Kitablar bizi aldadırmı? - Nicat Həşimzadə yazır

 

Kitablar həyatımızı dəyişirmi, xarakterimizə təsir edirmi? Orhan Pamukun "Yeni həyat" romanı bu cümlə ilə başlayır. "Bir gün bir kitab oxudum və həyatım dəyişdi". Mənə elə gəlir ki, həyatımızı təkcə bir kitab yox, ani bir hadisə, gözlənilməz bir dialoq dəyişə bilər. Bəlkə, kitaba mistik dəyər qazandıran səbəblərdən biri də budur. Karlos Mariya Domingez "Kağız ev" povestində yazır ki, Hessenin "Demian" əsəri sayəsində minlərlə gənc hinduizmə tapındı, Heminquey onları idmançılara çevirdi. Düma minlərlə qadının həyatını alt-üst etdi və həmin qadınları kulinariya kitabları xilas etdi. "Kağız ev" əsərinin həcmi az olsa da oxuculara tövsiyə edirəm ki, bu kitabı tələsik oxumasınlar. Hər abzasdan, hər səhifədən sonra düşünsünlər, təhlil aparsınlar. Kitabı ana dilimizə Əziz Rzazadə tərcümə edib. Xanım Blyuma Lennon Emili Dikkinsonun şeir toplusunu alır və yolda sonetləri oxumağa başlayır. Bu zaman onu maşın vurur. Professor Robert Lorel mərhum haqqında bəlağətli nitq söyləyir:

- Blyuma həyatını ədəbiyyata həsr elədi, lakin ağlıma da gəlməzdi ki, onu aramızdan məhz ədəbiyyat aparar.

Bir neçə gün sonra Con Bernon Lorel ardıcıllarına deyir:

- Onu maşın öldürdü, poeziya deyil.

Con Bernon reallığı sərt şəkildə dediyinə görə onu sevmirlər.

Kitablarımızın sayını nəyə görə artırırıq? Qəhrəmanımız deyir ki, tanıdığım bir professor evinə qonaq gələrkən qəhvəni qəsdən gec gətirirdi ki, qonaqları onun kitabxanasına baxsınlar, kitablarla tanış olsunlar. Çox vaxt kitablardan qurtulmaq onları əldə etməkdən daha çətindir. Bəzənsə kitabxanamız aşıb-daşır. Kitabların sayı sürətlə çoxalır. Bir zaman qürur mənbəyimiz olan kitabxanamız sonra əziyyətli yükə çevrilir. Domingez bu əsərdə həm də yazıçı-nəşriyyat probleminə toxunub. Nəşriyyatlar çap etmək üçün ciddi kitab tapa bilmədiklərini, yazarlarsa hər cür mənasız yazıların çap olunduğunu deyirlər. Bəs, hansı tərəf haqlıdır? Yazıçı hər şeyi nəşriyyatdan gözləməkdə haqlıdırmı? Bir zaman biz işsiz olarkən istədiyimiz kitabları ala bilmirik, ancaq işlə təmin olunduqdan, pul qazandıqdan sonra istədiyimiz kitabları ala bilsək də onları oxumağa zamanımız və enerjimiz çatmır. Kitablar taleyimizə təsir etdiyi kimi, biz də kitabların taleyinə təsir edirik. Hətta bəlkə, kitabların rəflərimizdəki düzülüş qaydası həm bizim, həm kitablarımızın taleyinə təsir göstərir. Domingez bu əsərdə iki əsas suala cavab axtarır:

1) Kitabların taleyi varmı?

2) Kitablar insanların taleyinə təsir göstərə bilirmi?

