Müəmmalı Lorka məzarı - Azər Qismət yazır

Yazıçı Marta Osorionun şair-dramaturq Federiko Qarsia Lorka haqqında kitabı nəşr edilib: "Bir ölümün müəmması". Marta Osorio mərhum ispan şairinin bioqrafı hesab olunur. Kitabda Aqustin Penyon və Emiliya Lyanos arasındakı məktublaşmadan ümumi nəticə çıxarılıb. İspan əsilli, hazırda ABŞ vətəndaşı olan Aqustin Penyon Qarsia Lorkanın birinci bioqrafı sayılır. Emiliya Lyanos isə mərhum şairlə dost olub. Bu yazışma ötən əsrin 50-ci illərində baş tutub.

Məlumdur ki, Qarsia Lorka 1936-cı ilin avqustunda, İspaniyada Vətəndaş müharibəsi başlayandan bir ay sonra güllələnib. Əsas ehtimal bundan ibarətdir ki, onu SEDA ultrasağçı partiyanın döyüşçüləri Qranada yaxınlığında, Alfakar adlı məkanda qətlə yetiriblər. İndiyə qədər hesab edilirdi ki, şairin qəbri buradakı qardaşlıq məzarlığında, digər güllələnənlərlə yanaşı uyuyur. 2009-2014-cü illərdə həmin qəbri tapmaq ümidi ilə işlərə başlanıldı. Bu işə maliyyə vəsaiti ayırmış, yerli hökumətin nümayəndəsi Xuan Fransisko Arenasın mətbuata verdiyi müsahibədən kiçik çeşmə: "Müharibə vaxtı və ondan sonra bu məkan hərbçilər üçün atıcılıq yeri hesab edilib. Yaşlı sakinlərin "qardaşlıq məzarlığını atıcılıq meydanına çevirməzlər" etirazına hərbçilər əhəmiyyət verməyiblər. Bəzi ədəbiyyatşünaslar və ekspertlər tam əmindir ki, Qarsia Lorkanın məzarı məhz burada yerləşir. Şair güllələnmiş adamlarla bir yerdə basdırılıb. Təxminən iki anarxist və məktəb müəllimi ilə bir yerdə".

Beləliklə, 2009-cu ildə, 51 gün ərzində məzar axtarıldı. ABŞ-ın CNN telekanalı məlumat verdi ki, bu işlə Tarixi Abidələrin Bərpası Assosiasiyası məşğul olacaq. Təşkilatın üzvləri İspaniyanın cənubundakı Alfakar kəndinin yerli rəhbərliyinə müraciət ünvanladı. Müraciətdə kənd sakinlərindən Viznar adlanan yerdə kütləvi qəbiristanlıqda qazıntı işlərinə başlanılması rica edilirdi. Adamlar etiraz etmədi. Lakin yenə də Lorkanın qəbri tapılmadı.

