Təxəyyülün fantastik və absurd forması - Rəvan CAVİD

Fantastika və absurd arasındakı fərq nədədir?

Təxəyyül hansı sərhəddən sonra imkansız hadisələr uydurur?

Fantastika və absurdu öncə ayırd etməyə çalışaq. Danışdığımız hadisə nə vaxt absurd, nə vaxt fantastik don geyinir? Absurd bir hadisənin şəkil dəyişməsidir. Fantastika isə hadisənin bəzənməsidir. Absurd mövcud olan reallığı plastik kütlə kimi ovuclarında əzir və səliqəsiz, eyni zamanda da sərt bir yeni reallıq kimi önümüzə qoyur. Əslində, absurd olan hadisədə qeyri-adi heç nə olmur. Bütün feillərin leksik mənası təhrif olunmadan bizə təqdim edilir. Absurd olan hekayədə insan böcəyə çevriləndən sonra onun xarakterlərini daşıyır. Frans Kafkanın "Çevrilmə" uzun hekayəsində Qreqor Zamza qeyri-adi heç nə etmir. Onun düşdüyü situasiya qeyri-adidir. Və ya pulun fərqli bir məna ifadə etməsi üçün öncə onun mövcud olduğu sistem pula fərqli məna yükləməlidir. Məşhur türk rejissoru Onur Ünlünün "Leyla ilə Məcnun" teleserialında bakkal obrazının pulu "100...200...200...100...200" sayması fantastik bir kadr işi deyil. Xeyr, heç gülmək üçün də deyil. Bakkalın olduğu mühit pula önəm vermədiyi kimi, sayına da önəm verməyəcək. Rejissor bunu demək istəyir. Bakkala iki yüz türk lirəsi lazımdır. Artıq qalan pul onun üçün bir şey ifadə etmir. Bu, absurd deyil, absurd onun pulu o cür qeyi-müəyyən saymasıdır. Gəlin indi bu kadrı fantastik biçimdə "izləyək". Bakkalın əlində anidən hansısa qüvvə ilə iki yüz lirənin peydə olması fantastikdir. Say sisteminin o mağazada, sadəcə, iki yüzə qədər olması fantastik ola bilərdi. Bunu bizim şüurumuz qəbul etmir. Fantastika bir mövhumun varlığını ya əskildir, ya da bizə məlum olmayan sehrli qüvvə ilə çoxaldır, genişləndirir. Simurq quşu "Məlikməmmədin nağılı"nda fantastik obrazdır. Niyə?! Çünki bir quşun daşıdığı məna yükündən daha artığını daşıyır. Danışa bilir, məsələn. Yol göstərir, məsələn. Biz bilirik ki, bu, mümkünsüzdür. Absurd olan hadisə isə heç də mümkünsüz olmur. O, bizim başımıza gələ bilər. Elə bir hadisəni biz yarada bilərik. Müasir roman sənətində fantastik janrda ən populyar əsərləri amerikalı yazıçı Stivin Kinq yazıb. Onun romanlarında axtarsaq da, absurd deyəcəyimiz heç nə tapa bilməyəcəyik. Sehrli qalalar, od döyüşçüləri, qeyb ola bilən uşaqlar, danışan meşələr, yatan evlər və sairə. Bu detalların hər biri fantastikdir. Pol Osterin "Nyu-York trilogiyası"nda obrazın özünü təqib etmək üçün detektiv tutması isə absurddur. Nəsə sual var bu feilin altında. İnsanın özünə qarşı şübhəsi, keçmişini öyrənmək üçün atdığı birinci addım, ya da bunun kimi yoza biləcəyimiz onlarla məna.

İndi təxəyyülün hansı andan sonra fantastik forma almasını aydınlaşdırmaq üçün öncə hekayənin yaranma ehtiyacını kəşf edək. İlk hekayə qurmaq ehtiyacı hansı zərurətdən yaranıb?!

Şərq nağılları iki xətt üzrə cərəyan edir; sevgi və qəhrəmanlıq. İki nəfərin sevgisi, ya da bir nəfərin digərlərini xilas etmək üçün göstərdiyi şücaət barədə minlərlə nağıl. Baxaq, hansı anda fantastik detallar peyda olur?! Ölümsüzlük meyvəsi, məsələn. Bu, adamların arzularının işarəsidir. Adamlar ölmək istəmir və belə bir şey uydurur. Ya da öləndən sonra da yaşayacaqlarına ümid edirlər. Məlikməmməd quyuda qalsaydı, hadisələr ürəkaçan olmazdı. Hər kəsin ümid etdiyi qəhrəman reallıqla üz-üzə qalacaq və uduzacaqdı. Amma ağ qoç və qara qoç, simurq quşu, şüşədəki div ürəyi nağıla yeni bir cığır açır. Adamlar da bu cığırla "özlərini xilas edir".

