- Hörmətli Çingiz müəllim, yaxın vaxtlarda Prezident Azərbaycan yazıçılarının rəqəmsal formatda və dünya internet şəbəkəsində təbliğatı və tərcüməsi üçün xüsusi vəsait ayrılması barədə sərəncam vermişdir.
- Həqiqətən, bu sərəncam bu ilin oktyabrında imzalanıb. Biz Azərbaycan ədəbiyyatının dünyada təbliği üçün kömək istəmişdik. Sirr deyil ki, bu gün rəqəmsal texnologiyalardan daha çox istifadə edilir və bu, artmaqdadır. Artıq elektron hökumət yaratmaq məsələsi qaldırılmışdır. Getdikcə daha çox insan yeni informasiya mənbələrindən istifadə edir, dünya internet şəbəkəsinə çıxış əldə edir. Artıq gözardı edə bilməyəcəyimiz yeni bir reallıq yaranır. Və bu şəraitdə geridə qalmamaq, XXI əsrin tendensiyası ilə ayaqlaşmaq çox vacibdir. Söhbət təkcə ədəbiyyatımızın dünyada təbliğindən getmir, həm də bizim müəlliflərin yeni əsrin texnologiyalarına açılmaq imkanları ilə bağlıdır.
- Hansı formada? Ədəbiyyatımızı internet vasitəsilə təbliğ edəcəyik?
- Jurnallarımızı internetə yerləşdirməklə biz artıq bunu edirik. Lakin açıq-aşkardır ki, bu, kifayət deyil. Tamamilə aydındır ki, bu gün yazarlarımızın kitablarını kağız şəklində çap edib dünyanın əsas dillərinə tərcümə edə bilmirik. Bu çox bahadır və praktiki olaraq mümkün deyil. Axı kitabı gərək tərcümə edib çap etdirəsən və müxtəlif ölkələrə göndərib orada satışını təşkil edəsən. Təsəvvür edirsiniz, bu necə çətindir?
Lakin başqa yolla da etmək mümkündür. Bütün dünyada edildiyi kimi. Kitabları bir neçə əsas dildə internetə yerləşdiririk və istəyən hər bir kəs onları oxuya bilir. Üstəlik, bu baxış üçün oxucu yazıçıya çatacaq bir pul ödəyir. İstərdim ki, məni düzgün anlasınlar. Fərz edək ki, Əli Əliyev və ya Məmməd Məmmədovun əsərləri rus və ya ingilis dillərinə tərcümə olunub. Onların kitablarını internetə yerləşdirmişik və hardasa Avstraliya və ya Sibirdə onları oxumaq fikrinə düşüblər. Bu gün internet şəbəkəsi bütün dünyanı əhatə etmişdir və beləliklə də istənilən şəxs Azərbaycan yazıçılarının kitablarını oxuya bilər.
- Hesab edirsiniz ki, bu, praktiki olaraq mümkündürmü? Bu iş üçün əsl mütəxəssislərə ehtiyacınız varmı?
- Biz artıq bunu edirik. Buna bənzər layihə üzərində işləyən Vaqif Nəsirovun rəhbərliyi altında mütəxəssis qrupu hazırlamışıq. Onların əməyi və köhnə rabitə naziri Əli Abbasovun köməyi sayəsində hələlik Rusiyanın "Litres" jurnalı vasitəsilə kitablarımızı qlobal şəbəkədə nümayiş etdirməyə nail olmuşuq və yazarlarımız əsərlərinə görə pul almağa başlayıb. Amma bu yalnız başlanğıcdır. Əsas ədəbi dillərə daha keyfiyyətli tərcümələr lazımdır. Özümüzü aldatmayaq. Sözsüz, bütün kitablarımız Azərbaycan dilində olacaq. Lakin ingilis, rus, ispan, fransız, ərəb, alman və Çin dili kimi bir neçə əsas dil var ki, dünyanın demək olar hər yerində istifadə edilir. Bu dillərdə kifayət qədər təcrübəli tərcüməçilərimiz yoxdur, lakin rus və ingilis dilləri üçün artıq formalaşmaqdadır. İndi ərəb və fransız dillərində yaxşı mütəxəssislər formalaşır. Bir sözlə, işləmək lazımdır və o zaman hər şey alınacaq. PEN-klubda Natiq Rəsulzadə ilə birlikdə bu məsələlərin həlli ilə məşğul olmağa başlamışıq.
- Bu layihənin nəticəsini real olaraq nə zaman görmək mümkün olacaq?
- Bu gün biz əsərlərimizi dünya internet şəbəkəsinə yerləşdirməyə hələ yeni başlamışıq. Artıq gələn il müəyyən bir irəliləyişə nail olacağımıza əminik. Yazıçılar Birliyinin yubileyində - səksən beş yaşının olduğu ildə. Ən əsası isə odur ki, müraciət etdiyimiz hər kəs bizi başa düşsün. Əlbəttə ki, bu böyük proqramın həyata keçirilməsinə olan köməyinə və sərəncamına görə hörmətli Prezidentimizə təşəkkür edirəm. Bu sərəncama üçün ayrılan bütün pullara ciddi şəkildə nəzarət edirik... Və bu layihənin inkişafında bizə kömək edən hər kəsə minnətdarlığımı bildirirəm. Baş nazir Novruz Məmmədova, baş nazirin müavini Əli Əhmədova, Prezident köməkçisi Əli Həsənova, maliyyə naziri Samir Şərifova və onun birinci müavini İlqar Fətizadəyə, Rabitə naziri Ramin Quluzadəyə, Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanova və bu məsələnin həll edilməsinə kömək edən hər kəsə. Bu gün Azərbaycanın mədəni irsinin İnternetə yerləşdirilməsi üçün böyük dövlət proqramı qəbul edilib. Ədəbiyyat ölkəmizin böyük mədəni irsinin yalnız bir hissəsidir. Sözsüz, bu, həm də bizim ədəbiyyatımızın dünyadakı təbliğatıdır. Bu, müəlliflərimizin kitablarının oxunuşuna görə ödəniş almalarına kömək etmək üçün real imkandır.
İş qalıb bizim yazıçılarımıza. Elə əsərlər yazmaq lazımdır ki, digər ölkələrin oxucularında maraq oyada bilsin!
Söhbətləşdi: M.MƏMMƏDOV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!