Yaxşı aktrisa olmaq dəhşətli dərəcədə çətindir, amma mümkündür...
- Lyudmila xanım, "Bulvar Sanset" tamaşası və İsveç rejissoru İnqmar Berqmanın eyniadlı ssenari əsasında hazırladığınız "Payız sonatası" tamaşası daha çox qadın dramından, ana və övlad münasibətlərindəki konfliktlərdən bəhs edir. Bu cür xarakterik rolları ifa etmək öz arzunuz idi, ya rejissor seçimidir?
- Sırf rejissor seçimidir. Hər iki tamaşadakı rollarıma qədər mən bir az başqa səpkili qadın obrazları yaratmışam. Məşhur bir rejissor var indi adını unutmuşam. O deyirdi ki, - əgər bir aktyor pisdirsə, o, səhnədə də pis obraz ifa etməməlidir. Yəni aktyora həvalə olunan obraz onun xarakteri ilə üst-üstə düşməməlidir. Mən də həyatda tamam başqa xasiyyətli insan olsam da, son iki tamaşada xarakterimlə təzad yaradacaq obrazlar ifa etdim. Görünür, bu da dramatik taledir. "Bulvar Sanset" tamaşasındakı Norma Desmond aktrisa obrazı sonunda qatil olur və sevgilisini öldürür. Bunu ilk dəfə rejissor mənə deyəndə tərəddüd etmişdim ki, rol gərəyi olsa belə bir kişini öldürə bilmərəm (gülür). Eləcə də "Payız sonatası" tamaşasında canlandırdığım Şarlotta obrazı da xarakterimlə ziddiyyət təşkil edən roldur. O öz övladları ilə maraqlanmamaqda, onları unutmaqda ittiham olunur. Üstəlik, ittihamçı onun qızıdır. Ancaq mənə görə o, hər iki qızını çox sevir və onlarla məşğul olur, Sadəcə, Şarlottadan özünü bütünlüklə ailəyə həsr etməsi tələb olunur. Bu isə mümkün deyil. Çünki Şarlotta yaradıcı qadındır və öz sənətini də sevir. Lakin o özünü sənətinə, karyerasına o qədər dərindən həsr edir ki, ahıl yaşında tamamilə tək qaldığını, böyük boşluğa düşdüyünü anlayır.
- Hətta xəstə, köməyə möhtac qızı belə onu tək qoyur...
- Bəli. Çünki vaxtında o öz övladının mənən qayğısına qala bilməyib. Ona hələ uşaqlıqdan təlqin olunub ki, o musiqi vasitəsilə bütün hisslərini ifadə edə bilər. Əslində həmin hisslərin içərisində analıq hissi də var. Sadəcə olaraq, o bunu gənclik illərində yaxşı anlamır. Buna görə də Şarlotta üçün yaradıcılıq hər şeydən əvvəl gəlir və seçimini də sənəti üzərindən edir. Ana olduğunu, analığın gətirdiyi məsuliyyəti çox gec, ahıl yaşında dərk edir. Həyat davam edir, Şarlotta isə daxilən böyümür. Onun qızı Yeva böyüyür ana olur, hətta öz xəstə bacısını da əlillər evindən çıxarıb onun qayğısına qalır. Mənə belə gəlir ki, bütün hallarda bu tamaşada baş qəhrəman Yevadır...
- Siz həm bir qadın, həm də aktrisa kimi yaratdığınız Şarlotta obrazına haqq qazandırırsınız?
- Mən öz obrazıma həmişə haqq qazandıracam. Çünki o özü uşaqlığında çox tənha olub, heç bir qayğı görməyib. Qayğı, şəfqət elə bir hissdir ki, onlar uşaqlıqdan insana aşılanmalıdır. Şarlotta özünü musiqiyə həsr etdiyi üçün ən gözəl hissləri də pianoda ifa etdiyi zaman yaşayır. Amma qadın kimi, ana kimi hisslərdən məhrumdur. Axı o özü ana şəfqəti görməyib. O, sanki qəfildən ayılır və qızlarına etiraf edir ki, əslində bunları bilərəkdən etməyib. Şarlotta qəlbinin dərinliklərində qızlarının hər ikisini də ürəkdən sevib. Bütün bunlara görə ona haqq qazandırmaq olar. Bizim tamaşamız bütünlüklə ananın övladları tərəfindən bağışlanması üzərində qurulmuşdu.
- "Payız sonatası" filminin ssenaristi və rejissoru İnqmar Berqman Şarlotta rolunun ifaçısı İnqrid Berqmanı filmə çəkən zaman aktrisa artıq ağır xərçəng xəstəsi idi. Xəstəliyindən və şöhrətindən dolayı rejissorla onun çox ciddi mübahisələri olub. Hətta bir neçə dəfə İnqrid çəkiliş meydançasını tərk edib getmişdi. Sizinlə İlqar Safatın yaradıcılıq tandemi necə alındı?
- Mən Berqman pərəstişkarı kimi "Payız sonatası" filmini izləmişdim. Hətta rejissorumuz İlqar Safat filmin ssenarisi olan kitabı da mənə hədiyyə edib. Bizim İlqar Safatla kontaktımız çox gözəl alınırdı.
