1970-ci ildə "Yeddi oğul istərəm" filmi ekranlara çıxandan sonra sevgilisini xilas etmək üçün ölümə yollanan, al qanına qəltan edilən yaraşıqlı bir gəncin obrazı böyükdən kiçiyə yüz minlərlə tamaşaçının yaddaşına əbədi həkk olundu - "Yanıq Kərəmi"nin sədaları altında cavan ömrü əzabla, işgəncə ilə tamamlanan bəyzadə-komsomolçu Cəlal obrazı. Bəyzadə-komsomolçu - bir az paradoksal səsləndi, elə deyilmi? Axı o illərin komsomolçuları dünənin çobanları, muzdurları idilər. Bəs Cəlalı - Şəkər bəyin bığ yerləri təzəcə tərləyən, üzü hələ ülgüc görməyən sütül oğlunu bu dəstənin üzvünə çevirən, Kərbəlayı İsmayılın dili ilə desək, "qəmsəmol" edən hansı istək, hansı hisslər, hansı ehtiyac idi?
"Yeddi oğul istərəm" filmində bu suala cavab yoxdur. Cəlal revkomun göndərişi ilə Peykanlıya komsomolçu kimi təşrif buyurur. Gəlir ki, "haqq-saya tüpürsün", Gəray bəyin torpaqlarını kəndlilər arasında bölüşdürsün, Qəqəninin dədəsinin qanını alsın və sevdiyi Humaya - Gəray bəyin qızına elçi düşsün...
Amma məsələ burasındadır ki, Cəlal öz dünənindən, keçmişindən sözün tam mənasında ayrılmayıb: komsomolçu olsa da bəyzadə paltarını - çərkəzi arxalığını, papağını çıxarmayıb; adının gədə-güdələrlə bir sırada çəkilməyini qüruruna sığışdırmır. Gəray bəyə "Gədə özünsən"- deyib ona güllə atır. O, həmin illərin tipik inqilabçıları, komsomolçuları kimi öz məhəbbətini sinfi, inqilabi maraqlara qurban vermir, əksinə, məhəbbəti yolunda ölümü qəbul edir.
Cəlalın böyük ürəyi var. Di gəl ki, bu ürək nə qədər böyük, nə qədər geniş olsa da bir-birinə zidd 2 əxlaqı, 2 mənəviyyatı, 2 dünyagörüşü eyni vaxda orada yerləşdirmək və üstəlik, barışdırmaq mümkün deyil. Cəlal düşməninin cəsədini güllə ilə deşik-deşik edən Mirpaşadan, köməksiz qadına əl qaldıran Bəxtiyardan rəhmlidir, Kələntərin saxta səmimiyyətinə inanan sadəlövhdür, ürəkdən sevən bütün aşiqlər kimi kövrəkdir. Bütün bunlarla bərabər, Cəlal Qan Çanağına qalxmağa cəsarət etməyən, Gəray bəyə aşağıda tələ quran digər komsomolçulardan fərqli olaraq təkbaşına, silahsız-filansız ora qalxmaq qədərində cəsarətli və qətiyyətlidir.
Biz dəfələrlə şahidi olmuşuq ki, filmin hansısa epizodu, səhnəsi, hətta kadrı belə gözlənildiyindən, proqnozlaşdırıldığından ifadəli, təsirli alınır və əbədi olaraq milyonlarla tamaşaçının yaddaşına həkk olur. Cəlalın öldürüldüyü səhnə nəinki "Yeddi oğul istərəm" filminin, ümumiyyətlə milli kinomuzun belə epizodlarındandır. Ona görə yox ki, bu səhnədə öz-özlüyündə təsirli, emosional baxımdan üzücü bir vaqeə - cavan bir oğlanın az qala mərasimləşdirilən öldürülməsi təsvir olunur. Bəlkə daha çox ona görə ki, bu səhnədə xalq sənətkarının düşdüyü çarəsizlik, çıxılmazlıq (söhbət sazda "Yanıq Kərəmi"ni çalan aşıq Vəlidən gedir), Kələntər lələnin rəzilliyi (onu ölümdən qurtaran Cəlala rahat ölümü qıymır), mətnin üst qatından baxanda Gəray bəyin amansızlığı, başqa bir rakursdan nəzər salanda isə həm də aristokratlığı coşqun bir enerji ilə püskürüb adamın iliyinə işləyir.
Cəlal Gəray bəyin üzünə tüpürəndən sonra onun sağ qalmayacağı gün kimi aydın idi. Amma onun "Yanıq Kərəmi"nin sədaları altında öləcəyini yalnız Gəray bəy bilirdi.
Mənliyi, qüruru aşağılanan Gəray bəy içinin yanğısını yalnız bu yolla - verdiyi hökmün qeyri-adi dramatizmi ilə söndürə bilərdi. Amma Gəray bəy beşik başında çalınan havanı ölüm havasına, matəm himninə - rekviyemə çevirməklə başqa bir missiyanı da yerinə yetirir və bu mənada o, hamını çaşdıran böyük mistifikatordur.
"Çal, aşıq, çal. Ağa, bəy havasıdır". Gəray bəy Cəlalı o dünyaya komsomolçu kimi yox, bəyzadə kimi yola salır, çünki Qan Çanağına qalxmağa komsomolçulardan heç kim cəsarət etməmişdi - bunu komsomolçu-bəyzadə Cəlal bacardı, ona görə ki, faktiki cəhətdən komsomolçu olsa da ruhən, qan yaddaşına görə bəyzadə idi.
