Andi Varhola lənət olsun! Bəzən həyatda belə insanlar yaşadığı üçün bu dünyadan çamadanımı toplayıb getmək istəyirəm. Heç insan da, uzun illər boyu aristokratiyanın, burjuaziyanın özünə yeganə təsəlli yeri olan sənəti kasıbın, heç kim olanın ixtiyarına verər?! Onu da deyim ki, Andi o müştəbeh baxışlarıyla belə bir çoxbilmiş cümlə də işlətmişdi. "Bir gün gələcək hər kəs bir neçə saniyəlik məşhur olacaq!" İndi bir kimsə həmin tualet unitazını sənət əsəri kimi təqdim edən flanör əyyaşa çatdırsın ki, sənin dediyin həmin gün qapımıza dayanıb. Bir ağzıgöyçək yerindən qalxıb ənənə boğçasını açıb töksə, Andiyə olmazın söyüşünü yağdırsa, heç kimin ixtiyarı olmaz ki, səsini çıxarsın.
Əziz oxucum! Oğuz Atay çox təqdirəşayan bir cümlə işlədirdi yazdığı "Dəmiryolu hekayəçiləri" əsərinin sonunda. "Ey oxucu, mən burdayam, bəs sən hardasan?!" İndi səninlə birgə düşünməli olduğumuz bəzi ciddi məsələlər var. Zəhmət olmasa, təhlükəsizlik kəmərlərini yaxşıca pərçimlə, sükanı ikiəlli tut və pəncərəni azca endir! Özünü saatda 431 km sürətlə hərəkət edən Bugatti Veyronun içində təsəvvür et. Budəfəki səfərimizdə sənət əsərinin yüksəldiyi müqəddəslik, aristokratlıq mərtəbəsindən düşərək modern dünyamızdakı kütləvi istehlak məhsulu kimi ehtiva etdiyi dəyəri barəsində danışacağıq. Bu səfərin metaforası mahiyyətini daşısın deyə məqalə eyni zamanda bəzi şəkillərlə də bizim səyahətimizə dəstək olacaq. Bir düşünün, Bugatti Veyron içərisində oturmusunuz və sənət əsərinin dəyişən dəyəri barəsində söhbət edirsiniz!
Əvvəlcə onu qeyd edim ki, sənət əsərinin "təkcənəlik", "bircəlik", "nötr" olandan kütləvi kitç, dekonstruksiya, "seri üretim", "goods"a çevrilməsinin özünəməxsus tarixi var. Belə ki, XXI əsrdə "disiplinlər arası" qavrayışının at oynatdığı elm dünyasında müxtəlif düşüncələr arasında ciddi əlaqələr yaranmağa başlayıb. Bu mənada yazılmış xeyli ciddi ədəbiyyata nəzər yetirməkdə fayda var. Klassik düşüncədə tarix anlayışı müəyyən siyasi və mədəni hadisələrin ardıcılığının şərhindən ibarət idi. Modern və xüsusilə də postmodern elmi-konseptual düşüncədə tarix anlayışına dair yanaşma dəyişib. Bu gün "öpüşməyin tarixi", "həbsxananın tarixi", "dəlixananın tarixi", "ağlamağın tarixi", "xəyanətin tarixi" kimi müxtəlif nəsnələrin bir çox fərqli sahələrlə olan birlikdəliyinin nəticəsi müzakirə edilir.
***
'Pasajlar', "Texnikanın imkanı ilə yenidən istehsal ediləbilən çağda sənət əsəri" kimi əhəmiyyətli məqalələrin sahibi Volter Benjamin elə ikinci yazısında xeyli ciddi mətləbə toxunur. Benjamin sənət əsərinin kütləvi istehsalat nəticəsində öz "aura"sını itirdiyini və ilkin, "nötr" olan kontekstindən xeyli uzaqlaşdığını qeyd edirdi. Buna nümunə olaraq cənab Da Vinçi tərəfindən sirlər sarmaşığına bürünmüş o mübhəm təbəssümlü Mona Lizanın tablosunu göstərə bilərik. Çünki postmodernizm çeşməyində həmin Mona Liza təbəssümü indi satılabilən bir əmtəə funksiyasını daşıyır. Onun kopyalarını hər hansı bir köynəkdə, qələmin üzərində, nəlbəki kənarında və ya ucuz bir kafenin divarında görə bilərsiniz. Beləcə sənət əsəri öz ilk mənasını, ehtiva etdiyi həmin bircənəlik "aura"sını tamamilə itirir. Bu mənada bəlkə də, cənab Volter Benjaminin həmin məqaləsindən bir neçə cümləni dilimizə çevirmək məqsədəuyğun olardı.
"Bir sənət əsərinin ən mükəmməl şəkildə çoxaldılması təqdirdə, həmişə onun yeni variantında hər hansı bir detal əksikdir; bu sənət əsərinin zaman və məkan içərisindəki varoluşu, əsərin yaradıldığı yerdəki təkcənə, ona aid olan ayrıcalığı... Şübhəsiz bu öz kökündən uzaqlaşdırılma prosesinə uzun illər ərzində nəsnənin maddi olaraq eroziyaya uğraması, ona sahib olanların da dəyişməsi daxildir. İllərin fiziki olaraq dəyişdirdiyi sənət əsərinin aldığı yeni formanı kimyəvi və ya fiziki analizlər nəticəsində ortaya çıxarmaq mümkün deyil." Çünki bir çox fərqli kopyası istehsal edilmiş sənət əsərinin öz "nötr" olanından xeyli uzaqlaşdırıldığını, artıq mağazada satılan Mona Lizanın Da Vinçi tablosu olduğunu iddia etməyin gülünclüyünü və absurdluğunu vurğulayır V.Benjamin.
