"Dördüncü divar" layihəsinin budəfəki qonağı - "Bakılı oğlanlar" KVN komandasının üzvü, azərbaycanlı aktyor, publisist, naşir və əməkdar artist Bəhram Bağırzadədir

Bəhram Bağırzadə: "Anar Məmmədxanovun boşluğu heç nə ilə əvəz oluna bilməz..."

 

- İştirakçısı, həm də müəyyən mənada yaradıcılarından biri olduğunuz KVN komandası öz dövründə böyük populyarlıq əldə etmiş, cəmiyyətin nəbzini tutmağı bacarmışdı. Sizin fikrinizcə, indiki zamanda cəmiyyətin KVN-ə nə dərəcədə ehtiyacı var?

- 90-cı illərin əvvəllərində KVN mübarizə aparmağa, informasiya blokadasını yarmağa, MDB ölkələrində müstəqil dövlət kimi Azərbaycanın tanınmasına lazım olan silah, vasitə idi. O zaman elə bir dövr idi ki, mədəniyyətin bir çox sahələrində güclü durğunluq hökm sürürdü. Musiqiçilər musiqidən uzaqlaşmışdılar. Aktyorların fəaliyyəti passivləşmişdi. Kinoda vəziyyət də qənaətbəxş deyildi. KVN də həmin durğunluq dövründə cəmiyyətin tələbatına cavab verdi. Görünür, bu da bir mərhələ idi ötüb keçdi. Şən və Hazırcavablar Klubu sonralar lazımlı olmadı. Ancaq nə mən, nə də digər "bakılı oğlanlar" bizim heç birimiz buna görə narahat deyilik. Allaha şükür hamısı elmli, savadlı insanlardılar. Çoxları da elə dövlət strukturlarında işləyirlər.

- Elə sizin özünüz də daxil olmaqla komandanın digər üzvlərinin bir çoxu ziyalı ailəsindən çıxıb. Aktyor olandan sonra sizə tanışlarınız, qohumlarınız tərəfindn ziyalı yox, aktyor olduğunuz üçün irad tuturdular?

- Bizim komandadakı uşaqlarımızın doxsan faizi müəllim ailəsində dünyaya gəliblər. Amma aktyor özü də ziyalıdır. Onlara ziyalı deməsək, bizdən inciyə bilərlər. Çünki o qədər aktyorlarımız var ki, mən onları ziyalı hesab edirəm. Rəhmətlik Hamlet Xanızadə, Həsən Turabov, Fuad Poladov da aktyorluq sənətinin müəllimi idilər. Və sizə deyim ki, aktyorluq sənəti çox ağır sənətdir.

O ki qaldı mənim aktyor olmağıma. Mənimki də belə gətirdi. Hardasa bəxtim gətirdi də demək olar. Mənə qədər də bizim nəslimizdə aktyor olmayıb. Amma mən bu yolu özüm seçdim. Çünki məndə alınırdı, indiyə qədər də alınır. Başqa sahədə olsaydım, orda da birinci olacaqdım. Çünki mən öz sənətimi, insanları, təbiəti, quşları və ən əsası Yaradanı sevirəm. Əgər ürəyimcə deyilsə, təklif olunan heç bir işin altına öz imzamı qoymaram.

Bu yaxınlarda on beş yaşı tamam olan oğlum mənə dedi ki, - ata, mən cərrah olmaq istəyirəm.  Doğrusu, onun bu arzusuna təəccübləndim. Dedim ki, axı bizim nəslimizdə cərrah olmayıb. Oğlumun cavabı isə həm gözlənilməz, həm də dəqiq idi: ata, axı bizim nəslimizdə aktyor da olmayıb. 

- Müsahibələrinizdə tez-tez keçmişin, köhnəliyin yeniliklə əvəz olunmasından, köhnə kişilərin olmamasından təəssüfləndiyinizi büruzə verirsiniz. Ancaq sizə elə gəlmir ki, bu, həm də həyatın labüd qanunauyğunluğudur?

