Kinoda poetik realizm cərəyanın yaranması 20-ci illərin sonu səsin kinoya gəlişindən istifadə edən bir çox rejissorlar myuzikl, melodram və teatr tamaşalarına doğru istiqamətləndilər. Ancaq onların bu fəaliyyətləri uzun müddət davam etmədi. 1929-cu ildən başlayan və otuzuncu illərə qədər bütün dünyaya, eləcə də Fransa iqtisadiyyatına güclü təsir göstərən böyük iqtisadi böhranın nəticəsində əmələ gələn, ictimai siyasi qarışıqlığın içərisində poetik realizm cərəyanının yaranması və kinoya gəlişi baş verdi. İşçi siniflərin problemlərini, insanın bədbəxtliyinə və labüdlüyünə işarə edərək Amerika nuar filmlərinə bənzər parlaq atmosfer, pessimist üslub və poetik bir həssaslıqla izah olunan bu cərəyan ilk olaraq Fransada yayılmağa başladı.
Poetik realizm cərəyanına daxil edilən filmlər adından da göründüyü kimi realizm ənənəsini daşıyırdı. Çünki bu qəbildən olan filmlərdəki obrazlar daima həyatın amansızlığı ilə üz-üzə gəlirlər, onların əksəriyyəti umidsiz və çarəsizdirlər. Digər tərəfdən isə iqtisadi tənəzzül özü ilə bərabər həm də çoxlu sayda cinayətlər gətirmişdi.
Bütün bunlarla yanaşı bu filmlər həm də naturalizm təməlinə söykənərək poetik məna da daşıyırlar. Obrazlar daha çox kədərli, bədbin və bəzən də intihara meylli olan nihilistləri canlandırır. Filmin mərkəzində olan bu marjinal obrazlar adətən eşq üçün son şansı əldə etsələr də, son məqamda onu da itirirlər. Aşağı təbəqədən olan insanların böhranlı həyatlarından bəhs olunan bu filmlər həmişə bədbəxt aqibətlə başa çatır.
Filmlərdəki məkanların tutqun işıqlanması, örtülü səma, dumanlı hava və tez-tez yağan yağışlı görüntülər də poetik realizm cərəyana adi edilir. Bu tərz film çəkən rejissorlar estetikaya, ssenari və oradakı dialoqloqlara xüsusi əhəmiyyət verirdilər.
Bu cərəyanın nümayəndələri cəmiyyətin müxtəlif təbəqəsindən olan insanların problemlərinə çarəsiz obrazları və onların əsassız, aqressiv davranışları ilə mesajlar ötürür. Onlar sosializmi, adi insanı müdafiə edir. Müharibənin məhv etməyə çalışdığı xəyalları əhəmiyyətli hesab edərək, gündəlik həyatın poetikliyini yarıqaranlıq məkanlar, yağışdan islanmış limanlar və çiskinli havalar vasitəsi ilə ekrana gətirirdilər.
Poetik realizm cərəyanının əsas nümayəndələri Aleksandr Korda, Jak Feyder, Pyer Şenal, Jan Viqo, Jan Renuar, Jülyen Dyüvive, Marsel Karne, Lukino Viskonti hesab olunurlar.
Qeyd etdiyimiz kimi cərəyanın əsas inkişaf dövrü Fransada başlandığından bu cərəyana aid olan filmlərin bir çoxunu da fransız filmləri təşkil edir.
Fransız rejissoru Jan Viqonun 1933-cü ildə uşaqlıq xatirələri əsasında çəkmiş olduğu “Davranış-sıfır” adlı ilk və tammetrajlı filmi və dunya kinosun incilərindən hesab olunan 1934-cü ildə ekranlaşdırılmış “Atanata” filmi realizmin və sürrealzmin ünsürlərini özündə birləşdirsə də Viqonun hər iki filmdəki əhvalatlara lirik münasibəti konkret bir poetikayla əsaslanır və onu digər poetik realistlərdən ayırır.
“Atlanta” filmində Atlanta adlı gəmi ilə səfərə çıxan ər və arvaddan bəhs olunur. Cüliyetta adlı kəndli qız gəmi kapitanı Jan ilə ailə qurur. Daha sonra onlar Janın gəmisinə köçüb orada yaşamağa başlayırlar. Bir müddət sonra Cülyetta gəmi həyatından yorulur. Parisin dəbdəbəli həyatı onu cəlb edir. Qadın ərinin razılığı olmadan şəhərə gəzməyə çıxır. Şəhərdə onu soyurlar, kişilər əxlaqsız təkiliflər edirlər. Jan Cülyettanı gözləmədən limandan ayırlır. Ancaq bu ayrılıq onların hər ikisini dərindən kədərləndirir. Janın ekssentrik qoca dostu Cülyettanı taparaq onları barışdırır. Poetik film sayılan “Atalanta”da poeziya və qrotesk birləşir.
