Ekranlaşdırılmış ədəbi əsərlər - Sevda Sultanovanın təqdimatında - Sevda Sultanova

Layihədə Con Steynbekin 1939-cu ildə yayımlanan "Qəzəb salxımları" romanı əsasında çəkilmiş eyniadlı filmi təqdim edirik.

Sevda Sultanova

Süjet: Əsərin qəhrəmanlarından biri, həbsxanadan yenicə çıxan 30 yaşlı Tom Cud Oklahomaya, evinə tələsir. Təsadüfi qətlə görə həbs olunan Cud vaxtından əvvəl azad olunub və ştatın sərhədlərindən kənara çıxa bilməz. O, yolda keçmiş vaiz Keysi ilə qarşılaşır. İkilikdə ailəsinin yaşadığı fermaya yola düşürlər. Amma çatanda evi boş görürlər. Onlar boş evdə gecələyən qonşudan öyrənirlər ki, fermerlər torpaq sahələrindən qovulurlar. Çünki böhran səbəbindən sahibkarlara torpaqlarını arendaya vermək artıq sərf eləmir.

Tom və Keysi ailəsinin köç etdiyi əmisi Conun evinə yola düşür. Ailə Tomu sevinclə qarşılayır. Ertəsi gün onlar yaxşı yaşayış və iş tapmaq üçün Kaliforniyaya yola düşürlər: Tomun babası, nənəsı, ata və anası, üç qardaşı və iki bacısı. Evi tərk etmək istəməyən baba tezliklə ölür. Yolda isə nənə dünyasını dəyişir.

Onlardan başqa evlərindən qovulmuş minlərlə ailə, iş dalınca qərbə doğru hərəkət edirlər. Amma Kaliforniyada da uyğun iş tapa bilmirlər. Həm də iş üçün az zəhmət haqqı verilir.

Onların yerləşdiyi düşərgədə şeriflə əhali arasında konflikt olur, nəticədə Tom onu vurur. Günahı Keysi üzərinə götürür və həbs olunur. Tomun hamilə bacısı Roza Saronanın əri isə onları tərk edir. Gənc qadın onun gedişini ağır yaşayır.

Ailə hakimiyyətin himayə etdiyi düşərgəyə yerləşir. Burda şərtlər yaxşı olsa da iş tapılmır.

Buranı da tərk edən ailəyə nəhəng fermada iş təklif olunur. Fermada Tom Keysi ilə rastlaşır. Keysi fermadakı şəraitin ədalətsizliyindən danışır və bu səbəbdən də fəhlələrin tətil etdiyini deyir. Həmin gün Keysi fermanın mühafizəçiləri tərəfindən öldürülür, buna dözməyən Tom onlardan birini qətlə yetirir.

Ailə təhlükəsizliyinə görə fermanı tərk edir. Onlar vaqonda yerləşir və bir sahibkarın tarlasında pambıq yığırlar. Amma Tom ələ keçməmək üçün ailəni tərk edir. Pambıq yığımı bitir və ailə yenə işsız qalır. Üstəlik, Roza Sarona ölü uşaq doğur. Və payız gəlir, yağış mövsümü başlayır.

Ailə buranı da tərk edir...

Hadisələr böyük depressiya illərində (1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranı) baş verir. Amerika vətəndaşlarının ağır məişətindən, sosial həyatından bəhs edən roman ölkədə geniş müzakirələrə səbəb oldu. Və tənqidi mövqeyinə görə, həmin dönəmdə Amerikanın bir sıra şəhərlərinin kitabxanalarından yığışdırıldı.

Bununla belə, Amerika ədəbiyyatında klassikaya çevrilmiş  əsər indiyə kimi ölkənin kollec və məktəblərində tədris olunur. Nüfuzlu Pulitser mükafatına layiq görülmüş "Qəzəb salxımları" sözü dövrün sosial mühitinə yazıçının təklif etdiyi metafor idi. O, bu  barədə yazırdı: "İnsanların qəlbinə qəzəb salxımları tökülür və yetişir, indi onun tam yetişməsinə isə az qalıb".

"Qəzəb salxımları" sırf sosial romandır. Yazıçı 1936-cı ildə, Kaliforniyada mövsümi işçilərdən məqalələr hazırlayırdı. O, gördüklərindən - işçilərin ağır həyat şəraitindən sarsılır və kitab yazmağı qərara alır.

Roman yayımlanandan bir il sonra amerikalı rejissor Con Ford onu ekranlaşdırır.