Artıq 54 illik səhnə təcrübəm var. Mehdi Məmmədov, Ənvər Behbudov, Azər Paşa Nemətov kimi rejissorlarla işləmişəm. Və hər bir rejissorun öz iş prinsipi, metodu olduğunu gözəl bilirəm. İlqar Safatın da rejissor kimi öz qaydaları vardı. Onun məndən aktrisa kimi nələri tələb etdiyini çox gözəl anlayırdım. O mənə azadlıq verdiyindən məşq zamanı heç bir artıq-əskiklik olmurdu. Bu da mənim çox xoşuma gəlirdi. Bundan başqa, İlqar Safat məşqə tam hazır vəziyyətdə gəlirdi. Tamaşanın mizanları, musiqisi, kostyumları hər zaman yerli-yerində olurdu. Mən artıq məşq boyu bilirdim ki, nahar zamanı hansı yeməyi yeyəcəm, şam vaxtı hansı paltarı geyinəcəm. Bütün bunlarla yanaşı, fonda gedən musiqini, edəcəyim mizanları da dəqiq bilirdim. Yəni məşq zamanı tamaşanın uğurlu olmasını yarı-yarıya təmin hər şey qaydasında və harmoniyada olurdu. Bu cür dəqiq rejissor işi aktyoru düzgün istiqamətləndirir və onu daxilən öz obrazına şüurlu köklənməsinə kömək edir.
- İnqrid Berqmanın Şarlottasından təsirlənmə olmadı?
- Bilirsiniz, Berqman özü də uzun müddət teatr rejissoru kim fəaliyyət göstərdiyindən, onun filmi də teatral təsir bağışlayır. Amma bizim tamaşamız çox şükür ki, filmdən xeyli fərqləndi. Misal üçün, filmdə Şarlotta sonda yenə də qızlarını tərk edib gedir. Amma bizdə ana qayıdır və qalır. Bu onun həm qızlarının yanına, həm də ana kimi, qadın kimi özünə qayıtmasıdır. Bu fərqlilik üçün də rejissora təşəkkür etmək lazımdır ki, insanlar bizim tamaşamızla, film arasında müqayisələr edə bilməyəcəklər. Rejissor bizə tamaşadakı finalı təqdim edəndə mən ona dedim ki, bu dahiyanə sonluqdur. Sözün düzü, mən özüm də klassik, bildiyimiz sonluqları sevmirəm.
- Sizcə, bu bir qədər təhlükəli deyil?
- Qətiyyən. Çünki biz Berqman mətninin ədəbiliyini qorumuşuq. Sadəcə olaraq, rejissor tamaşanı orda iştirak edən hər kəsdən daha yaxşı bilir.
- Lyudmila xanım, səhv etmirəmsə, bizim teatr məkanında sizin tamaşanız Berqman yaradıcılığına ilk müraciətdir.
- Dünyanın müxtəlif ölkələrində Berqmanın əsərləri səhnələşdirilib. Elə "Payız sonatası" da. Amma siz haqlısınız Azərbaycanda ilk dəfədir ki, Berqmanın ssenarisindən istifadə olunub. Mən sizə deyim ki, Berqmanın yaradıcılığına diqqətlə nəzər yetirəndə orada Anton Çexovun əsərlərini xatırladan nələrisə tapmaq olar. Çünki məşq zamanı eşitdiyim sözlər, hiss etdiklərim mənə Çexovun "Albalı bağı", "Çayka", "Üç bacı" pyeslərini xatırladırdı. Bu kimi assosiasiyalar aktyora daxili vəziyyətini tarazlamaqda köməklik edir.
Bəlkə də, heç kim inanmayacaq, amma mən öz rolumu özüm üçün bir neçə variantlarda, rakurslarda yazıb hazırladım. Bütün bunları mən ssenarini oxuyarkən, məşqlərdə ifa edərkən yaddaşıma qeyd edib, sonra yazılı formaya salırdım. Hesab edirəm ki, bu, incəsənət əsəridir. Yaxşı aktrisa olmaq dəhşətli dərəcədə çətindir, amma mümkündür. Bunun üçün isə, təbii ki, zəhmət çəkmək, rol üzərində dəqiq işləmək lazımdır.
- Tamaşanın məşqləri nə qədər çəkdi?
- Bu tamaşanın yaranmasına görə mən teatrımızın direktoruna təşəkkür edirəm. Tamaşaya təsdiq olunduğumdan xəbərsiz idim. Biz tamaşanın əmri veriləndən dərhal sonra məşqlərə başladıq, məşqlərimiz hardasa bir ay yarım davam etdi. Və inanılmazdır ki, bu qədər qısa vaxt ərzində ortaya keyfiyyətli səhnə işi qoya bildik. Bu da, görünür, bizim tamaşadakı komandamızın peşəkarlığından irəli gəlir
- Yeri gəlmişkən, belə deyək də, tamaşadakı qızların hər ikisi cavan aktrisalardı. Onlarla işbirliyi necə alındı.
