Adiliyin zövqsüzlüyünə etiraz... - Ülvi BABASOY yazır

"Karenin nə vaxtdan bəri Anna ilə sevişmirdi? Bəs Vronski? Görəsən, Annanı razı sala bilmişdimi? Anna aseksual deyildi? Qaranlıqda sevişirdilər, işıqda? Yataqdamı, xalçanın üstündəmi? Üç dəqiqədə, üç saatda? Bir-birlərini necə əzizləyirdilər? Sevginin qulağına romantik sözlər pıçıldanırdı yoxsa, ədəbsiz sözlər? Yoxsa səssizcə sevişirdilər? Bu barədə heç bir şey bilmirik. O dövrün romanlarında eşq, ilk görüşdən cinsi əlaqənin astanasına qədər uzanan ucsuz-bucaqsız bir ərazini zəbt edirdi. Astanadan o yana keçməyə icazə yoxuydu, qadağan olunmuş zonaydı". Elə həmin dövrün real həyatı da belə idi. Məhrəmlik özünü qoruyub saxlayırdı. Məhrəmliyin istiliyi, temperamenti ölənəcən bəs idi. Eşq daha çox platonik məzmundaydı. Ən azından, ədəbiyyatda belə təsvir edilirdi. Ancaq zamanla için çölə çevrilməsi sürətləndi. Ən intim ünsiyyətlər pul, karyera və ən əsası da mətbuatla, vizual vasitələrlə hər kəsə elan edildi. Alqoritmləşən bir dil və ünsiyyət modeli yarandı. Boz, məzmunsuz adətlər və inadla davam edən monoton, adi münasibətlər isə bütün zamanların bəlasıdır ki... Tolstoy və müasirləri həyatı da romanlardakı kimi geniş epik vüsətdə görmək istəyirdilər.

Mərhum dramaturq Rövşən Ağayevin "Bir gecənin nağılı" pyesində də o məhrəmlik və epik vüsətə qovuşmaq istəyi var. Ötən həftə "Səda" Tədris Teatrının səhnəsində fəaliyyət göstərən "Mənim teatrım"da eyniadlı pyesin tamaşası baş tutdu. "M-Teatr"ın rəhbəri, əməkdar artist Vidadi Həsənovun rejissoru olduğu tamaşa uğurlu səhnə işidir. Nağılın epik vüsəti ilə müasir həyat toqquşur. Doxsanıncı illərin indiki dövrə transformasiyası və onun daha müasir bir ovqatda təqdim edilməsi. Nağıl öz enerjisini mifoloji yaddaşdan aldığı üçün eramızdan əvvəldən gələcəyə də gedib çıxmaq potensialına sahibdir. Tamaşa xəyali, romantik ovqatlı nağıl estetikasına əsaslanır. İki gənc özünü, itmiş zamanı, ömrü və duyğuları axtarır. Nişanlı qız evdən qaçıbdır. Gecə vaxtı bir parka sığınıb. Çünki ənənəvi, adi və romantikasız bir evlilik ona mənasız gəlir. Adiliyin, eyni yolla getməyin, yaşamağın və hətta nəfəs almağın nə qədər bayağı və zövqsüz bir vərdiş olduğunu dərk edir. Cavan oğlan isə nağılvarı gecədə "kainatın sirlərini çözməklə" məşğuldur. Gələcəyin alimi öz cızığından kənara çıxa bilməz. Bir yandan da evdə anası onu gözləyir. Qız isə gecənin dəmini tutmaq üçün bu cavan oğlanla bir az sərxoşcasına, bir az şıltaq, bir az da ərkyana ünsiyyət qurmaq istəyir. Bəlkə də, özünü ovutmağa çalışır. Özü-özünə təsəlli vermək və almaq arzusundadır.