İspaniyanın "El Mundo" qəzetinin məlumatı isə sensasiya doğurdu. Məlumata əsasən digər ekspedisiya yerli sakinlərin söylədikləri ilə uyğunluq təşkil edən qəbri tapdılar. Həmin qəbirdə şairlə yanaşı, müəllim Dioskoro Qalindo, müfəttiş Fermin Roldan, rəssam-bərpaçı Migel Kobo, eləcə də Fransisko Qaladi və Xoakin Arkolyas da basdırılıb. Budəfəki axtarışları Qranada Universitetinin əməkdaşları və "Condor Georadar" şirkətinin rəhbəri Luis Avial öz üzərlərinə götürmüşdülər. Adıçəkilən şirkətin istehsal etdiyi avadanlıqla yerin 18 metr dərinliyində nəyin yerləşdiyi müəyyən edilib. Ekspedisiya üzvləri öz fəaliyyətlərini 1930-cu illərin sənədlərinə əsasən qurublar. Radiolakator üç seksiyadan ibarət - eni 2, uzunluğu 6 metr, dərinliyi 90 santimetrlik məzar aşkarlayıblar. Bura 6 insanın meyiti rahatlıqla yerləşərdi. Həmin çala hazırda şairin şərəfinə ucaldılan abidənin yaxınlığında yerləşir. Şirkətin rəhbəri Luis Avalın dedikləri maraq doğurdu. O bildirmişdi ki, məzara sonradan müdaxilə edilib: "Təsəvvür edin ki, qəbir qazılır. Məntiqlə düşünsək, neçə ildən sonra torpaqda hər hansı qazıntı olmamalı idi. Ancaq görünür ki, kimsə qəbri açıb". O, əvvəlcə fikirləşib ki, hansısa kəndli burada ağac əkməyi qərara alıb. Ancaq yaşlı sakinlər ona dedi ki, qohumları Qarsia Lorkanın meyitini qəbirdən çıxarıblar. Ekspedisiyanın üzvlərinin gəldiyi nəticə də qəzetlərin əsas xəbərinə çevrildi: "Bütün sümükləri DNK analizinə verməklə Lorkanı tapmaq". Yeri gəlmişkən, Lorkanın qəbrini axtarmağın əleyhinə olan indiki qohumları indi DNK analizinə razıdırlar: "Təki məşhur qohumumuzun məzarı tapılsın". Lorkanın güllələnməsinin digər xırdalıqlarına gəlincə, yazılır ki, Qarsia Lorka sosialist təmayüllü olmaqla bərabər, adı homoseksuallığa meyilli şəxs kimi hallanıb. Ancaq general Franko rejiminin şairi gözdən salmaq üçün böhtan atdığı ehtimalı da irəli sürülür.

Elə Marta Osorionun kitabından da aydın olur ki, Lorkanın məzarını burada axtarmaq vaxt itkisidir. Məsələ burasındadır ki, yazıçının əlinə şairin birinci bioqrafının arxivi keçib. Penyon şairin tanışı Emiliya Lyanosun fikirlərinə əsasən yazıb: "Məzar orada deyil. Qarsia Lorka güllələnəndən sonra həqiqətən də basdırılıb. Amma sonra qohumları tərəfindən oradan çıxarılaraq başqa yerdə dəfn edilib".

Maraqlıdır, hansı səbəbə görə şairin qəbri tapılmayıb? Bunun bir neçə səbəbi var. Birincisi, general Frankonun hakimiyyəti dövründə, ümumilikdə 1930-70-ci illər ərzində Lorkanın nəinki adını çəkmək, ümumilikdə qəbrinin axtarışı qadağan edilib. Çünki rejimin tərəfdarlarının Lorkanı öldürməsi ört-basdır edilib. Daha doğrusu, cəmiyyətin söz-söhbətindən yayınmaq üçün ümumilikdə həmin mövzuya toxunmağı lazım bilməyib. General tərəfdarlarının mirzələri daim deyiblər ki, Vətəndaş müharibəsində hər cür özbaşınalıq ola bilər. Yəqin, Lorka belə anarxiyanın qurbanı olub: "Müharibə zamanı baş verən minlərlə belə hadisənin fonunda Lorkanın ölümünü çox da şişirtməyin".

Lorkanın qəbrinin tapılmamasının ikinci səbəbi İspaniyadakı solçularla bağlıdır. Son iki onillikdə Lorkanın ölüm səbəbi siyasiləşdirilib. Onun tərcümeyi-halında dəyişiklik bundan ibarət idi ki, Lorka ümumi ideya naminə, solçu fikirlərinə görə qətlə yetirilib. Hesab ediblər ki, Lorka solçuluq ideologiyası ilə general Frankonun adamlarının qəzəbinə tuş gəlib. Məhz buna görə də onun qəbrinin tapılması Franko diktaturasına sərfəli olmayıb. Qəbir tapılsaydı, dünya solçuları onun ziyarətinə gələcəkdilər. Əksəriyyət, xüsusən tarixçi Migel Kabalyero tam əminliklə söyləyir ki, Lorkanın qəbri yalnız qardaşlıq məzarlığında ola bilər. Çünki rejimə qarşı açıq fikir səsləndirən insan həmin qəbirlərin sırasındadır.

