"Göz yaşları axıdan ada" - Atababa İsmayıloğlu yazır

İkinci Dünya savaşı illərində Sarıqamış və digər əməliyyatlar zamanı rus ordusu tərəfindən əsir alınmış türk əsgər və zabitləri o zaman Rusiya İmperiyasının tabeliyində olan Azərbaycana gətirilmiş və çox ağır şəraitdə Bakı yaxınlığındakı Nargin (indiki adı Zirə) adasında saxlanılmışdır. Adada əsirlərə ağır mənəvi və fiziki işgəncələr verilir, onlar günlərlə ac və susuz qalırdılar. Rus İmperiyası dağıldıqdan sonra əsirlərin vəziyyəti daha da ağırlaşır. Özü də əsirlər arasında mülki şəxslər - iki yaşından 15 yaşına kimi uşaqlar, yaşı 80-ni haqlamış qocalar da vardı. 1917-ci ilin dekabr ayında Bakı Şəhər İdarəsinin tapşırığı ilə adaya gedən Nəriman Nərimanov bu adanı "göz yaşları axıdan ada" adlandırmışdır. N.Nərimanov şəhər dumasında etdiyi çıxışında bildirmişdi ki, Nargin qəbiristanlıqdır, bu qəbiristanlığın yanında minlərlə adam öz ölümünü gözləyir. Əsirlərin harayına nə Duma, nə də Qafqazda yerləşən rus ordusunun komandanı çatır. Onları bu ölüm pəncərəsindən qurtarmaq üçün Bakı əhli, Bakıətrafı kəndlər gizli mübarizəyə qalxır. Müsəlman xeyriyyə cəmiyyətləri, Bakı qoçuları, varlı insanlar hər vasitə ilə adadakı əsirlərə yardım göstərir, ən başlıcası isə öz həyatlarını təhlükə altına qoyaraq onların bir çoxunu müxtəlif yollarla ölüm düşərgəsindən qaçırırlar. İndi o vaxtdan yüz ildən çox vaxt keçib. Amma bu hadisə nə Türkiyə vətəndaşları, nə də Azərbaycan xalqı tərəfindən unudulmayıb. Bu haqda elmi məqalələr yazılıb, kitablar dərc olunub. Bu mövzu  bədii ədəbiyyatda, incəsənətdə öz əksini tapıb. Belə əsərlərdən biri də Rəfail Öztürk Dağlının "Nargin faciəsi" tarixi pyesidir.

Bu pyes əsasında hazırlanmış tamaşa oktyabrın 24-də Azərbaycanın xalq artisti Amaliya Pənahovanın bədii rəhbəri olduğu Bakı Bələdiyyə Teatrının təqdimatında Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olundu. Türkiyə və Azərbaycan iş adamları və Sənayeçilər İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı böyük elçisi Erkan Özoral, Türkiyə Ulaşdırma və Altyapı bakanı Mehmet Cahit Turhan, Kamu Baş Denetçisi Şərəf Malkoç, Özəlləşdirmə İdarəsi Başkanı Ahmet Aksu  və digər qonaqlar iştirak edirdilər.

Tural Ağayevin (Baxışın) rejissorluğu ilə hazırlanmış "Nargin faciəsi" ilk növbədə lakonikliyi və bədii keyfiyyətləri ilə diqqəti çəkirdi. Rejissor tamaşada üç köməksiz əsirin və onları qurtarmağa çalışan, bu yolda həyatlarını belə qurban verməyə hazır olan üç insanın timsalında minlərlə əsirin və onlar üçün narahat olan yüz minlərlə insanın obrazını canlandıra bilmişdir. Əsərdə və onun səhnə həllində tarixə sədaqət də diqqəti çəkir.