Digər məşhur fransız rejissoru Marsel Karne poetik realizm cərəyanına öz töhvəsini vermiş ən məhsuldar rejissorlardan biri bəlkə də birinci hesab olunur. Onun 1938-ci ildə ekranlaşdırdığı “Dumanlı liman” və “Şimal oteli” filmləri bu cərəyana öz möhürünü vuran filmlərdəndir. Realizmin bütün xüsusiyyətlərini özündə daşıyan “Dumanlı liman” filmi həmçinin yaxınlaşan böyük müharibənin cəmiyyətdə yaratdığı problemləri ümidsizlik və bədbinliyi də özündə əks elətdirir. “Dumanlı liman” filmində iştirak edən aktyorlar Mişel Simon, Jan Qabin, Mişele Morqan daha sonra rejissorun bu cərəyana aid olan digər filmlərində də tez-tez görsənirlər.
Ssenarini Jak Prever ilə birgə yazan rejissor filmə hakim olan pessimizmi müharibənin xəbərçisi kimi ekrana gətirir.
Yaşadığı psixoloji gərginlik vaxtı cinayət törətmiş fərari Jan dəniz limanında yerləşən bir şəhərə gəlir. O, meyxanada tanış olduğu Nelli adlı qıza aşıq olur. Qızın nişanlısını qətlə yetirən Zabel Nellinin də gözünü qorxudur. Qarmaqarışıq işlərə qarışan Jan şəhərdəki cinayətkar dəstənin başçısı Lyusenlə qarşılaşır. Jan polisdən yayınmaq üçün intihar edən bir rəssamın şəxsiyyət vəsiqəsini istifadə edərək Venesuellaya gedən gəminin heyətinə qoşulur. Nelliyə təcavüz etmək istəyən Zabeli öldürmək məcburiyyətində qaldğından o, gəmi yola düşən anda Lyusen tərəfindən öldürülür.
Cərəyanın öncüllərindən hesab olunan rejissor Jak Freyder film karyerasının sonlarına yaxın 1934-cü ildə ekranlaşdırdığı “Böyük oyun” filmi bəhs etdiyimiz cərəyanın ən yaxşı nümunələrindən biri hesab olunur.
Jan Renuarın 1937-ci ildə lentə aldığı “Böyük aldanış” filmi bütünlüklə poetik realizm cərəyanına aid edilir. Film fərqli təbəqəyə mənsub bir qrup fransız əsgərinin əsirlikdəki günlərindən bəhs olunur. Cərəyanın bütün ünsürlərindən istifadə edən rejissor bu filmdə bir neçə fərqli mövzu qaldıraraq onları uğurlu şəkildə təhlil edə bilir. Fərqli təbəqəyə məxsus, fərqli dillərdə danışan adamların əslində eyni problemlər ucbatından əzab çəkmələri nəzərə çarpdırılır. Beləliklə də Renuar bu filmi ilə başqa-başqa yerlərdə doğulsalar da, nəticə etibarı ilə hər kəsin insan olduğunu, müharibənin mənasızlığını və hər şeyin illüziya olması mesajını tamaşaçıya ötürür. Filmin sonunda əsirlikdən qaçan leytnant Mareşal və kəndli qadın Elizanın imkansız məhəbbəti filmə dərin meloxoniya qataraq filmi poetik realizmin zirvəsinə çıxarmağa nail olmuşdur.
İkinci Dünya müharibəsindən sonra isə poetik realizm cərəyanı İtaliya kinomatoqrafiyasına təsir göstərərək İtaliya neorealizminin meydana gəlməsində rol oynayır. Lukino Viskonti və Mikelancello Antonioni kimi bir çox italiyan rejissorlar karyeralarına məhz poetik realizm cərəyanına aid olan rejissorların assisenti kimi işləyərək başlamışlardı. Tənqidçilərin fikirlərinə əsasən onu deyə bilərik hətta bu cərəyan italya neorealizmindən sonra yaranan fransız yeni dalğa cərəyanına da ciddi təsir göstərib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!