Bəyazit Gülərcanın "Lodos"undan sonra...
İnsanlar, adətən, bəzi şeyləri "yuxu kimi" xatırlayırlar...
Mənsə, o axşamı həyatımın ən dərininə işləmiş, səsi qulaqlarımda, görüntüsü gözlərimdə, düşüncələrim yerli-yerində, canlı-canlı, əsl həqiqət kimi xatırlayıram...
Mən o axşam heç zaman yaşamadığım bir hisslə tanış olmuşdum, qapını astaca çəkib çıxıb getmişdim... Mən o axşam ilk dəfə dumanlı payızı içinə hopduran şəhərin nəfəsini izləyə-izləyə gözümü kükrəyən dənizin gərilib - çəkilən dərinliyinə dikmişdim... Səs eşitmişdim - qağayılar qıy vura-vura təlatümlü suların sahilə dəyib qayıdan qanadları üstündə uçuşub qonmağa yer axtarırdılar...
Mən o körpüdə, o axşam ilk dəfə dənizin dərinliyini tanımışdım - qorxmuşdum, bir addım geri atmışdım, yan-yörəmə boylanmışdım... heç kimi tapmamışdım...
O axşam ilk dəfə Göyümtül-Bozun nəhəng dərinliyi qarşısında geri çəkilmişdim...
...Evə qayıtmışdım...
***
...Sonra
Ev dağıldı...
"1987-ci ildə İstanbulda səhnəyə qoyulduğu zaman belə yazmışdım: Hər qabardığında dalğalar, geriyə çəkilərkən aldığı daşları yuvarlayıb yenidən şəkilləndirərək davam edən həyata geri verər. Xəyallarımıza, düşüncələrimizə, davranışlarımıza, yaşamımıza yenilərini verib köhnələrini alan və ayaqlarımız altından durmadan axıb gedən ömür kimi..." - deyir ölümsüz "Lodos"un müəllifi - Bəyazit Gülərcan...
...Həyat, bəzən verdikdən sonra almaz, Bəyazit bəy. Alar, eləcə alar, alar, alar... Yerində yalnızca dərin Göyümtül-Boz ağrı qalar...
Siz ki bunu bilirsiniz...
***
...İyul günəşinin yandırıcı şəfəqləri altında yenicə biçilmiş zəminin düz ortasında görünən qaraltıya tərəf gedirəm...
Bu, yuxu kimidir...
Mən bu evin ziyarətinə tələsirəm. Bu ev, sevdiyi adamı əlindən alınıb aparılmış, böyük oğlanları müharibədə öldürülmüş, kiçikləri aclıqdan tələf olmuş bir qarının qalasıymış...
- Bəlkə, lazım deyil?
- Yox, onun üçün gəlmişəm...
...Deyirlər, o qarının kəndini köçürən hökumət adamları onunla bacarmayıblarmış. Getməyibmiş qarı, deyibmiş, ərimi, oğlanlarımı gözləyəcəyəm...
Heç kim qayıtmayıbmış. Qarı evdən çıxmırmış, evini dağıdarlar deyib... Qarını ac qoyurmuşlar, evindən çıxsın deyə... Sonra, köçürülmüş kəndi kotana verib zəmi ediblər. Qarının evinin kandarınacan... Sapsarı sünbüllər... Qarı onlara əlini uzatmazmış müharibə illərində, "əsgərlərimiz üçündür" deyirmiş... Oğlanları... qayıtmayan oğlanları...
Qarı aclıq çəkirmiş...
Bəzən ora-bura dağılışan həmkəndliləri gizlin-gizlin yeməyə bir şey gətirərlərmiş...
Sonra qarı ölüb...
Evi qalıb... Dağılıb, tökülüb... Amma günü bu gün də onu zəminin ortasından silib yox etməyə əli gəlmir kimsənin...
Əlimi divarlarında gəzdirdikcə ürəyimə dolan ağrının rəngini çox sonralar bildim...
***
"Lodos"u oxuyub bitirdikdən sonra gözümü aylar, illər əvvələ, o axşamın körpüsündəki dərin ağrıya çevirdim... Baxışlarımı o zəminin ortasında qaralan evin dağıntılarına dikdim, o rəngi o zaman tapdım mən, o rəngi bir dolaşıq xətt üstə nöqtə-nöqtə səpələyib boyunbağı edən, boynuma bağlayan taleyin əllərinin titrəyişini hiss etdim...
Modernləşən dünyanın göydələnləri arasında əriyib gedən köhnə hekayətlər, talelər. İnsanlar, sevgilər, ağrılar, yalanlar... Çarəsizliklər və ümidlər...
Əlini uzatsa, əlini dənizin balıqçı qayıqlarına çatdıran məhəllə... Sökülməkdə olan kiçicik bir dünya... Məhvərindən çıxmağa hazırlaşan yol...
***
"Bu nədən gəldi quraşdırılmış evciklər dəniz sahilindəki boş ərazidə 70-80 il əvvəl peyda olmuşdu. Heç birinin sakini onun sahibi deyildi. Amma çoxu elə burda doğulub burda böyümüşdülər.
Küçənin başındakı kiçik meyxanada neçə dəfə içki içdim. Oranı həqiqətən Mələk adlı bir xanım işlədirdi, əri həqiqətən həbsdəydi. Mən əsgərliyimi çəkib qayıdanda çıxmışdı. Mustafa əmi dediyim adam vətəgədə tor yamayırdı. Küçədə yaşayanların demək olar hamısı balıqçılardı, hərəsinin özünə görə balaca qayığı vardı.
Yoxsulluğu bölüşən insanlar... .
Hamısını sevirdim, hamısının içimdə yanğısını gəzdirirəm...