Dünya kinosunun klassiklərindən biri Con Ford 130-a yaxın film lentə alıb.  "Vesternlər kralı" adlanan Ford müxtəlif kinojanrlarda işləyib. Rejissor işinə görə dörd Oskar almış ("Xəbərçi", "Sakit adam", "Mənim vadim o qədər yaşıldı ki...", "Qəzəb salxımları") yeganə adamdır.

Ford novator müəllif idi. Misalçün, onun 1939-cu ildə lentə aldığı "Dilican" vestern janrına yeniliklər gətirdi. Əvvəla bu, Monument Vadisində (Amerikanın milli simvollarından biri sayılır) çəkilmiş ilk vesterndir. O illərdə filmlərin çoxu pavilyonlarda, süni landşaftlarda çəkildiyi vaxtda Ford təbii fona üstünlük verdi. Üstəlik, prodüserin tələblərinə baxmayaraq ulduz aktyorları çəkməkdən imtina etdi. Filmi vestern janrına xas olmayan psixologizmlə yüklədi, onu yüngül maneradan, banal macəraçılıqdan çıxartdı. Uzun planlar, minimum montaj, dokumental keyfiyyətdə peyzajlar, kamera hərəkətindəki asketizm onun kino dilinin əsas cəhətləridir. Bu janrın klassik nümunələrindən sayılan "Dilican"dan sonra, "B" kateqoriyasına enmiş vestern janrının nüfuzu qayıtdı.

Fransız rejissoru Jak Rivett Hollivudu iki hissəyə ayırırdı: ümumi və individual. O, Fordu individual Hollivuda aid edirdi. Çünki  prodüserlərin diktə etdiyi prinsiplərə rəğmən, Ford dövrünün az rejissorlarından biriydi ki, montajın son versiyasına onların müdaxilə etməsinə imkan vermirdi, müəlliflik haqqını qoruyub saxlayırdı.

Fordun ekranlaşdırılması romandan, demək olar ki, fərqlənmir. Yalnız finaldan başqa. Amma bu haqda az sonra ətraflı danışacağam.

Ümumiyyətlə, "Qəzəb salxımları"nı Amerika kino tarixində sentimental olmayan ilk film adlandırırlar.  Doğrusu, bu fikirlərlə razılaşmaq çətindir. Çünki, ekran əsərində yetərincə sentimental, hətta duyğu sümürücülüyünə hesablanmış təsvirlər var və bu da filmin ümumi tonallığına təsirsiz ötüşmür. Örnəyi, ailə yolda  dincəlmək üçün dayanır. Ac uşaqların dükana girib şirniyyatlara, konfetlərə həsədlə, yazıqca baxması səhnəsi satıcıda da, tamaşaçıda  da mərhəmət duyğularının püskürməsinə hesablanıb. Üstəlik, rejissorun bu tip səhnələrdə birbaşa, özəlliklə tamaşaçı duyğusuna vurğu etməsi, kadrı sənət olmaq çərçivəsindən uzaqlaşdıraraq, bir növ popsa, sosial çarx səviyyəsinə endirir.

Bununla belə, Ford sosial - ağır məişət motivini ana xəttə çevirmir. Filmdə əsas vurğu odur ki, həyat şəraitinin çətinliklərinə baxmayaraq, sadə amerikalı sarsılmazdır, ruhən güclüdür, o, hər cür çətinliyin  öhdəsindən gələrək yeni həyat qurmaq əzmindədir. Elə bu səbəbdən də film 1989-cu ildə Amerikada milli filmlər reyesterinə (Amerikada Filmlərin Mühafizə Heyətinin Konqres Kitabxanasında qorunmaq üçün seçdiyi filmlər) daxil edilib.

Qarşılaşdıqları çətinliklərə rəğmən, ailədə pessimist ovqat hakim deyil, onlar ümidsizliyə qapılmır, müqavimət göstərirlər. Və əsərdə sarsılmaz Amerika ruhunu, inamını daşıyan əsasən iki obrazdır: Tom Cud və anası. Tomun ifaçısı Henri Fonda həqiqət, sosial ədalət axtarışında olan milli amerikalı xarakterinin cizgilərini açır. O, sadə vətəndaşların haqqını təbliğ edən, onları mübarizəyə səsləyən Keysinin yolu ilə getməyi qərara alır.

Ana obrazı isə xaosun yaşandığı bir dönəmdə ailədə harmoniya yaradan, ona mənəvi güc verən, ağır məqamlarda onları gümrahlaşdıran qüvvədir.  O, ailə dəyərlərini təbliğ edir, onun bütövlüyünü qorumaq üçün çalışır. Çünki Fordun yozumunda ailə həm də dövlətin kiçik modelidir.

Fordun amerikalı ləyaqəti, gücünü önə çəkməsi də  təbiidir.