- Çox gözəl. Tərəf-müqabilim Rumiyə Ağayevanı hədsiz dərəcədə çox istəyirəm. Yeva rolu onun ilk irihəcmli baş roludur. O, bir çox yerli seriallarda iştirak edib, amma teatrda bu onun ilk işidir. O, həm də tamaşanın xoreoqrafı olduğundan tamaşadakı rəqsləri də özü qurub. Mənə elə gəlir ki, bu bizim teatrda ilk yaxşı aktyor rəqsidir. Düzdür, mənim iştirak etdiyim digər "Bulvar Sanset" tamaşasında da rəqslər var. Ancaq mən o rəqsləri o qədər də qəbul etmirəm. Çünki o tamaşada xoreoqraf işi yoxdur. Ancaq "Payız sonatası"ndakı rəqslərdə əsərin ideyası, qəhrəmanın yaşadığı təbəddülatlar özünü gözəl əks etdirir. Rumiyə Ağayeva aktrisa kimi çox hissiyyatlı, plastik və hərəkətlidir. Gözəl səsi var. Və bir də Rumiyə Ağayeva başqa aktrisalar kimi qrimə, bəzəyə o qədər də can atmadı. Fikir vermisinizsə, tamaşada da o, çox sadə və demək olar ki, qrimsizdir. Və bunu özü bilərəkdən, qorxmadan etdi. O, həyatda tamam başqa cür olsa da tamaşada özünə xas bir obraz yaratmağa nail oldu. Hər iki tərəf-müqabilim istər Rumiyə Ağayeva, istərsə də Tamilla Abutalıbova istedadlı aktrisadırlar. Ümid edirəm ki, onlar öz üzərlərində çox işləyəcək və səhnədə nələrsə edə biləcəklər. Bəzən gənclərin həyatında elə bir mərhələ olur ki, onlar hər şeyi çox yaxşı başlayır, lakin sonradan qəribə bir sakitliklə səhnədən uzaqlaşırlar.
Bu sənət isə daima öyrənməyi və zəhmət çəkməyi tələb edir. Çünki dövr, zamanın ritmi, hətta insanların danışıq tərzi belə tez-tez dəyişir. Yadınıza gəlirsə, əvvəllər televiziya aparıcıları sözləri çox sakit, aramla deyirdilər, ancaq indi baxsaq görərik ki, aparıcılar necə sürətlə danışırlar. Zamanın bu cür dəyişmələri, tezləşmələri ilə hər kəs, xüsusən də sənət adamları ayaqlaşmağı bacarmalıdır.
- Lyudmila xanım, repertuarda olan digər tamaşanızın da rejissoru İlqar Safatdır. Rejissor seçimi edirsiniz?
- Mən bütün rejissorlarla işləməyə hazır olan aktrisayam. Əsas olan işləməkdir. Uzun illər teatrda bir-birindən fərqli rejissorlarla işləmişəm. Onların hamısı mənə öz təsirini göstərdi, kömək etdi, nələrisə öyrətdi. Gülcahan Güləhmədova səhnədə hisslərin ifadə olunmasını, Rüstəm İbarahimbəyov ənənəvi ştamplardan azad olmağı, sadəliyi və sadiqliyi, İnarə Tağızadə özümdə olanları kəşf etməyi, yeni nələrsə axtarıb tapmağı, Aleksandr Şarovski rolun ən mürəkkəb variantını təklif edərək məni rol ətrafında hər cür axtarışlara dəvət edirdi.
- Stanislavski deyirdi ki, tamaşanın hakimi tərəf-müqabilidir...
- Bir çox aktyorlarla unudulmaz işbirlyimiz olub ki, mən həmin günləri bu gün də yada salanda onları minnətdarlıqla yad edirəm. Yaxşı tərəf-müqabili özündə çox şeyi ehtiva edir. Məlik Dadaşov, Fuad Poladov mənim yadımda gözəl aktyor, yaxşı tərəf-müqabili kimi qalıblar. Məlik Dadaşov təəccüb doğuracaq qədər həssas tərəf müqabili idi.
Fuad Poladov isə yaddaşımda ən etibarlı tərəf-müqabili, aktyor kimi qaldı. Ona hər zaman etibar etmək olardı. O, həmişə yaxşı əhvalla məşqə gələr, heç zaman öz şəxsi narahatlıqlarını səhnəyə gətirməzdi. Bununla yanaşı, etiraslı, yumor hissi güclü olan aktyor idi. Dinləməyi və eşitməyi çox gözəl bacarırdı. Onunla xeyli tamaşada tərəf-müqabili olmuşuq. On iki il isə "Qarışıq hisslər" tamaşasında birgə işləmişik. Heç bir zaman mətnlə, qarşılıqlı tandemlə bağlı problem yaşamadıq. Fuad Poladovun özünəməxsus stili, cazibəsi, ziyalılığı, təvazökarlığı onu başqa aktyorlardan ayırırdı. O, birmənalı şəkildə əsl şəxsiyyət idi. Gənc nəsil onu özləri üçün nümunə götürməlidir.
Söhbətləşdi: Samirə ƏŞRƏF
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!