Zamza isə iş həyatından bezdiyi üçün, kapitalizmə nifrət etdiyi üçün böcəyə çevrilir. Yaşadığı cəmiyyətin eybəcərlikləri onun üzərində böcək forması alır. Və ya insanın daxili tədirginliyi onun özünü izlətməsi üçün detektiv tutması ehtiyacını doğurur.

Bir sözlə, fantastika təhkiyəçinin arzularından, ümidlərindən, absurdizm isə imtinasından yaranır.

Hər iki anlayışın tarixinə nəzər salaq.

Fantastika absurdizmdən çox-çox qocadır. Əfsanələrin yaranma tarixi insanların ilk dini ayinləri kəşf etdikləri zamana qədər gedib çıxır. Xeyir və Şər mübarizəsinə həsr olunmuş onlarla dastanda igidlərə kömək olacaq fantastik detallara rast gəlirik. İnsanların axirət inancları, qalib olmaq həvəsi, iqtidarda dayanma istəyi, nə olur-olsun bütün çıxılmazlıqlardan qurtulmaq eşqi onların təxəyyülündə belə bir cığır açıb. Fantastika düşüncə forması deyil, düşüncənin şəkillərindən biridir. Dünyanın gözəl vaxtlarında fantastik təxəyyül öz parlaq dövrünü yaşayırdı.

Bəs absurdizm necə və nə vaxt yarandı?

"Yaşamaq, sonunda heç nə olmayan axtarışdan ibarət həyatdı" deyən Kamyu İkinci Dünya müharibəsindən sonra absurdizm anlayışına yeni bir forma verdi. Amma bu terminin tarixi on doqquzuncu əsrə dayanır. Danimarkalı filosof Soren Klerkeqard hər şeyin insan məntiqi ilə idarə olunmasına və şəkil almasına inanırdı. O, həm də inanırdı ki, məntiqin də çata bilmədiyi nüanslar var. İnsan başqa cür yaşaya bilər. Bunun üçün məntiqin qəbul etdiyi hər şeyi "heç nəyə" çevirmək lazımdır. Hər şeyin dəyəri sıfırlanmalı və hər şey ağlasığmaz bir boşluqla əhatə olunmalıdır. Bu zaman insan təxəyyülü yenilikçi və sərhədsiz inkişaf edə bilər. Nitsşenin "Tanrı öldü!" həyəcanı absurdizmin ilkin təməlini daha da gücləndirdi. Tanrı olmadan insan öz dəyərini bir inancsızlıqla əvəzləməli idi. Bəs bu inancsızlıq necə və haradan gəlməli idi? Bu şəraiti isə Böyük Vətən müharibəsi yaratdı. İnsanların içindəki acı və istirab, ölümə yaxın olma, köməksizlik, tək qalmaq, darıxmaq və gözləmək zaman-zaman şüurüstünə çıxdı. Və insan özünə yenidən - bu sadaladıqlarımızın üzərində dayanan - dəyər yüklədi. "Mən kiməm?" sualı bəşəriyyət üçün yenidən verildi.

Hər şeyin yaxşı olacağına inanan təxəyyül fantastikanı uydurmuşdusa, hər şeyin yaxşı olmadığını görən və ya yaxşı olanların onu xilas etmədiyinə şahid olan təxəyyül də absurdizmi yaratdı. Zamzanın bezdiyi cəmiyyət onu böcəyə çevirdi, Sartr azadlığı bezdirici formada təqdim etdi, Kamyu çıxış yolu axtardı və nəticədə postmodern eranın (bəlkə də, sonunda) absurdizm ironiya və məsxərənin "vətəninə" çevrildi.

Kiçik bir qeydlə həm də nihilizmə bənzəyən absurdizmi ondan ayıraq. Absurd düşüncənin təməlində, yuxarıda dediyimiz kimi, hər şeyə heç nə deyə biləcək bir etiraz forması var. Mövcud reallıqdan imtina bacarığı var. Nihilizm isə ətalətdə olan düşüncə formasıdır. Pessimizmin və ruhdan düşmənin caynaqları arasında can verən insanın düşüncəsi. O, heç vaxt müqavimət göstərmir.

Dövrümüzdə, xüsusilə də çağdaş amerikalı yazarların mətnlərində, Qərb təfəkkürünün davamçıları olan avropalı rəssamların və bəstəkarların, daha çox yəhudi heykəltəraşların nümunələrində absurd incəsənət yüksəlir. Türkiyə ədəbi mühitində absurd romanlara rast gəlsək də (Hakan Gündayın romanları, məsələn), tamamilə absurd ideyalarda yaradıcılıq yolu seçən yazıçı yoxdur.

Populyarlığına, məşhurluğuna gəldikdə isə fantastik janr detektiv janrla birləşib həmişə - istər kino, istər ədəbiyyat sahəsində - birinciliyi qazanır. Absurd nümunələrin də öz izləyici (və ya oxucu) kütləsi var.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!