Cəlal bəyzadəliyi və komsomolçuluğu öz vücudunda əridə, birləşdirə bilmədi və biməzdi də. Çünki onlar diametral şəkildə bir-birinə əks olan əxlaq, mənəviyyat demək idi. Elə buna görə də Cəlalın Gəray bəyə qarşı mübarizəsi eyni zamanda onun özünün özünə, öz keçmişinə, yaddaşına, ruhuna qarşı mübarizəsiydi. Cəlalın keçmişini onun yadına salıb "Hanı o günlər" - deyə sual edən Kələntərə "Getdi o günlər" cavabını verən Cəlal tarix meydanını Gəray bəy kimi - gedən o günlərlə birlikdə tərk etmək istəmir, dünəni unudub bu günün aldanışları, gələcəyin xülyaları ilə yaşayır, amma yaddan çıxarır ki, dünəni olmayanın gələcəyi də ola bilməz.
Gəray bəylə üz-üzə qaldığı səhnədə o, "Uduzmusan, bəy, hər şeyini - keçmişini, bu gününü, gələcəyini" - deyə hayqırır və Gəray bəyin üzünə tüpürməklə təkcə böyük bir epoxanı simvolizə edən dəyərlərə tüpürmür, həm də öz babalarını, damarlarında axan qan yaddaşını aşağılayır, təhqir edir. Və Gəray bəy naqanındakı gülləni "Ürəyimdən nişan al, ağrıdır axı" - deyə Kələntərə yalvaran Gərayın ürəyinə sıxmasaydı da, Cəlal Peykanlını bir qalib ədası ilə tərk etsəydi də, əslində, gələcəyi olmayan Gəray bəy yox, o özüydü - bəy nəslindən olan inqilabçıların, komsomolçuların vətən xaini, casus, əks-inqilabçı kimi güllənəcəkləri illərə elə də çox qalmamışdı...
...Hamının yaxşı tanıdığı rus aktyoru A.Demyanenko L.Qaydayın "Qafqaz əsiri", "I əməliyyatı" filmlərinin baş qəhrəmanı Şurik obrazını yaradana qədər bir çox filmlərdə yaddaqalan rollar oynamışdı. Amma Şurikdən sonra nə qədər qəribə səslənsə də Demyanenkonun sənət ulduzu yavaş-yavaş sönməyə başladı. İş burasındaydı ki, öz təbii, ifadəli oyunu ilə az qala dönüb Şurik olan Demyanenkonu heç bir rejissor "Şurik qəlibi"ndən çıxarmağa cəsarət etmədi və beləcə, Şurik Demyanenkonun yaradacağı neçə-neçə obrazı məhv etdi. Məncə, Cəlal rolunun ifaçısı Ənvər Həsənovun taleyi də haradasa A.Demyanenkonun taleyinə bənzəyir. Fərq burasındadır ki, Ənvər Cəlaldan sonra da filmlərə çəkildi ("Arxadan zərbə", "Dərviş Parisi partladır", "Səmt küləyi", "Babək", "Qaçaq Nəbi" və s.) və mənim fikrimcə, filmlərdə onun yaratdığı qəhrəmanlardan heç biri "Uşaqlığın son gecəsi"ndəki Murad, haqqında danışdığımız Cəlal obrazları səviyyəsinə qalxmadı.
Lakin fikir eləməyə, qəmlənməyə dəyməz. Murad da, Cəlal da milli kino sənətimizin tarixinə əbədi həkk olunmuş obrazlardır.
Və sonda iki haşiyə.
1. Filmdə "Yanıq Kərəmi"ni ifa edən aşıq Vəli rolunda mərhum sənətkarımız, qüdrətli saz ustası Ədalət Nəsibov çəkilib. Çox-çox sonralar televiziya ilə çıxışlarının birində o danışırdı ki, bir toy məclisində "Yanıq Kərəmi"ni çalıb qurtardıqdan sonra bir ağsaqqal mənə yaxınlaşıb soruşdu:"Ayə, o kino ki var ey, orada cavan oğlanın qanına-qəltan olunduğu yerdə çalan sənsənmi?" Elə bildim ki, məni tərifləyəcək, ona görə də tələsik "Hə, ağsaqqal, mənəm" - dedim. Elə bil ağsaqqalın başına bir vedrə su tökdülər: "Ayə, sən nə qansız adamsanmış. Barmaqların necə gəzdi sazın qolunda? Orda şümal kimi oğlanı öldürürlər, sən də "Yanıq Kərəmi" çalırsan. Ayıb olsun sənə".
2. Kələntər rolunu oynayan SSRİ xalq artisti İsmayıl Osmanlı film televiziya ilə göstəriləndən sonra bir gecənin içində tamaşaçıların sevimli aktyorundan saqqal-birçəyi cürbəcür söyüşlərin tamamlığına dönən antiqəhrəmana çevrilir. Hətta iş o yerə çatır ki, aktyorun ünvanına Azərbaycanın hər yerindən söyüş dolu qalaq-qalaq məktub gəlir, küçədə adamlar onu görəndə üzlərini çevirir, kəskin atmacalar atırlar. Deyilənə görə, aktyor bundan əməlli-başlı sarsılır və bir müddət özünə gələ bilmir.
Bu olayları elə-belə, sözgəlişi xatırlamadıq. Məsələ burasındadır ki, filmlə bağlı olan 2 şəxsin başına gələn bu vaqeələr həmin şəxslərlə yanaşı, bu el qınağının digər səbəbkarı - Ənvər Həsənovun da yaradıcılıq qələbəsidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!