"Elə ailələr, elə sülalələr var ki..." Sona Axundova-Qarayeva - 120 - Səlim BABULLAOĞLU yazır

Oktyabrın 16-da dövrünün tanınmış maarifçi xanımlarından biri, XX əsrin əvvəlləri milli mətbuatımızda vətənərvər şeirlərilə məşhurlaşan və nüfuzlu Azərbaycan soylarının nümayəndəsi olan Sona xanım Axundova-Qarayevanın anadan olmasının 120 illiyi qeyd olunur. Bu məqsədlə Azərbaycan Yazıçılar Birliyi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Azərbaycan, ingilis və rus dillərində olan "Sona Axundova-Qarayeva. Xatirə kitabı"nı nəşr edib. Kitaba prof.Şamil Qurbanov, əməkdar jurnalist Flora Xəlilzadə, Savalan Fərəcov və Aytən Qəhrəmanovanın müxtəlif illərdə yazdıqları, Sona xanımın həyat və yaradıcılığından bəhs edən məqalələr toplanıb, eyni zamanda Sona xanımın vaxtilə populyarlıq qazanmış "Vətən" şeiri daxil edilib. Həmçinin, kitabın sonunda Sona xanımın əsərləri və haqqında yazıların "biblioqrafik siyahısı" da təqdim edilib. Kitabı ingilis dilinə prof.Cavanşir Yusifli, rus dilinə isə əməkdar jurnalist Əli Səidov tərcümə ediblər. "Xaitrə kitabı"nın üz qabığında xalq rəssamı Arif Hüseynovun "Gənc Sona xanımın portreti" əsərindən istifadə edilib. "Mütərcim" nəşriyyatında çap edilən "Xaitrə kitabı" M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının iştirakı ilə çapa hazırlanıb, nəşrin məsləhətçisi prof. Kərim Tahirov, koordinatoru Aslan Cəfərov, nəşriyyat direktoru Əliş Mirzalıdır. Nəşrin tərtibçisi və redaktoru Səlim Babullaoğlunun "Xatirə kitabı"na yazdığı "ön sözü" təqdim edirik.

1974-cü ildə nəşr olunan "Azərbaycanın aşıq və şair qadınları" kitabına "Ön söz"ündə xalq şairi Nigar Rəfibəyli yazırdı: "Tariximizin qəhrəmanlıq səhifələrində Azərbaycan qadınının öz şöhrəti, öz şərəfli yeri var. "Kitabi-Dədə Qorqud" qəhrəmanı Buğaca süd verən anası, Koroğlunun sadiq Nigarı, Qaçaq Nəbinin silahdaşı qoçaq Həcər xalqımızın iftixarıdır. Məğrur, əyilməz bir qızın şərəfinə Bakıda möhtəşəm qala ucaltmış şair xalqımız vətən torpağının ən füsunkar guşələrinə şairanə adlar verib - Qızbənövşə yaylağı, Qırxqız bulağı, Gəlin qayası…

Sənət, şeir həmişə zəhmətlə yaranır. Qadın sənətkarın zəhməti, bəlkə də, ikiqatdır. Ədəbiyyat tarixinin böyük simaları - antik yunan şairəsi Safodan, XX əsrdə yazıb-yaratmış Nobel mükafatı laureatı Qabriela Mistrala qədər bir çox qadın sənətkar həyatlarının və peşələrinin bu ikiqat çətinliyindən dönə-dönə danışmışlar. Sevgilərinə, ailələrinə, əzizlərinə sədaqətlə, ilhamla şeirlər həsr etmişlər.

Qarşınızdakı kitab Azərbaycan qadınlığının bir növ poetik salnaməsidir. Bu salnamə neçə-neçə Azərbaycan şairəsinin çoxəsrlik fəaliyyəti, ilhamı, yanğısı nəticəsində yaranmışdır…"

Xalq yazıçısı Əzizə Cəfərzadənin tərtib etdiyi həmin bu kitabda - "Azərbaycanın aşıq və şair qadınları" antologiyasının 141-ci səhifəsində "Vətən" adlı bir şeir var. Müəllifi Sona xanım Axundova-Qarayevadır.

Kimdir Sona xanım? 1898-ci ilin 16 oktyabrında anadan olan Sona xanım (bəzən bu tarix yanlış olaraq 1897-ci il kimi göstərilir) ilk əvvəl iki məşhur, nüfuzlu nəslin nümayəndəsi idi. Bir tərəfdən Şamaxının nüfuzlu soylarından olan Axundovları təmsil edirdi; atası İsgəndər bəy Axundov Şamaxı şəhərində anadan olmuşdu, Krakov-Yagellon Universitetinin 1890-cı il məzunlarındandı, tanınmış vəkil, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentini təşkil edən "İttihad" fraksiyasının üzvüydü.

