Moldovada "Azərbaycan Ədəbiyyatı Günləri" - Səlim BABULLAOĞLU yazır

Noyabr ayının 1-i-5-i tarixləri arasında Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Moldova Azərbaycanlıları Konqresi, Moldova Yazıçılar Birliyinin təşkilatçılığı və dəstəyi ilə, eyni zamanda Azərbaycanın Moldovadakı səfirliyinin yaxından iştirakı ilə Moldovada "Azərbaycan Ədəbiyyatı Günləri" keçirilib. Kişinyov və Komrad şəhərlərində düzənlənən tədbirlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, yazıçı Əjdər Ol, AYB sədrinin müşaviri Rauf Aslanov, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak ediblər. "Ədəbiyyat günləri" çərçivəsində Moldova Elmlər Akademiyası, Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Kişinyov Milli Kitabxanası, Moldova Milli İncəsənət Muzeyində bir sıra tədbirlər keçirilmiş, Anarın "Ağ qoç, qara qoç", Əjdər Olun "Hərbi-səhra komandirinin meymunu" kitabları, həmçinin "Azərbaycan hekayəsi antologiyası"nın təqdimatı baş tutmuşdur. "Ədəbiyyat qəzeti" bu sayımızdan etibarən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" barədə "səfər qeydləri"ni təqdim edir.

 

İlk gün

Nümayəndə heyətimizi hava limanında, elə təyyarədən düşən kimi doktor Vüqar Novruzov qarşılayır, Moldova Azərbaycanlıları Konqresinin sədri. Hava limanının təhlükəsizlik nöqteyi-nəzərindən quşun belə səkə bilmədiyi bu ərazisində Vüqar müəllimin görünməsi, bizi qarşılaması "ədəbiyyat günləri" üçün ən yaxşı başlanğıc və əlamətdir. Az sonra biz ölkəmizin Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanovla görüşəcəyik. Və bu iki adam sıx iş qrafiklərinə rəğmən "ədəbiyyat günləri"nin son saatlarına qədər bizi tək buraxmayacaqlar, diaspora və səfirliyin əl-ələ işləməsinin ən xoş, ən arzuolunan əyani və nümunəvi örnəyi olacaqlar ki, bunu həmin  günlər ərzində hamımız, xüsusən nümayəndə heyətimizin rəhbəri, xalq yazıçısı Anar dəfələrlə və dərin məmnunluq hissi ilə vurğulayacaqdı.

Bizi qarşılayanlar arasında Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu, Birliyin katibi Nikolae Spetaru, tanınmış qaqauz ədibi və Moldova Yazıçılar Birliyi İdarə heyətinin üzvü Todur Zanet  və Moldova Azərbaycanlıları Konqresi sədrinin müavini, həmyerlimiz, sonradan hamımızın eyni qədər dostlaşacağımız Müharib Allahverdiyev də var...

Nazirlə görüş

Səhərdi. Artıq iki gündür ki, sakini olduğumuz "Joli Allan" otelinin qarşısındakı gözəl parkı piyada keçib  Moldova Təhsil, Mədəniyyət və Tədqiqatlar naziri  ilə görüşə gedəcəyik. Yaxın zamanlarda aparılan hökumət islahatlardan sonra əmələ gəlib bu meqa-nazirlik. 3 nazirlik birləşib və rəhbəri də olub zərif, ağıllı bir xanım - Monika Babuk. Biz onu təxminən yarım saat sonra görəcəyik. Hələliksə, nümayəndə heyətimizi bir an olsa belə, diqqətsiz qoymayan səfir Qüdsi Osmanov, Vüqar Novruzov, Müharib Allahverdiyev, Arkadi Suçevyanu, Nikolae Spetaru və Todur Zanet ilə söhbətləşirik. Hava təmizdi.  Ciyərlərimiz üçün əsl cənnətdi.  Xəzan sarısı fanilik duyğusunu sakitləşdirici həb kimi gözlərimizdən ruhumuza içirir.

Havada ayaz var deyə, qərara alınır ki, Anar müəllimlə cənab Suçevyanu nazirliyə nə qədər yaxın olsa da maşınla getsinlər...

