Günel EYVAZLI
Bilmirəm, Bomarşe adı ağlımda haradan ilişib qalmışdı. "Dəlisov gün və ya Fiqaronun toyu" pyesini də tamamən unutmuşdum. Bircə onu bilirəm ki, Barokko dəbdəbəsini xatırladan bu ismi özlüyümdə dəfələrlə təkrarlayıb səslənməsindən zövq alırdım.
Hollivud filmlərinin birində (filmin adını unutmuşam) bir zənci övlad dünyaya gətirən anaya "övladının soyadı nədir?", - deyə sorur. Soyadı eşidincə, çox sadə səslənir, deyərək, o zaman çalışın adını gözəl qoyun, məsləhətini anaya verir. Çünki həyatda özünü ifadə etməyin bir yolu da özünü təqdimetmə zamanı şəxsiyyət vəsiqəsi kimi ortaya qoyduğunuz ad və soyadınızdır. Yəqin, elə buna görə dastanlarımızın qəhrəmanları triumfa yüksəlməyincə adsız qalırdı. Axı, adı qazanmaq lazımdır. Yəni mənasız olduğun halda, sözünün məntiqi, keyfiyyəti olmadığı halda, ya da düzgün yerdə oturmadığın halda adının qonşuluğuna "məna" təxəllüsü əlavə etməklə xüsusi məzənnəyə minmək mümkün deyil, axı. Amma istənilən halda, belə cəhdlərin olması şəxslərin həmin təqdimata, gurultuya ehtiyacın olması mənzərəsini bizim üçün aydın edir.
Təsadüfi deyil ki, Pablo atasının deyil, məhz səslənişi gözəl olan, diqqətçəkən ana soyadını özünə təxəllüs edirək Pikassoya çevrilir. Və yaxud Pyer Oqyüsten Karon keçmiş həyat yoldaşına məxsus ərazinin adını - "de bomarşe"ni öz soyadı kimi qəbul edir. Dünya ədəbiyyatı səhnəsində Karondan daha çox, Bomarşe kimi xatırlanır.
Puşkinin Bomarşeyə qarşı xüsusi simpatiyası mövcud idi. Fransız komedioqrafı kimi ona pərəstiş edirdi. Şairin qələmə aldığı "Motsart və Salyeri" pyesində Bomarşe obraz olaraq, ad kimi, rəvayət kimi qəflətən pyesin sonlarında peyda olur. Pyesdə Salyerinin dostu olaraq verilən Bomarşe əhvalatını Motsartın dilindən eşidirik. Dahi bəstəkar Bomarşenin həqiqətən kimisə zəhərləyib öldürdüyünü sorunca, Salyeri "Yox, onun buna hünəri çatmaz" cavabını verərək Motsartın şərab badəsinə zəhər tökür. Və onu əbədi ölüm yuxusuna yola salır. Əlbəttə, öz uğurları ilə Motsart Salyerinin əsəblərinə az toxunmurdu. "Yazıq" Salyeri nə edə bilərdi axı?
Deyilənə görə, "Fiqaronun toyu" əsəri pyes olaraq deyil, Motsartın opera bəstəsindən sonra daha çox populyarlıq qazanmışdı. Təsəvvürünüzə gətirin ki, Barokko dəbdəbəli teatr salonları Motsartın bəstəsindən lərzəyə gəldiyi zaman Şərq xurafat dalğasının qara pəncəsi altında əzilməkdə idi. Dahi bəstəkarın məşhur operasından bir əsr sonra Seyid Əzim Şirvani "Guş qıl" müxəmməsi ilə əsrlərdir qəflət yuxusunda yatan Şərqə musiqinin heç də günah olmadığı həqiqətini var gücü ilə bağırmağa çalışırdı. Dahi Üzeyir Hacıbəylinin "Arşin mal alan" musiqili komediyasında "oxu - oxuma" dilemması arasında qalan Əsgər kimi cəmiyyətin ziyalısı da "Yuxarı tüpürürsən bığdı, aşağı tüpürürsən saqqal" yolayrıcının arasında qalmışdı. İndi nə edəsən, güldürəsən, yoxsa ağladasan? Çətin seçimdir. Hər halda, kortizol - orqanizmin yalnız musiqi dinləyən zaman ifraz etdiyi ən gözəl hormondur. Tədqiqatlar isə göstərir ki, musiqi yaddaşın möhkəmlənməsi üçün əsas yardımçılarından biridir. Xurafata isə möhkəm yaddaş qətiyyən lazım deyildi.