Digər tərəfdən isə o, Lənkəran bəylərindən olan Bayraməlibəyovların nümayəndəsi idi - Sona xanımın anası dövrünün təhsil görmüş maarifpərvər fikirli xanımlarından olan Züleyxa Bayraməlibəyova idi. Belə bir ailədə dünyaya göz açan Sona xanım dövrünün qabaqcıl məktəblərində - Bakı şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbində, sonradan isə "Müqəddəs Nina" məktəbində təhsil almışdı. Azərbaycanın ilk müəllim və jurnalistlərindən olan Şəfiqə Əfəndizadənin əlindən su içmişdi. Ayrıca musiqi təhsili də vardı Sona xanımın. Və nəhayət, Sona xanım sonradan Azərbaycan pediatriyasının banisi kimi ad çıxaracaq görkəmli həkim, alim, tibb elmləri doktoru, əməkdar elm xadimi Əbülfəz Qarayevlə ailə qurmuşdu. Bu izdivacdan da iki uşaq doğulmuşdu - dahi Azərbaycan bəstəkarı kimi tarixə düşəcək Qara Qarayev və adı dillər əzbəri olan, dövrünün görkəmli həkim-cərrahı Mürsəl Qarayev.

Sona xanım Axundova-Qarayeva barədə Sabir Gəncəlinin "Hər sətirdə bir tarix" və "Nəsillər, ailələr, talelər" toplularında, professor Misir Mərdanovun "Azərbaycan təhsil tarixi" kitabında məlumatlar var. Eyni zamanda Azərbaycanın bir çox görkəmli insanı Qarayevlər ailəsi haqqında danışanda Sona xanımı çox böyük ehtiramla xatırlayır.

Sona xanımın kiçik oğlu, cərrah Mürsəl Qarayevdən bəhs edən "Doktor Qarayev" xatirə kitabında xalq artisti, professor, görkəmli Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadə Sona xanım haqqında belə deyirdi: "Çox istedadlı, savadlı, ziyalı Azərbaycan qadınlarından biri idi, ötən əsrin əvvəllərində, 10-cu illərdə öz yazı və şeirləri ilə məşhur idi Sona xanım..." Eyni kitabda xalq artisti Əminə Dilbazi Sona xanımı "gözəl, mehriban insan" kimi, xalq rəssamı Kamil Əliyev isə "olduqca mədəni, ziyalı, dünyada baş verən bütün proseslərdən məlumatı olan qadın" kimi xatırlayırdı.

Tibb elmləri namizədi Sona İbrahimova isə Sona xanım Qarayeva barədə bunları söyləyirdi həmin kitabda: "Mən Mürsəlin anası ilə də çox yaxın dost idim. O, çox ağıllı, gözəl bir qadın idi. Sona xanım ilk qadın gimnaziyasını bitirmişdi. Yüksək biliyə, savada, eyni zamanda da milli xüsusiyyətlərə malik idi. Danışırdı ki, yatanda da bir tərəfində Mürsəl, bir tərəfində Qara uzanarmış. Bir əlini Mürsəlin, bir əlini də Qaranın ürəyinin üstünə qoyarmış. Görünür, buna görə də uşaqlar çox istedadlı böyümüşdülər…"

Sona xanımın bacısı qızı - Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru Bilqeyis xanım Məmmədova-Qarayeva xalasını bu sözlərlə xatırlayırdı: "Bu ailədə zəmanəmizin dahi bəstəkarı, musiqi tariximizin böyük yaradıcılarından biri olan Qara Qarayev doğulub. Kiçik yaşlarından oğlunun musiqi duyumunu görən gənc ana özü onun ilk müəllimi olub. Balaca Qaranın musiqiyə olan həvəsini artırmaq üçün yorulmadan saatlarla, günlərlə oğlunu ecazkar musiqi aləminə səfərdə müşayiət edib…"

Kinorejissor, xalq artisti Oqtay Mirqasımın Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən "Bu, həqiqətin səsidir" sənədli filmində Sona xanım yuxarıda söylənənləri təsdiq edir: "Qara yaşyarımında oxumağa başlamışdı. Niyə? Ona görə ki, mən onun üçün hər gün pianoda ifa edir və yatmamışdan əvvəl oxuyurdum... O, mahnıları dəhşətli dərəcədə sevirdi. Ümumiyyətlə, uşaqlara mahnı oxumaq lazımdır. Bu, onların musiqi duyumunu hədsiz gücləndirir, inkişaf etdirir".