Xanım nazir bizi mehribanlıqla qarşıladı. Mehribanlığın qarışdığı amiranə səsilə, aydın ruscada dedi ki, "Azərbaycanda Moldova Ədəbiyyatı Günləri", "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri"  hər iki ölkənin mədəni həyatında dolğun və gələcək üçün vacib izlər qoyacaq tədbirlərdir, xalqlarımız arasında mədəni dialoqun dərinləşməsinə xidmət edəcək: "Mədəniyyət, xüsusən ədəbiyyat həmişə olduğu kimi, xalqlar arasındakı ən vacib mənəvi bağdır, bu həmişə belə olub, bundan sonra da, gələcək nəsillər üçün də belə olacaq. Çox sevindirici haldır ki, bu gün Azərbaycan ədəbiyyatının təmsilçiləri  başda bizim hamımızın yaxşı tanıdığımız, böyük Azərbaycan yazıçısı Anarın rəhbərliyi  ilə Kişinyovdadırlar. Bilirəm ki, Bakıda son vaxtlar Moldova ədəbiyyatı nümunələri çap olunub. Həmçinin burda cənab Anarın, Əjdər Olun kitabları çap olunub təzəlikcə. Daha əvvəl Azərbaycan yazıçılarının əsərlərindən ibarət antologiya çap edilib. Bilirəm ki, bu işləri davam etdirmək üçün yeni niyyətlər və planlar var. Çox yaxşı ki, bu işdə Moldova Azərbaycanlıları Konqresi, Azərbaycanın Moldovadakı səfirliyi, eyni zamanda, bizim Bakıdakı səfirliyimiz, Moldova və Azərbaycan Yazıçılar Birlikləri ən yaxın şəkildə  iştirak edirlər... Əlbəttə, Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi də bu xoşniyyətli  gözəl  işlərdə kolleqam Əbülfəs Qarayevlə bərabər  həmişə və indiki tək sizin yanınızda olacaq...  Xoş gəlmisiniz...".

Rəsmi xəbər yazmaq çətin məsələdi. Heç vaxt bunu bacarmamışam. İndi gözümün qabağında baş verənlərin hansı ardıcıllıqla baş verdiyini təkrar canlandırmağa çalışıram.

Nümayəndə heyətimiz adından ilk əvvəl Anar müəllim danışdı. Xanım nazirə qəbul və "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri"nin təşkilinə verdiyi dəstəyə görə minnətdarlıq etdi. Ədəbiyyatın xalqların həyatındakı rolundan və inkişaf etmiş dövlətlərin bu amili daim diqqətdə saxlamasından söz açdı.

Sonra cənab Suçevyanu danışdı. Əvvəl nümayəndə heyəti üzvlərini təqdim etdi. Sonra isə mart ayında Bakıda keçirilən "Azərbaycanda Moldova Ədəbiyyatı Günləri"ni  və  Azərbaycan Mədəniyyət naziri ilə olan görüşü məmnunluqla xatırladı.

Səfir Qüdsi Osmanov danışdı sonra. Moldova-Azərbaycan əlaqələrindən, onun gələcəyi naminə görülməsi vacib işlərdən, hər iki dövlətin və  xalqın bir-birinə verdiyi dəstək və töhfədən. Ədəbi əlaqələrin mədəni mübadilənin vacib halqası kimi böyük önəmindən. Bir az da Qaqauzlardan, onlarla bizim etnik yaxınlığımızdan, Moldova dövlətinin qaqauzlara olan xoş münasibətindən də, əlbəttə.

Yalnız sabahı gün hamılıqla birlikdə Qaqauz ellərinə gedəndə başa düşəcəkdim ki, əslində, qaqauzlarla moldovanların bu xoş və salamat birgəliyindən narahat olan qüvvələr var və onlar bəzən əsası olmasa da soyuqluq yarada bilirlər. Hətta bəzən ədəbiyyatçılar arasında. Demək ki, səfirimizin toxunduğu məsələ elə belə deyilmiş. Və əslində, "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri"nin qrafikinə Komrada səfərin  salınması (bu Anar müəllimin təklifi ilə olmuşdu) moldovan ədibləri ilə qaqauz ədiblərinin də səbəbsiz soyuqluğa yer verməməsindən ötəri çox vacibmiş. 

 Sonra Fikrət Babayev danışdı, Azərbaycan Mədəniyyət Nazirliyinin aparat rəhbəri. Xanım nazirə cənab nazirin salamlarını çatdırdı. Görülən işlərin davamlı olması üçün nazirliyin bundan sonra da əməkdaşlığa hazır olduğunu dilə gətirdi.

