Layihədə avstriyalı yazıçı Leopold fon Zaxer-Mazoxun (1836-1895) "Xəzli Venera" əsəri əsasında çəkilmiş üç filmi təqdim edirik.
Sevda Sultanova
Öncə, Zaxer-Mazox haqda bir neçə önəmli qeyd. Polis rəisi ailəsində doğulan, maarifçi liberalizm mühitində böyüyən Zaxer-Mazox universitetdə riyaziyyat, tarix və hüquq təhsili alaraq, 19 yaşında hüquq elmləri doktoru olub. Bununla yanaşı, müxtəlif janrlarda ədəbi əsərlər yazıb.
Hələ uşaqlıqdan qəddarlıq motivləri Leopoldu çox maraqlandırırdı. O, edam səhnələrinin təsvir olunduğu tablolara baxmağı, insanların ağır həyatı haqda oxumağı sevirdi. Yazıçının bir sıra əsərləri şəxsi təcrübəsindən qaynaqlanırdı. Uşaqlıqdan bu yana qadınların emosional və fiziki təzyiqlərinə məruz qalan və alçaltmadan ağrı qarışıq həzz alan yazıçının "Xəzli Venera" romanı avtobioqrafikdir.
Məhz Zaxer-Mazoxun yaradıcılığı sayəsində psixiatriya və seksopatologiya elminə yeni anlayış - mazoxizm daxil edildi. 1886-cı ildə bu anlayışı elmə gətirən psixiatr Rixard fon Kraft-Ebinqin yozumunda mazoxizm - hökmlü tərəf-müqabilinin verdiyi işgəncələrdən, qarşı tərəfin ağrıyla yanaşı, həzz hissini yaşamasıydı.
Müxtəlif dillərə tərcümə olunan "Xəzli Venera" Emil Zolya, Flober, Düma tərəfindən yüksək qiymətləndirilib. Dünya ədəbiyyatında kult sayılan romanın əhəmiyyəti nədə idi?
Öz dövrünü qabaqlayan əsər kişi və qadın münasibətlərinə fərqli baxış bucağı sərgilədi, hər şeydən əvvəl isə mürəkkəb insan təbiətinin gözlənilməz, daha qaranlıq tərəfini üzə çıxardı, alimlərə mazoxizmin insan psixikasına müxtəlif formalarda və səviyyələrdə təzahürünü, təsirini öyrənmək, zorakılığın təbiətini bir də bu tərəfdən analiz edilməsinə imkan verdi.
Əsərin bədii keyfiyyətinə gəlincə, ədəbiyyat mütəxəssislərinin fikrincə, müəllif emosiyalarını bayağı yox, estetik ifadə edib. Roman həm də yazıçının özünü analizi baxımından maraqlıdır. "Xəzli Venera"nı bu mənada yazıçının özünün istəkləri və ağlı arasında konflikti də saymaq olar. O, daxili konfliktindən keçərək sonda katarsisə çatır və romanda da bu, əksini tapır.
Romanın süjeti: Əsərin qəhrəmanı Severin onun gizli fantaziyalarını gerçəkləşdirə bilən qadın arzusundadır. Elə bir qadın ki, ona əzab verərək köləsinə çevirsin və o, bunlardan zövq alsın. Severin ideal qadınını kurort şəhərlərindən birində tapır. Vanda fon Dunayeva xristian nikahının inkarı və həyata fəlsəfi baxışları ilə onun diqqətini çəkir. Arzularının qadınını tapdığını düşünən Severin ona seksual fantaziyalarını reallaşdırmağı təklif edir. Qadın əvvəlcə bunu rədd etsə də, Severini sevdiyi üçün sonradan razılaşır və onlar arasında bununla bağlı sözləşmə imzalanır.
O, Vandaya itaət etməkdən, onun alçaltmalarından ağrıyla yanaşı, həzz də alır. Vanda tədricən Severinə nifrət edir, onun sevgisi yox olur. Nəticədə Vanda sonradan qarşılaşdığı, despot kişi ilə qalmağı seçir. Severin isə Vanda ilə təcrübədən dərs aldığını, sağaldığını deyir.
Roman ilk dəfə rus rejissoru Aleksandr Uralski tərəfindən 1915-ci ildə lentə alınıb.
"Ağılsızlığa alqış" adlanan səssiz filmdə bir şairin, qadının və bir hersoqun münasibətləri əksini tapır, onlar bir-birinə verdiyi əzabda sevginin ən yüksək ifadəsini tapırlar.
