Şahmar Ələkbərov sənətə 60-cı illərdə gələn və öz gəlişi ilə Azərbaycan kinosunun ab-havasını yeniləşdirən, onu patetikanın, süni ritorikanın, yersiz pafosun cəngindən qurtarıb həyata, reallıga daha çox yaxınlaşdıran aktyor nəslinin istedadlı nümayəndələrindən idi. A.İskəndərov, M.Məmmədov, R.Təhmasib kimi korifeylərdən dərs almış bu nəsil yaratdıqları obrazların səhnə və ekran yozumunda realist və romantik sənət ənənələrinin üzvi sintezi prinsipindən çıxış edərək öz qəhrəmanlarını sxematik qəliblərdən, şablonlardan uzaq təbii və səmimi oyun stixiyasında təqdim edirdilər. Təbiilik və səmimiyyət - inandırmağın, inandırmaq isə sənətin ən sadə və mütləq, əbədi və dəyişməz şərtidir.
Amma bu sadə həqiqətin uzun illər ərzində formalaşmış stereotiplər fonunda öz təsdiqini tapması göründüyü qədər də sadə deyildi və yəqin, bunun nəticəsi idi ki, həmin nəslin bəzi nümayəndələri - təkcə oyun üslubu yox, fitrətən özləri də təbii və səmimi olanlar teatrda qərar tuta bilmədilər, nəyə qadir olduqlarını, sənətə hansı missiya ilə gəldiklərini başqa məkanda sərgilədilər, özlərini lideri Adil İskəndərov olan "kino məktəbində" - kamera qarşısında, çəkiliş meydanında sübut etdilər. "Mümkün qədər çox kolorit, milli ruh, müasirlik və təbiilik" - kinostudiyaya rəhbərlik etdiyi illərdə A.İskəndərovun kollektivin qarşısına qoyduğu ən yaxın (həm də ən uzaq!) məqsəd bu idi və kino sənətimizi bu məqsədə doğru aparanlardan biri də Ş.Ələkbərov oldu.
Hərçənd kino tənqidçilərinin dili ilə desək, onun zahiri görkəmi, siması o qədər də fotogenik deyildi. Şəhərdə - asfalt üstündə böyüsə də təhər-töhürü həyatın dibindən qopub gələn insanların imicinə daha uyğun gəlirdi. Amma Şahmarın üstünlükləri də vardı - təbiilik və səmimiyyət, çöhrəsindən heç vaxt əskik olmayan işıq, daim dodaqlarında sayrışan və bir şairin dediyi kimi "min bir rəngə çalan" təbəssüm. Vəziyyətdən asılı olaraq rəngdən-rəngə düşən bu sehrli təbəssüm sevinci də, sevgini də, kədəri də, nifrəti də eyni dərəcədə dəqiq ifadə etmək gücündə idi və sonradan onun yaratdığı bütün obrazların xarakterinə, xislətinə işıq salan, onları özgürləşdirən magik bir quvvə kimi Şahmarı uğurdan-uğura aparırdı. Üstəlik, məxmər kimi yumşaq səs, qeyri-adi dərəcədə mənalı diksiya…
Şahmarın bu üstünlüklərini hamıdan tez görən rejissor K.Rüstəmbəyov ona 1968-ci illərdə çəkdiyi "Dağlarda döyüş" filmində Fərrux rolunu tapşırdı. 24 yaşlı gənc aktyor sərhəd zastavasında xidmət edən gənc əsgərin obrazını hər cür ritorikadan uzaq elə bir yozumda təqdim etdi ki, Fərrux dərhal tamaşaçıların simsarına çevrildi, yadda qaldı, sevildi. Onun Hicrana bəslədiyi saf, təmiz məhəbbət, təqib edib əsir aldığı sərhəd pozucusunun müharibədə itkin düşmüş atası olduğunu biləndə keçirdiyi sarsıntı o qədər təbii boyalarla, inandırıcı ştrixlərlə canlandırılmışdı ki, bu obrazın sənətdə o qədər də təcrübəsi olmayan, kinoda ilk addımlarını atan gənc bir aktyor tərəfindən yaradılmasına inanmaq istəmirdin.