Arada qısa replikalarla fikir mübadiləsi oldu. Müxtəlif məsələlərlə bağlı, o cümlədən rumın dilində təhsilin Moldovada yaşayan digər millətlərin inteqrasiyası üçün vacibliyi barədə də. Todur Zanetdə bir neçə kəlmə dedi bu barədə.

Və nəhayət, Moldova Azərbaycanlıları Konqresinin sədri  Vüqar Novruzov danışdı. Özünəməxsus təmkinlə, səmimiyyətlə. Eyni zamanda, daxili səbat və arxayınlıqla ki, bunu da indiyədək görülən işlər şərtləndirmişdi. İndiyə qədər toxunulan bütün məsələlərdən haqqında danışdı Vüqar Novruzov və həm də xanım nazirlə hələ tələbəlik illərindən bu yana tanışlıqlarından da. Məhz belə məqamlar istənilən görüşün, qurulmuş və qurulmaqda olan əlaqələrin cövhəri olur. Və mən hiss elədim ki, Vüqar müəllim - həyatını uzun illərdir ki, Moldova ilə bağlamış,  bu dəyərli  azərbaycanlı belə şeyləri heç vaxt gözdən qoymur. Şəxsi əlaqələri milli mənafe ilə və tərsinə daim uzlaşdırır. Nəticə isə gözlənilmədiyi qədər uğurlu olur.

 Bu görüşün olduqca xoş bir sonluğu da vardı. "Ədəbiyyata verdiyi töhfələrə, eyni zamanda, Moldova-Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə" yazıçı Anar Moldova Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyinin Fəxri Diplomu və Ödülü ilə mükafatlandırıldı, xanım nazir diplomu və xüsusi hədiyyəni üzündən yağan hədsiz məmnuniyyət hissi ilə təqdim elədi.

Əlbəttə, bizim nümayəndə heyətimiz də - həm Mədəniyyət Nazirliyi, həm də Yazıçılar Birliyi adından xanım nazirə xatirə hədiyyələri təqdim eləməyi unutmadı.

"Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" çərçivəsində vacib görüşlərdən biri də noyabr ayının 2-də Moldova Elmlər Akademiyasında keçirildi. Görüşdə Moldovanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti - yazıçı Əjdər Ol, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, Azərbaycan Yazıçılar Birlyi sədrinin müşaviri Rauf Aslanov, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, eləcə də Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu, Moldova Yazıçılar Birlyinin katibi Nikolae Spetaru, Moldova Elmlər Akademiyasının  rəhbərliyi, akademiklər, görkəmli alimlər, elm və mədəniyyət xadimləri, tanınmış ədiblər iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Moldova Elmlər Akademiyasının prezidenti, akademik Georqe Duka qonaqları salamladıqdan və Azərbaycan nümayəndə heyətinin Elmlər Akademiyasında olmasından dolayı məmnunluğunu ifadə etdikdən sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycanın xalq yazıçısı Anarın Moldova Elmlər Akademiyasının ali "Dmitri Kantemir" medalı ilə təltif edildiyini bildirib və bunun akademiya üçün qürurverici bir hadisə olduğunu söyləyib. Daha sonra akademik Duka mərasimə toplaşanları Anarın tərcümeyi-halı ilə tanış edib, onun görkəmli yazıçı, kinossenarist, rejissor, tərcüməçi, eyni zamanda, ictimai xadim kimi çoxşaxəli yaradıcılığından və fəaliyyətindən söz açıb. Akademik qeyd edib ki, Anar, ilk növbədə, ədib kimi, həm Azərbaycan ədəbiyyatını, həm də dünya ədəbiyyatını zənginləşdirən isimlərdəndir. O, eyni zamanda, Azərbaycan Yazıçılar Birlyinin sədri kimi böyük bir arealdakı ədəbi prosesə uzun müddət öz töhfəsini verib. O cümlədən Azərbaycan-Moldova ədəbi əlaqələrinin yaxınlaşmasında onun iştirakı və zəhməti böyük və danılmazdır. O deyib ki, məhz bütün sadalananlar Anarın Moldova Elmlər Akademiyasının ali "Dmitri Kantemir" medalı ilə təltif edilməsini şərtləndirib.