- Nəinki Azərbaycanda, ümumiyyətlə dünyada baş verən hadisələrin fonunda mən rahat ola bilmirəm. Çünki mən özüm də köhnələrdənəm. O vaxtkı ədəb-ərkan, hörmət-izzət, davranış qaydaları artıq yoxdur. Heç kim məndən inciməsin, amma daha o köhnə kişilərdən də yoxdur ki, mən hansısa çıxılmaz əhval-ruhiyyədə olanda onlarla söhbət edim. Bəlkə də var, ancaq mənim ətrafımdakı ağsaqqal kişilər daha yoxdular. Onlar getdilər... Bu baxımdan özümü həm də tənha hiss edirəm.

- Universal insan olmaq, müxtəlif peşələrdə özünü ifadə etmək necə hissdir?

- Mən bir çox sahələrdə özümü sınamışam. Və sizə deyim ki, məşğul olduğum hər bir işdən zövq almışam. İnsan aktyor da ola bilər, eyni zamanda naşir də ola bilər, eyni zamanda, karikatura, foto da çəkə bilər. Bizimkilər isə, əfsuslar olsun, elə hesab edirlər ki, bu özünü tapa bilməmək, realizə edə bilməməkdən qaynaqlanır. Təbii ki, belə deyil. Mən özümü bir neçə istiqamətdə tapmışam. Düzdür, insan öz sənətində axtarışda olmalıdır. Amma həmişə bir işlə məşğul olmaq insanı peşəkar idiotizmə doğru yuvarlayır. Ona görə də, hər üç aydan, bir ildən bir öz sahəmi yeniləyirəm. İstəyəndə şəkil şəkirəm, istəyəndə isə kinoya, reklama çəkilirəm. Yaxud heç nə ilə məşğul olmuram. Ola bilsin bir ay, iki ay heç bir yaradıcı işlə məşğul olmayım. Və yaxud da iş elə gətirər ki, bir gün bənnalıq, taksi sürücülüyü də edərəm. Buna həm fiziki, həm də mənəvi gücüm çatar. Kişi özünü hər bir işdə sınamağı bacarmalı və bundan çəkinməməlidir.

- Mütaliəli insansınız. Keçmişlə müqayisədə bu gün hansı yazıçıları oxuyursunuz, məcazi mənada hansı müəlliflərlə dostsunuz?

- Mən gün ərzində iki saat oxumağa çalışıram. İstəyirəm, həmin müddətdə oxuduqlarımı 22 saat həyata keçirim. Oxuduqlarım həyatda mənə lazım olur. İstər teatrda, istər kinoda, istərsə də KVN-də.

Mənim övladlarım da gün ərzində minimum altı saat oxuyurlar. Sevinirəm ki, onlar ana dillərində, rus və ingilis dillərində rahat danışa bilirlər. Eyni zamanda kimya, fizika, cəbr, rəssamlıq və fortepiano ilə məşğuldurlar.

Mənim yazıçım isə Anardır. Onun əsərlərini həmişə oxuyuram. Çünki o, necə deyərlər, söhbətin içərisində şəhər mühitində doğulan və bunu əsərlərində çox gözəl formada ifadə edə bilən yazıçıdır. Çingiz Abdullayevin romanlarını da əvvəllər oxumuşam. Amma Anarın əsərlərindəki incəliklər, urbanist yanaşmalar məni daha çox təsirləndirir. 

- KVN-in məlum qələbəsindən sonra sizin axıtdığınız səmimi göz yaşları da KVN-in uğuru qədər unudulmaz oldu. Həmin göz yaşlarında qələbənin və vətənpərvərliyin payı bərabər idi?

- Mən həmişə vətənpərvər insan olmuşam, bu gün də eləyəm. Amma saxta, pafoslu vətənpərvərliyi heç vaxt sevməmişəm. Baxmayaraq ki, orta məktəbdə rus bölməsində təhsil almışam. Amma bu mənim vətənimi, dilimi, onun insanlarını sevməyimə mane olmayıb. Bu sevgini məşğul olduğum sahələrdə, səhnədə, nəşr etdiyim kitablarda ifadə etmişəm. Bu cür hissləri qışqırmağa, əldə şüar etməyə ehtiyac yoxdur. İçi dolu, savadlı insanlar hər zaman mütəvazi, sanballı olurlar. Kimlər ki, savadsızdılar, onlar özlərini gözə soxmağa, çığırmağa cəhd göstərirlər.

