Mahmud Allahverdiyev M.Məmmədovun tələbəsi idi. Aktyor sənəti dərslərini Azərbaycan Dövlət Teatr İnstitutunda ondan almışdı. Biz Mahmudla bir kursda oxuyurduq. Görkəmli kinorejissor Rza Təhmasib də bizim müəllimimiz idi.
…Kiçik bir otaqda on ikiyə yaxın çarpayı qoyulmuşdu. 1952-ci ildə instituta qəbul edilmiş tələbə oğlanlar bu yataqxanada qalırdı. Mahmudun çarpayısı otağın baş tərəfində idi. Bir-birimizlə yaxından tanış olandan sonra mən başa düşdüm ki, Mahmud Bakıya həqiqətən aktyor olmaq üçün gəlmişdir. Təbiət də onun bu arzusuna imkan yaratmışdı. Hündürboylu, dairə sifətli, ağappaq, Gürcüstan dağlarının havası ilə bəslənən, çox vaxt qəribə təsir bağışlayan bir oğlan. O, heç kəsin xətrinə dəymirdi. Mübahisə gedən vaxt əl-qolunu yellədərdi və tez də mübahisəni kəsib gedərdi. Mahmudda elə ilk gündən böyük məsuliyyət olduğunu hiss etdim. Dərslərin hamısında o, həvəslə iştirak edirdi.
Mehdi Məmmədov bizimlə F.Şillerin "Qaçaqlar" faciəsini diplom tamaşası kimi hazırlamağa başladı. Əsərdə Karl Moor rolunu Mahmuda, sonradan Karla xain çıxan Şpigelberq rolunu isə mənə tapşırdı. Mahmud Karl Moor rolu üzərində elə bir həvəs, coşqunluqla məşqə başladı ki, hamımız ona çatmağa çalışdıq. Lakin ona çatmaq o qədər də asan deyildi. Gecə saat on ikidən sonra Mahmud Teatr İnstitutunun binasında yerləşən yataqxanadan çıxıb böyük zala gedərdi və səhərə qədər rolunu məşq edərdi. Bu ərəfələrdə Rza Təhmasib Cəlil Məmmədquluzadənin "Ölülər" əsərini bizimlə hazırlayırdı. İsgəndər rolunu mənə və Mahmuda tapşırmışdı. Mən də Mahmud kimi bir-iki dəfə gecə yatağımdan qalxıb İsgəndər rolunu məşq eləməyə cəhd göstərdim. Bu mənə elə bir zülm, əzab verdi ki, gecə məşqlərini birdəfəlik təxirə saldım.
"Qaçaqlar" faciəsini diplom tamaşası kimi 1955-ci ildə Azərbaycan Dram Teatrının səhnəsində oynadıq. Bu tamaşaya maraq çox böyük idi. Salon yazıçılarla, jurnalistlərlə, aktyorlarla, adi tamaşaçı ilə dolu idi. "Ədəbiyyat və incəsənət" qəzetində Karl Moorla Şpigelberq rolunun ifaçılarının, yəni Mahmudla mənim şəklimiz çap olundu. O vaxt hələ tələbə ikən bu bizim üçün böyük hadisə idi.
Mahmud Allahverdiyev incə əldə elədiyi nailiyyətlərlə heç vaxt kifayətlənmirdi. O, həmişə nəsə axtarırdı. O ərəfələrdə Mehdi Məmmədov teatrda İ.Qasımov və H.Seyidbəylinin "Uzaq sahillərdə" romanını tamaşaya hazırladı. Mahmuda burda əsərin ikinci qəhrəmanı Vasili rolunu tapşırdı. Səhnədə hələ layiqincə yer tutmamış gənc bir aktyora bu qədər böyük bir rolun tapşırılması teatrda birmənalı qarşılanmadı. Lakin tamaşa təhvil verilən zaman tamaşaçılar qarşısında çox cəld, emosional amma ağrıya müqavimət göstərməyə çalışan səsə malik bir obraz gördük. Xüsusilə Vasili -M.Allahverdiyev amma ağrıya müqavimət göstərməyə çalışan Vasilinin ölüm səhnəsini yüksək həyəcan dərəcəsinə qədər qaldıra bilirdi. Ansamblda M.Hüseynzadə - Möhsün Sənani, Anjelika - Leyla Bədirbəyli ilə bərabər Mahmud bu üçlüyü yüksək sənətkarlıqla tamamlaya bilirdi.