Moldova Yazıçılar Birliyinin sədri cənab Arkadi Suçevyanu da Anarın nüfuzlu və miqyaslı yaradıcılığından söz açıb, onun postsovet məkanının ən vacib ədiblərindən biri olduğunu, bu günlərdə Kişinyovda çap olunan "Ağ qoç, qara qoç" əsərinin də bunu sübut etdiyini dilə gətirib.

"Dmitri Kantemir" medalının təqdimatından sonra Anar  minnətdarlıq nitqi ilə çıxış edib,  həm ona təqdim edilən, yüksək dəyərləndirdiyi bu ali mükafata görə, eyni zamanda Moldova Elmlər Akademiyasındakı bu isti görüşə və qəbula görə  akademik Georqe Dukaya təşəkkür edib. O bildirib ki, xalqlarımızın tarixindəki eyniyyət ədəbiyyat və elm sferasında da xalqlarımızın gələcək birgə addımlarını diktə edir. Bu, həmçinin beynəlxalq müstəvilərdə də ədəbiyyatlarımızın tanınması üçün gözəl şərait deməkdir.

Daha sonra Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanuya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsi və xatirə medalı təqdim edilib.

Tədbirin sonunda Moldova Elmlər Akademiyası ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq sənədi imzalanıb. Sənədi MEA prezidenti Georqe Duka və AYB sədri Anar imzalayıblar.

Rəsmi hissədən sonra alimlər və ədəbiyyatçıların "Postsovet dövründə milli ədəbiyyatlar, ədəbi mübadilə və əlaqələr" mövzusunda  birgə  çıxış və müzakirələri keçirilib.

Yevgeniya TOFAN

xsusi "Əbiyyat zeti" üçün

 

Viktoriya Fonar

Viktoriya Fonar - tanınmış şair və ədəbi tənqidçidir.

Moldova Dövlət Universitetinin dosentidir.

Moldova Yazıçılar Birliyinin üzvüdür.

 

Bakı silsiləsi və "öpüşlər"

Bakı

Parıltılı məftilləri ilə

Şəhəri öz toruna salan şüalar

Suların səthinə toxunur,

Günəş göydələnlərdə əks olunur,

Külək isə əski şəhərin

bütün labirintlərinə yaxşı bələddir.

 

Bakı 2018

Alov cəlb edir.

Formula 1 alovlandırır.

Sürəti artırın!

 

Turnul Fecioarei ya

Qız qalası

Dəniz təbəssümlə

Günəşə yaxınlaşır

Və qalanın təpəlik vadisini qucub

Bizə bağışlayır onu.

Üfüqdəki tamaşanı görüb də

Çərxi-fələyin sonsuz oyununu duyursan.

Bu eşq çarxının içindəki

Günəş və dəniz

Şirə zillənib,

Bir də üfüqün qiymətli dərinliyinə.

 

Xəzər dənizi

Xəzər dənizi - azman zərrəbindir,

Amma uzun metal borusu görünmür.

O, təkcə günəşi əks etdirir.

İlkin od mədəniyyəti

Daşla birləşib -

Gerb.

 

Odlar yurdu Bakı

Od yandırmır,

Qəlbi isidir,

Ordakı qayğıları əridir.

Odun özülündən

Yuxarı can atan alov dilimi -

Fikrən qat-qat ucalan atəş binası tikilir,

Ucalmış alov

        - Prometeyə həsr olunmuş məşəldir!

Neft  alovu yox etmir.

Xəzərin sahilindəki

            binalarda yandırılan məşəllər

insanlara əbədi olacağından danışır,

tarixi yaşadacağından,

İçərişəhərin binalarının

                        başı üstündən görünən

növbəti əsri ucaldacağından.

Bakıda yağış

 

Şəhər səkilərin mərcan güzgüsündə

Balıq pulcuğu kimidir.

Balıqlar alova müqavimət göstərmirlər.

Bahar adıyla, baharda üzürlər elə hey.

Sanki Bakı nəhəng balıq üzərində yaradılıb,

Və bu yalnız yağış yağanda bilinir.

O, gah küçələrin parıltısıyla,

Gah alov qüllələriylə,

Gah da nəhəng dalğalarla

Dəli küləklərə məhəl qoymadan

Günəşin aydınlatdığı

                        günboyu elə hey oynayır.

 

Bakıda yazılanlar...

