Həsən Seyidbəyli yaradıcılığının nəsr təkamülü:"Cəbhədən-cəbhəyə" - Baba Babayev yazır

H.Seyidbəylinin yaradıcılığı müasirlik hissinin qabarıqlığı və ideya-mündəricəsinin əhatəliliyi ilə diqqəti cəlb edir. Yazıçı yaradıcılığına müasirlik kimi yüksək estetik prinsipləri baxımından yanaşdığı üçün oxucusunu yormur. Yaratdığı obrazların daxili aləminə nüfuz etməsi əsərlərinin ideya-sənətkarlıq xüsusiyyətlərini və həll etmək istədiyi problem dairəsini düzgün müəyyənləşdirir. Nəsrimizin vaxtilə böyük epik formalara doğru axını zəruri idi və təsadüfı deyil ki, qardaş xalqlar ədəbiyyatında olduğu kimi, bizdə də keçmiş Sovet nəsri ilk təşəkkülündən epik vüsətlə meydana çıxdı. Bu sahədə ənənələrimiz zəngin olmasa da, monumental formalar sürətlə inkişaf edirdi. Çünki bunlar zamanın ideya-bədii tələbindən doğurdu. Bu, inqilabi mübarizələr tarixini, yəni cəmiyyət quruculuğunu epik dolğunluğu ilə dərk etmək, ictimai-siyasi, psixoloji dəyişikliklərin cəmiyyət, xalq həyatı miqyasındakı vüsətini, tarixi şərtlənməsini açıb göstərmək ehtiyacından irəli gəlirdi. 1930-cu illərdə, istərsə sonrakı dövrlərdə nəsrimizdə böyük epik formaların bir sıra əlamətdar növləri yaranır. 1950-ci illərin axırlarından başlayan janr ölçüləri və vərdişləri nəzərəçarpacaq dərəcədə dəyişmiş, yığcam romanlar, psixoloji-dramatik povestlər müvəffəqiyyət qazanmışdır. Həmin forma dəyişikliklərini təsəvvür etmək üçün "Söyüdlü arx", "Mən ki gözəl deyildim", "Sərinlik", "Telefonçu qız", "Teleqram", "Körpüsalanlar", bir az zaman fərqi ilə C.Əmirovun "Qara volqa", "Brilyant məsələsi", "Sahil əməliyyatı" və H.Seyidbəylinin "Cəbhədən-cəbhəyə" və s. əsərlərini xatırlamaq kifayətdir.

"Cəbhədən-cəbhəyə" əsəri maraqlı bir təsvirlə başlanır. Müharibədən çıxmış Bakı çox nigarandır. Gecə-gündüz çalışan, insanları hələ də gözləri yol çəkən, oğul gözləyən kim, bu ağır vəziyyətdən istifadə edərək nə isə pis işlər görməyə hazırlaşan toplum kimi qruplaşır. Bakının elə vaxtıdır ki, xəbis, çirkin ünsürləri baş qaldırmağa, dövləti içəridən sarsıtmağa məqam gözləyirlər. Roman Teymurun müharibədə yaralanaraq qayıdarkən onun Bakı dalanlarının birində - İçərişəhərdə soyğunçu - cinayətkar tərəfindən, küt alətlə - toppuzla vurularaq çamadanının aparılması və ölümcül vəziyyətə salınması ilə başlayır.