Amma Şahmar bizi buna inandırdı və bu uğuru ilə həm də digər rejissorlara "Baxın, mən varam, mən fərqliyəm və siz məni görməlisiniz" mesajını göndərdi. Bəziləri bu mesaja reaksiya vermədi, "bu təbiilik qədərindən çoxdur (?)" - deyə özlərini görməməzliyə qoydu. Lakin onu görənlər, ona yeni şans verənlər də oldu. Bir il sonra rejissorlar T.Tağızadə və A.Quliyev onu "Mən ki gözəl deyildim" filmində sürücü Məzahir roluna dəvət etdilər. Filmdə müharibə illərində uzaq dağ kəndlərinin birində yaşayan insanların qayğılarından bəhs olunur. Oğul, ər, qardaş itkisinin ağrı-acısı, əsəbləri tarıma çəkən gərgin həyat ritmi, isanları iş başında, çöldə-bayırda yaxalayan "qara xəbər" kabusu - bütün bunlar filmdə insanların ruhunu sıxan, onları doyunca sevinməyə (və sevilməyə) qoymayan reallıqdır. Və birdən-birə bu tutqunluğu şimşək kimi yarıb keçən, hadisələrə bir canlanma gətirən işıq - Məzahirin təbəssümü, nikbinliyi, "insan ən çətin anlarda belə öz insanlıq missiyasına xəyanət etməməlidir" inamına söykənən təbiiliyi. Elə buna görədir ki, filmə tamaşa edəndə Məzahirin ekranda növbəti dəfə nə vaxt peyda olacağını, hadisələrə bir şuxluq gətirəcəyini səbirsizliklə gözləyirsən və istəmirsən ki, o, yenə də hadisələrin (kadrın) arxasına keçsin, meydanı digər personajlara versin. Çünki Məzahir həyat adamıdır, sevgi və inamla yaşamaq nümunəsidir. İnsanların hisslərinin, dözümünün sınağa çəkildiyi bir vaxtda o, necə deyərlər, iki daşın arasında sevməyə və sevilməyə macal tapır, atasını itirmiş, kimsəsiz qalmış Səidənin həyat eşqini sönməyə qoymur.
"Yeddi oğul istərəm" filmində yaratdığı komsomolçu Qəzənfər Şahmarın sənət taleyində xüsusi çəkisi olan obrazdır. Məsələ burasındadır ki, Qəzənfər Fərrux və Məzahir kimi xarakteri hadisələrin gedişində tədricən açılan insan deyil, hərəkətləri, davranışı, düşüncəsi əvvəlcədən proqramlaşdırılmış, müəyyən bir ideyanın daşıyıcısı olan obrazdır. Belə obrazları yaratmaq aktyor üçün nisbətən asan, lakin onu tamaşaçılara sevdirmək, tamaşaçıları onun səmimiyyətinə inandırmaq xeyli çətindir. "Gəray bəy məzlumların, kasıbların düşmənidir, Deməli, Qəqəni, Gəray bəy sənin də, mənim də düşmənimdir. Ona görə də əmr edirəm ki, onun gicgahından vurasan" - Qəzənfərin bu sözləri bir obraz kimi onun daşıdığı ideoloji funksiyanın sərhədlərini çox dəqiq cızır. Şahmar, necə deyərlər, bəy ovuna çıxmış, öz xülyalarının "humanist" məzmunundan vəcdə gəlib göydə uçan bu insanı aşağı endirərərək onu yer adamı etmək üçün yenə də özünün ilkin aktyor materialına müraciət edir, Qəzənfəri yalnız hansısa ideyanın, çağırışın ruporu kimi yox, sadə, "uşaqla uşaq, böyüklə böyük" olmağı bacaran insan kimi yaradır. O, hətta ölüm ayağında da öz şuxluğunu saxlayır, bu dünya ilə gülə-gülə vidalaşır.