Bakıda yazılanlar

Günəş şüasında sapa düzülür,

Bu o deməkdir ki,

Sözlərdən oğurlanmamış arzular

Hələ də dipdiridirlər,

Mənaya uyarlıdırlar,

Və bərkimiş duz kimidirlər.

Uyğun gəlməyən sözlər qorxudur,

Sonra da zamanın axınında

Bölünür, itib batırlar.

Və sonra yenidən,

Ölümün cırmaqladığı varlıqlara bənzər

Başqa sözlərdə peyda olurlar,

Qan axır sözlərdən tər yaralar kimi.

 

Öpüşlər

Öpüşlərin məni təqib edir...

Şüşəyə yapışır, pəncərəyə çırpılır...

Öpüşlərin yarıda dayanmır,

Tüstü-duman kimi dağılmır.

 

Öpüşlərin  daha çox bərq vurur

Şüalarında günəşin, soyuğunda küçələrin.

Ovuclarında ulduzların bərqini sözbəsöz

Oxumaq istərdim...eh öpüşlərin...

 

Öpüşlərin süst edir, məst edir:

Yağışda...hər çağırışda...

Öpüşlərin - cəzamdır, qəsd edir...

Bil ki, həmişə azdır o...bağışla...

 

Tərcümə etdi: Səlim Babullaoğlu

 

"Ağ qoç, qara qoç"  təqdim olundu

Nazirlə görüşdən sonra növbəti tədbirə - "Yazıçı Anarla görüş"ə qədər təxminən  saat yarımlıq ara vardı.  Vüqar müəllimin "təkidli təklifi", Müharib Allahverdiyevin bu təklifi "sürəkli dəstəyi" ilə bağı adlayıb yaxınlıqdakı  kafedə  (adı, deyəsən, "Delice dAnge" idi, "mələklərin dadı"mı, "vəcdimi" yaxşı başa düşmədim) "kofe-çay fasiləsi"nə  çıxdıq.  Öz arzumla çöldə oturdum, bu havanı çətin ki, bir də tapam yaxın vaxtlarda. Sonra masaya məni tək qoymamaq üçün  Nikolay Spetaru və şairlər Viktoriya Fonar (onu daha əvvəlki Moldova səfərindən tanıyırdım) və Tatyana Afanasie-Craciun da əyləşdilər. Yoldaşı tarixçiydi Viktoriyanın. Dünyanın göz yumduğu Azərbaycanın ağrı-acıları və müasir tarixi ilə bağlı ədalətli mövqe sərgiləyir, yazılar yazırdı. Əlbəttə, səfirliyimiz və konqres bu işdə onların yanındaydı. Vüqar Novruzov Viktoriyanın  Bakıyla bağlı bir neçə şeirini göndərmişdi mənə daha əvvəl, sonradan bir neçəsini də müəllifin özü göndərdi ki,  həmin istedadlı və səmimi şeirləri  "Ədəbiyyat qəzeti"nin elə bu sayında oxuya bilərsiz (səh.5).

Budur, bizim isə fasiləmiz bitir. Və hamılıqla adı bəzi məxəzlərdə, həm də Moldova Milli Tətbiqi Sənət Muzeyi kimi keçən Moldova Milli İncəsənət Muzeyinə üz tuturuq. Kafeyə yaxın ərazidə, "31 avqust, 1989-cu il" küçəsində yerləşir muzey. Mərkəzi küçələrdən biridir. Qırmızı kərpici üzlüyü və duruşu ilə Bakı meriya binasını xatırladan, italyan İntibahı memarlıq üslubundakı bu bina əvvəl qızlar məktəbi olub. 39 minlik kolleksiyası var. Orta əsrlər  xristian moldovan ikonaqrafiyası nümunələri ilə zəngin olan muzey ölkənin qədim, özünəməxsus tarixindən xəbər verir.  Repin, Ayvazovski, Şişkin, Rembrant, Renuar, Utamaro  kimi rus,  Avropa, yapon rəssamlarının orijinal  işləri var muzeydə.

Bir də moldovan-rumın rəssamı Mixay Qrekunun şedevrləri. Bəzi gördüklərimizi deyirəm yalnız.