Üç tarixi fədakar şəxsiyyət - Sona xanım Hacıyeva (Zülfiyyə Qurbanova), Ələsgər Məmmədov (əməkdar artist Rafiq İbrahimov), Əjdər bəy Aşurbəyov (əməkdar artist Əfqan Soltanov) böyük bir dövlətin "asayiş keşikçiləri", kəşfiyyat işçiləri qarşısında çəkinmirlər, günahsız insanları qaçırmağa çalışırlar. İstər Rafiq İbrahimov, istər Əfqan Soltanov, istərsə də Zülfiyyə Qurbanova öz rollarının öhdəsindən gəlməyə çalışırlar. Onların ifasından hiss olunur ki, əməllərinin təhlükəsini də, şərəfini də yaxşı bilirlər. Onlar yaratdıqları obrazların qəhrəmanlıqlarını şişirtmədən, təvazökarcasına üzə çıxarmağa çalışırlar. Tamaşada türk əsirlərinin - Yüzbaşı Süheyt İzzətin, Yüzbaşı Fərqat Tursunun, Yüzbaşı Şükür Şabanın obrazlarını  Elçin Muradov, Tural Əhməd və İsmayıl Atakişiyev canlandırırlar. İlk görüşdə biz onları fiziki cəhətdən sarsıdılmış, amma qürurlu görürük. Onları güllələməyə hazır olan, əli silahlı poruçik Akopovun (Namiq Cavadov) qarşısında belə məğrurdular. Bu üç ifaçının baxışlarında, hərəkətlərində bir narahatlıq var. Onlara bu ölüm məngəsindən qaçış təklif olunsa da tərəddüd edirlər. Ona görə yox ki, hansısa gözlənilməz, təhlükəli hadisədən çəkinirlər. Ona görə ki, onları qaçıran insanlara, xüsusən də Sona xanım Hacıyevaya bir xələl toxuna bilər. Əsərdən gələn bu ideyanı və rejissorun tapşırığını aktyorlar məharətlə yerinə yetirirlər.

Tamaşada mübarizənin əks qütbünü rus imperiyasının polisləri və kəşfiyyat nümayəndələri təmsil edirlər. Bu qütbəyə məxsus rolları Cövdət Şükürov (rotmistr Mateqornı), Toğrul Rza (podpolkovnik Lukyanov), Asif Rəhimov (Rudenko) ifa edirdilər. İfaçıların oyunlarından görünür ki, bu paqonlu insanların boyuna xudbinlik, riyakarlıq, ikiüzlülük biçilib. Onlar imperiyanın mənafelərindən çox, öz şəxsi ambisyalarını üstün tuturlar. İfalardan hiss olunur ki, bu səviyyəli insanlar heç bir sənəd və sübutla, tədqiqat və araşdırma ilə  "cinayət" işini aça bilməzlər. Ona görə də "günahkarı" cinayət yolu ilə, terrorla məhv etməyə üstünlük verirlər. Aktyorların ifasında bu insanlar öz riyakarlığı, ikiüzlülüyü ilə seçilirlər, ifaçılar yaratdıqları obrazlara nifrət oyada bilirlər. Onların bir yerə toplaşdığı səhnədə kütbeyinlikləri üzə çıxır. Belə bir ifa ilk növbədə üç nəfər fədakar insanın o boyda imperiyanın düşərgəsindən əsirlərin qaçırmasını daha da inandırıcı edir.

Tamaşada diqqətçəkən rollardan biri də Əhməd Salahovun ifasında düşərgənin rəisi polkovnik Poltoratskidir.  Poltoratski zabit olsa da, qəlbində xeyirxah bir insanın ürəyi döyünür. Öz dövlətinin haqsız olduğunu anlayır, vəzifəsinə xəyanət olsa da, ədalət naminə özünü təhlükəyə atır, əsirləri bu məşəqqətdən qurtarmağa çalışır. Əməkdar artist Əhməd Salahov ifasında polkovnik Poltoratskinin bu cəhətlərini aydın verir. Aktyorun ifasında polkovnik təmkinlidir. Əsirlərlə söhbətində, səsində mülayimlik sezilir. Baxışlarından müdriklik yağır.

Tarixdən o da məlumdur ki, Nargin adasından qaçırılıb vətəninə yola salınan əsirlərin bir çoxu sonradan Nuru Paşanın ordusunun tərkibində Bakını xilas etməyə gəlmişlər. Elə tamaşa da bu sonluqla bitir. Tamaşanın sonunda əsirlikdən xilas olmuş Süheyt İzzətin, Fərqat Tursunun, Şükrü Şabanın Azərbaycan bayrağı ilə səhnəyə daxil olmasının şahidi oluruq. Quruluşda yeri gəldikcə kino-xronikalardan fraqmentlər də diqqətə çatdırılır. Görünür, rejissor xronikaları tamaşada inandırıcılığı artırmaq məqsədilə əlavə etmişdir.

Ümumiyyətlə, Bakı Bələdiyyə Teatrının "Nargin faciəsi" tamaşaçı uğurludur, Türkiyə-Azərbaycan dostluğunun tarixi köklərinə bədii vasitələrlə nəzər salır, onların möhkəmləndirilməsinə çalışır, xoş bir niyyətə xidmət edir. Tamaşada bu məramın daha güclü olması naminə arzu edərdik ki, teatr imkan daxilində plakatçılıqdan qaçsın. Bu həm ədəbi mətnə, həm rejissor işinə, həm də aktyor oyununa aiddir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!