M.Allahverdiyev çox istedadlı bir aktyor idi. C. Məcnunbəyovun "İliç buxtası" pyesində Aslan kişi rolu ilk günlər SSRİ xalq artisti Sidqi Ruhullaya tapşırılmışdı. Məşqlərin gedişində nə hadisə baş verdiyindən xəbərimiz yox idi. Bir gün Sidqi müəllim teatrda Komsomol Komitəsinin katibi olduğum üçün mənə yaxınlaşıb dedi ki: "Mənim bu tamaşada oynadığım Aslan kişi obrazı onsuz da kiçikdi, amma rejissor Mahmudu mənə dublyor verib". O gündən Mahmudun Aslan kişi rolunda məşqlərinə diqqət yetirdim. Mahmud rola o dərəcədə məsuliyyətlə yanaşdı ki, Sidqi Ruhulla kimi əfsanəvi sənətkar bu roldan imtina etdi. Aslan kişi - M.Allahverdiyevin Kirovun kabinetinə gəldiyi səhnə indi də gözümün qabağındadı. Hündürboylu, qara yapıncıda, başında uzunsov papaq, əlində çomaq, yanlarını basa-basa kabinetə sanki bir dağ girirdi. Aslan kişinin duruşundan, danışığından, hərəkətlərindən hiss edirdin ki, Kirovun qarşısında möhtəşəm dağların möhtəşəm bir ağsaqqalı dayanıb.
Mehdi Hüseynin "Cavanşir" faciəsində Elçin rolunu oynadıqdan sonra Mahmudda teatra qarşı tənqidi bir meyil baş qaldırdı. Mənimlə söhbətlərində o, tez-tez hazırlanan tamaşaları, ifaçıları və ən çox da quruluşçu rejissorları tənqid edirdi. Hətta Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyü üçün hazırlanmış S.Vurğunun "Fərhad və Şirin" tamaşasının məşqlərində yazdığım gündəlikləri mən bir gün oxumaq üçün ona verdim. Aradan bir az keçəndən sonra Mahmud qeydləri mənə qaytardı və dedi, bura yazılanların hamısını özün uydurmusan. Məşqlərdə belə söhbətlər olmamışdır. Mahmud dəyişmişdi. Hamısı da ona görə ki, o, Elmlər Akademiyasının İncəsənət İnstitutunun teatrşünaslıq üzrə aspiranturasına daxil olmuşdu. Rəhmətlik Cəfər Cəfərov ona inanırdı, böyük ümidlər bəsləyirdi. O vaxtdan Mahmud artıq Vasili, Elçin kimi böyük rollar almadı. "Seyx Sənan"da Simon, "Qaçaq Nəbi"də Mehdi, "Otello"da Lüdoviko rollarını oynadı. Teatrda aktyorluq fəaliyyətini 1961-ci ildə bitirib, əvvəl Akademiyanın Memarlıq və İncəsənət İnstitutunda namizədlik dissertasiyası müdafiə etdi, orada elmi işçi işlədi. Azərbaycan Dövlət Teatr İnstitutuna keçdi və pedaqoji fəaliyyətinə başladı.
Səmimi etiraf edim ki, Mahmud Allahverdiyev kimi nadir aktyor istedadına malik bir yaradıcının teatrşünaslıqla məşğul olması məni bir dost kimi çox məyus elədi. Lakin get-gedə onun, xüsusilə böyük sənətkar Ələsgər Ələkbərov haqqında monoqrafiyası çapdan çıxandan sonra, görkəmli bir alimin teatrşünaslıq aləminə inamlı addımlarla gəldiyini gördük. Mahmudun dediyinə görə bir çox mövzuları ona C.Cəfərov verərdi. "Azərbaycan xalq teatrının tarixi" kitabı da məhz C.Cəfərovun təklifi ilə yazılmışdı.