"Cəbhədən-cəbhəyə" əsərini oxuduqca, səhifələr bir-birini əvəz etdikcə, hər bir hadisə, olay fəhmli, o illəri yaşamış oxucuya tanış gəlir. Çox asanlıqla əsərin daxilinə nüfuz edir, hadisələri, insanları göz qabağına gətirə bilir, təsvir olunan Bakı həyatının içərisində yaxşı və pis cəhətləri, uğurlu və nöqsan tərəfləri təsəvvür etməkdə çətinlik çəkmirsən. Povestin inandırıcı olmayan səhnələri yoxdur. Düzdür, əsərdə bəzi məqamlarda publisistik ruh da özünü büruzə verir. Lakin hadisələrin maraqlı, ardıcıl düzümü elə məharətlə təsvir edilir ki, oxucu heç nəyin fərqinə varmır, nəticənin nə ilə qurtaracağını səbirsizliklə gözləyir. Ədibin romanında həyat (Bakı gerçəkliyi - B.B.) dinamik halda, ictimai mübarizə konflikti, yeninin köhnə ilə mübarizəsi gərgin şəkildə təsvir olunduğundan təbii ki, əsərdə müsbət obrazlarla bir sırada (nəinki bir sırada, üzbəüz döyüşən) bir çox mənfi tiplər də yaradılmışdır. Sözügedən mənfi tiplərin həm daxili, həm də xarici portreti sənətkarlıqla işləndiyindən oxucu onların bütün varlığı, "idealları" ilə tanış olur. Nasir inandırıcı bir qələmlə, onların çürük mənəviyyatlarını açıb göstərdiyindən, oxucu bu yaramazlıqların, vətən xainlərinin gec-tez sıradan çıxacaqlarına - həbs və ya ifşa olunacaqlarına inanır. İstər "İllər keçir"də, istərsə də "Cəbhədən-cəbhəyə" əsərlərindəki bu inandırıcılıq prinsipinin əsas səbəblərindən biri də çatışmazlıqlara keçmiş sosialist həyatının fövqündən baxılması, olayların yeniliyin mütləq qalib gələcəyi fonunda təsvir edilməsidir. Dövrün ideologiyasının icərisində olan və hər şeyi bilərək dərk etdiyindəndir ki, H.Seyidbəyli bu tipləri, təkcə mücərrəd anlamda mənfi olduqları üçün deyil, həyata qara ləkə olduqları üçün ifşa edir.

İlk səhifələrdən cəbhədə qəhrəmanlıq göstərib yaralanmış, qolunun biri gipsdə geri dönmüş Teymurun fiziki ağrıları deyil, daxili düşmənlərdən, quldurlardan aldığı zərbələr daha çox təsir edir. Əsərin sonunda quldur dəstələri yaxalanarkən Güldəstənin dilinin açılmasına səbəb (nə qədər inadkarlıq etsə də - B.B.) Seymurun meyitini görməsi olur. Məhz bundan sonra "başçıları"nın ünvanına gedir.

Teymurun hüquq fakültəsində qiyabi təhsil alması da, qarajdan çıxıb milis şöbəsində işə girməsi də maskalanmış canilərə qarşı mübarizə aparmaq istəyindən irəli gəlir. Taleyin qisməti imiş kimi Teymur cəbhədən-cəbhəyə, yəni hər iki cəbhədə mübarizə aparmalı olur. Bu mübarizəyə müəllif onu ilk təqdimində, xarici görkəmini xarakterizə edərkən hazırlamış, gələcək fəaliyyətinə zəmin yaratmışdır. Ölkədə hələ də qarışıqlıqdır. Teymur 1944-cü ildə ordudan tərxis olunur.

Aradan 4-5 il keçib. Vətənin Teymur kimi oğullara ehtiyacı çoxdur. Onun dostları vicdanlı, qeyrətli əməliyyat işçiləri olmaqla, qanunun aliliyi də onun arxasındadır. Məqamında kələfin ucu açılır. Güldəsdə Şahsuvarovanın pulunu maqazində dəyişərkən onun nəzərindən qaçmaması, açılmayan cinayətlərin başlanğıcı hesab etmək olarmı? Gözləyək, hadisələrin dinamik, ardıcıl hərəkəti hər şeyi öz məcrasına qoyacaqdır. Teymurun bir əməliyyatçı kimi milis idarəsində nüfuzu artıq görəcəyi işləri də çoxaltmaqla mürəkkəbləşir. Romanın maraqlı səhnələrindən biri də Lütfi ilə Teymurun dialoqudur. Bu dialoqda Lütfi dilemma qarşısında qalır. Rayon Komsomol İdarəsi onu vicdanlı bir komsomolçu kimi istintaqa, özü də çox ağır bir cinayətkar dəstənin tutulmasına kömək üçün məsləhət görür. Səbəbi, cinayətkar dəstənin bələdçisi Güldəstə Şahsuvarova ilə Lütfinin bir binada yaşaması, ikinci mərtəbədə pəncərələrinin üz-üzə olmasıdır. Sən demə, məsələ başqa cür imiş. Lütfi Güldəstəni sevirmiş. İndi isə komsomol tapşırığı, hökumətin ona etimadı Lütfini çıxılmaz vəziyyətdə qoyur. Romanda yoruculuq yoxdur. Yersiz təsvirlərə, təkrarçılığa yol verilməyib. Hadisələr o qədər canlı, inandırıcı, düşündürücü və səmimi verilir ki, müəllif, sanki o hadisələrin içində olan əsas qəhrəmanlardan biri olmuşdur.