Ən maraqlı məqamlardan biri muzeyin yerləşdiyi küçənin adıdır. Avqustun 31-i 1989-cu ildə elə bizim də "moldovan"  kimi tanıdığımız bu dilin öz həqiqi adını qaytardığı, əslində, rumın dili olduğunu təsdiqlədiyi gündür. Üstəgəl, o gün moldovanlar kiril əlifbasından latın qrafikasına da keçiblər.

Muzeylə tanışlıq bitir, amma biz bu gözəl məkanı tərk eləmir, onun ən hündür, deməli, ən hörmətli yerinə qalxırıq. Çardağa. Gözəl atmosferi olan taxta işləməli çardağdakı "kiçik zal" doludur. Ədəbiyyatçılarla, oxucularla. Bir azdan Anar müəllimin əsərinin müzakirəsi başlayacaq. "Ağ qoç, qara qoç" bu ilin əvvəlində, mart ayında Kişinyovda dərc edilib. İqor Volnitskinin tərcüməsi və Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə.

Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanunun dəvətindən və təqdimatdan sonra Anar müəllim, Moldovadakı səfirimiz Qüdsi Osmanov və Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov rəyasətdə yerlərini aldılar. Videogörüntülərin müşayiətilə xalq yazıçımız Anar və onun keçdiyi həyat yolu barədə ətraflı məlumat verildikdən sonra Arkadi Suçevyanu ilk sözü romanın (əsər bəzi çıxışçılar tərəfindən roman, bəziləri tərəfindən povest adlandırılırdı ki, bu da yalnız elə bizdə də olduğu kimi, rus-sovet ədəbiyyatşünaslığından miras qalmış "anlaşılmazlıq" idi) rumın dilinə tərcüməçisi, Moldovanın gənc və həm də kifayət qədər tanınmış, nüfuzlu nasiri, publisisti, tərcüməçisi, eyni zamanda, peşəkar jurnalist və politoloqu İqor Volnitskiyə verdi. Volnitski Azərbaycan ədəbiyyatı ilə yaxından tanışlığı üçün, dəfələrlə belə imkana malik olduğuna görə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova dərin təşəkkür etdikdən sonra bunları dedi: "Mən çox şadam ki, Anar kimi miqyaslı, nüfuzlu, böyük bir yazıçının əsərini rumın dilinə çevirmişəm. Əsəri həm bədii məziyyətlərinə, eyni zamanda, toxunduğu problemlər və onların dərinliyinə görə uzun-uzun təhlil etmək olar və bu proses boyu əsərin də, müəllifin də miqyasının getdikcə necə böyüdüyünü hiss edəcəksən. Mən tərcümə prosesində bunu hiss etdim və bu əsəri tərcümə etməyimə görə dəfələrlə sevindim.

Fikrimcə, qədim Şərq,  Qafqaz-türk əfsanəsinə söykənərək, Anar iki paralel dünyanı peşəkarcasına yarada bilib, eləcə də hansı dünyada yaşama seçiminin ancaq bizim özümüzdən asılı olduğunu sübut edib. Daha dəqiq desək, əfsanəyə görə, hər bir insan həyatında bir-birilə daima mübarizə aparan ağ və qara qoçun meydana gəldiyi hansısa anla rastlaşır. Bu mübarizənin şahidi olan adam lazım olan anı yaxalayıb ağ qoçun belinə atılmalıdır, çünki yalnız o qoç həmin adamı işıqlı dünyaya apara bilər. Qara qoç zülmət dünyasını təmsil edir. Yenə də əfsanəyə görə, ağ qoçun belinə atılsan belə, mütləq onun belində necə duruş gətirməyini bilmən vacibdir, çünki o, hər an səni qara qoçun belinə ata bilər. Anar povestində öz ölkəsinin günümüzdəki vəziyyətini təsvir edir, əsərin ikinci hissəsində isə onun (onun ölkəsi) ağ qoçun belində duruş gətirə bilməyəcəyi təqdirdə, baş verə biləcək təsəvvür aləmini yaradır. Bu povestə laqeyd qalmaq mümkün deyil, çünki oxucu özündən asılı olmayaraq müəllifin təsvir etdiyi vəziyyəti hər birimizin yaşantıları ilə müqayisə edir. Povesti oxuyarkən, qeyri-iradi məndə belə bir sual yarandı: Moldova Respublikası nə zaman bizi zülmət dünyasına aparan qara qoçun belinə atıldı? Keçən əsrin doxsanlarında milli azadlıq hərəkatından doğan xoşniyyətli vətənpərvərlik yüksəlişi bir gecənin içində adi siyasi alverə çevrildiyi anda? Yoxsa biz müstəqilliyimizlə eyni zamanda yaranan bütün yaxşı şeyləri məhv edən aqrarların hakimiyyəti illərində qara qoçu ram edə bildik? Moldova Avropada kommunistlərin demokratik yolla hakimiyyətə gəldiyi yeganə dövlət idi, yoxsa bu elə o kommunistlərin vaxtında baş verdi? Yoxsa Moldova 2009-cu ildə, bizim ölkəni məsxərəyə çevirən "demokratik" partiyaların  hakimiyyəti başlayanda qara qoçun belinə atıldı? Bunlardan da vacib olan suallar var: Doğrudanmı bu qara qoçun belindən tullanmağımız heç cürə mümkün deyil? Doğrudanmı ağ qoç bizdən o qədər uzağa qaçıb ki, ona çatmaq və belinə atılmaqçün heç bir şansımız yoxdur?