Köçürülmədən sonra hərə öz dərdinə düşdü, sonra nə mən onları görə bildim, nə onlar məni...
Mən də buna bənzəyən bir məhəllədə böyümüşdüm, kimi hamiləydi, kiminin uşağı xəstə, kiminin anası yataqda, kimisi çətin vəziyyətdə... Yardımlaşma olmadan nə edə bilərdilər? Qonşu deyil, doğmalar kimiydik.
Sonra böyüdük... Evləndik... hündürmərtəbəli təzə evlərə köçdük, getdik...Yalnızlaşdıq... yalnızlaşdıq...".
"Qalanlarımız tamam da...
Nərdə gedənlərimiz?
Nərdə gedənlərimiz..." - deyir bir Qaradəniz türküsü...
Harda... harda...
...Bir gün qapını döyürlər: "Çıx!". "Niyə?"- deyə soruşursan, - "sökəcəyik"...
Heç kim xatirələri söküb dağıda bilmir... Heç kim susdura bilmir içimizdə səslənən səsləri, heç kim gözlərimizi zilləyib dayandığımız dərin Göyümtül-Bozluqda qolumuzdan tutub: "Bir də o körpüyə çıxmayacaqsan" demir daha... Tutub ora çəkir, dumanlı toranın soyuğunda kürəyindən itələyib: "Atıl" - deyir, "atıl, get, it"...
Qollarını qaldırırsan, gözlərini yumursan və ayaqlarının altındakı uçurumun düz kənarına təkan verib yuxarı dartınırsan... Aralanırsan Göyümtül-Bozdan...
Uçmaq...
Göy yeganə Vətəndir...
***
Yazılmasından 43 il keçmiş vərəqlərini ehtiyatla çevirib oxuduğun əsər o axşam, o körpüdə səni iki addım geri çəkilməyə vadar edən nəhəng qorxunun rəngini göstərir... Pıçıldayırsan: "Budur o, Göyümtül-Boz..."
Biçilmiş zəminin uçulub-dağılmış divarlarından yapışa-yapışa çürüyüb tökülmüş tirlərin arasında aradığın nəfəsin, müqəddəsliyin, vəfanın, zülmün, amansılığın... bir də o qarının bir axşam qaranlığında uzaqlara zillənib can verən baxışlarının rəngini görürsən: Göyümtül-Boz...
***
Sən demə, hər şey hələ 43 il əvvəl beləymiş...
Sən demə, Mələyin, Mustafanın, Zeynəbin, Mahmudun, Gülzarın... taleyi dönüb-dolanıb geriyə dönəcək, ağlagəlməz uzaqlıqda köçürülən kəndlərin qarılarının, qocalarının laylalarında, ağılarında şumlanıb zəmi salınan torpağa qarışacaq... Sonra sünbüllər göyərəcək o torpaqda, sonra çörək olacaq o sünbüllər...
***
Fotolara baxıram... Ağ-qara fotolar... Dar bir küçə, indi yıxılar-bir azdan yıxılar evlər... Üzüaşağı düşüb dənizdə bitir... Dənizçi qayıqlarının sınıq-salxaq kölgələri...
- Haydı, toplanın! Bu axşam bir süfrə quracağıq, ayrılmamışdan əvvəl. Kimin evində nəyi var gətirsin, qoysun ortaya. Ey, sən, nə baxırsan, gizlində saxlancında nəyin var? Gətir! İçkisi olan içkisini gətirsin, yeməyi olan yeməyini... Nəğməsi olan nəğməsini, boyası olan boyasını... Gözlərinizi gətirin, əllərinizi, ürəyinizi... Gətirin, gətirin! Dünya süfrəsinin köçməyən sakinimi var? Kimin evinin qapısı döyülməz bir gün? Kimin əlinə beş-on xoşbəxt an atılıb, "çıx, yıxacağıq" deyilmədi?...
Gözlərimi yumub dünyanın səsli-küylü qarmaqarışıq nəfəs alıb-verişini dinləmək istəyirəm... Süfrəyə uzanan əllər, bir-birinə toxunan əllər, baxışlar, bir-birindən qaçırılan gözlər...
Hamı gedəcək, hamı bilir gedəcək...
Yox, bu dəfə ilk daşı ilk günah edən atsın...
Amma o, elə birinci də gedib... Gedib və gedişiylə yol açıb... və hamı şikayətlənə-şikayətlənə onun açdığı qapıdan çıxıb onun saldığı yolla gedir...
Heç kim daş atmayacaq - birinci Göyümtül-Bozluqda çoxdan itib...
Kimin küçəsindən köç keçmədi?
Kim bir gün o axşam tufanında qıy vurub qonmağa yer tapmayan qağayılar kimi qayıtmağa evi, döyməyə qapısı olmadığını anlamadı bircə dəfə?..
Kim axı, Bəyazit Gülərcan, kim axı, qardaş?...
***
"Şimal küləkləri qərarlı küləklərdir... Birdən-birə bütün gücüylə əsməyə başlamaz... Ehtiyatlı olmaq, dağıntıların qarşısını almaq istəyirsinizsə, sizə zaman verər... Qorunmada olarsınız...
Amma cənub küləkləri...
Bir anda fırtınaya dönər, bir anda hər şeyi məhv edər...
Hələ bir də dənizdəsinizsə...".
***
...Biz dənizdə deyilik
Torpaqda da deyilik biz daha...
Hardayıq?
***
...Mən həm də həmişə ordayam -"Lodos"un, Göyümtül-Boz tufanlı sularına düşüb boğulan adamın nisgilində...
Kimlərsə bizdən 40 il əvvəl dənizin dərinliyində boğulubmuş, sən demə...
Susuram və gülümsəyirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!