H.Seyidbəyli Güldəstənin Salyanda - Bankə qəsəbəsində, Kürün sahilində gəzintisini, onu fəhlə paltarı geyib traktorların arasından oğrun-oğrun izləyən müstəntiq Teymurun "bu qızın heç bir günahı yoxdur, onu bu yola düşməyə vadar edən müharibə oldu" ifadəsini pıçıldaması baş verən olaylarda müharibəni suçlayır. Axı, müharibə insanların hamısını eyni silahla məhv etmir. Unutmamaq lazımdır ki, bu dövrdə də xüsusi mülkiyyətçiliyə meyli olanlar, vətəni sevməyənlər var idi. Yazıçı bilirdi ki, həyatımızı bütöv mübarizə gərginliyi ilə real vəziyyətlərdə əks etdirmək, neqativ halları ifşa və tənqid atəşinə tutmaq lazımdır. Yaşanan həyatı bütün həqiqətləri dolğunluğu ilə əks etdirmək istəyən H.Seyidbəyli realist sənətkar kimi yaratdığı, təsvir etdiyi lövhələri saxta, təbiətdən uzaq üsullarla cilalamaz. Digər janrlarda, məsələn, dramaturgiyada olduğu kimi, nəsr əsərlərində də həyatdakı ziddiyyətləri obyektiv, çəkinmədən göstərmək üçün əsas poetik komponentlərdən biri də təbii, real konfliktlərdir. "Cəbhədən-cəbhəyə" əsərindəki hadisələr bilavasitə təzadlar müstəvisində cərəyan edir. İstəsən də, istəməsən də konflikt əsərin özündən, hadisələrin gedişindən doğur, təbii yaranır. Heç bir əllaməçiliyə ehtiyac qalmır. Nəzəri cəhətdən konflikt bədii əsərdə obrazlar arasında (təkcə qəhrəmanlar yox - B.B.) gedən, məkandan, zamandan asılı olmayan ciddi mübarizədir. Bu əsərdə mübarizə, gizlin savaş, bir-birinə zidd ideyalar, görüşlər, məqsədlər, nəhayət, bunların doğurduğu xətt-hərəkətlər, tərəflərin verdiyi qərarlar arasında gedir. Yazıçı içində yaşadığı cəmiyyətdə görüb müşahidə etdiyi hadisələri, yəni ictimai quruluşun doğurduğu ziddiyyətləri bədii cəhətdən ümumiləşdirərək dinamik, həm də sanki dramatik konfliktlər şəklində bədiiləşdirməyə müvəffəq olmuşdur.