Yadımdadır, illər əvvəl Bəhram Bağırzadə müsahibələrinin birində rayonlarımıza qastrol səfərlərinə getdikləri zaman insanların onları "Güldürənçilər gəldi" - deyə qarşıladıqlarını söyləmişdi. Keçmiş KVN-çilər sonrakılardan fərqli olaraq, düşündürərək güldürməyi çox yaxşı bacarırdılar. Haqverdiyevin həyatdan gəlmə qəhrəmanları kimi özümüzə gülmək olduqca yaxşı hal olsa da, düşünərək özümüzə "dəyişmək lazımdır" deyə bilirikmi? Sual, budur. Yoxsa elə qəbirüstünə gedib kimisə məzara yola saldığımız an, o dünyanın labüdlüyünü düşünüb islah olunmaq fikrinə gəliriksə, oradan uzaqlaşınca hər şeyi unuduruqmu? Eləcə də gülüşümüzü teatr salonlarında heç nə olmamış kimi qoyub tamaşa salonunu tərk edirik? Yəni teatra gedirik? Yəni yeməyə yeyirik, həzm etməyi unuduruq? Həzm prosesi orqanizmin ən qəliz mexanizmidir. İnanıram ki, mədədəki bu funksiya beynimizdə də mövcuddur. Sadəcə, mexanizmi işə salmaq lazımdır.
Hə, Bomarşe haradan ağlıma gəldi axı? Həftə sonu idi. TV kanalları çevirən zaman maraqlı heç nə tapmadığımda cizgifilminə kökləndim. Dəfələrlə baxsam belə, gedişatın nə olduğunu bilsəm belə, "Tom və Cerri" cizgi filminə yenidən baxmağı qərara aldım. İlahi, Tom nə edir? Kütlə qarşısına çıxan məşhur pişik Motsartın Fiqarosunu oxuyur. Bəli, bu, Motsartdır. Necə olub ki, bu vaxta qədər buna nəzər yetirməmişəm. Təcili Yutub kanalını açıram. Cizgi filminin müxtəlif bölümlərinə nəzər salıram. Cerrinin addımından tutmuş, Tomun qaçışına qədər, pianoda ifasına qədər hər şey klassikadır. Və qəribəsi budur ki, məktəblərimizdə tədris olunan musiqi dərsindən fərqli olaraq, cizgi filmində "filan opera neçənci ildə yazılıb?", "filan bəstəkarın neçə komediyası var?", "nə vaxt doğulub, nə vaxt dünyadan gedib?" kimi yorucu suallar, rəqəm yığını şagirdlərin beyninə doldurulmur. Axı orada həzm prosesi getməlidir, cənablar. Axı lazımsız rəqəmlərlə, A,B,C, yoxsa D variantı ilə kilidlənən beyinlər boğula bilər. Oraya nəfəslik lazımdır. Hava lazımdır, əfəndilər. İcazə verin balacalarımız yüklənmiş tədris proqramından oyanıb dünyaya baxsınlar, nəfəs alsınlar. İcazə verin, lütfən.
Bomarşenin qəhrəmanı adi, sıravi kütlə adlandırdığımız camaatın içindən çıxmış qəhrəman idi. Elə Bomarşenin özü kimi. Bəli, müəllif böyük çabalardan sonra istəyinə nail olur. Saatsaz oğlu, saat mexanizmində yeniliyə əl ataraq kralın diqqətini öz üzərində cəmləyə bilir. Birbaşa hökmdarın saatsazı olaraq kralın iqamətgahında yerləşdirilir. Musiqidən xəbərdar olduğu üçün kral övladlarına arfa dərsləri də verir. Yəni yazıçı yazıçı olana qədər böyük, əhatəli həyat yolu keçmiş olur.
Belə həyat təcrübəsi olan insanlar, sanki soyuqdan istiyə və ya əksinə - istidən soyuğa keçirmiş kimi, fərqli temperaturların içində necə inkişaf etməyin mümkünlüyünü, qəribəliyini mənə aşılayır. Əlbəttə, "bir nəfəri cəzalandırmaq istəyirsənsə, ona istədiyini ver" məsəli yadımıza düşür. Bomarşe istəyinə nail olmuşdu. Amma içində yatan aşağı təbəqənin genetik yaddaşı özünü büruzə verirdi. Zadəgan həyatı alt təbəqənin qəbul etmədiyi müəyyən əxlaq çərçivələri ilə böyük ziddiyyət təşkil edirdi. Eynilə Fiqaro kimi. "Sən mənə vəzifə ver, ora göndər, bura göndər, mən sənin ailənə xidmət edim. Sən isə mənim qadınımı yatağa çək?" sualını Fiqaro özünə verir. Əslində, bu, Bomarşenin narahatlığı idi. O, zadəgan həyatında qəbul olunmuş müəyyən dəyərləri dəyərsizlik kimi qəbul edirdi. Bunları həzm edə bilmirdi.
