Qandi ən müxtəlif mövzularda yazan məhsuldar yazıçı idi. Düşünürəm ki, mövzu əhatəliyi cəhətdən, hətta misilsiz yazıçı Volter də onunla müqayisə edilə bilməz. Qandi yaşadığı uzun illər boyu özünün məşhur Young İndia (Gənc Hindistan), "Navacivan" və "Harican" qəzetlərinə sonsuz sayda məktub, ön söz və tematik məqalələr yazmışdı. O, həm də bir çox kitabların müəllifidir. Bu sıradan 1927-ci ildə nəşr etdirdiyi "Mənim həqiqət haqqında apardığım eksperimentlər" avtobioqrafik əsər diqqəti xüsusi olaraq cəlb edir. Bundan əlavə, onun müsahibələri, kütləvi müraciətləri, ibadət və adi söhbətləri sözbəsöz yazılaraq Hindistanın və gündəlik xarici qəzetlərin səhifələrində dərc edilmişdir. Nə Qandiyə qədər, nə də Qandidən sonra dünyada buna bənzər fenomenal hadisə olmayıb. Materialların sel kimi axını ucbatından Mahatmanın rəsmi mirzəsi olan Pyarelal Nayyar, yəqin ki, başını itirmiş olardı. Qandi özünü heç vaxt yazıçı hesab etməsə də onun ədəbi irsi heyrətamiz dərəcədə təəccüb doğurur.
Özünün böyük müasiri Rabindranat Taqordan, eləcə də sədaqətli davamçısı Vicai Lakşmi Neru Panditdən fərqli olaraq, Mahatma çox da qeyri-adi ədəbi üsluba malik deyildi. O, yazılarında dəbdəbəli, dilə yatımlı bədii ifadələrdən nadir halda istifadə edirdi. Yüksək ədəbi-bədii zövqə malik olmasına baxmayaraq, onun əsərlərində diqqəti cəlb edən gözlənilməz hadisələrə rast gəlinmir. Qandi heç vaxt estetizm tərəfdarı olmayıb, o, praqmatik şəxsiyyət idi. Dünya miqyaslı tanınmış yazıçı olmaq üçün onun nə kifayət qədər vaxtı, nə həvəsi, nə də iddiası var idi. O, yalnız xalqını və onun azadlığı barədə düşünür və mübarizə aparırdı. Qandi bilərəkdən sadə dildə yazırdı ki, hamı onu başa düşsün. Nəticədə o, yazılarında fikir aydınlığına nail olurdu. Tərəddüd etmədən deyərdim ki, Qandinin bədii irsində aydın olmayan ikimənalı ifadəyə rast gəlmək qeyri-mümkündür. Mahatma ömrü boyu yorulmadan öz ustalığını artıraraq kamilliyə can atırdı. O, məqsədinə xidmət edə biləcək ən ideal üsulu axtarıb tapdı. Oxucularını forma barədə deyil, məzmun haqqında düşünməyə vadar etdi. Məqsədə çatmaq üçün vasitə olaraq, məhz belə bir mübarizə üsulunun seçilməsi dahilik deyilmi?
Homer Cek bu sahilsiz dəryaya cəsarətlə baş vurdu. Xəzinə axtaranlar kimi o, sonsuz sayda sədəfin içindən mirvariləri seçib üzə çıxardı, onların dənizin dibində itib-batmasına imkan vermədi. Cek kimyagər kimi əldə etdiyi materialı diqqətlə tədqiq edərək ən qiymətli elementləri ayırdı. Nitqin bütün mürəkkəb istilalarını bir kənara qoyaraq yalnız Qandinin söylədiyi fikirlərin əsl mahiyyətini oxucuların mühakiməsinə verdi. Bir sözlə, Cek bizim heç vaxt edə bilməyəcəyimizi bizim üçün etdi. İndi biz bu kitabı məmnunluqla oxuyub Mahatmanın şifahi nitqindən və yazılı irsindən bəhrələnirik.
Qandinin yazılarının hazırkı antologiyasında məni heyrətləndirən cəhət materialların ustalıqla seçilməsidir. Mən kitabda dərin məna daşıyan söz incilərinin və sağlam fikrin bu qədər zənginliyini təsəvvür etmirdim. Cekin özü də kifayət qədər müdriklik göstərib uzun sitatlardan yan keçərək qısa iqtibaslara müraciət etmişdir. Yəqin ki, o, Qandi düşüncəsinin sakit axarına riayət etmək, mətnlərin çoxçalarlı cazibəsində itib-batmamaq üçün az əmək sərf etməyib. Cek qeyri-adi yanaşma tərzi ilə Qandinin qısa iqtibaslarını onun özünün heyrətamiz dərəcədə güclü fikir effektləri ilə təqdim edir. Mən kitabda bir sətir də olsa, Cekin əsas mətnə müstəqil yanaşmasına, ondan sui-istifadə etməsinə rast gəlmədim. Bu, yüksək səviyyəli redaktor işidir.
Bu sözləri eynilə materialların sistemləşdirilməsinə də aid etmək olar. Bu iş incə zövqlə, böyük ustalıqla yerinə yetirilmişdir. Din, teologiya, şəxsi etika, sosial etika (sevgi, məhəbbət), dövlət işləri, beynəlxalq münasibət, siyasət, ailə, təhsil, mədəniyyət və ixtisas bilikləri, Hindistanın problemləri və Qandinin öz şəxsiyyəti - bütün bunlar Cekin seçdiyi rubrikalardır və onların hər biri Qandinin dəqiq deyimləri ilə illüstrasiya edilmişdir. Kitabın səhifələrində Qandinin mənəvi ucalığına, ağlının gücünə, dahiliyin saçdığı şəfəqlərə kim inanmaya bilər ki?..
Mən oxuculara böyük inam və məmnunluqla bu kitabı tövsiyə edirəm. Əvvəllər Qandinin kimliyi haqqında məlumatı olmayan bir çox insan kitabı oxuyandan sonra bu Böyük İnsanı kəşf etməklə yanaşı, həm də öz həyatını zənginləşdirəcəkdir. Mahatmanı yaxşı tanıyanlar, ona xüsusi rəğbət bəsləyənlər bu sadə insanın müqəddəsliyi önündə bir daha baş endirəcəkdir. Bu və ya digər halda, bütün təşəkkür və minnətdarlığın ünvanı, əlbəttə ki, Cekin əməyidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!