Film "porno" damğası ilə tənqidlərə məruz qalır, amma sənətşünas, kino tarixçisi Semyon Ginzburq əsəri yüksək qiymətləndirir: "Film qətiyyən pornoqrafik deyil, çünki rejissor taktik şəkildə və məharətlə qəhrəmanlarının naqisliyini göstərib".
Amma film günümüzədək gəlib çıxmayıb.
Roman əsasında çəkilmiş ən yaxşı film dövrümüzün usta rejissorlarından biri, yəhudi əsilli polyak-fransız rejissoru Roman Polanskiyə məxsusdur.
Onun filmlərinə xas olan cəhətlər - personajların bir qayda olaraq, irrasional, iblisanə qüvvələr tərəfindən psixoloji, fiziki zorakılığa məruz qalması, tamaşaçını gərginliklə, paranoyya ilə yükləməsi, fərdin psixi izolyasiyası, finalın qeyri-müəyyənliyi və açıq qalmasıdır.
O, adətən filmlərini psixoz, mistik və siyasi-sosial qatlarda işləyir.
Polanski 2013-cü ildə lentə aldığı "Xəzli Venera" filmini həm sənət, həm kişi-qadın müstəvisində araşdırır, personajlarının təhtəlşüurundan material kimi yararlanır. Filmin özəlliyi ondadır ki, burada həm roman təhlil olunur, həm də o, səhnədə oynanılır.
Süjetə görə, teatr rejissoru Toma Novaçek (Matye Amalrik) əsərin motivləri əsasında pyes yazır və Vanda roluna aktrisa axtarır. Həmin gün o, rola iddia edən xeyli aktrisanı sınaqdan keçirsə də, heç biri onu qane etmir. Günün sonuna yaxın Vanda Jurden (Emmanuel Senye) adlı daha bir aktrisa gəlir. Rejissor yorulduğunu deyərək, onu dinləməkdən imtina edir. Amma qadın inadkarlıq göstərir.
Vanda Jurden ilk səhnəni oynayanda rejissor heyrətlənir. Çünki qadın obrazı məhz onun təsəvvüründə olduğu kimi canlandırır. Və rejissor qadına təslim olur. Eynilə Severin Vandaya təslim olan kimi...
Polanski filmi iki aktyor üzərində, teatr səhnəsində qurur və bununla da çağdaş dövrümüzün ən yaxşı kamera filmlərindən birini yaradır.
Toma bayağı, zövqsüz geyinən, arqo sözlərlə danışan, sırtıq, intellekti bəsit olan bu qadından heç nə gözləmir. Amma ilk səhnədəcə qadın kübar, incə davranışlı Vandanı uğurla təcəssüm etdirir.
Polanski əhvalatda incə bir paradoks təklif edir. Romandakı kübar Vanda sevdiyi kişiyə təslim olur, özünü onun oyununa alət edir və beləcə, qadının şəxsiyyəti, kimliyi iradəsinin əleyhinə olaraq təhrifə məruz qalır. Müasir Vanda isə onun əksidir, vulqar geyim tərzi və leksikonuna rəğmən, o, şəxsiyyətlidir, özünü manipulyasiyaya imkan vermir, hətta filmin bir yerində onun rejissorla mübahisəsi feminizm kontekstinə gətirilir. Vanda romanda kişini qadından sui-istifadə etməkdə günahlandırır, rejissor isə əksini sübuta yetirməyə çalışır ki, hər iki qəhrəman bir-birinə, əslində, ruhən bağlıdır, qadının özü belə latent mazoxistdir.
Aktrisa Zaxer-Mazoxun romanını düşük porno kimi dəyərləndirir, rejissorla əsərin ciddi sənətlə əlaqəsi olmadığı haqda mübahisəyə girir.
Filmin digər özəlliyi ondadır ki, reallıqla oyun arasında sərhəd götürülür, tamaşaçı hansı məqamın gerçək, hansı məqamın isə oyun olması haqda qərar verməyə çətinlik çəkir. Polanski manerasına sadiq qalaraq, yenə də seyrçini spesifik kino dünyasının labirintinə salır. Üstəlik, aktrisanın adının da Vanda olması oyunla gerçəklik arasındakı xəttin dəqiqləşməsinə mane olur.
Toma tədricən aktrisanın oyununa təslim olur, onun cazibəsinə düşür. Və qadın rejissoru Severin rolunu oynamağa təhrik edir, səhnəni, mizanları istədiyi kimi qurur, müxtəlif passajlarda improvizələr edir.