Həmçinin müəyyən inqilabi fikirlər, cəmiyyətdə, dövlətçilikdə yazıçının qəbul etmək istəmədiyi hadisələr bədii priyomlarla alicənab, zəkalı Fiqaronun dilindən deyilirdi. Zəkalı Fiqaro hökmdar sarayından öyrəndiyi yollarla mətndə əleyhinə ola biləcək "və" bağlayıcısını, asanlıqla "və ya"ya çevirərək böyük məsuliyyətdən xilas olmuş olur. Yəni hər şey bu qədər sadə.
"Bartolo - Mən qətiyyətlə deyirəm ki, bu bağlayıcı cümlənin iki bərabər hissəsini bitişdirmək üçün yazılmışdır. Özü də "və"dir.
Fiqaro - Mən qətiyyətlə deyirəm ki, o, cümlənin bir-birinə qarşı qoyulan iki hissəsini ayırmaq üçün yazılmışdır. Özü də "və ya"dır. (Ürəyində): O əgər tülküdürsə, mən də onun quyruğuyam. İstəyir lap latınca desin, mən də onun üçün yunanca qırıldadaram".
Bəlkə, elə buna görə XVI Lüdoviq pyesin səhnələşdirilməsinə qəti qadağa qoymuşdu. "Yəni çörəyimi yeyə-yeyə mənə naxələf çıxmaq?". Aristokratiyaya necə gülmək olar axı?
İstənilən halda, aristokratiya əsas ilhamverici qüvvə kimi, yazmaq həvəsini artıran obyekt kimi daima yazıçılar üçün mövzu rolunda olub. Necə ki, ilkin yunan tamaşalarında, Roma teatrlarında xalqın qarşısına hakim dairələrin fiqurları çıxırdı. Xalq göstərilən tamaşaya, bəlkə də, yazıçının mətnaltı sözlərini duymadan gülürdü. İslah olurdu, ya olmurdu, nəticə çıxarırdı ya çıxarmırdı - bu, sonrakı məsələdir.
Azərbaycan ədəbiyyatında da qələm ustaları xalqın anladığı, daha doğrusu, hər şeyə hırıldadığı bir üslubdan istifadə edərək onu islah etməyə çalışır. Amma anlada bilmir ki bilmir. Bir addım önə gedən məktəbləşən, savadlanan cəmiyyət nədənsə tənbəlliyindən yenə də hər şeyi unudur. Bir də görürsən bürünürlər, saqqallaşırlar. İbadətdirmi bütün bunlar? Yox, əlbəttə, yox. Ömründə kitab üzü açmayan insan sənə ibadət dərsləri verməyə başlayır. Absurddur.
Bəzən ssenarisini yazdığımız sicilləmə seriallara da "rədd olsun" deyə qışqırmaq istəyirik. Bizim mesajımız nədir? Axı burda nə bir estetika var, nə normal fikir təlqin olunur, filan obraz niyə yenə də gündəmə gəlməlidir axı, sualını verəndə - kütlə bunu istəyir, cavabını almış oluruq. Hə, pulsuz çörək və tamaşa. Ziyalı da yeməlidir axı, "yaxşı, verin o mənasız ssenarini". Davam edək... "Ekologiya, budur. Ağ salırsan, qara çıxır..."
Fiqaro və Fiqarokimilər, Rablelər, Bomarşelər, Panuqanlar - hamı yaşadığı cəmiyyəti dəyişə bilir. Avropa gülə-gülə dəyişə bilir. Hərdən Allahsızlaşır da. Hər şeyi məntiq süzgəcindən keçirərək qəbullanır. Kitabsızlıq, oxumağı əzab olaraq qavramaq. Ya da oxumaq istədikdə isə yersiz dərs yükləmələri ilə kitabdan iyrəndirilmək cəmiyyəti bir daha, bir daha geri salır. Qızlar qaçırılır, qadınların başı qırxılır, ehtiraslar artır, hamının başı olmalı olduğu yerdə olmur, istəklərlə reallıq üst-üstə düşmür, Məşədi İbadlar isə hər şeyi pul ilə satın alır. Hər şeyi...
Biz bacarmadıq, Üzeyir bəy, bacarmadıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!