***
Sənət əsərinin yenidən istehsalı ilə itirdiyi dəyərin dil və simvol kontekstində analizi başqa xoşməramlı filosofu da xeyli düşündürürdü. Bu əlbəttə ki, yazdıqlarını ata vəsiyyəti kimi həssaslıqla və qəribə bir ləzzətlə oxuduğum cənab Mişel Fukonun "Ceci n'est pas une pipe" (Bu bir müştük deyil) : əsərində də bu hipotez ətrafında xeyli fikirləşməli oluruq. Belə ki, M.Fuko məşhur rəssam Rene Magritte tərəfindən çəkilmiş olan "Simvolların xəyanəti" tablosu ətrafında qurduğu müzakirəsində dil və nəsnə arasındakı əlaqənin özəyinə, libidosuna toxunur. Sanki bu düşüncəni sonradan Jean Baudrillard çırpışdıraraq həmin dilin nəsnə üzərindəki qurduğu simulyasya hökmranlığına dair xeyli maraqlı fikirlər səsləndiribmiş kimi bir mənzərə yaranır. Nə bilmək olar? Bəlkə də...
Əziz oxucum, məncə Rene Magrittenin "Simvolların xəyanəti" tablosuna da bir nəzər yetirsək sonrakı mərhələdə izah edəcəyim mətləblər daha aydın olar. Gördüyünüz bu tablonu Magritte 30 yaşında olanda çəkib.
Mişel Fuko öz "Bu bir müştük deyil" : əsərindəki dil və simvol arasındakı həmin mənaların illuziyasına dair çox maraqlı şərhlər verir. O, "Utopiya" və "Heterotopiya" anlayışları arasındakı fərqi izah edərək ikincinin dil üzərindən simvolun mahiyyətini kökündən dəyişdiyini ifadə edir.
"…xeyli mümkün sistemin ayrı-ayrılıqda göründüyü və bununla da fərqliliklərin yaratmış olduğu heteroklit (vərdiş edilməmiş) qayda-qanunsuz və naməlum bir məqamının var olduğunu qeyd edirəm. Heteroklit sözünün etimologiyasına aydınlıq gətirmək lazımdır və belə məqamda nəsnələr bir-birindən elə fərqli yerlərə "pərçimlənir" "qoyulur" və elə fərqli kontekstdə nümayiş etdirilir ki, bunların kökündə hər hansı bir ortaq əlaqə tapmaq müşkül məsələyə çevrilir. Utopiyaların mahiyyəti bir növ təsəlli xarakteri daşıyır. Onların real məkanı olmadığı halda özünü ifadə edə bildiyi fantastik və sakit bir bölgəsi mövcuddur. Onların varoluşunu ifadə edənin xəyaldan, illüziyadan savayı bir şey olmadığı halda, utopiyalar geniş küçələri olan şəhərlərdən, göz oxşayan bağ-bağatdan, həyatın firəvan keçdiyi ölkələrdən danışır. Heterotopiyalar isə narahatçılıq hissi aşılayır və bəlkə də bunun səbəbi hər hansı bir nəsnə dünyası inşa etmək tənbəlliyindən qaynaqlanır. Onlar nəsnələrin adlarını, mənalar dünyasını qarmaqarışıq etməklə birlikdə parçalayırlar da… Onlar sözləri və cümlələri qurduğumuz məqamda istifadə etdiyimiz söz qəliblərini deyil, sözlər və simvollar arasındakı həmin mübhəm əlaqəni əvvəlcədən parçalayır və dilin kökünü gizlincə qazıyırlar. Nəticədə, utopiya daha çox nağıllara və əfsanələrə münasibdir; dilin kanonları içərisində hərəkət edirlər və nağılın özəyini təşkil etməkdədirlər. Heterotopiyalar isə… anlayışları, mənaları qurudurlar, sözlərin yolunu kəsirlər, dilin mövcud mənbəsinə, özəyinə qarşı etiraz edirlər, miflərin o gizlinini, kriptosunu açıb əritməklə cümlələrdəki lirikanı son həddinə qədər məhdudlaşdırırlar."
Dəyərli oxucum! Biz simvol və dil, texnika və əsərin "nötr" olanı arasındakı əlaqənin bir növ libidosuna dair mülahizələr etdik. Ancaq məqaləni yazdıqca düşüncəmdə Səttar Bəhlulzadə fırlanırdı. Nə isə hər dəqiqə mənə elə gəlirdi ki, onun tablolarındakı qəribə mənzərələr, o milliliyin estetik halında çox gizli heterotopiyalar var. Sanki o, bu dil və simvol arasındakı əlaqənin dekonstruksiyasını simvol və onun yenidən inşası üzərində qurub.
Əziz oxucum! Bütün hallarda istər həyatın "aurası", istər dilin utopiya və heterotopiya arasındakı get-gəli, istərsə də ətrafımızı mühasirəyə alan saxta simulasiyalar həqiqət pərdəsini gizlədir. Həyatın üzərinə saxta bir xoşbəxtlik tozu səpir. Biz isə Lamançlı Don Kixot kimi əlimizdəki paslı silahları boşluğa, yel dəyirmanına, qoyun sürüsünə, özümüzə doğru müştəbeh şəkildə yelləyirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!