Görürsünüz, əsər məndə öz ölkəmlə bağlı nə qədər sual doğurub. Əgər bir əsər səndə özünlə, öz ölkən, onun yaxın-uzaq tarixi ilə bağlı bu qədər sual doğurursa, onda bu əsər əlbəttə ki, böyük əsərdir və onun müəllifinə bu gün hamının qarşısında dərin təşəkkür edirəm...".

Sonra şairə və ədəbi tənqidçi Mariya Pilkin çıxış etdi: "Anarın "Ağ qoç, qara qoç" əsəri roman pritçadır, xeyir və şərin mübarizəsi barədə əsatirdir. Birinci hissədə oxucu gözəl, xoşbəxt və müəyyən mənada şadyana Bakı şəhərini görür. Bu hissədə Azərbaycan xalqının və Azərbaycanın  tarixi ilə də qismən tanış olursan. Məlik Məmmədli personajının tarixçəsi - insanın milli və şəxsi faciəsi sayəsində formalaşmasının tarixçəsidir.  Burda milli ədəbiyyat və ədiblərə birbaşa dəxli olan mədəni-kültürəl aspektləri də görürsən. Roman  avtoreferensialdır. Biz, sanki təsadüfən yazıçı Anarın avtobus sürücüsü kimi bir "qara aqibəti"ni də öyrənirik. Əsərin musiqi xətti də var, daha doğrusu, müəllifin musiqi təcrübəsinin ötürülməsi...

İkinci hissə - bir növ antiutopiyadır. Azərbaycan üç zonaya - kommunizmin, dinin və kapitalizmin hökmran olduğu ərazilərə bölünüb.  Bütün bu əraziləri birləşdirən həmin ideyaların radikalizm həddində olması, hədd-hüdud hissini tanımamasıdır. Bu cəmiyyətdə dialoq olmayacağı təqdirdə Azərbaycanın yuvarlana biləcəyi dünyadır. Dialoqun tikanlı məftillərlə əvəzləndiyi dünya(lar)...

"Ağ qoç, qara qoç", eyni zamanda, insan tənhalığı barədə, fikirlərini bölüşmədiyin insanların arasında yaşamaq haqqında gözəl bir romandır. Əsər həm də ideologiyaların ailəni necə məhv etməsi barədədir. Radikal kommunizm, radikal din, radikal kapitalizm ailə institutunu qəbul etmir, ona ehtiyac duymur. Bu, bərbərin dövlət idarə etdiyi bir yerdir, yaxud tərsinə; ya da ki, pulun, yaxud dinin hakimi-mütləq olduğu bir dünyadır. Amma dördüncü, neytral zona da var - bu təklif edilən alternativdir. Həmin zonaya öz içinə çəkilən kimi də qaça bilərsən. Bu mənada ibrətamizdir: insan öz gücü və səyləri ilə işığa çıxa bilər. Seçə və seçimində sədaqətli olmalıdır - əsər bunu da öyrədir.

Moldova oxucusu üçün bu kitab və bu əsər Azərbaycanın həm bir ölkə kimi, həm də bir ədəbiyyat ərazisi kimi vizit kartıdır, məncə. Moldova kimi, Azərbaycan da fikrimcə, müasir indentiklik problemi qarşısındadır. Roman xəbərdarlıq edir: biz evi, ailəsi, vətəni olan insanın yaşadığı bir dünyanın məhvinin astanasındayıq...".