Romandakı hadisələrdən əlavə, ümumi gedişat ssenarini xatırladır. Bu isə əsərin yığcamlığına gətirib çıxarır. Əsərin finalına doğru hadisələr dramatikləşir. Seymurun ölümü Teymuru çox sarsıdır. Cinayətkar dəstənin nə qədər böyük bir qüvvə olması, Güldəstənin yoxa çıxması, başqa ad altında 11 ildən sonra peyda olması, təsadüfən Teymurun onu gül mağazasında görməsi, izləyib Seymurla görüşməsini müşahidə etməsi, çapıq Şəmsinin Teymura çox mühüm, bu gecə baş verəcək əməliyyatın sirrini açması, oğruların Güldəstə də olmaq şərtilə böyük qüvvə ilə tutulması peşəkarlıqla işlənmiş səhnələrdəndir. Əsər nikbin sonluqla qurtarır. Cəmiyyətdə baş verən qlobal dəyişiklikləri həyata keçirən müsbət qəhrəmanlar oxucuda fərəh hissi doğurur. Bütün tərəflərdə, elə mənəviyyatın özündə olan dəyişikliklər insanların gələcək xoşbəxtliklərindən xəbər verir. Yeni, çoxmərtəbəli binaların tikilməsi, əyri-üyrü, alçaq, yüz illərin evlərinin sökülməsi də həyatın yeniləşməsindən xəbər verir. Biz əsəri müharibə illərindən bəhs edən dəyərli roman kimi qiymətləndiririk (baxmayaraq, hadisələr daha sonralar, 1950-ci illərin ortalarına qədər gedib çıxır).

Yazıçının "Cəbhədən-cəbhəyə", "Telefonçu qız", "Çiçək", "İllər keçir", "Tərsanə" əsərlərində bədii ictimai və mənəvi, əxlaqi dəyərə malik ümumiləşdirmələrə meyil güclüdür. Nəsrin poetikasının ayrı-ayrı komponentlərindən bacarıqla və ustalıqla istifadə məhz H.Seyidbəyli əsərlərini oxunaqlı etmiş, müəllifinə doğru olaraq şöhrət qazandırmışdır. "Cəbhədən-cəbhəyə" realist nəsrin gözəl nümunəsidir. Yazıçı qələmə aldığı dövrün ictimai-siyasi vəziyyətini, toqquşan, üz-üzə gələn tərəflərin mövqeyini dərindən, hərtərəfli öyrənib, bunların ifadəsinə müvafiq bədii ifadə vasitələri tapmaqla yanaşı, obrazların qəlbinə də, beyninə də nəzər salmaqdan, hadisə və xarakterlərə xas obyektiv və subyektiv ziddiyyətləri araşdırmaq zəhmətindən çəkinməmişdir.

"Cəbhədən-cəbhəyə" əsərinin yaranmasından yarım əsrdən çox vaxt keçib. İndi XXI əsrin ikinci onilliyidir. Dünyanın zəmanəsi də dəyişib, insanları, oxucuları da. İndi oxucunu heyrətləndirmək çətindir. Sankt-peterburqlu professor Mariya Semyonova demişkən: "...Yazıçının dəyərsiz sənəti ağır zəhmətlə, həvəssiz oxucularla, laqeyd tənqidçilərlə, çap olunmamış kitablarla və populyar janrlara şübhəli yanaşan nasirlərlə əhatə olunur". Hər şeydən əvvəl insanlığın əxlaqi dəyərlərinə xidmət edən bu əsər dünyasından, zəmanəsindən asılı olmayaraq bu gün də çox oxunur. Öz ölkəsinin gələcəyinə inam və ədalətlə qulluq etmiş orqan işçisinin ağlagəlməz riskli qəhrəmanlığı və duyğuları təbii və inandırıcı olduğu üçün oxucunun sevimlisinə çevrilir.

Mövzunun aktuallığı, dinamik, dramatik konfliktin gərginliyi və əsas obrazların orijinallığı ilə bu əsər nəsrimizdə müsbət hadisə sayılmalıdır. Əsərin bədii keyfiyyəti mövzunun aktuallığına əsaslanır. Professor Q.Xəlilov yazırdı: "...Doğrudur, əsasən, bu üslubda yazılmış "Uzaq sahillərdə", "Cəbhədən-cəbhəyə" əsərləri ümumi, ədəbi ictimaiyyətdə yaxşı rəy doğurmuşdur" . Ümumən, H.Seyidbəyli İ.Qasımovla müştərək yazdıqları "Uzaq sahillərdə" və müstəqil yazdığı "Cəbhədən-cəbhəyə" romanlarında macəraçı, "Telefonçu qız"da lirik, yenə də İ.Qasımovla şərikli yazdığı "İllər keçir"də epik-lirik-publisistik üslub müəllifi kimi çıxış etmişdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!