Əsərdə yazıçı simvollardan istifadə edib. Əsərdə bənnaya pəncərə dayaqlarının kitablardan hörülməsi tapşırığı verilir. Kitabın toxunduğu vacib məqamlardan biri budur: "Kitablardan ev qurmaq olarmı". Bütün həyatımızı kitablar əsasında qursaq məğlub olarıq. Gərək öz təcrübələrimizə, öz təhlil etmə bacarığımıza istinad edək. Söhbət kağızlardan fiziki mənada ev qurmaqdan getmir. Səadət bütün ömrünü tozlu kitabxana rəfləri qarşısında keçirmək deyil. Əsərin ən maraqlı obrazı Delqadodur. Kitab eşqiylə yaşayan adamlar əsəri oxusalar, yəqin ki, onlar da mənim kimi, Delqado obrazına üstünlük verəcəklər. Delqado xanım Blyumanın ölümünün təsvir etdiyi kimi olduğunu biləndə çox da təəccüblənmədi. Xanım Blyumaya göndərilən kitabın üzü sement və tozla örtülmüşdü. Kitablardan yuva qursaq da dağılır. Karlos Brauerlə xanım Blyuma, sanki bəsirətçilik yarışı aparırlar. Brauer qadını təəccübləndirməyi bacarır. Həyatda da belədir. Bəzən özümüzü sübut etmək, kiməsə göstərmək üçün ağlasığmaz hərəkətlər edirik.       

Məişət avadanlıqları sıradan çıxır, güldanlar sınır, televizorlar xarab olur, ancaq kitablar sahibi istəmirsə cırılmayacaq, yandırılmayacaq. Son hərbi diktatura dövründə Argentinada bir çoxları kitabları unitazlarda, vannada yandırır, topladıqlarını evin uzaq guşəsində məhv edirdilər. O zamanlar kitablar adamların üzünə dururdu, insanları sındırırdı. Kitablara bəşəriyyətin münasibəti heç də hər zaman birmənalı olmayıb. Bəzən kağızlar zərərli aludəçilik əlamətləri yaradırlar və insanlar bu aludəçilikdən xilas ola bilmirlər.

Həyat ziddiyyətlərlə doludur. Hegel fəlsəfəsi bizə öyrədib ki, təbiətdə hər şey öz ziddi ilə mövcuddur. Təbiət, həyat durduqca hər şey öz ziddi ilə mövcud olmaqda davam edəcək. Xeyirlə şərin mübarizəsi də həmişə davam edəcək. Makedoniyalı İskəndər Əhəməniyyə imperiyasına hücum edərkən minlərlə kitabın saxlanıldığı kitabxananı yandırdı, yanan kitablar arasında "Avesta" da var idi. Nasistlər Almaniyada hakimiyyətə gələrkən "Cinsi münasibətlərin araşdırılma institutu"nun kitabxanasını, arxivini yandırıblar. Şri-Lankadakı Caffna xalq kitabxanasında 1981-ci ildə səbəbi bilinməyən yanğın nəticəsində 90 min kitab məhv oldu. 1984-cü ildə kitabxana yeniləndi, təmir olundu, ancaq xalq arasındakı silahlı toqquşmalar zamanı kitabxana döyüşçülərin iqamətgahına çevrildi və bir daha dağıldı, xarabalığa çevrildi. 2004-cü ildə hökumətin və xeyirxah adamların dəstəyi nəticəsində kitabxana yenidən istifadəyə verildi. Misirin "Bilgi məbədi" Ərəb baharı zamanında atılan Molotov kokteyllərinə görə yandı. Yuli Sezarın hücumu nəticəsində İsgəndəriyyə kitabxanası yandı, deyilənlərə görə, kitabxanada 700 min kitab var idi. Məqsədim yanan kitabxanalar haqqında informasiya vermək deyil. Bu haqda internetdə yetərincə məlumatlar var. Mən başqa məsələyə toxunmaq istəyirəm. Hökmdarların hücumları nəticəsində kitabxanalar yandırılıb, minlərlə kitab məhv edilib. Ancaq sonra kitabxanaları yandıran həmin hökmdarlar haqqında yüzlərlə, minlərlə kitablar yazılıb. Kitab yandıran adamlara kitablar həsr edilib. "Kağız ev" əsərini oxuyarkən bunları düşündüm. Beynimdə ən çox səslənən cümləsə bu oldu. Kitabları yandırmaq səadət gətirmir, kitabdan ev qurmaq da bizə xoşbəxtlik vəd etmir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!