"Atları yəhərləyin" filmində yaratdığı İbiş Şahmarın yaradıcılığında yeni bir mərhələdir desək, məncə, qətiyyən yanılmarıq. Bu obraz səsinin tembri, bayaqdan bəri haqqında danışdığımız təbəssümü daha çox müsbət başlanğıca malik insanların xarakterinə uyğun gələn Şahmarın aktyor kimi necə geniş imkanlara malik olduğunu ortaya qoydu. Onun qəhrəmanı İbiş "Kömək et, Nəbi qağa, namusum əldən gedir" - deyə Nəbinin ayaqlarına yıxılan məzlumdan çar məmurlarının əlindən çörək yeyən, bunun müqabilində millətini satan, ona xəyanət edən əldəqayırma "bəyə" qədər şərəfsiz bir yol keçən rəzil varlıqdır. Əyninə bəy libası geyinmiş, belinə xəncər bağlamış bu gədə çar əsgərlərinin dalınca quyruq tulası kimi sürünür, verdikləri bəyliyin əvəzində onlara qulluq göstərir, bələdçilik edir. Aktyor bu obrazı da sxematiklikdən çıxararaq təbii planda yaradır və nə qədər paradoksal səslənsə də obrazın bütün mənfi enerjisini, xislətini - satqınlığını, qorxaqlığını onun iyrənc təbəssümündə kodlaşdırır, İbişi tarixin müxtəlif dövrlərində "sapı özümüzdən olan baltaların" - Vətənə xəyanət edənlərin kompleksini özündə yaşadan ümumiləşdirilmiş obraz səviyyəsinə qaldırır.
Şahmar bütün varlığı ilə kinoya bağlı idi. Ömrünün son 6 ilini sağalmaz xəstəliklə mübarizədə keçirən bu insan ağır cərrahiyyə əməliyyatından sonra aktyor kimi fəaliyyətinə son qoymaq məcburiyyətində qaldı. Vaxt axdıqca şam kimi əriyirdi Şahmar. Amma o, təslim olmadı, yaşamaq, yaratmaq yanğısı onu rejissorluğa gətirdi. Əvvəlcə G.Əzimzadə ilə birlikdə "İmtahan" filmini çəkdi, sonra müstəqil olaraq "Sahilsiz gecə" filminə quruluş verdi. Ssenari müəllifi və rejissoru olduğu "Qəzəlxan" filmi isə onun sənət yolunun son akkordu oldu.
Şahmar fitrətən aktyor idi, rejissorluğa isə, məncə, həyatında, yaradıcılığında yaranmış boşluğu doldurmaq, ölümü ləngitmək, əcəli aldatmaq üçün gəlmişdi. "İmtahan" müştərək film olduğundan onun bu ekran əsərinin uğurunda hansı rolu oynadığını müəyyn etmək o qədər də asan deyil. "Sahilsiz gecə" isə Şahmara əməlli-başlı başağrısı oldu. Filmdə atası 30-cu illər repressiyasının qurbanı olan, müharibə illərində əxlaqsız hayat tərzi keçirən Zibeydə adlı bir qadının taleyindən bəhs olunur. Şahmar onu sovet cəmiyyətinin antihumanist mahiyyətinin qurbanı kimi təqdim edir, artıq yaşlı qadın olan Zibeydənin keçmişinə məhz bu prizmadan baxırdı. Yazıqlar ki, filmin ekranlara çıxdığı 90-cı illərin əvvəllərində cəmiyyətdə hökm sürən kataklizmlər, bəzi boğazdan yuxarı "millətçilərin" fitvası bu filmə heç bir əsası olmayan aqressiv bir münasibət formalaşdırdı. "Qoymayın, Azərbaycan qadını dünyada biabır oldu" hay-həşiri ilə kinostudiyanın qarşısında piket keçirən kütlə Şahmarı "razborkaya" çağırırdı. Xəstəliyi getdikcə ağırlaşan Şahmar kütlənin qarşısına çıxmağa özündə qüvvə tapdı, təmkinlə, məntiqlə hər şeyi yoluna qoydu.
Mən həmin hadisələrin iştrakçısı olmamışam. Lakin qəzəbli insanların öz səhvini anlamasında Şahmarın həmin o təbəssümünün həlledici rol oynamasına tam əminəm.
...Və dəlicəsinə inanıram ki, Şahmar bu dünyadan köçəndə də dodağında təbəssüm, üzündə işıq olub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!