Mahmud Allahverdiyevin fəaliyyətində mənim teatrdakı işimlə bir çox paralel gedişlər mövcuddur. Mən Peterburqda (o zamankı Leninqradda) təhsil alan vaxtlar Azərbaycan xalq teatrının tarixi ilə çox maraqlanırdım. Bu axtarışlarım barədə hətta 1968-ci ildə "Ədəbiyyat və İncəsənət" qəzetində "Teatr ənənəmiz" başlığı altında bir məqalə ilə çıxış etdim. O zamanlar Mahmud Azərbaycan xalq teatrının tarixi ilə ciddi məşğul olduğundan bir az ehtiyat edirdim (O, aspiranturanı qurtarandan sonra müəllimlikdən kafedra müdirliyinə və professor vəzifəsinə qədər yüksəlmişdi). Məqaləmi ona təqdim etdim və onun xeyir-duasını aldım. Xüsusilə Azərbaycan xalq teatrının dramaturgiyasının epik olması, tamaşalarda mahnılardan, rəqslərdən geniş istifadə edilməsi və nəhayət, obrazları aktyorlar cildə girməklə yox, yadlaşdırmaqla ifa edirdilər fikri Mahmudun çox xoşuna gəlmişdi.
Zaman keçdikcə M.Allahverdiyevin "Mirzağa Əliyevin yaradıcılıq yolu", "Cəfər Cabbarlı və müasirlik","Azərbaycan teatrı bu gün", "Ənənə və novatorluq" kimi elmi kitabları nəşr olunmağa başladı.
Sənətşünaslıq doktoru elmi adını alandan sonra Mahmudu Türkiyənin Memar Sinan Universitetinə dərs deməyə dəvət etdilər. Pedaqoji fəaliyyətini orada da müvəffəqiyyətlə davam etdirən M.Allahverdiyev "Sözüm var sizə, gənclər" kitabını da yazdı və orda türk dilində nəşr etdirdi.
Görkəmli alim, pedaqoq, sənətşünaslıq doktoru Mahmud Allahverdiyev çox xeyirxah, ziyalı bir şəxsiyyət idi. Onun xeyirxahlığını, insanpərvərliyini, sənət adamlarına olan hörmətini dəfələrlə görmüşəm. 1956-cı ildə institutu qurtarıb dram teatrında işlədiyimiz ərəfələrdə İçərişəhərdə onunla mənə birotaqlı mənzil verdilər. Gəlib otağa baxandan sonra Mahmud tam xeyirxahlıqla dedi ki,sən burda qal. Hələlik mən kirayə bir otaq tutaram, bu balaca yerdə biz bir-birimizə mane olarıq.
Mahmud Azərbaycan Dövlət İncəsənət Universitetində prorektor işləyəndə bir gün Gənc Tamaşaçılar Teatrına gəldi. Onu da qeyd edim ki, mənim Sumqayıtda, Dram Teatrında, GTT-da hazırladığım bir çox tamaşalarıma o, resenziyalar yazırdı. Teatra növbəti gəlişində məni instituta dəvət elədi, dərs deməyi məsləhət bildi. Oğlumun teatr İnstitutuna daxil olmasında da dost köməyini əsirgəmədi. Mən onun Bakı Şəhər Sovetinin yanındakı kiçik mənzilində, sonra 8-ci mikrorayonda yerləşən geniş mənzilində dəfələrlə olmuşam. Oğlu Azərlə teatr və sənət barəsində maraqlı söhbətlər etmişik.
1990-cı ilin ikinci yarısından Mahmud xəstələndi. Prorektor işlədiyi vəzifəsində də az-az görünürdü. 1999-cu ilin may ayından Almaniyada Köln- Düssöldorf Türk teatrosunda Ü.Hacıbəyovun "Arşınmal alan" komediyasını hazırlayırdım. Ordan qayıdandan sonra hadisələr o qədər sürətlə inkişaf etdi ki, Mahmudla əlaqələrim seyrəşdi. O il Teatr Xadımləri İttifaqının növbəti qurultayı keçirilirdi. Sədr əvvəlki qurultayla indiki qurultay arasındakı dünyasını dəyişən sənətkarların xatirəsini yad etmək üçün bir dəqiqə ayağa durmağı xahiş etdi və mən vəfat eləyənlərin arasında Mahmud Allahverdiyevin adını eşidəndə sarsıldım. Düşündüm ki, o, Gürcüstandan Bakıya səssiz gəlmişdi və 68 yaşında da səssiz getdi. Amma onu gəncliyindən tanıyanların qəlbində Mahmud Allahverdiyev istedadlı aktyor və onun elmi tədqiqatlarını oxuyan, öyrənənlər üçün isə görkəmli alim kimi qaldı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!