Gənclər tənhadırlar. Qız ona doğma olan adamlar tərəfindən belə başa düşülməməyin yalqızlığını yaşayır. Oğlan romantik ünsiyyət və gəncliyin işıqlı ehtirasından məhrumdur. Nəhayətdə gecə vaxtı parkda kəsişən yalqızlığın səhnə təqdimatı ilə qarşılaşırıq. Qudbergir Berqssonun "Qu quşu" romanındakı tənhalıqla "Bir gecənin nağılı" arasında ekzistensial əlaqə görürəm. "Durbinlə uzaqlara, durbinlə baxan başqalarına baxırlar". Tənhalıq o həddədir ki, özləri kimi yalqızları seyr edirlər. Əldən başqa heç nə gəlmir. "Bir gecənin nağılı" isə çılğın və emosional gənclik duyğularını nağıl kimi sehrli və qeyri-adi görmək istəyinin ifadəsidir. Arzulanan kimi yaşaya bilməməyə estetik etirazdır. Səhnənin dinamik və işıqlı ab-havası ilə tənhalıq qaranlığını qovmaqdır.

Gözəl və istedadlı aktrisa Günay Əhməd həmin enerji və temperamenti səhnəyə ötürə bilir. Tamaşaçı nağılın sehrli gücünə inanır. Hadisələrin sonrasını və aqibətini həyəcanla izləyir, görmək istəyir. Xəyal və arzu reallıqla qovuşur. İstər səhnənin alternativ mühiti, istərsə də hadisələrin sosial qatı reallaşır. Rövşən Ağayevin mətni, Vidadi Həsənovun rejissor işi və aktyorların təqdimatı simmetrik uyğunluq təşkil edir. Əsas məsələ tamaşaçıları hadisənin reallığına inandırmaq idi. Tamaşaçılar inanmalıdır ki, gerçək həyatdan qopub tamaşanın alternativ, cazibədar və mistik atmosferinə daxil ola bilsinlər. Tamaşa boyu o reallığı davam etdirmək isə aktyorların qabiliyyətindən asılıdır. Ki, Günay Əhməd də, onun partnyoru istedadlı aktyor Ziya Ağa da bunu bacarır. Rejissor isə bu hədsiz gerçəkliyi bəzən kulisdən, bəzən də səhnə tərtibatı ilə pozur. Bu hal isə estetik müdaxilədir. Modern teatrdan gələn zəruri ehtiyacdır. Tamaşaçı səhnənin reallığı ilə, gerçək həyat arasında get-gəldə olur. Belə olduqda isə gözəllik duyumundan yaranan estetik bir dərketmə prosesi baş tutur. Sənətin dili danışır.

Vidadi Həsənov Bertolt Brextin teatr fəlsəfəsini uğurla tətbiq edir. Tamaşa və real həyat arasında qalmaq həm səhnə dizaynında, həm də aktyor performansında öz əksini tapır. Miri Yusifin nəğmələri isə səhnəni daha gənc və qaynar edir. Tamaşanın məzmunu ilə musiqi arasında harmoniya yaranır. İlk baxışda asan həzm edilən ideya ilə ilkinliyə, peripateizmə, antik ədəbiyyat və mifologiyaya qayıdış arasındakı bütövlük tamaşanın sənət dəyərini artırır. Mifoloji yaddaşla tarixi yaddaş qovuşur. Kişi və dişi cinsinin mahiyyəti və ən vacib nəsnə olan sevgi və romantikanın nadir gözəlliyi qızın və oğlanın rəqs səhnəsində əyaniləşir. Ancaq... ancaq qız görəndə ki, bu qədər qısa vaxt ərzində çox yaxınlaşıblar. Və yenə də hər şey bu qədər adi və bayağıdır. Etiraz edir. Heç olmasa göyün guruldamasını, şimşəyin çaxmasını, yağışın yağmasını istəyir. Bunlar olmadıqda isə parkdan, səhnədən və oğlandan qaçır. Qaçış zamanı kulisə keçmir. Tamaşaçılar üçün olan giriş-çıxış qapısından gedir. Çünki səhnənin reallığı bu anda, elə bu anda pozulmalı idi. Ta ki, göyün guruldaması və şimşəyin çaxması parkda tənha qalan oğlanı və tamaşaçıları qəfil gələn səs və işıq ilə səhnəyə, hadisələrin reallığına qaytarsın. Adilikdən qaçışın, xilas olmağın estetik tamaşa həllidir bu. Elə həyat həlli də. Əsas səbəb budur ki, tamaşaçıların əksəriyyəti gənclər idi.