- Bəhram bəy, sizcə, nə etmək lazımdır ki, bizim bugünkü vətəndaşımız savadlı və işinin peşəkarı olsun?

- Azərbaycan vətəndaşı, millətindən asılı olmayaraq, hərəsi bir sahədə istedadlıdır. Bizdə istedadlı insanlar həddindən artıq çoxdu. Sadəcə, bunu sistemləşdirmək lazımdır ki, onlar ürəkləri istədiyi işlə məşğul ola bilsinlər. Mən hələ bir azərbaycanlı tanımıram ki, xaricə getsin, orada qalxmasın, nəsə əldə eləməsin. Rusiyada rəsmi olaraq 500 milyonçu azərbaycanlı biznesmen var. Bu hələ rəsmi qeydiyyatda olanlardı. Görün indi qeyri-rəsmi nə qədər azərbaycanlı milyonçular yaşayır Rusiyada.

Bir də ki, istənilən elm təcrübəyə və praktikaya dayanır, çünki təcrübə olmadan elm irəliləyə və inkişaf edə bilməz. Belə anlayış mövcuddur: bilik - qidadır. Əgər sən bu qidanı həzm edə bilmirsənsə, onda nəyinə lazımdır? Bilikdə də analoji vəziyyətdir. Əgər biliyin varsa, onda onu tətbiq etməyi bacarmalısan, əks təqdirdə, faydası olmayacaq.

- Layihəmiz "Dördüncü divar" adlanır. Teatra münasibətiniz həm bir tamaşaçı, həm də aktyor kimi maraqlıdır...

- Teatrı sevirəm. Həftədə bir dəfə teatra getməyə çalışıram. Elə vaxt olur, tamaşanın bütün biletlərini alıram. Məsələn, mono tamaşaya 40 yer var, hamısını alıram. Zəng vururam dostlara, qohumlara, ürəyim istədiyim adamlarla tamaşaya baxıram. Və övladlarımı da aparıram. Onları sərgiyə də aparıram, klassik musiqiyə də, Heydər Əliyev Sarayına da, Akademik Milli Dram Teatrına, Rus Dram Teatrına da... İstəyirəm, onlar hərtərəfli inkişaf etsinlər.

Memar, yaxud cərrah olub Vaqneri, Motsartı, Qara Qarayevi tanımayacaqsa, o mənə lazım deyil. Sabah pensiyaya çıxanda övladlarımla Fikrət Əmirovdan, Rembranddan söhbət edə bilməyəcəyəmsə, deməli, əziyyət çəkəcəyəm. Atam polis polkovniki idi. O deyirdi, hər cümə axşamı milis işçilərinə filarmoniyaya bilet verirdilər. Oradan çıxanda milis işçiləri tərbiyə olunur, sabah işdə əsəbləri sakit olur.

- İnsanları düşündürməyə, nələrisə izah etməyə yönəlik vaynlar çəkirsiniz. Tamaşaçılar və sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanır. Bəs niyə kamera qarşısına məhz taksi sürücüsü kimi əyləşirsiniz?

- Bu vaynın yaranması, əslində, çox spontan olub. Bir gün oğlumla maşında gedirdik. O, nə barədəsə ingiliscə danışmağa başladı. Dedim, Cavid, gəl bunu çəkib instaqramda paylaşaq. Elə də etdik. Gördüm insanların marağına səbəb olur, mən də ara vermədən davam etdim. Layihənin adı "Baxıram"dır. Taksi sürücüsü kimi iştirakımın isə elə ciddi səbəbləri yoxdur. Sadəcə olaraq avtomobildə bu kimi çəkilişlər etmək rahatdır. Harasa getmək, çəkiliş məkanı axtarmaq xeyli vaxt və enerji aparar. Əgər rahat vasitələr varsa, niyə də onlardan istifadə etməyək (gülümsəyir).