Ancaq hələ siyasiləşməyən tədqiqatçıların fikirləri də maraq doğurur. Onlar hesab edir ki, Lorka siyasi baxışına görə qətlə yetirilməyib. Çünki şair siyasətdən uzaq olub. Onu varlı atasının düşmənləri - Lorka nəsli ilə düşmənçilik edən yerli torpaq sahibləri də öldürə bilərdi. O illərdə ərazilər uğrunda mübarizədə vahid idarəçilik çoxlarının arzusu idi. Ehtimallardan biri də budur ki, Lorkanı yalnız Stalinin xeyrinə casusluğuna görə həbs etmək, öldürmək olardı. Ancaq indi qəbir tapılmır. Qohumlarına ünvanlanan çoxsaylı suallar da cavabsız qalır. Ya ailə sirrini kiməsə açmaq istəmədiklərinə görə susurlar, ya da ümumiyyətlə bu barədə məlumatları yoxdur.   

Lakin bu barədə beynəlxalq mətbuat susmur. Ədəbiyyat araşdırmaçıları, eləcə də müstəqil jurnalistlər arxivlərə baş vurur, köhnə sənədləri qaldırırlar. "The Guardian" qəzeti yerli polis arxivindən əldə etdiyi məlumatları üzə çıxarmaqla gənc şairin necə və kimlər tərəfindən öldürülməsinə yeni aydınlıq gətirdi. Qəzetdə dərc edilən məqaləyə əsasən ispan şair və dramaturqu Federiko Qarsia Lorka general Frankın Qranadadakı yerli hakimiyyəti tərəfindən güllələnib. Onun 1936-cı ilin avqustunda qətlə yetirilməsi dəqiq tarixdir. Sənədə əsasən Frank rejimi onu "sosialist" və "mason" hesab edib. Şairin Qranadadakı evində axtarış aparılıb. Bunu bilən Lorka şair dostunun evində gizlənib. Vətəndaş müharibəsi başlayanda isə evini mühasirəyə alıblar. Onu Fuente Qrande adlanan məkana gətiriblər. Üzünə durmuş şəxslərin ifadələri oxunandan dərhal sonra şair güllələnərək basdırılıb. Harada və necə basdırılması barədə detallara varılmır.

39 il yaşamasına baxmayaraq, Qabriel Lorka İspaniyanın görkəmli şəxsiyyətləri siyahısına düşüb. Pablo Nerudanın sözləri ilə deyilərsə, belə şair 100 ildə bir doğulur: "Mən hələ heç bir şairin şeirlərində belə zəka və istedada, qanadlı ürəyə və büllur şəlalə altında işıldayan sətirlərə rast gəlməmişəm. O, insanlara xoşbəxtlik bəxş edən sevinc planeti idi".

Doğrudanmı, Qarsia Lorka sosialist ideologiyasına xidmət edən ziyalılardan olub? Araşdırmalar nəticəsində müəyyən edilib ki, Lorka insan hüquqları uğrunda öz fikirlərini səsləndirsə də, kasıb təbəqənin müdafiəsində dursa da, heç bir partiyanın üzvü olmayıb, özünü Yer planetinin sakini və hamının qardaşı sayıb. Qarsia Lorka baş vermiş hadisələrdən sonra duyub ki, nə vaxtsa həbs ediləcək. Həyatına yarana biləcək təhlükəni qabaqlamaq üçün Madriddən Qranadaya getməyi qərara alıb. Bu məqsədlə müəllimi Antonio Rodriqesdən borc pul istəyib. Və gülə-gülə deyib: "Tufan yaxınlaşır, mən evə qayıdıram. Məni orada şimşək vurmaz". Lakin bütün bunlara baxmayaraq, ölüm gənc şairi məhz doğma məkanında haqlayıb.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!