Sona xanımın nəvəsi Əbülfəs Qarayevin söylədikləri isə indiyə qədər deyilənlərin yekunu kimi səslənir:   "Nənəm elə bil ömrünün son gününə qədər hamımız üçün məsuliyyət hiss edirdi. Yatağının yanına bütün nəvələrinin, uşaqlarının şəkillərini vurmuşdu, yatmamışdan qabaq həmişə hər şeyi təhlil edirdi ki, bu, necə oldu, o neylədi. Ayrı yaşasaq da, hər həftəsonu biz bir yerə yığışardıq. Ya o gələrdi, ya biz gedərdik nənəmin evinə. Orada yığışırdıq. Bu cür qəbul olunmuşdu. Heç vaxt bir kobud soz eşitməzdik ondan, arada heç bir hörmətsizlik olmazdı, mənə elə gəlir ki, həm atamın, həm də Qara əminin tərbiyəsində nənəm Sona xanımın çox böyük rolu olub. Çünki o özü şairəydi, Azərbaycanda ali təhsil almış ilk qadınlardan biriydi. Atamdan beş il əvvəl vəfat etdi. Yadımdadır, vəfatından üç-dörd gün əvvəl - yenə həftəsonu idi - orada yığışmışdıq, mən bir az gec getmişdim, sonra biz çıxanda mənə dedilər ki, elə bil sizinlə vidalaşırdı, gözündə vida vardı. Özü də demişdi ki, yuxuda Əbülfəsi görmüşəm, məni yanına çağırır, deyir, bəsdi daha, dur gəl. Bizim bağda iri bir tut ağacı vardı, qurudu... Ümumiyyətlə, bu bağımızın çox maraqlı bir xüsusiyyəti vardı, babam vəfat edəndə püstə ağacı qurudu, atam rəhmətə gedəndə isə qara tutun biri qurudu".

Sona xanım 1971-ci il oktyabrın 19-da, növbəti doğum günündən bir neçə gün sonra dünyasını dəyişdi.

Sona xanımın şeirləri və şeirləri haqda rəylər ötən əsrin əvvəllərində "Səda", "İşıq", "Kaspi", "Zaqafqazskaya reç" və s. qəzetlərdə dərc olunmuşdu. A. Vaynberq, S. Ağamalıoğlu, S.M.Qənizadə, Şevryov və başqalarının yüksək rəyini almışdı. Təəssüf ki, çap edilməyən əsərlərinin əksər əlyazmaları itib-batıb, çap olunanların nüsxələri isə günümüzə gəlib çatmayıb. Ədəbiyyat tarixində belə hadisələrlə çox tanışdır. Amma o da ola bilər ki, məhz bu məqam nə vaxtsa yeni tədqiqatlar üçün ciddi əsas və stimul rolunu oynayacaq.

Sona xanım Axudova-Qarayevanın 120 illik yubileyi ərəfəsində bu "Xatirə kitabı"nı hazırlaya-hazırlaya və elə bu sətirləri yaza-yaza düşünürəm ki, Allah tərəfindən qadınlara kişilərdən fərqli olaraq daha böyük yaradıcılıq keyfiyyəti - dünyaya uşaq gətirmək və onu tərbiyə etmək bacarığı verilib. Müdrik və istedadlı qadınlar bunu vaxtında anlayır, lazımınca qiymətləndirirlər. Sona xanım da öz başlıca "əsərlərini yazandan" - Qara və Mürsəli dünyaya gətirəndən sonra yaradıcılıq enerjisi və sevgisinin qalan hissəsini məhz onların düzgün tərbiyəsinə yönəltmişdi. Başqa sözlə, bu yaradıcı enerji itməmiş, nəsildən-nəslə ötürülmüş, keyfiyyət dəyişikliyinə məruz qalmışdı.

"Qadın sənətkarın zəhməti, bəlkə də, ikiqatdır" yazanda Nigar xanım Rəfibəyli çox haqlıydı. Və Sona Axundova-Qarayevanın ömür yolu, bioqrafiyası bunu təsdiqləyir: o, istedadlı qadın, istedadlı şairə, gözəl ana, həqiqi istedadlar kimi hərtərəfli insan idi.

Əlinizdə tutduğunuz bu "Xatirə kitabı"nın bəzi məziyyətləri var, əziz oxucu. Belə ki, kitaba Sona xanım haqqında tanınmış tədqiqatçı, jurnalist və yazarlarımız tərəfindən müxtəlif dövrlərdə yazılmış bir neçə məqalə və oçerk daxil edilib. Həmçinin, Sona xanımın yaradıcı və ailə tarixçəsini gələcəkdə daha müfəssəl tədqiq etmək istəyənlər üçün "biblioqrafik siyahı" da verilib.

Bütün yazılar 3 dildə - Azərbaycan, ingilis və rus dillərində təqdim edilib ki, bu da elm və mədəniyyət tariximizin bir parçası olan insanları, ailələri, bütövlükdə elə Vətənimizi təbliğ etmək məqsədi güdür.

Çünki xalq yazıçısı Anarın sözləri ilə desək, elə ailələr, elə sülalələr var ki, cəmiyyətin nəinki çox önəmli hüceyrəsidir, bəlkə, onun təməl sütunlarındandır...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!