O, sol baxışların daşıyıcısı olmayıb. Respublikaçıları həmişə dəstəkləyib. Düzdür, makkartizm (Senator Cozef Makkartinin adıyla bağlıdır. 1950-57-ci illər arasında Amerikanın ictimai həyatında antikommunizmin  kəskinləşdiyi dövr. Makkartistlərin qara siyahısına düşənlər arasında məşhur aktyorlar, rejissorlar, elm adamları vardı) əleyhinə çıxış etsə də, Amerika hökumətinin Vyetnam müharibəsi siyasətini dəstəkləyib.

...Filmdə rejissor işinin ən çox nəzərə çarpan keyfiyyəti aktyorların göstərdiyi yüksək nəticədir. Həbsdən çıxan oğulun ana ilə görüşü ilk baxışda soyuq təsir bağışlayır. Onlar, sadəcə, əl verib görüşməklə kifayətlənirlər. Amma ananın (Ceyn Darvel bu roluna görə, "ən yaxşı ikinci plan qadın ifaçısı" nominasiyasında Oskar alıb) həyəcanı, kövrəlməsi, oğlunu başdan-ayağa həsrətlə süzməsi epizodu emosional təsir gücünü daha effektli edir.

Ekran əsəri ananın nikbinliyini, mübarizə əzmini, amerikalı ruhunun gücünü ifadə edən pafoslu monoloqu ilə bitir: "Biz həmişə mövcud olacağıq. Çünki xalq bizik". 

Romanda isə final açıq qalır. Ədəbiyyat mütəxəssisləri əsərin finalını dünya ədəbiyyatında mükəmməl sonluqlardan biri sayır. Doğrudan da Steynbekin finaldakı minimum sözlərlə, son dərəcə təsirli ifadə vasitələrindən istifadə edərək yazdığı sonluq bədii əhəmiyyətinə və gücünə görə filmin finalını kölgədə qoyur. Yazıçı bu təsvirlə qadını müqəddəslər səviyyəsinə qaldırır.

Romanın final səhnəsində ailə yağışdan qorunmaq üçün daxmaya yerləşir. Daxmada aclıqdan ölməkdə olan ata və onun oğlu ilə qarşılaşır. Oğul atasını xilas etmək üçün onlara yalvarır. Ana sual dolu nəzərlərlə körpəsini yenicə itirmiş, süddən sinəsi qabarmış qızına baxır. Roza anasını baxışdan anlayır və heç nə demədən ölən adamın yanında uzanaraq onun başını sinəsinə tərəf çəkir. Və onun üzünə sirli, xoşbəxt təbəssüm qonur.

Bu motiv - qadının ac kişini əmizdirməsi təsviri sənətdə  (Rubensin, Dirk van Baburen və başqa rəssamların əsərlərində) geniş yayılıb.

İncəsənətdə "Roma mərhəməti" adlanan səhnə haqda Roma yazıçısı Maksim Valeri öz məqaləsində yazır ki, Simon adlı qocaya ac qalmaqla ölüm hökmü oxunub. Zindan gözətçisi onun qızı Peronun atasını ziyarət etməsinə icazə verir. Qız da gözətçidən yayınaraq öz döşündən atasına süd verir. Tezliklə qızın bu əməlinin üstü açılır. Amma hadisə hakimləri hiddətləndirmək əvəzinə, onları təsirləndirir və qocanın azad edilməsi haqqında qərar verirlər. Bu əfsanə Romada qızların atasına hörməti və sayğısına bir nümunə kimi hörmətlə xatırlanırdı...

Rejissor kölgə ilə maraqlı fəndlər edir, onunla mizan səhnələri qurur. Misalçün, evləri dağılan anda adamlara yox, onların kölgələrinə fokuslanması, yaxud baba evi tərk etmək istəməyəndə onunla Tomun kölgəsinin qarşı-qarşıya durması kadrı dərin dramatizmlə doldurur.

Epizodda kölgə həm təsvirin gerçəkliyini artırır, həm vizual stilistikaya xidmət edir, həm də personajların ruh vəziyyətini ifadə edir.

Filmin çəkiliş prosesi mümkün qədər gizli saxlanılıb. 

Məsələ ondadır ki, natura çəkilişləri Texas və Oklahoma ştatlarında aparılırdı, ordakı sahibkarların bunu bilməsi isə həmin ərazilərdə qadağalarla nəticələnə bilərdi.

Sovet İttifaqında filmin nümayişi qadağan olunmuşdu. Çünki hətta iflasa uğramalarına baxmayaraq, Amerika fermerləri ekranda sovet kolxozçularından daha imkanlı görünürdü.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!