarkən keçmək istədiyiniz bölümləri düşünün. Bir çox sözdən ibarət qalın paraqraflar. Burada müəllif "yazarlıq edir", ya yenidən havadan-sudan söhbət açır, ya da xarakterlərin daxili aləmində dolaşır. Oxucu onsuz da əsər əsnasında obrazın daxili aləmi ilə tanış olur, təkrar-təkrar oxumağa ehtiyac duymur. Lakin dialoqları heç kim oxumadan keçməz. Çünki əsərin əsas mənası və ideyası dialoqalarda açılır. Mən hər zaman "yazarlıq" etdiyimi anladığımda yazdıqlarımı silib yenidən yazıram. . .

Sadəcə qaydalara və məsləhətlərə əməl etməklə yazar olmaq mümkün deyil. Yazarlıq həm də istedad, səbir, inad məsələsidir. Yaxşı yazar olmaq üçün ən az  mütaliə etmək, öyrənmək, yazı vərdişini formlaşdırmaq kimi istedad və səbir də önəmlidir. Orxan Pamukun da dediyi kimi: "Mənim üçün yazar olmaq insanın içində ikinci bir şəxsi, o şəxsi yaradan aləmi illərcə səbrlə çalışaraq kəşf etməsidir. Bu adam və ya qadın makinadan istifadə edə bilər və ya mənim kimi otuz il boyunca qələmlə kağız üzərində əllə yaza bilər, yazdıqca çay, qəhvə içə, siqaret çəkə bilər. Bəzən masasından qalxıb pəncərədən çöldə oynayan uşaqlara, şanslıdırsa, ağaclara və bir mənzərəyə, ya da qaranlıq bir divara baxa bilər. Şeir və ya mənim kimi roman yaza bilər. Bütün bu fərqliliklər əsl fəaliyyətdən - masaya oturub inadla, səbirlə özünə dönmək və içindəki istedadı axtarıb tapmaqdan  sonra gəlir."

Elmore Leonardın özünün də məşhur və sevilən yazıçı olması onun məsləhətlərinə olan maraq və diqqəti daha da artırır.  Ümumiyyətlə, biz insanlarda belə bir ənənə vardır. Hər hansı bir sahədə uğurlu olan insanların etdiklərini təkrarlamaqla, onların məsləhətlərinə, tövsiyələrinə əməl etməklə eyni şəkildə həmin uğuru  qazanacağımıza inanırıq. Lakin unuduruq ki, uğura gedən yollar müxtəlif olur və hər bir insan yolunu özü axtarıb tapmalıdır. Məşhur bir ifadədə də deyildiyi kimi: "Bilinən yollardan getməyin, yeni yollar kəşf edin ki, iziniz qalsın".

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!