Faktiki olaraq, iki personajın timsalında şəxsiyyət ikiləşməsinin, daha doğrusu, bədii obrazla real şəxsin iç-içə keçdiyinin şahidi oluruq.
Bəzi məqamlarda isə Polanski yaradıcılıq kontekstində aktyor-rejissor konfliktini göstərir. Toma qəzəblənəndə aktrisa dərhal məkrini işə salır, Vanda roluna girərək rejissoru sehrləyir, onun müqavimətini zəiflədir. Və Tomanın aktrisaya hissləri, ancaq o, Vanda rolunu oynayanda canlanır.
Bununla da eyham olunur ki, əslində, Toma elə Severinin alter eqosudur.
Romanda da, pyesdə də yəhudilərin qadın qəhrəmanı, mübarizə simvolu Yudifin sözləri epiqraf kimi verilir: "Tanrı kişini cəzalandırdı və qadının ixtiyarına verdi". Tarixə görə, assuriyalı hərbçi Olofern yəhudilərin torpağını işğal edir. Yudif ona aşiq olan Oloferni tələyə salaraq, başını qılıncla kəsir.
Vanda rolunu oynayan Emmanuel Senye bir neçə qadın tipini oynayaraq, bir fərqli xarakterdən digərinə asanlıqla keçir.
Film amerikalı dramaturq Devid Ayvzın eyniadlı pyesi əsasında çəkilib, ssenari Polanski ilə birgə işlənib.
İspan rejissoru Xesus Frankonun 1969-cu ildə çəkdiyi "Xəzli Venera" erotik triller janrdadır. O, romana xeyli redaktələr edərək hadisələri müasir dövrə gətirir.
Əsas qəhrəmanlardan biri Cimmi Loqan trubaçıdır. İstanbulda zənginlərin ziyafətində Vanda adlı qadının vəhşicəsinə öldürüldüyünü görür. Milyonçu Əhməd, qlamur fotoqraf Olqa və sənət əsərlərinin ticarətçisi Kepp qadını alçaldaraq onunla intim münasibətə girir və sonra qətlə yetirirlər. Bunlara şahid olan Cimmi hadisə yerindən qaçır.
Sonradan o, dəniz kənarında olarkən dalğaların qadının meyitini gətirdiyini görür. Sonrakı hadisələr Cimminin şüurunda baş verir. Qətllə bağlı aldığı zədədən dolayı, ilk baxışda vurulduğu Vandanın ölümünü qəbul edə bilmədiyi üçün qadın onun şüurunda yaşayır, onunla eşq macərası olan təsvirlər filmdə yer alır. Rejissor filmi psixodelik tərzdə işləyir. Yəni bu cür insanlarda şüur dəyişilmiş və psixika daim qeyri-sabit vəziyyətdə olur.
Cimminin şüurunda Vanda onu öldürmüş Əhmədi, Olqanı və Keppi qətlə yetirərək qisasını alır.
Həmin ildə roman əsasında daha bir film çəkilir. İtalyan rejisoru Massimo Dallama erotik janrda lentə aldığı filmdə bəzi istisnalar olmaqla romanıın süjetinə sadiq qalır. Bununla belə, müəllif hadisələri müasir dövrdə təsvir edib. Və əhvalatın daha çox psixoanalitik - freydist tərəfini önə çəkir, Vanda ilə Severinin münasibətlərində zorakılığı araşdırmağa çalışır. Elə film də bu sözlərlə başlayır ki, biz öz uşaqlıq travmalarımızın məhsuluyuq.
Romandan fərqli olaraq, Severin mazoxizmindən qurtula bilmir.
Zaxer-Mazoxun sonda gəldiyi nəticələrdən biri feminizm ideyalarına əsaslanır. O, qadınla kişi arasında normal münasibətlərin, yalnız qadının kişi ilə həm hüquq baxımdan, həm təhsildə, həm əmək fəaliyyətində bərabər olacağı təqdirdə baş tutacağı qənaətinə gəlir.
Romanın adına gəlincə, bu, yazıçının uşaqlıq xatirəsi ilə bağlıdır. O, uşaqlıqda qohumları olan amansız və gözəl qadın, xəz geyməyi sevən qrafinya Ksenobiyanın eşq macərasına təsadüfən şahid olduğu üçün qrafinya onu vurur. O, bu zərbədən anlamadığı zövq alır. Ona görə də yazıçının əsərlərində xəz, əzabdan zövq alma öncül motivlərdən biri idi.
Venera isə təbii ki, qadının ilahəsayağı gözəlliyini ifadə edirdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!