Çıxışçılar sırasında digər tanınmış ədiblər - Mariya Şlyaxtitski, Dumitru Krudu, Moldova ədəbiyyatının korifeylərindən olan Vladimir Beşleaqa, Məhəmməd Biriyanın sürgün və həbsxana yoldaşı Boris Marian da var.  Mariya Şlyaxtitski "Ağ qoç, qara qoçu" bəzi məziyyətlərinə görə Oruelin "1984" romanı ilə bir səviyyədə olduğunu söylədi. Dedi ki, əsərdə hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilib; məsələn, mən əvvəldəkı şadyana və butaforik əhval-ruhiyyədən xoşlanmasam da, yalnız sonda bunun əsərin növbəti hissəsinə necə uğurla xidmət etdiyini, müəllif fəndi olduğunu anladım; və bu da müəllifin ustalığını, roman texnikasına necə ustalıqla vaqif olduğunu göstərirdi. Dumitru Krudunun söylədiklərini elə sonda dediyi bir cümlə ilə ümumiləşdirmək olar: ""Ağ qoç, qara qoç" həqiqi şedevrdir...".

Vladimir Beşleaqa əsər, Anar və azərbaycanlılar barədə xoş sözlərdən sonra  öz soyadının türk etimolojisi, bir də dostu, xalq yazıçımız Elçinlə birgə bir uzun qatar səyahətində olduğundan xiffətlə söz açdı, öz dediyi kimi, "uzaq və gözəl zamanlardan".

Boris Marianın çıxışını rezume eləmək çətindi. Nədənsə, onun 5 saniyəlik şeirsəl çıxışı əvvəldə söz verilmədiyindən küsmüş Oqtay Rzanın rübaili nitqini xatırlatdı mənə.

Və əlbəttə ki, görüşün ən maraqlı hissəsi Anar müəllimin sualları cavablandırması idi. Hərçənd görüşün əvvəlində də Anar müəllim artıq kiçik bir giriş eləmiş, "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri"nin vacib ədəbiyyat-mədəniyyət hadisəsi olduğunu vurğulamış, təşkilatçılara minnətdarlıq etmiş,  Kişinyovda çap olunan kitabın - "Ağ qoç, qara qoç"un rumın dilindəki ikinci çevrisi olduğunu qeyd etmiş,  tərcümələrdə, hətta yarımbaşlıqlar səviyyəsində də fərqlərin olduğunu rumın dilini bilməsə sezdiyini söyləmişdi. Özü də hər iki nəşri  və fərqli yerləri əyani şəkildə göstərərək.

Anar müəllimin sonda söylədikləri sırasında əsərin yazılma səbəbləri, 2002-2003-cü illərdə Azərbaycandakı vəziyyətin bu əsəri zəruri etməsi, müasir Azərbaycan tarixi, utopiya və antiutopiyanın bir əsərdə çuğlaşması və başqa məqamlarla bağlı dolğun, əsaslı  fikirləri, bəzən isə xəfif yumor və hazırcavablıqla edilmiş qeydləri ciddi bir maraq doğurmuşdu. Xatırlayıram, pilləkənləri düşə-düşə xanım dinləyicilərdən biri həmsöhbətinə belə deyirdi: "U nix literatura rabotaet v onlayn rejime s istoriey..." Əlbəttə, ilk növbədə, konkret əsərin müəllifinə aid olan bu komplementar qeyd həm doğru, həm də bütövlükdə ədəbiyyatımızın ünvanına söyləndiyindən, xoşagələn idi. Mən geri çevrilib təşəkkür eləmək istədimsə də, təbəssümlə kifayətləndim. Və fikirləşdim ki, görəsən, moldovan ədəbiyyatçıların son 10-15 ildə rus dilində heç bu qədər danışdıqları olubmu?! Və onlar bizim bu xidmətimizi unutmayacaqlar ki?!

Tədbirin ən yaddaqalan məqamı isə əlbəttə, kitabimzalama idi ki, bunu da müəllifin, indiki halda isə xalq yazıçısı Anarın  öz kitabına sonuncu redaktəsi kimi qəbul etmək olardı...

 

Davamı gələn sayımızda

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!