Bir ay əvvəl "XIX-XX əsrlər dünya ədəbiyyatı" fənnindən Tolstoydan mühazirə oxumuşdum. Və "Anna Karenina" romanının 16 noyabr tarixi üçün seminarı olacaqdı. Təxminən bir ay vaxtları var idi tələbələrin. Romanı bütün qrupun oxuyacağı təqdirdə onlarla bir yerdə tamaşaya getməli idim. Tələbələr oxudular... Səhərisi gün isə "Bir gecənin nağılı" tamaşasına getdik. Tələbələr də bu gözəl və nadir romantikaya şahid oldular.

"Bir gecənin nağılı" tamaşası Vidadi Həsənovun uğurlu rejissor işidir. Bir neçə dəfə baxdığım tamaşadan hər dəfə yeni zövq alıram. Ziya Ağa qadınlarla çox ünsiyyəti olmayan (İnternet vasitəsilə yazışdığı vyetnamlı qız və anası xaric) bir gənci canlandırır. Ziya "başı elm yolunda fədakarlığa qarışan" gəncin naşılığını, utancaqlığını və qızın təsiri ilə tədricən daxilində gizlənən işıqlı hərəkət və ehtirasın üzə çıxmasını səhnəyə uyğun bədən dili ilə yaşayır, yaşadır. Olduqca uğurludur. Ancaq nitqi bir qədər qüsurludur. Səhnədə boğulur. Aydın deyil. Bu bir az səs tembrindən də qaynaqlana bilər. Ancaq belə bir səs, nitq teatrla uzlaşmır. Günay Əhməd isə ilk dəfə evdən qaçan qızın ağrısını, həyəcanını peşəkar aktyor kimi canlandırır (Əsl peşəkarlıq isə həmin qızcığazın vəziyyətinə düşməyi bacarmaqdır). Ancaq səhnə işi bunu tələb etmir. Bu naşılıq, çıxılmaz vəziyyətdən doğan ünsiyyət ironiya ilə ört-basdır edilir. Həmin ağrı və həyəcan kənarda qalır. Təbiilik, natura pozulur. Bu xırda qüsurları deməkdə məqsədim bu çox sevilən tamaşa haqqında qənaətləri bütöv şəkildə təqdim etməkdir. Çünki "Bir gecənin nağılı" modern bir eşq dastanıdır. Və bu tamaşanın hər dəfə daha yeni və təsirli estetik dəyərlə təqdim edilməsini arzu edirəm.

Ötən həftə başqa maraqlı və məhzun bir hadisə də efemer qədər qısa, ancaq mənalı yaşayan şair Faiq İsmayılov haqqında mühazirəm oldu. Faiqin anlamlı həyatı, poeziyası və bu barədə fikirlərimi diqqətlə dinləyən tələbələr bu şairi tanımadıqlarına təəssüf etdilər. Faiqin şeirləri "yaş balıqtək" çabalayan poeziyamıza Əli Kərim, Ramiz Rövşən, İsa İsmayılzadə, Vaqif Bayatlı, Vaqif Səmədoğlu kimi şairlərin yaddaş və can verməsi kimi təzədir. "Şeir kimi" yaddaqalan bir Faiq İsmayılov obrazı var gerçək sənət və ədəbiyyat tarixində. Onu görənlər də, görməzlikdən gələnlər də bu həqiqəti inkar edə bilmir. Ən azından, vicdanən. Siz bilirsizmi ki, Faiq hələ illər əvvəl aktyor dostu Vidadi Həsənova şeir həsr edib?! Vidadi Həsənov haqqında bir cümləlik xarakteristika: O, teatrla harmoniya təşkil edən nitqi, performansı və ən əsası da mimikasındakı plastik hərəkət trayektoriyasına görə fərqlənən peşəkar sənət adamıdır. Teatra həsr edilən ömrünü isə ən, ən gözəl Faiq ifadə edir.

"Maska geyinməyə nə var,

Altda özünsən

Səhnə isti olsa,

Yanırsan,

Soyuq oldu üşüyürsən.

Ürək geymək çətindi

özgəsinin ömrü üçün

"Ölməlisən"...

Kişisən döz, indi!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!