- Bəzən tərəf-müqabillərinizə qarşı ironik yanaşmalar olur. Misal üçün Fəlakət obrazında satira və ironiya çox kəskin idi. Sonradan iştirakçılar və ya izləyicilər tərəfindən hansısa narazılıqla qarşılaşmırsınız?

- Bilirsiniz, vaynlara çəkilən insanların hamısı öz razılığı ilə çəkilir. Burada heç bir məcburiyyətdən söhbət gedə bilməz. Bəli, mənim Fəlakət və onun kimilərinə ironiyam, istehzam var. Əslində, elə bu cür vaynlar elə insanlar üçün nəzərdə tutulub ki, onların sayı azalsın. Həmin rolun ifaçısı aktyor Elşən də (Elşən Orucov - S.Ə.) həyatda təbii ki, tamam başqa insandır. Mənim ironiyam aktyora yox, Fəlakət kimilərinədir. Əslində, bizim hər ikimizin məqsədi birdir. Biz cəmiyyətdə belə insanların olmasını istəmirik.

- KVN komandasının kapitanı, həm də orda olan iştirakçıların müəllimi, ustadı hesab olunan Anar Məmmədxanovun ölümündən yeddi ilə yaxın vaxt keçir. Bu gün onu necə xatırlayırsınız?

- Mən Anar Məmmədxanova borcluyam, çünki vaxtilə məni komandaya dəvət etdi, yol göstərdi və mən indi də fəaliyyətimə davam edirəm. Bax, bu da Anarın böyüklüyü idi, onun böyüklüyü o idi ki, ətrafında istedadlı insanları toplamışdı və heç vaxt xahişlə, sifarişlə heç kimi komandaya götürməzdi. Ətrafında istedadlı insanlar olanda, çox sevinirdi. Ətrafındakı uşaqlara həmişə nəsə öyrədirdi. KVN-in də uğurları məhz onunla bağlı idi. Biz hamımız sadə, kasıb uşaqlar idik, buna görə də uğurlarımız oldu.

Onun itkisinin üzərindən nə qədər vaxt keçsə də, yeri həmişə boş qalacaq. Anar Məmmədxanovun boşluğu heç nə ilə əvəz oluna bilməz. Bizim heç birimiz onun kimi ola bilmərik. Öz dövründə o, çox böyük işlər gördü, kənara çıxmağımız, çıxışlar edə bilməyimiz, qələbələr qazanmağımız üçün bütün imkanlarını səfərbər etdi. Bütün bunları nə onda, nə də bu gün KVN-çilərdən kiminsə edə biləcəyinə inanmıram. Bəlkə, başqaları inanır, amma mən yox...

- "Bakı uşaqlar üçün" adlı kitabınız işıq üzü gördü. İlk dəfə uşaqlar üçün kitab yazmaq fikrinə necə gəlmişdiniz?

- İlk dəfə uşaqlar üçün "Bəhram dayıdan testlər" adlı kitabım çıxıb. 16 il bundan əvvəl, övladlarım dünyaya gələndə, mən onlarla bir yerdə böyüyürdüm, tərbiyə prosesi gedirdi və müəyyən kitablar lazım idi, amma onlar yox idi. 

Həyat yoldaşımla bərabər övladlarımızı tərbiyə edə-edə fikirləşdim ki, uşaqlar üçün kitab yazım. Bir naşir kimi sevincliyəm, çünki iki həftə ərzində yenicə işıq üzü görən "Bakı uşaqlar üçün" kitabımın tirajının 90 faizi artıq satılıb. Sizin sayt vasitəsilə də həmin kitabı alan analara, atalara, nənələrə və babalara təşəkkürümü bildirirəm. 

Bu kitab uşaqlara yaxşı hədiyyədir. Artıq orta məktəblər də "Bakı uşaqlar üçün" kitabımı əldə ediblər və sinifdənxaric oxu kimi istifadə edəcəklər. Allaha minnətdaram ki, Azərbaycanda uşaqlar üçün Bakı haqqında ilk kitabın müəllifi olmaq mənə qismət oldu.

 

Söhbətləşdi: Samirə Əşrəf

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!